• çərşənbə axşamı, 19 mart, 15:22
  • Baku Bakı 8°C

Dünya ədəbiyyatında 10 klassik qorxu

23.09.19 11:00 1161
Dünya ədəbiyyatında 10 klassik qorxu
Qorxularımız danışmağı planlaşdırmadığımız, təxəyyülümüzdə canlandıra bilmədiyimiz hekayələrdir. Buna baxmayaraq, sanki hamımız qorxular qarşısında necə davranmalı olduğumuzu bilərək doğuluruq. Qorxular bütün diqqətimizi həyatdakı ən vacib məsələyə kökləməyimizə səbəb olur. Elə ədəbiyyatda da vacib sual belədir – indi nə baş verəcək? Qorxularımızla üzləşməyimizin həyatın mübarizə yollarına ciddi təsirləri olur.
Beləliklə, insanlar daha çox nədən qorxurlar? Ədəbi qeydlərimiz bir çox universal qorxuların ədəbiyyatda addımbaşı əks olunduğunu göstərir. Siyahı təyyarə partlaması kimi böyük qorxularla başlayıb, spesifik, hətta nadir hallarda baş verən hadisələr nəticəsində yaşanan qorxulara kimi davam edir. Yazarlar və qəhrəmanların qorxuları necə formalaşır? Qorxuların təsviri müsbət rəylərdə rol oynayırmı? Bu sualların cavabını isə siyahı ilə tanış olduqca özünüz verəcəksiniz.

1. Ölüm – həqiqi bir ölümü nəzərdə tuturuq

Ölüm qorxusu dünya ədəbiyyatında hər on romandan 4-6-sında rast gəldiyimiz səhnədir. Xüsusilə, fantastik romanların hamısında qəhrəmanların ölüm qorxusu ilə burun-buruna gəldikləri bir-birindən uğurlu səhnələr canlandırılır. Məsələn, Tolkienin "Üzüklərin hökmdarı” romanında ölümün bir-birindən müxtəlif formaları əks olunub – oxucunun öz ölümü, qəhrəmanın ölümü, ailə üzvlərindən kiminsə ölümü, azyaşlılar üçün valideynin ölümü və nəhəng bir mədəniyyətin ölümü qorxusu üzərində müəllif həyəcanı zirvəyə çıxaran hadisələr canlandırıb. Şekspirin "Sonetlər”ində, "Hamlet”də, Jon Kitsin "Qorxularım var idi”, Virciniya Vulfun "Dalğalar”, "Qorxulu yol” romanlarında (bu siyahı uzandıqca uzanır – müəl.”) ölüm qorxusunun mükəmməl təsvirləri var.

2. Yanlış səbəblərdən ölümdən qaçmaq

Ədəbiyyat paradoksu sevir. Paradoksal olaraq, ikinci ən böyük qorxu ölümdən qaçmaqdır. Qəhrəmanlar müharibədə şəhid olmaq kimi bir aktın şərəf və fəxarət vəd etdiyini bilsələr də, bundan qorxur, ölümdən hər vəchlə qaçmağa çalışırlar. Və ya ölümün insanı mənəvi və ya fiziki əzabdan xilas edəcəyi dəqiq bilinsə də, ölmək fikri hətta əzaba qarşı da dözümlülük formalaşdırır. "Antoni və Kleopatra”, "İki şəhərin hekayəsi”, "Harry Potter” kimi romanlarda bunun uğurlu nümunələrinə rast gəlirik.

3. Aclıq və ya yoxsulluq

Məsələ sağ qala bilməkdən, həyat uğrunda mübarizədən gedirsə, sağ qalanlar ölümdən daha dözülməz qorxuların olduğunu deyəcək. Aclıq, yoxsulluq, səfalət, quru çörək axtarışları, bəlkə də, kiməsə adi nüans kimi görünə bilər. Məsələn, romantik şeir və nəsr nümunələrində bu yoxluq qorxusu abstrakt məfhumlara aid edilir – eşqin azlığı, sevgilinin, sədaqətin yoxluğu. Aclıq və yoxsulluq qorxusu isə ən çox Holokast və müharibə ədəbiyyatında uğurlu səhnələrlə öz əksini tapıb.

4. Cinayət törətmək və ya sevdiyin kiminsə ölümünə səbəb olmaq

Cinayət, məsuliyyətsizlik və ya nəzarətimizdən kənar baş verən silsilə hadisələr nəticəsində sevdiyimiz şəxsin ölümünə səbəb olmaq dünyadakı ən böyük qorxulardan və peşmanlıqlardandır. Məhz bu nüans triller, kriminal roman və dramların ayrılmaz hissəsidir. Sevdiyi insanın ölümünə səbəb olmaq qorxusu ilə ən çox baş qəhrəmanlar – detektiv, agent, polis və s. sınanır. XX əsrə kimi, adətən, opera və baletlərdə əks olunan bu qorxuya indi ədəbiyyatda daha ciddi və təntənəli təsvirlər həsr olunur.

5. Yanlış insan tərəfindən sevilmək və ya sevdiyin tərəfindən rədd edilmək

Bəli, nəhayət ki, daha yüngül qorxular sırasına keçid alırıq. Bu qorxularla başlayan hekayələrin sonunda, adətən, xoşbəxtlik olmur. Xüsusilə, məhəbbət romanlarında qəhrəmanlar rədd edilir, sevmədikləri insan tərəfindən sevilir, yanlış insanla məhəbbət macərasına qoşulur və s. Dünya ədəbiyyatında yanlış insan tərəfindən psixi pozğunluq həddinə çatacaq dərəcədə sevilməyin ağır səbəbləri və belə eşqlərdən yaranan təcavüz, təhdid, psixi və fiziki şiddət qorxuları ən çox müraciət edilən səhnələr arasında 12-ci sıradadır ("worldliteraturetoday.org”). Bu qorxulara xüsusilə qədim və klassik dövr ədəbiyyatında çox rast gəlirik. "Hippolitus”, "Qürur və qəzəb”, "Nikah hekayəsi” kimi romanlarda bu qorxular xüsusilə qadın qəhrəmanların dili ilə olduqca uğurlu təsvir edilib.

6. Xəstəlik, yaşlanma və qocalıq

Ölümə yaxın, lakin ölümcül olmayan qorxuların başında arzuolunmaz xəstəliyə tutulmaq gəlir. Xüsusilə, ölümcül xəstəliklər müasir ədəbiyyatda çox müraciət edilən sindromdur. Xəstəliyə tutulmaqdan ən çox qorxan personajların qorxuları ilə sınanması səhnələri yəqin ki, dünya ədəbiyyatının ən təsirli səhnələrindəndir. Avropa və Amerika ədəbiyyatında xərçəng, vəba, şüalanma və alzaymer ən çox yer verilən xəstəliklərdir. Bəli, yəqin ki, artıq çoxunuz Floberin "Qonaqpərvər Julianın əhvalatı”, Covanni Bokaççonun "Dekameron”, Daniel Defonun "Vəba gündəliyi”, Oskar Uayldın "Dorian Qreyin portreti”, Kamyunun "Vəba” və s. romanlarını beyninizdə sıraladınız.

7. Nüfuz itkisi, ayrılıq və ictimai skandal

Etiraf etmək lazımdır ki, artıq bunların şərəfli bir ölümlə əvəz olunacaq qədər utancverici hesab edilmədiyi dövrdə yaşayırıq. Mottolarımız artıq ictimai nüfuzdan çox şəxsi xoşbəxtlik leyhinə işləyir. Üstəlik dövrün münasibətləri də o qədər qeyri-stabildir ki, sarsılmaz nüfuza sahib olmaq da çətindir. Amma, məsələn, Anna Kareninanın "yaşadığı” dövrlər üçün bu, öhdəsindən asanlıqla gəlməyin mümkün olmadığı qorxunc vəziyyətdir. Elə Anna da bunun öhdəsindən gələ bilməyənlərdəndir. Laurensin "Xanım Çaterlinin sevgilisi”, Filip Rotun "İnsani vəziyyət” romanında da qəhrəmanlar bu qorxularla yaşayır və sonunda onunla üzləşirlər.

8. Müharibə, gəmi qəzaları və başqa fəlakətlər

Çağdaş oxucuya gəmi qəzası arxaik səhnə kimi görünə bilər. Belə təsəvvür edin ki, onlar ötən yüzilliyin indiki təyyarə qəzaları kimi dəhşətlidir. Bu qəzalar epizodik də olsa, ana xətti də təşkil etsə, orta əsrlər ədəbiyyatında çox tez-tez işlənən mövzudur. Bəşər tarixi Birinci Dünya Müharibəsi ilə tanış olduqdan sonra daha qlobal faciələr yaşandı və təbii ki, ədəbiyyatda öz əksini tapdı. Artıq XIX əsrin sonlarından insanların müharibə, itkinlik, didərginlik qorxuları bədii təsvirlərdə ön plana çıxdı. Bu dövrdə dünya əhalisi vulkan, zəlzələ, daşqın kimi təbii fəlakətlərin elmi səbəbləri ilə daha ictimai şəkildə tanış olmağa başladı. Fəlakətlərin səbəblərini, əlamətlərini bilmək qorxuları da dərinləşdirdi. Bu fəlakətlərin oyatdığı qorxular, duyğular "Robinzon Kruzo”, "Qulliverin səyahəti”, "Hərb və sülh”, "Pinin həyatı” kimi müxtəlif janrlı romanlarda qüsursuz səhnələrlə ön plana çəkildi.

9. Məhkəmə, vəkil, polis qorxusu

Sizə təəccüblü gələ bilər, amma hakim qarşısına çıxmaq olduqca klassik, eyni zamanda aktual qorxudur. Bu mövzu ədəbiyyatda, kinematoqrafiyada həddindən çox işlənib. Doqquzuncu bənddə yerləşməsinin səbəbi az işlənməsi yox, heç də təhlükəli bir duyğu olmamasıdır. Qədim və orta əsrlər ədəbiyyatında insanların İlahi sınaq qorxuları daha çox işlənirdi. Bunun olduqca təsirli səhnələrlə çatdırıldığı minlərlə roman var. Sonra isə bu qorxu yerini ictimai qınağa verdi. İnsanlar ictimai rəyi çox önəmsəməyə başladı və ictimai qınaq ölüm hökmü verəcək qədər möhkəmləndi. Bu da hər sahədə olduğu kimi ədəbiyyata da sıçradı. Bu gün isə məhkəmə səhnələri ilə dolu dram və trillerlər meydanı ələ alıb. Lakin onu da qeyd etmək lazımdır ki, bu günün məhkəmə səhnələrində canlandırılan qorxu qədim və orta əsrlər ədəbiyyatındakı anoloji təsvirlərlə müqayisədə çox-çox yüngüldür.

10. Əsl həyat ədəbiyyatda əks oluna bilməz

Bu birinci bənddəki qorxu ilə də bağlıdır, müəllifin qorxuları ilə də. Hər müəllif mümkün olduğu qədər real, canlı, təsirli, həqiqətdən fərqlənməyəcək səhnələr yaratmağa çalışır. Bəli, bu dünya ədəbiyyatında çox müəllifə nəsib olub. Amma ayıq və təcrübəli oxucuda həqiqətlə ədəbiyyat arasındakı fərqi yox etmək bacarığı hər müəllifdə olmur. Hətta yaşanmış hadisələr də bədii hekayələrdə öz gücünü, ağırlığını itirir, eləcə də qorxular oxucuya onları yaşayan insanların duyğuları qədər dərin təsir bağışlamır. Müəllifin qələmə aldığı duyğularla oxucunun hiss etdiyi duyğular arasındakı fərqin dərinliyi yazarların ən böyük qorxusudur. Bütün peşəkar oxucular bilir ki, həyat "Don Kixot”, "Madam Bovari” hekayəsi deyil. Ümumiyyətlə, həyat bir macəra deyil...
Mənbə: "blog.ted.com” saytında yer almış "The top 10 classic fears in literature” məqaləsi (ixtisarla)
Marianna Torqovnik
(Duke Universitetinin professoru)
İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı

banner

Oxşar Xəbərlər