• çərşənbə axşamı, 23 aprel, 20:39
  • Baku Bakı 20°C

Dərman alarkən ayıq olun...

29.06.16 13:27 1366
Dərman alarkən ayıq olun...
Reseptlərdə dərmanın həm ticarət adının, həm də təsiredici maddəsinin yazılması təklifi irəli sürüləndə, bu, birmənalı qarşılanmadı. "Dərmanların kimyəvi formulunun yazılması yalnız müvəqqəti tədbir ola bilər”- deyənlərlə yanaşı, dünya praktikasında belə bir təcrübənin olduğunu söyləyənlər də oldu. Ancaq təcrübə göstərir ki, təkcə reseptlərdə deyil, həm də dərman qutularının üzərində təsiredici maddəsinin yazılması yalnız işin xeyrinə ola bilər. Bir şərtlə ki, qablaşdırmanın içliyi də yerində olsun. Təəssüf ki, bu gün apteklərdə satılan bəzi dərman qutularının içərisində preparatın təsir mexanizmini əks etdirən içliyə rast gəlinmir. Təbii ki, apteklər: "Şirkətlər dərmanı belə göndərib” - deməklə yaxalarını kənara çəkirlər. Pasiyentdə isə dərmanın saxta olub-olmamasına şübhə yaranır. Beynəlxalq standartlara görə, dərman qutularının içərisində içlik mütləqdirsə, nə üçün bizim apteklərə daxil olan dərmanlar bəzən içliksiz olur? Bu, aptekə daxil olan vətəndaşı əlavə sual qarşısında qoymurmu?
Sosial Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Hüseynli hesab edir ki, dərman preparatının içərisində içliyinin olmaması onun saxta olması anlamına gəlməməlidir. Ancaq Səhiyyə Nazirliyinin tələblərinə görə, Azərbaycana idxal olunan bütün dərman preparatlarının içərisinə içlik qoyulmalıdır: "Həmin içlikdə dərmanın təsir göstəriciləri, tərkibi, əks göstəriciləri ilə yanaşı, bütün parametrləri əks olunmaqla həmin məlumatlar Azərbaycan dilinə tərcümə edilmiş vəziyyətdə olmalıdır”. Ekspert hesab edir ki, hansısa dərman preparatının qablaşdırılması zamanı qutuya texniki səhv olaraq içlik qoyulmaya bilər, ancaq bütöv bir seriya dərmanların ölkəyə içliksiz idxalı qanunla qadağandır: "Əgər bu dərman preparatı Səhiyyə Nazirliyinin müvafiq laboratoriyasında analizlərdən keçib və tərkib göstəricilərinin uyğunlaşdırılması ilə bağlı uyğunluq sertifikatı alıbsa, həmin preparatın saxta olmasını düşünmək olmaz. Hər hansı dərman preparatının saxta olması ilə bağlı fikir yaranarsa, onun sertifikatını tələb etməliyik”. Ekspert hesab edir ki, apteklərin dərman preparatlarını qəbul edərkən onların hər birində içliyin olub-olmamasına nəzarət etmələri praktik olaraq mümkün deyil. Belə ki, dərman preparatının satışı ilə məşğul olan aptek dərman bazarında sonuncu instansiyadır. Ona görə də içliyə nəzarət ölkəyə dərman idxal olunarkən həyata keçirilməlidir: "Dərmanların analitik laboratoriyası idxal olunan dərmanları yoxlamaya başlayarkən dərhal həmin içliyin olub-olmamasına nəzarət etməlidir. Əgər içlik yoxdursa, həmin dərman preparatının satışa buraxılması ilə bağlı qadağa irəli sürməlidir. Əgər şirkət içliyin qoyulması ilə bağlı idxal etdiyi zavoda sifariş verməyibsə, bu məsuliyyət ilk növbədə şirkətin üzərində qalır. Digər tərəfdən, bu məsuliyyəti dərmanın idxalı ilə məşğul olan topadansatış mərkəzləri daşıyır. Yəni burda məsuliyyət aptekin yox, ona qədər olan instansiyaların üzərinə düşür. Əgər bir dərman preparatının içində içlik yoxdursa, vətəndaş digər preparatı tələb etməlidir. Həmin preparatın da içərisində içlik yoxdursa, hesab etmək olar ki, onu idxal edən şirkət səhvə yol verib. Səhiyyə Nazirliyində nəzarət edən orqan var ki, o, buna görə məsuliyyət daşımalıdır. Sadəcə, bir qutuda belə bir yanlışlığın olması bütövlükdə prosesin qeyri-şəffaf və ya dərmanın saxta olması kimi qəbul edilməməlidir. Həmçinin burada apteki də günahlandırmaq həmin an üçün tezdir”. Pasiyentin həmin preparatı alıb-almamasına gəlincə, ekspert hesab edir ki, əgər aptek satıcısı içliyi olmayan digər preparatı pasiyentə təklif edirsə, bu, artıq müştəridə həmin dərmana qarşı inamsızlığın yaranmasına gətirib çıxaracaq: "Belə olan vəziyyətdə pasiyent onu qəbul etməməlidir. Ən yaxşısı dərmanın standartlara cavab verən formada və içliklə satılmasıdır”.
Dərman preparatlarının ölkəmizə əsasən idxal olunduğunu bildirən ekspert Şəmsiyyə Namazlının sözlərinə görə, bəzən texniki səhv və ya səhlənkarlıq üzündən içliklər dərman qutusunda qablaşdırılmır: "Dərman preparatı hansı ölkədən gəlirsə, qutunun üzərində həmin dövlətin dilində qeydlər olur. Həmçinin dərmanın içərisindəki içliklər tərcümə olunur. Bəzən hər hansı dərmanın annotasiyası uzun olduğundan onu Azərbaycan dilində qısa şəkildə yazıb qoyurlar. Hər halda hər bir insan aldığı dərmanın tərkibini, təsir mexanizmini və ya yan təsirini oxuyub tanış olmaq istəyir. Əgər içliklər kütləvi şəkildə eyni seriyadan olan dərman qutularının içərisində yoxdursa, onda həmin dərmanın etibarlı olub-olmaması sual altında olur. İstər-istəməz: "Qutunun üzərindəki qeydlər onun içərisindəki dərmanın tərkibinə uyğundurmu?” - sualı yaranır”.
Ekspertin sözlərinə görə, dərman qutularının içərisində mütləq içlik olmalıdır: "Fərqi yoxdur, həmin dərman preparatı həb, sirop və ya inyeksiya şəklindədir – hamısının içərisində içlik mütləqdir. İçliyin olmaması nə beynəlxalq standartlara, nə də xəstəliyin klinik gedişatına uyğundur”. Ekspertin fikrincə, preparatların içərisində içliyin olmamasına görə məsuliyyəti apteklər daşımır: «Dərman apteklərə nə cür gəlirsə, o cür də satışa verilir. Hansı şirkət o dərmanı gətirirsə, məsuliyyəti də onlar daşıyır. Çünki onların özündə dərmanları qablaşdıranlar və tərcüməçilər var. Bu baxımdan məsuliyyət birbaşa şirkətin üzərindədir”.
Azfarm əzcaçılıq şirkətinin Sənan adlı məhsul meneceri şirkətə idxal olunan bütün dərmanların içliyinin olduğunu bildirdi. "Bir kimyəvi molekul altında eyni tərkibli müxtəlif dərman preparatları var. Bizim apteklərə payladığımız bütün dərman qutularının içliyi var. Beynəlxalq standartlara görə, içliksiz dərman verilməməlidir və biz bu qaydaya riayət edirik”.
Əgər dərman idxalçıları, şirkətlər, distribütorlar, aptek satıcıları müştəriyə standartlara cavab verən preparatların satışı zamanı meydana çıxan çatışmazlıqlara görə məsuliyyətdən yaxalarını kənara çəkirlərsə, onda yeganə yol pasiyentin özünün ayıq olmasına qalır. Yəni öz səhhətini düşünən vətəndaş dərman alarkən yüz ölçüb bir biçməlidir. Bir halda ki, işbazlar üçün qazanc insanların sağlamlığından daha qiymətlidir...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər