• cümə axşamı, 25 aprel, 08:36
  • Baku Bakı 14°C

“Demokrat”ların qeybətxana şousu

09.06.20 19:38 6177
“Demokrat”ların qeybətxana şousu
Antimilli dərnək üzvlərinin videokonfrans formatında keçirilən iclasları, orada aparılan "müzakirələr” bu cür qiymətləndirilir
Özlərini demokratik qüvvələr adlandıranların Milli Şurası "xüsusi əhəmiyyətli” iclası ilə yenidən gündəmə gəlib. Videokonfrans şəklində keçirilən iclasda radikal müxalifət təmsilçiləri qeyri-etik ifadələr işlədərək, öz səviyyəsizliklərini növbəti dəfə nümayiş etdirib, gülüş hədəfinə çevriliblər. Antimilli dərnək üzvləri budəfəki söhbətlərində ümumən Azərbaycan cəmiyyəti, REAL, Ümid və digər müxalif partiyaları təhqir ediblər.AXCP sədri Əli Kərimlinin diktəsi ilə hərəkət edən Milli Şura sədri Cəmil Həsənli "digər müxalif partiyalar elə "tryapka”ya çevrilib ki, indi o "tryapka” ilə heç ayaqqabı da silmək olmaz” söyləməklə, konstruktiv mövqe sərgiləyən, dialoqa, danışıqlara meylli siyasi partiyaları aşağılayıb. Milli Şura üzvü, vaxtilə nəşr olunan "Azadlıq” qəzetinin baş redaktor müavini Rahim Hacıyev Azərbaycan cəmiyyətinin iddialı, eyni zamanda intizamsız, çox danışan və məsuliyyətsiz olduğunu vurğulayıb. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli isə onların danışığına reaksiya verərək, "oy, nə gözəl xarakterizə ediblər, nə gözəl xarakteristikadı” – deyib və qəhqəhə ilə gülüb. Antimilli dərnək üzvlərinin bu davranışları sosial şəbəkədə ciddi tənqid, lağ-lağı obyektinə çevrilib. Azərbaycan cəmiyyətinə ağıl verib demokratiya dərsi keçmək istəyənlərin özlərinin ağıla ehtiyacının olduğu, həmçinin Milli Şuranın iclaslarının ciddi müzakirə meydanı deyil, qeybətxana şousu olduğu qeyd edilib.

Demokratik Maarifçilik Partiyasının (DMP) sədri, millət vəkili Elşən Musayev də Milli Şuranın öndə gedənlərinin iştirakı ilə keçirilən "zoom konfrans”ında baş verənləri tənqid edib. Bildirib ki, videokonfransda iştirak edən nanəciblər öz davranışları və danışıqları ilə iyrənc bir mənzərə ortaya qoyublar: "Məclis sanki Gültəkini güldürmək, onu əyləndirmək, adamın dilindən bir söz alıb ortaya yeni qafiyə çıxarmaq üçün düzənlənib. Dövləti idarə etmək istəyənlər söyüşlə dialoq qururlar, bir-birinə guya ərk edərək "yaramaz” deyirlər, inəklə buğanın fərqindən danışırlar. Ən sonda da erkəklə dişinin təsnifat missiyası Gültəkinə yüklənir. O isə bir "anektod” üzərindən buğanın tərifini verir: "İnəyin əri”. Əla! Nə gözəl. Dövlətçilik üçün də, gələcək siyasi platformalar, perspektivlər üçün də, Gültəkinin payıza planladığı inqilab ssenarisi üçün də ən vacib və prioritet məsələdir: "Buğanın anatomiyası!” Müxtəsər. Adamlar "zoom konfrans”ı "zoo konfrans” zənn ediblər! "Milli Şura” da müxalifətdir və öz təbirlərincə desək, guya "ana müxalifət”dir. Ayrıca, həmin o "zoom konfrans” da bunların virtual mənzil-qərargahıdır. İddiaları da nə az-nə çox: Hakimiyyətdir. İndi isə bir anlıq və yüz dəfə "iraq olsun” deyib təsəvvür edək ki, bu hərdəmxəyallar hakimiyyətə gəliblər və "zoom”un deyil, məsələn, "Təhlükəsizlik Şurası”nın iclasını keçirirlər. Təsəvvür elədinizmi? Mən elədim. Elədim və tüklərim biz-biz oldu. Mən təsəvvür elədim ki, ölkənin tale yüklü məsələlərindən söhbət gedərkən Gültəkinin qəhqəhəsi zalı bürüyür, qəfildən inək söhbətinə keçid edilir, "erkək” mövzusunun fəlsəfəsi "mahir bilicilər” tərəfindən xırdalanır, sonra bu nazir o birinə zarafatla "yaramaz” deyir, daha sonra Cəmil yeni çıxmış bığının altında Gültəkinə ən son eşitdiyi tərbiyəsiz lətifəni danışır, növbəti hırıldaşma başlayır, ya da nə bilim hökumət üzvlərindən hansısa biri gedib siqaret çəkib qayıdır və ya masaya külqabı gətizdirir”.

Partiya sədri qeyd edib ki, dərin adam hər halı ilə dərindir. Onun fikrincə, insan bəzən hətta ayağını ayağının üzərinə qoyub necə oturması ilə belə kimliyini, səviyyəsini bəlli edə bilir: "Bəzən adi jest, baxış, göz qırpımı belə sənin nə qədər kitab oxumağının, sahib olduğun zəkanın, beyin əmsalının göstəricisidir. Cəmil o gün Amerikadan bir şəkil paylaşımı edərək yazmışdı ki, burada quşlar belə uçdu, günəş binanın arxasından elə çıxdı, torpaq ayağımın altından beşman cür qaçdı. Sanki üçüncü sinfin inşa mətnidir. Amma olsun. Bir söz demirəm. Adama 70 yaşında bığ çıxartdırmağı bacaran qüvvə güman ki, "müəllim”i romantik havaya da salmaq gücündədir. Odur ki, istədiyini yazsın. Özü bilər. Yaza-yaza da yaşasın, ikinci baharını. Neynir, eləsin. Fəqət, lütfən, fürsət düşəndə bir adam ona desin ki, kompüterin qarşısında oturarkən qulaqcığı ağıza, mikrofonu qulağa taxmaq olmaz. Onların yeri tərsinədir. Gültəkinin qulağına arada kimsə pıçıldasın ki, söyüş söyülən yerdə yalandan da olsa utanmaq, qızarmaq, qəhqəhəni içində boğmaq, feysbukdakı "ağbirçək” obrazını "zoom”da da yaratmaq, ağır oturub batman gəlmək lazımdır. Qənimətə bir adam xatırlatsın ki, tez-tez adını çəkdiyi Fazil Mustafa, Qüdrət Həsənquliyev bu millət uğrunda canını fəda etməyi gözə alanda, o, restorandan şalvarsız qaçırdı. Kameraların müşayiəti ilə! Nəhayət. Cəmil Həsənli hakimiyyətlə dialoqa gedən bütün siyasi partiya sədrlərinə "tryapka” deyib. Həmin partiya sədrləri arasında isə mən də varam. Yəni, təhqir birbaşa şəxsimə ünvanlanıb. Yazı boyunca çox düşündüm ki, həmin təhqirin cavabını necə verim. Yekunda tapdım. Nə özü ilə işim olacaq, nə ətrafı ilə. Ən yaralı və kövrək yerindən vuracam bəyi: "Tryapka” - səni bu qoca yaşında bığ çıxarmağa məcbur edəndir”.
Milli Məclisin deputatı Cavid Osmanov isə bildirib ki, Milli Şura adlanan xəyanətkarlardan ibarət qrupun videokonfransında növbəti dəfə xalqımıza qarşı təhqirlər yağdırılıb, millətə saymazyana yanaşılıb. Qeyd edib ki, radikal müxalifətin bu davranışı bir daha Azərbaycan xalqı tərəfindən böyük nifrətlə qarşılanıb. Deputatın sözlərinə görə, videoya baxanda görünür ki, onlar xalqa qarşı saymazyana hərəkət edirlər: "Oturuşları-duruşları tərbiyəsizlikdir, canlı yayımda biri uzanıb, biri necə istəyir oturub, bu, birbaşa təhqirdir və insanları aşağılamaqdır. Bildiyiniz kimi, konstruktiv müxalifət partiyaları hökumətlə dialoqa gedirlər. Milli Şuranın rəhbəri Cəmil Həsənli həmin görüşdə hakimiyyətlə dialoqa gedən müxalifət partiyalarını çox aşağılayıcı formada təhqir edir, onları hətta "tryapka” adlandırmaqdan çəkinmir və deyir ki, bu "tryapka” ayaqqabı silməyə də yaramır. Bu, Azərbaycan xalqına qarşı birbaşa təhqirdir və ümumilikdə xalqa qarşı olan bir nifrətdir. Digər tərəfdən, bunların canlı yayımda bir-birilərinə çəkdikləri misallar və xalqımızın nümayəndələrini təhqir edərək qəhqəhə ilə gülmələri küçə tərbiyəsizliyidir. Bəzən, küçə tinlərində dayanıb tərbiyəsizlik edən adamlar olur. Bax, Milli Şuranın səviyyəsi həmin tində duranlardan da aşağıdır. Bu hərəkətləri ilə göstərdilər ki, onların öz aralarında münasibətləri birmənalı olaraq söyüş və təhqir üzərində qurulub və bundan zövq alırlar. Bu, artıq bir həyat tərzidir. Belə tərbiyəsizliklə bunlar Azərbaycana siyasi mədəniyyət təqdim etmək istəyirlər. Çalışırlar ki, Azərbaycan xalqına kənardan da bu formada qiymət verdirsinlər”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər