AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Davudoğlu yeni hökumətin prioritetlərini elan etdi

Davudoğlu yeni hökumətin prioritetlərini elan etdi

Siyasət
03 Sentyabr 2014, 10:35 835
Türkiyənin yeni, sayca 62-ci hökuməti özünün yeni prioritetlərini açıqlayıb. Yeni deyəndə ki, proqram gözlənildiyi kimi, əvvəlki hökumətin apardığı siyasətin davamı kimi göstərilib. Yenə də iqtisadi islahatların gücləndirilməsi, 2023-cü ilə kimi beynəlxalq güc mərkəzinə çevrilmək, iqtisadi layihələrin reallaşdırılması, xarici siyasətdə Avropa İttifaqına üzvlük, Fələstin probleminin həlli, Qəzzanın mühasirəsi aradan qaldırılmadan İsraillə münasibətlərin qurulmasının mümkünsüzlüyü, Suriya, eləcə də Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olunması prioritet kimi əks olunub. Yeni baş nazir Əhməd Davudoğlu Türkiyə Böyük Millət Məclisində ötən gün keçirilən iclasda 62-ci hökumətin proqramındakı bəndləri sadalayıb. Proqram oxunmadan öncə baş nazirin müavini Numan Kurtulmuş və daxili işlər naziri Əfkan Ala and içib. Daha sonra baş nazir Davudoğlu hökumətin proqramını oxuyub. Proqramda ölkədə gələcək dövrdə atılacaq yeni addımlar vurğulanıb. Baş nazir deyib ki, “bu seçimlə Türkiyənin qapıları sonuna qədər açılıb, məqsədimiz daha güclü və nümunəvi bir ölkə olmaqdır”. Proqramda, ölkədə demokratiyanı və milli təhlükəsizliyi təhdid edən ünsürlərlə mübarizənin davam edəcəyi bildirilib. Milli birlik və bərabərlik layihəsinin, yeni hökumətin də ən önəmli gündəm maddələrindən biri olacağını ifadə edən baş nazir deyib ki, “hökumətimiz dövründə ictimai bütövlük və terrorla mübarizə sahəsində həyata keçirilən həll yolu prosesi davam etdiriləcək”. Hökumət proqramında məhkəmələrin müstəqilliyi də vurğulanıb. 62-ci hökumətin gündəmindəki digər bir önəmli mövzu isə konstitusiya məsələsi olub. Yəni Ana Yasanın dəyişdirilməsinin gündəmdə olacağı vurğulanıb.

62-ci hökumətin proqramında iqtisadi layihələrin reallaşması də önəmli məsələ kimi qarşıya qoyulub. Proqramda iqtisadi siyasət “güclü iqtisadiyyat” başlığı altında verilib. 2023-cü il hədəflərinə çatmaq yolunda planlı və proqramlı şəkildə çalışmaya davam ediləcəyi, 10-cu İnkişaf Planının bu hədəflərə çatmaqda yardımçı olacağı göstərilib. Türkiyənin 2023-cü ilə kimi dünyanın iqtisadi cəhətdən inkişaf etmiş 10 ölkəsi sırasına çatmalı olduğu da vurğulanıb. “Özəl sektoru inkişaf etdirməkdə davam edəcəyik. Bunun üçün makroiqtisadi siyasətin müəyyən olunması də prioritet olacaq” - deyə baş nazir bildirib. Qeyd edilib ki, Türkiyə 2023-cü ilə qədər əsas sosial-iqtisadi göstəricilər üzrə qabaqcıl ölkələr sırasına yüksəlməyi qarşısına məqsəd kimi qoyub. “2002-ci ildə 100 milyon dollar kredit verməyə gücü çatmayan Türkiyə 2012-ci ildə BVF-yə 5 milyard dollar borc verə bilir. Avropa İttifaqı ölkələrinin durğunluq keçirdiyi bir mərhələdə Türkiyə iqtisadiyyatı 2013-cü ildə 5% artıb” - deyə baş nazir bildirib. İqtisadi proqramda vergi sisteminin sadələşdirilməsi, bu sahədə islahatların aparılması nəzərdə tutulur. 2014-2018-ci illərdə bölgələrə investisiyaların 350 milyard dolları keçəcəyi bildirilib. Bunlarla yanaşı, ölkənin idarə edilməsində ciddi islahatlar aparılması da nəzərdə tutulur. Vətəndaşların həyat səviyyəsinin yüksəlməsi isə AKP-nin qarşısında duran əsas vəzifə kimi göstərilir.
Qeyd edək ki, mütəxəssislər Türkiyənin qarşısına qoyduğu bu məqsədlərə çatmaq imkanlarına sahib olduğunu vurğulayırlar.
Baş nazir Aİ ilə Türkiyə arasında hazırda müzakirələrin davam etdiyini deyib: “Keçmiş baş nazir bu ilin yanvar ayında Brüsselə və Berlinə getdi. Fransa prezidenti Fransua Olland Türkiyəyə gəldi, daha sonra İspaniya prezidentinin səfiri oldu. Bu istiqamətdə xüsusi görüşlərimiz keçirilir. İndi də müzakirələr davam edir. İnşallah, 2014-cü il Avropa İttifaqı ili olacaq”. Quruma üzvlük məsələsinin məhz AKP dövründə sistematik bir hala gətirildiyi və siyasətin özəyini təşkil etdiyi göstərilib. Yeni proqramda isə qeyd edilib ki, Türkiyə 2023-cü ildə Avropa İttifaqına üzv seçiləcək. Xatırladaq ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının 2023-cü ilədək Türkiyəyə daimi üzv statusu verməsə, onu tərəfdaşı kimi itirəcəyini bəyan etmişdi.

Proqramda Türkiyə - ABŞ münasibətlərinə də yer ayrılıb. ABŞ-la Türkiyə arasında münasibətlərin genişləndirilməsi nəzərdə tutulub. Lakin son vaxtlar iki ölkə arasındakı münasibətlərdə bir passivlik hiss olunur. Mətbuatda ABŞ və İngiltərə xüsusi xidmət orqanlarının Türkiyəni dinləməsi ilə bağlı məlumatlar yer alıb.

Ötən gün də rəsmi Ankara ABŞ və İngiltərə xüsusi xidmət orqanlarının Türkiyəni dinləməsi ilə bağlı Almaniya mətbuatında yer alan məlumatlara reaksiya verib. Türkiyə Xarici İşlər Nazirliyi bu barədə rəsmi açıqlama yayıb. XİN ABŞ və İngiltərəni bu olaya aydınlıq gətirməyə çağırıb. “İddialar doğru olduğu təqdirdə bu cür fəaliyyət heç bir halda qəbul edilə bilməz. ABŞ-ın bu məsələyə rəsmi aydınlıq gətirməsi lazımdır”. Dinləmə skandalı ilə bağlı ABŞ-ın Ankaradakı səfiri XİN-ə çağırılaraq ona xəbərdarlıq edilib. İngiltərə xüsusi xidmət orqanları Türkiyəni dinləmək iddialarında cavab verməkdən imtina edib.

Qeyd edək ki, Almaniya mətbuatı Türkiyə ilə bağlı qalmaqal yaradacaq iddia irəli sürüb. Məşhur “Der Spigel” jurnalı Almaniya ilə yanaşı ABŞ və İngiltərənin də Türkiyəni dinləməsi haqda məlumat yayıb. Jurnalın iddiasına görə, Türkiyənin Vaşinqtondakı səfirliyi ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən dinlənilirmiş. Jurnal İngiltərənin də Türkiyəni dinlədiyini, ölkədə enerji potensialına dair məlumatların qeyri-qanuni yolla əldə etdiyini bildirir.

Yeri gəlmişkən, üç saatdan artıq davam edən çıxış zamanı Azərbaycan-Türkiyə, eləcədə Cənubi Qafqazla bağlı məsələlərə də toxunulub. Baş nazir bəyan edib ki, Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması Türkiyə hökuməti üçün strateji məsələdir. Onun sözlərinə görə, Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasından sonra Türkiyə Ankara və Yerevan arasında münasibətlərin normallaşması üçün addımlar atacaq. Türkiyənin baş naziri Ermənistanı tarixi hadisələrin girovu olmamağa, həmçinin ikitərəfli münasibətlərin normallaşması üzrə Ankaranın təkliflərini rədd etməməyə çağırıb.

Azər NURİYEV