• cümə axşamı, 25 aprel, 07:33
  • Baku Bakı 14°C

“Davranış və həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmalıyıq”

01.07.20 10:30 637
“Davranış və həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmalıyıq”
Elşad Məmmədov: "Azərbaycanda investisiyaların, pul kütləsinin artırılması üçün potensial var və karantindən sonra iqtisadiyyatımızın inkişafını təmin edə bilərik”
Mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirləri bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da xəstəliyin yayılma sürətini artırdı. Təsadüfi deyil ki, hazırda dünyada yenidən sərt karantin rejimin tətbiqi istiqamətində tədbirlər həyata keçirirlər. Ölkəmiz mövcud vəziyyəti nəzərə alaraq, artıq 21 iyundan ciddi karantin rejimini tətbiq edib, məhz bunun nəticəsində virusa yoluxanların sayında müəyyən qədər stabilləşmə yaranıb.Lakin sərt karantin bütün dünyada iqtisadiyyatdan yan keçmir. Məhz bu səbəbdən dünya ölkələri yumşalmaya getməyə məcbur olurlar. Məhdudiyyətlər iqtisadi fəallığı dayandırır, dövlətlər bundan ciddi ziyan çəkir, gəlirlər azalır, əhalinin tələbatını ödəmək mümkün olmur. Bu perspektiv bir çox ölkədə sosial narazılığa yol açır. Bu ölkələrdə iqtisadi dayanıqlıq əhalinin sağlamlığı amilindən daha çox önəm kəsb etdiyinə görə, karantin rejimi yumşaldılır.

Əgər işgüzar, iqtisadi fəallıq yoxdursa...
İqtisadçı ekspert Elşad Məmmədov "Kaspi”-yə açıqlamasında bildirdi ki, bəzi ölkələrdə məhdudiyyətlərin aradan qaldırılması və yumşalma iqtisadi faktorla bağlıdır: "Karantinin sərtləşdirilməsi, bütövlükdə, işgüzar fəallığı bloklayır. Sözsüz ki, əgər işgüzar, iqtisadi fəallıq yoxdursa, insanlar əksər hallarda iş yerlərini itirmiş olurlar. Bu, ilk növbədə çox ciddi sosial problemlərə səbəb olur. Digər tərəfdən bu, dövlətin büdcə daxilolmalarına çox ciddi təsir göstərir. Çünki dövlətlərin əsas büdcə formalaşdırılması istiqamətlərindən biri məhz vergi və fiskal yığımlardır. Eyni zamanda beynəlxalq ticarətə baxanda, görürük ki, çox kəskin azalmalar olur, bu da gömrük yığımları vasitəsilə edilən büdcə daxilolmalarının reallaşdırılmasına mane olur. Həmçinin, biz faktiki olaraq görürük ki, bir-iki ay ərzində hansısa biznes fəaliyyətinin reallaşdırılmaması həmin biznesin bağlanmasına səbəb olur. Çünki biznes bütün dünyada əksər hallarda kreditləşməyə söykənir və kreditləşmə da daim mənfəət tələb edir ki, o kreditlərin ödənilməsi prosesi mümkün olsun. Əgər biznes öz kreditlərini qaytara bilmirsə, bu o deməkdir ki, bank sektorunda da çox ciddi problemlər yaranır. Bank sektorunda yaranmış problemlər isə bütövlükdə iqtisadi sistemin çökməsinə gətirib çıxara bilər. Çünki bank sistemi iqtisadiyyatın qan-damar sistemidir və iqtisadiyyatın ayaqda qalmasına təmin edir”.
"Karantinin iqtisadi inkişafla bağlı problemlər yaratması şübhəsizdir”
Ekspertin sözlərinə görə, sərt karantinin uzun müddət tətbiq edilməsi, şübhəsiz ki, bütün milli iqtisadiyyatlara olduqca ciddi zərər verəcək. Amma iqtisadiyyatı xammal və neft ixracından asılı olan ölkələr bu vəziyyətdən nisbətən az zərərlə çıxa bilər: "O ölkələrdə ki, onların iqtisadi resursları məhz qeyd etdiyim sahələrdən çox asılı deyil, məsələn, xammal və ya neft ixracı ilə məşğul olan ölkələrin müəyyən mənada daha çox imkanları var. Çünki bu ölkələrin büdcələri məhz vergi yığımlarından asılı deyil. Amma son nəticədə pandemiya bütün ölkələrə ciddi ziyan vurur və karantinin iqtisadi inkişafla bağlı ciddi problemlər yaratması şübhəsizdir”.

Ölkə iqtisadiyyatı pandemiyaya tab gətirə biləcəkmi?
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev çıxışında bildirib ki, əhalinin sağlamlığı və onun təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün ən mühüm və prioritet vəzifədir.Həmsöhbətimiz ölkə başçısının fikirlərini əsas gətirərək vurğulayır ki, əhalinin sağlamlığı prioritet olmalıdır: "Ölkə başçısı çıxışında deyib ki, Azərbaycan güclü dövlətdir, bütün çətinliklərə baxmayaraq, bu günə kimi əhalinin sosial təminatı və iqtisadi dayanıqlığın təmin edilməsi üçün bütün tədbirlər görülüb və görülməkdə davam edir. Həmçinin, ölkə başçısına görə, Azərbaycan dövləti üçün heç bir səbəb, əhalinin sağlamlığından öndə ola bilməz. Buna heç bir şübhə ola bilməz, çünki iqtisadiyyat da insanlara xidmət edir və insanların sağlamlığını qorumaq mümkün olmasa, onda iqtisadiyyatın heç bir mənası da qalmır. Əgər əhalinin sağlamlığı ilə bağlı ciddi problemlər yaranarsa, son nəticədə iqtisadiyyat da çökəcək, çünki iqtisadiyyatı da irəliyə çəkən əhalidir. İqtisadiyyatın əsas istiqaməti əhalinin sosial rifahının yüksəldilməsidir. Buna görə də, əhalinin sağlamlığını qoruya bilməsək, onun sosial rifahından danışmaq da mümkün olmayacaq. Şübhəsiz ki, prezidentin bu istiqamətdə tutduğu əsas mövqe tamamilə düzdür və ölkə əhalisinin sağlamlığının qorunmasını prioritet hesab etməliyik və edirik. Sadəcə olaraq, bu prosesin iqtisadiyyata təsirsiz ötüşməsi mümkün deyil. Biz artıq görürük ki, son aylar ərzində iqtisadiyyatımızda azalma baş verir. Bu, tam şəkildə təbiidir, çünki sərt karantin rejimində iqtisadi tənəzzülə uğramamaq qeyri mümkündür. Ona görə də biz, iqtisadiyyatımızla bağlı müəyyən problemlərin yaranmasına hazır olmalıyıq. Karantindən sonrakı dövrdə iqtisadiyyatımızın intensiv şəkildə inkişafına nail olmalıyıq ki, bugünkü iqtisadi tənəzzüllə bağlı proseslər uzun müddətli olmasın və milli iqtisadiyyatımızın inkişaf xəttinə çıxmasına şərait yarada bilək. Bunun üçün da imkanlar var, çünki Azərbaycanda aktiv şəkildə investisiyaların, pul kütləsinin artırılması üçün potensial var və mən hesab edirəm ki, adekvat makroiqtisadi idarəetmə siyasəti çərçivəsində biz karantindən sonrakı dövrdə iqtisadiyyatımızın inkişafını təmin edə bilərik. Əsas odur ki, bu gün qaydalara əməl edək və cəmiyyətimizi bu bəladan xilas edək”.
"Yoluxmanın çoxalıb-artması normal haldır”
Ölkəmizdə sərtləşmə davam etsə də, hələ də epidemioloji vəziyyəti qənaətbəxş hesab etmək olmaz. Çünki gündəlik yeni yoluxan xəstələrin sayı sağalanların sayından artıq olur ki, bu da öz növbəsində təcili tibbi yardımın operativliyinə mənfi təsir göstərir, səhiyyə müəssisələrinin işini bir qədər də ağırlaşdırır.

Sərt karantin dövründə xəstəliyin artmasının səbəbi nədir? İnsanların virusla mübarizədə etdiyi səhv nədir?

Azərbaycanın baş infeksionisti Cəlal İsayev bizimlə söhbətində vurğuladı ki, pandemiya dövründə yoluxmanın çoxalıb-artması normal haldır. Həkimin sözlərinə görə, yayılmanın səbəbi insanların Operativ Qərargah tərəfindən verilən tövsiyələrə əməl etməməsi, səhlənkarlıqla yanaşmasıdır: "Azərbaycanda iyun ayının ortalarından koronavirus ölkə ərazisində sürətlə yayılmağa başlayıb, gündəlik təsdiq edilmiş halların sayı 500-ü ötüb. Hamı bilməlidir ki, üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir və bu problemin qısamüddətli, asan həlli yoxdur. Pandemiya dövrünün bir neçə həftə deyil, daha uzun müddət davam edəcəyini başa düşməli, davranış və həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmalıyıq”.

Virusdan qorunma yollarından danışan həkim vurğuladı ki, virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir: "Virusa qarşı saymazlıq, "bu virus bizə heç nə edə bilməz” kimi fikirlər yoluxma hallarının artmasına səbəb olur. Bu virus var və kifayət qədər yüksək yoluxuculuğa malikdir. Artıq 10 milyondan çox adam bu virusa yoluxub, ölən insanların sayı da yarım milyondan yuxarıdır. İnanmayan insanlar yaxınlarında bu xəstəliyi görəndən sonra inanmağa başladılar. Gəlin verilən tövsiyələrə əməl edək. Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. Artıq koronavirusun mövcud olub-olmaması müzakirə mövzusu deyil, çünki hər birimizin qohumları, yaxınları, qonşuları arasında yoluxma halları kifayət qədərdir. Biz nə qədər həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin edə bilsək, bir o qədər tez bu vəziyyətdən çıxa biləcəyik və həyat öz adi axarına qayıdacaq. Biz nə qədər pozuntulara qarşı barışmaz olsaq, ətrafımızdakı insanların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsək, bir o qədər də tez və yaxşı nəticə əldə etməyə müvəffəq ola bilərik”.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər