• cümə, 29 Mart, 06:16
  • Baku Bakı 5°C

Dahi ilə bir evdə yaşamaq asan deyil

16.03.19 09:30 1826
Dahi ilə bir evdə yaşamaq asan deyil
Axır zamanlar görkəmli rejissor Georgi Daneliyanın özünü pis hiss etməsi barədə söz-söhbətlər dolaşır. Guya dostlarından birinə «Yanıma tez-tez gəl, bəlkə bir daha… görüşmədik!» deyib. Rejissor xəstəxanada yerləşdirilsə də, zarafatından və optimistliyindən qalmır. Axı tamaşaçılar çoxdandır ki, səbirsizliklə onun fantastik-satirik komediyanın motivləri əsasında çəkilmiş animasiya filmini - «Ku! Kin-dza-dza-dza»nın nə vaxt ekranlara çıxacağını gözləyirlər.
Georqi Daneliya hamının maraqla baxdığı «Mimino», «Afoniya» filmlərinin rejissorudur. O, çəkdiyi filmlərdə mehribanlıq və insaniyyəti qiymətləndirir. Son vaxtlar filmlər çəkməsə də, yaradıcılığının vaxtilə Sovet İttifaqında dönüş yaratması hamının yadındadır. Şəxsi həyatı isə hələ də bu haqda danışmaq istəmədiyi çoxlu suallar doğurmaqda davam edir.
Atası mühəndis idi. Anası Mariya Anjaparidze film çəkilişlərində çalışırdı. «Mosflim»də işlədiyi müddətdə bir neçə qısametrajlı film çəkmiş və Stalin mükafatına layiq görülmüşdü. Yəqin ki, kinoya olan sevgi və maraq Georgiyə ana xəttindən keçmişdi. Onun dayısı Mixail Çaureli teatr və kino rejissoru idi. Dayısı qızı Sofiko Çaureli və xalası da aktrisa idi. Moskva Memarlıq İnstitutunu bitirdikdən və bir il memar işlədikdən sonra Daneliya bu peşənin ona aid olmadığını anladı və «Mosfilm»də rejissorluq kurslarına daxil oldu. Bu müddət ərzində evlənməyə və bircə ildən sonra isə boşanmağa vaxt tapdı.
Daneliyanın birinci həyat yoldaşı tikinti nazirinin qızı İrina Ginzburq olmuşdu. Şəxsi həyatından danışmağı sevməyən rejissor indi bu nikah barədə düşünmək belə istəmir. O, birinci həyat yoldaşı kimi tamamilə başqa bir qadının adını çəkir. Onlar «Əzablı yollarla» filminin çəkilişlərində tanış olmuşdular. Təzəcə rejissorluq kursunu bitirən gənc aktrisa Lyubov Sokolovaya vuruldu. Qadın ondan 9 yaş böyük idi. Leninqrad mühasirəsi zamanı Sokolova həyat yoldaşını və oğlunu itirmişdi və bu, onun ürəyində ağır yük olaraq qalmışdı. Ancaq Daneliyanın sevgisindən imtina etmədi. Onlar 30 il birlikdə yaşadılar. 38 yaşlı Sokolova bu nikahdan oğlu Nikolayı dünyaya gətirdi. Bu illər rejissor Daneliyanın həyatında qızıl illərə çevrildi. Onun «Seryoja», «Moskvada addımlayıram», «Qəm etməyin» «Afoniya», «Mimino» filmləri sovet kinosunun klassikasına çevrildi.
Georgi Sokolova ilə rəsmi nikah bağlamamışdı: «Biz bir-birimizi sevdik. Amma sevgi keçici olurmuş» - deyə Daneliya müsahibələrinin birində söyləmişdi. Qadın Daneliyanı 1984-cü ildə tərk etdi. Bundan bir neçə gün sonra isə yeganə oğulları Nikolay faciəli surətdə həlak oldu. Lyubov Sokolova bu hadisəni heç cür unuda bilmədi. Bir neçə ildən sonra o da dünyasını dəyişdi.
Rejissor həyatında olub-keçənlər haqqında danışmağı o qədər də sevmir. Xəstəliyi ilə bağlı yaxınlaşan jurnalistlərlə söhbətdən də nəzakətlə imtina edir. Sənətkar hazırkı həyat yoldaşı Qalina Yurkova-Daneliya ilə birlikdə artıq 26 ildir ki, yaşayır. Qalina Daneliyanın ilk nikahından olan oğlu Kirili də tərbiyə edib: "Georgi Nikolayeviç artıq neçə illərdir ki, ciyər xəstəliyindən əzab çəkir. O, çətinliklə nəfəs alır, axı, onun ciyərlərinin cəmi 15 faizi işləyir”- deyə Qalina Daneliya deyir.
O, işsiz yaşaya bilmir
- Belə görünür ki, ciddi xəstəlikdir. Axı, hələ keçən ilin martında onun ciyərləri 18 faiz işləyirdi.
- Həkimlər əsas səbəbi siqaret çəkməyində görürlər. Ancaq Georgi Nikolayeviçin hələ uşaqlıqdan ciyərlərində problemləri var idi – gəncliyində o, vərəm xəstəliyinə tutulmuşdu. Gəncliyində Daneliya gündə üç qutu siqaret çəkərdi. Bütün bunlar ciyərlərinə təsir edib və o, boğulmağa başlamışdı. Rejissor siqaret çəkməyi tərgidə bildi, lakin artıq sağlamlığı əldən getmişdi. Cavan yaşlarında Georgi Nikolayeviç hətta kliniki ölüm keçirmişdi. Çiyni bərk ağrımağa başlayanda o, xəstəxanaya müraciət etmişdi. Həkimlər səhvən ciyər xərçəngi diaqnozunu qoymuşdular. Sonradan məlum oldu ki, problem öd kisəsində imiş. Məlum oldu ki, peritonitdir (qarın pərdəsinin iltihabı). Bu da ürəyinin işləməsinə mane olur. Ürəyi bir neçə dəqiqəliyinə dayanıb. Həkimlər məşhur pasiyentlərini qurtara biliblər.
- Qalina İvanovna, bəs belə ciddi xəstəliklə Georqi Daneliya işləməyə necə müvəffəq olur?
- O, işsiz yaşaya bilmir. Onun aydın düşüncələri var. Bədii filmlər çəkmək fiziki olaraq ona çətindir. Animasiya çəkmək isə üç dəfə ağırdır, lakin o sənətkarlarla birgə özü də kompyuter qarşısında əyləşir. Layihəyə görə çox fikir çəkir.
- Cizgi filmi bədii filmin motivləri əsasında çəkilir. Məzmun eynidirmi?
- Yox, animasiya və tammetrajlı film olan «Kin-Dza-dza!»nın süjet xətləri tamamilə fərqlidir. Tamaşaçılar tezliklə bu filmi izləyə bilərlər. Cizgi filmi bədii filmlə demək olar ki, eyni məzmunludur. Bununla belə, bəzi fərqlər də var. Filmin iki əsas qəhrəmanı dəyişdirilib. Ancaq hətta, həyəcanverici iş üçün belə, bütün günü kompyuter arxasında oturmaq rejissor üçün çox çətindir. Danielyanın evdə və işdə nəfəs almaq üçün iki böyük oksigen aparatı var. O, küçəyə çıxarkən özü ilə birlikdə 4 kiloqram ağırlığında nəfəs cihazını götürməyə məcburdur. Təəssüf ki, Georgi Nikolayeviç yeni filminə görə sağlamlığına daha az fikir verir.
«Çox gözəl, yaşayın...»
- Qeorqiy Nikolayeviç sizə evlənmək təklifini necə etdi?
- Bir dəfə mənə yaxınlaşıb: «Yeri gəlmişkən, bu, mənim ülgücüm, bu, mənim əmək haqqımdır. Səninlə yaşamağı planlaşdırıram» - dedi. Yüngülcə təəccüblənib cavab verdim: «Çox gözəl, yaşayın...» Bir az keçdikdən sonra isə o mənə anasından ona miras qalmış gümüş üzük bağışladı.
- Düşünürəm ki, bir gürcü üçün bu, məhəbbətin ən yüksək təzahürüdür…
- Bəli, bir qafqazlı üçün ana hər şeydir. O, bu təklifi mənə liftdə etdi: «Yeri gəlmişkən, sizə evlənmək təklifini etmək yadımdan çıxdı: mənimlə evlənərsənmi?» (gülür). Əslində hər şey asan deyildi. Mənzildə onun ikinci həyat yoldaşı, onların oğlu və Lyubov Sokolova Kolka yaşayırdı. Biz onlarla dostlaşdıq. Birlikdə universitetdə təhsil aldıq. Bir dəfə Georgi Nikolayeviç Sokolovaya dedi: «Məni bağışla, mən aşiq oldum». Kolka əlavə etdi: «Ana, üzülmə, Qalka yaxşı qadındır! Atama yaxşı olacaq». Lyuba yalnız bunları dedi: «Sən axmaqsan, axmaq…» sonra ağlamağa başladı. Qadın öz mənzilinə, Kolya mənim bir otaqlı mənzilimə köçdü.
Mən evdə iki kişi ilə qaldım – Georginin atası və Nikolayeviçlə.
- Gürcü yeməklərinin necə bişirildiyini öyrənmək məcburiyyətində qaldınız?
- Öyrənməyə ehtiyac yox idi. Mən elə təbiətən hər şeyi bacarıram. Əslində Georgi Nikolvyeviçə bu lazım deyildi: xaçapurini saymasaq, onun sevdiyi başqa yeməklər gürcü yeməkləri deyildi. Məsələn, o, kələm dolmasını tez-tez bişirtdirərdi (gülür). Daneliya faktiki olaraq Gürcüstanda yaşamamışdı. Vaxtı ilə onun anası Gürcüstana uşağını dünyaya gətirmək üçün getmişdi. Bir müddət sonra isə Moskvaya geri dönmüşdülər.
Daneliyanın ad günü
- Qalina İvanovna, Georqi Nikolayeviçin 85 illiyini necə qeyd etdiniz?
- Evdə qeyd etdik. Əvvəllər həmişə «U Pirosmani» restoranında qeyd edirdik. Restoranın sahibi Tornike həmişə hədiyyə olaraq stolu bəzəyər, gürcü ansamblını dəvət edərdi. Bu dəfə Daneliya qərara aldı ki, məclisdə yalnız qohumları olacaq, biz də onu dəstəklədik. Ancaq yenə də bir çox adamlar onu təbrik etmək istədi. Adəti üzrə qapının zəngi dayanmırdı. Tez-tez Daneilya ilə şəkil çəkdirmək və ya imza almaq üçün gələn kənar insanlar olur. Tanışları ailələri, uşaqları ilə gəldilər, məclis lap zənci toyuna bənzəyirdi (gülür).Daha sonra Nikita Mixalkov, Lonya Yarmolnik, Andrey Malaxov, Polina Kutepova gəldi. Vətənpərvər oğlu Kirill qəşəng stol bəzədi: bir metr uzunluğunda nərə balığı gətirdi və qonaqlara məmnuniyyətlə xidmət etdi.
- Yadınızda qalan, orijinallığı ilə xatırlanan hədiyyələr var idimi?
- Hədiyyələr çox idi, özü də hamısı lazımlı. Məsələn, qulaqcıq, televizor, tozsoran... Moskva şəhər administrasiyasının rəhbəri Müqəddəs Georginin şəkli əks olunmuş serviz göndərmişdi. Bir də bir-birindən gözəl buketlər çox idi. Qapıçı qadın çiçəklər içində oturmuşdu. Qonşularımız isə çox sevinirdilər ki, Daneliyanın yubileyidir.
- Georqi Nikolayeviç üçün hökumət dairələrində görünmək vacibdir?
- O, ictimaiyyətə qarışmayan şəxsdir. Müsahibə vermir, özü haqqında artıq hər ºeyin kitablarda (keçən mövsüm onun artıq üçüncü kitabı «Pişik getdi, təbəssümü isə qaldı») yazıldığını düşünür. Ancaq onun unudulmadığına görə nə qədər xoşbəxt olduğunu gördüm. Zənglər səhər səkkizin yarısından vurulmağa başladı. Georqi Nikolayeviç cavab verməyə macal tapmırdı.İlk xəbər Aleksandr Lukaşenkodan gəldi. Daha sonra Vladimir Vladimiroviç Putin və Dmitri Anatolyeviç Medvedyev təbrik etdilər. Patriarx Kiril isə Daneliayaya orden təqdim etdi.
- Siz yoldaşınızla pişik saxlamaq həvəskarısınız. Hazırda da pişiklər sizinlə yaşayır?
- İki yerli pişiyimiz – Şket və Afoniya artıq ölüb. Yenidən bir pişik götürmüşük. Mən onu Şket-Afonya və ya Basik adlandırıram. Lakin biz daha onu belə adlandırmayacağıq, çünki biz Oleq Basilaşvilini bu ləqəblə çağırırıq.
- Siz 30 ildən artıqdır ki, birlikdəsiniz və bir-birinizə alışmısınız. Bir qadın həyatını ərinin mənafeyinə görə qurmalıdır, xüsusilə əgər həmin şəxs yaradıcı adam və geniş tanınmış rejissordursa...
- Georgi Nikolayeviç yalnız onunla işləməyimi istəyirdi. Yeri gəlmişkən, Bondarçuk Skobsevaya ikinci rejissorlarla çəkilməyə icazə vermirdi, bu, yalnız Daneliya üçün istisna idi.Mən cəhd etmək qərarına gəldim və «Kin-Dza-Dza» filmi üçün ikinci rejissor olan həyat yoldaşımın yanına gəldim, amma tezliklə birlikdə işləyə bilməyəcəyimizi başa düşdüm – Daneliya kinoda çox avtoritar idi. Georqi Nikolayeviç məni buraxdı və əlavə olaraq, Sergey Bodrovla birlikdə «Fransuz» filmimin ssenarisini yazmağa razılıq verdi. Bir dahi ilə yaşamaq asan deyil! Amma Daneliya çox ağıllı insandır. Məsələn, biz heç vaxt mübahisə etmirdik. Təsəvvür edin, bütün həyatımız boyu – heç vaxt! Deyinəcəyimi başa düşən kimi ayağa durub evdən çıxırdı. Bir qədər sonra gəlir: «Hə, nədir, sakitləşdin?» Bu sözlərdən sonra hər ikimiz gülürdük.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər