• çərşənbə axşamı, 19 mart, 11:14
  • Baku Bakı 8°C

"Con Faulzun "Fransız Leytenantın qadını” romanında mifoloji məna axtarışları”

20.05.19 13:07 2124
"Con Faulzun "Fransız Leytenantın qadını” romanında mifoloji məna axtarışları”
Kaspi.az saytıMaksim İvanoviç Jukun"Con Faulzun "Fransız Leytenantın qadını” romanında mifoloji məna axtarışları” adlı yazısını təqdim edir:

Con Faulzun "Fransız leytenantın qadını” romanının intertekstuallığı E.M.Tsiqler, N.Y.Jluktenko kimi ədəbiyyatçıların çoxdan bəri diqqət mərkəzindədir. Tədqiqatçılar romanda ənənəvi olaraq Ceyn Ostin, Çarlz Dikkens, Vilyam Tekkerey, Corc Eliot, Tomas Hardi kimi viktorian dövrü müəlliflərinin (Viktorian dövrü ədəbiyyatı – Böyük Britaniyada viktorian dövrü yazıçıları və onların əsərləri əsərləri (1837-1901). Avropa kontekstində bu dövr böhran realizmi dövrü ilə uyğun gəlir – X.N.) əsərlərinə çoxsaylı istinadlar qeydə almışlar. Əsərin poetikasında viktorian ənənəsinin mühümlüyünü etiraf edən hər bir ədəbi bilici burada antik və xristianlığa məxsus mifoloji allüziyaların varlığına diqqət yetirir.
C.Faulzun yaradıcılığının tədqiqatçılarından biri romandakı epizodlarda yazıçının Odissey, Tezey və Edip haqqındakı mifə müraciət etdiyinə işarə edir. C.Faulz Çarlz Smitsonla Sara Vudrafın Versk səhrasındakı görüşünü təsvir edərkən onları 18-ci fəsildə bəhs etdiyi Odissey və Kalipso (Qədim yunan mifologiyasında gözəlliyi ilə tanınan nimfa – X.N.) ilə müqayisə edir: "Terraslarda yunan məbədləri yox idi, amma onun qarşısında Kalipso vardı”. V.L.Freyberqs hesab edir ki, özünü və dünyanı yenidən dərk edərək səyahətə yollanan Odissey kimi Çarlz Smitson da "öz "mən”ini dərk etmək və ətraf aləmə münasibətin yenilənməsi məqsədilə simvolik səyahət” edir. Odisseyin Penelopa və Kalipso arasındakı seçiminin mahiyyəti ölüm və əbədiyyət arasındakı seçimdədir. "Fransız leytenantın qadını” romanının qəhrəmanı totalitar cəmiyyətin mənəvi doktrinasını təcəssüm etdirən Ernestino-Penelopa ilə bahəm həm də, qəhrəmanın hissləri və arzuları ilə birgə şəxsi "mən”ini, gerçək individuallığını simvolizə edən Sara-Kalipso arasında seçim etməlidir. Çarlz Smitson "cahilliklə bilik, varlığın adiliyi və özünüdərkin əzabı” (həmçinin yalan və həqiqət arasında) arasında seçim edir.
V.L.Freyberqslə razılaşaraq qeyd etmək istərdim ki, Sara Vudraf obrazında Odissey haqqındakı mifin daha bir personajının – sirenanın cizgiləri nəzərə çarpır (Sirenalar – Yunan mifologiyasında qadın başlı, dənizçiləri öz nəğmələri ilə həlaka doğru aparan dəniz canlıları, pərilər – X.N.). Müəllif Çarlzla Saranın Versk səhrasındakı görüşündən bəhs edərkən yazır: "O, (Çarlz) tərpənmirdi; sanki yerə yapışmışdı. Ola bilər ki, onda sirenanın necə görünməsi haqqında birdəfəlik təsvir yaranmışdı: uzun arxaya səpələnmiş saçlar, mərmərə bənzəyən dəri, su pərisinə xas görünüş...”. Təsadüfi deyil ki, 60-cı fəsildə uzunmüddətli əzablı ayrılıqdan sonra Sara ilə söhbət edən Çarlzın fikrində gəmi qəzası canlanır: "Çarlz ona baxmaqda davam edirdi – qulaqlarında isə yıxılan dirəklərin və boğulan şəxslərin uğultuları səslənirdi…”.
Qəhrəmanını Kalipso və sirena ilə müqayisə edən C.Faulz həmin obrazın birmənalı deyil, ikili mahiyyətə malik olmasını qeyd edir. Bir tərəfdən Sara cazibəsinə saldığı Çarlzı özünə aşiq edərək onun həyatını məhv edir, digər tərəfdən isə həmin məhvetmə məhsuldar olur, çünki qəhrəman öz həqiqi şəxsiyyətinə qovuşmaq imkanını əldə edir. Sirena obrazının funksiyası Çarlz-Odisseyi arzusunda olduğu məqsədə – çətin və təhlükəli sınaqdan sonra digər aləmə ötürməkdir. Həqiqətə gedən yol heç zaman asan olmur, insan ona layiq olmalıdır. Beləliklə, qəhrəman özünəməxsus tərzdə başlanğıc ayinini icra edir.
Sara Vudraf da eyni zamanda Ariadna obrazı ilə uyğundur: onun əməllərinin nəticəsi Ariadnada olduğu kimi Çarlz-Tezeyi "labirintin mərkəzinə, Minotavrla – öz "mən”i ilə görüşdüyü yerə aparıb çıxarır”. "Adalar” essesində labirint obrazının mahiyyətini açmağa çalışan C.Faulz yazırdı ki, labirintin mərkəzi həqiqi özünüdərki simvolizə edir. Çarlz Smitson özü yarıinsan, yarıyırtıcı olan Minotavra bənzəyir. O, həmçinin varlıqla-yoxluq – mənəvi ölümlə həqiqi insan varlığı arasında qərar tutmuşdur.
"Labirint-həyat” metaforası romanda dəfələrlə təkrarlanır. Həyatın labirintə bənzədilməsinə 4-cü fəsildə rast gəlinir: böhran vəziyyətində qalan Çarlz həyatını sirli görüşlərlə zəngin "qəribə, qaranlıq labirint” kimi təsəvvür edir.
Təsadüfi deyil ki, Çarlzla Saranın Versk səhrasındakı görüşlərindən biri tunelə bənzər məkanda baş tutur (sanki labirintə girişdir): "burada əməlli-başlı qol-budaq atan sarmaşıq qayanın şaquli divarı yaxınlığındakı ağacların budaqlarına sarmaşmışdı, onun nəhəng layları Çarlzın başı üzərində sallanırdı. Bəzi yerlərdə cəngəlliyə çevrilmiş sarmaşıq əsl tuneli xatırladırdı. O, yuxarıda – tunelin sonunda, Çarlzın əlli metr addımlığında yerləşirdi”. Tezey (Tezey – qədim yunan mifologiyasında afina çarı Egeylə Efranın (və ya Poseydonun) oğludur – X.N) haqqındakı mif həmçinin romanda aydın şəkildə səslənən axtarışı təmsil edir: Həvəskar-paleontoloq Çarlz Smitson nəsli kəsilmiş, artıq daşa çevrilmiş canlıların axtarışları ilə maraqlanır: özü və ətraf aləm haqqında təsəvvürləri formalaşdıqdan sonra növbəti axtarış obyekti Sara olur: yekunda Çarlz Smitson öz həqiqi şəxsiyyətini tapır ("özünə zərrə qədər inam”, nə isə qurmağa yararlı olan təkrarolunmaz nəsnə). Axtarış motivi Minotavrın labirintindən çıxış yolu axtaran Çarlzı Tezeyə bənzədir.
V.L.Freyberq hesab edir ki, əsərdə Sara obrazının köməyi ilə təqdim edilən, müəllifin sfinkslə eyniləşdirdiyi Edip haqqındakı miflə əlaqəli daha bir mifoloji allüziya var. Məsələn, Harri Montekyu Çarlza Sara ilə görüşməyin mühümlüyündən bəhs edir: "Siz mütləq sfinksə sual verməlisiniz. Amma tapmacaya cavab tapa bilməyənlərin nə ilə üzləşdiklərini unutma”. Antik miflə razılaşsaq, sfinksi cəzalandırmaq üçün Fiva şəhərinə yollanan şəxs şəhərin yaxınlığında yerləşərək yoldan ötənlərə tapmaca deyir, tapmacaya cavab tapa bilməyənləri öldürürdü.
Finalın ikinci variantında Çarlz Sara-sfinksin tapmacasını çözə bilmir. Ondan soruşur: "Nə zamansa sizin alleqoriyalarınızı anlaya biləcəyəmmi?”. Cavabında "qadın ancaq başını yellədi”. Həmin mifoloji kontekstdə Çarlz qurban kimi, seçimi isə mənəvi ölüm kimi qəbul edilir.
Üçüncü finalda Çarlz Sara-sfinksin tapmacasını çözür və bununla da xilas olur. O, hiss edir ki, hər zaman Saranın "əlində oyuncaq olub, onu istədiyi kimi oynadıb”. Aadının məqsədi ona hökmranlıq etmək idi. O, isteriyalı qadındır və öz şəxsiyyətini ancaq digər şəxsi psixoloji əsarət altına almaqla təqdim edə bilir. Bunu başa düşən qəhrəman onu tərk edir. Beləliklə, Çarlz həm varlığın viktorian modelindən, həm də Saranın ona göstərməyə çalışdığı həyatdan imtina edir.
Romanın digər tədqiqatçısı C.Faulzu Sara Vudraf obrazında təbiətdə qadın başlanğıcını təcəssüm etdirən "Müqəddəs ananın vahid obrazının” müxtəlif hipostazlarını (hipostaz – Tanrı ata, Tanrı oğul və müqəddəs ruh üçlüyünü izah edən kilsə termini – X.N.) görür. Sara Vudraf elə ilk səhifələrdən "mifik obraz” kimi nəzərə çatdırılır, "günəşə biganə”, "ay işığına” bürünmüş gözləri isə olduqca mühüm detaldır, əksər hipostaslar – ay ilahələridir (Artemida, İsida, Persefona-Prozerpina və onunla eyniləşdirilən Gekata və Selena).
D.Y.Çervyakova "bu obrazın prinsipial ambivalentliyi”ni qeyd edir – İlahə ana obrazında yaradıcı və məhvedici funksiyaları paradoksal olaraq birləşmişdir. Bununla da o, əbədi yüksəlişi haqqında təsəvvürlər halqasına düşərək həyat qüvvəsi və ölümsüzlük mənbəyi kimi təqdim edilir.
Qeyd etməliyəm ki, antik miflər obrazına allüziyalardan başqa C.Faulzun romanının bədii məkanında xristian mifologiyasına çoxsaylı istinadlar var.
Romanda, Bibliya mətnləri xristian adları ilə təqdim edilir: İsa Məsih, müqəddəs Pavel, müqəddəs Yevstaxi, Yehuda, Yezavel, Yerusalim, Edem (Cənnət, İrəm – X.N.), babil azğınları (Xristian esxotologiyasında (Esxotologiya – xristianteologiyasının"Bibliya”əsasında dünyanın sonu, bəşəriyyətin aqibəti kimi məsələləri tədqiq edən sahəsidir) – İohan Boqoslovun açıqlamaları (İncilin son kitabının adı. Apokalipsis kimi də xatırlanır) kitabı əsasında obraz – X.N.) Sodom və Qomorra (İncildə adları keçən iki məşhur şəhər. Qeyd edilir ki, Tanrı həmin şəhərləri sakinlərinin günahları səbəbindən darmadağın edilib), müqəddəs Qraal (orta əsrlər kelt və norman əfsanələrində ehtiras vasitələrindən biri, İsa Məsihin Sirli gecədə istifadə etdiyi qab, fincan – X.N.), mələklər, Bibliya, ehram, kilsə və sairə. Bunlara mətndəki "İncil”dən xatırlanan sitatları, duaları, pritçaları, Zəburu da əlavə etmək olar.
"Fransız leytenantın qadını” romanının əsas qəhrəmanı Çarlz əsərin başlanğıcında 32 yaşında olur, romanın sonunda isə 34 yaşına çatır. Beləliklə, qəhrəmanın yaşı İsa Məsihin simvolik yaşı ilə (33 yaş) assosiasiya yaradır. Luka İncilində (Əhdi Cədidin ilk dörd bölümündəki İncillərin üçüncüsüdür – X.N.) "İsa ibadətə başlarkən otuz yaşlarında idi” deyə xatırlanır. Xilaskarın həyatının dəqiq mərhələləri hər zaman müzakirəyə ehtiyac duyulur, lakin 33 yaş ənənəvi olaraq Məsihin yaşı hesab edilir. Psixoloji planda bu yaş həddi insan varlığının əsas mərhələsidir: müəyyən zaman kəsiyi yaşayan insan şüurlu və şüursuz etdiyi və ya etmək istədiyi əməllər, yüksəldiyi və yüksəlmək istədiyi məqamlar haqqında nəticəyə gəlir.
Çarlzla Məsihin həyat yolunun oxşarlığı ondadır ki, dirilən Məsih kimi romanın qəhrəmanı da mənəvi dirilmə yaşayır. Vəfatından dirilməsinə kimi olan yolu təqib edə bilmək üçün obrazı nəzərdən keçirək.
Bayaq qeyd etdiyim kimi, əsərin başlanğıcında baron məqamında ömür sürən, sanballı mirasa sahib olan Çarlz Smitson 32 yaşındadır. Qəhrəman Laym-Rici şəhərciyinə zəngin tacirin qızı, artıq iki aydır nişanlandığı Ernestina Frimeni görməyə yollanır.
Çarlz quracağı ailəyə şübhə ilə yanaşır: o, nişanlısına qarşı böyük istək duyur, lakin bu istək həqiqi mənəvi və intellektual yaxınlıqdan daha çox intim çatışmazlıqdan meydana gəlir. Ernestina gözəldir, ağıllıdır, amma bununla belə ərköyün və eqoistdir. Yazıçı Ernestinanın təsvirinə vacib bir detal əlavə edir: o, Çarlzdan 11 yaş kiçikdir. Yaş fərqi mənəvi və intellektual təcrübədə də fərq yaradır: qız nişanlısını başa düşmür, onun maraqlarını bölüşmür. Daha bir mühüm detal isə Ernestinanın bəsirət gözünün qapalı olmasıdır, bu isə romanın kontekstində onun mənəvi məhdudluğunun növbəti xüsusiyyətidir: o, Çarlzdan daha çox viktorian dövrünün əzablı şərtlərinə və rituallarına bağlıdır.
Çarlz Smitson artıq əsərin başlanğıcında öz seçiminə şübhə ilə yanaşır. Özünə "görəsən, mənim onu başa düşdüyüm kimi Ernestina da məni başa düşəcəkmi?” deyə sual verir. Sara ilə Versk səhrasında görüşdən sonra isə özünə etiraf edir ki, "Ernestina ümumiyyətlə, onu heç zaman başa düşə bilməyəcək”.
Çarlzı öz dövrünün norma və qaydalarına qarşı çıxan üsyankar adlandırmaq çətindir, lakin o, yenə də müasirlərinin əksəriyyətindən fərqlənir. Kembricdə təhsil alarkən "klassikləri əzbərlədiyi zamanlarda (dövrün əksər gənclərindən fərqli olaraq) həqiqətən nə isə öyrənmək istəyir”, "günlərini kitabxanada keçirirdi”. Tələbəlik illərində qəhrəman az qala "mənəvi rütbə əldə etmək üçün kilsənin ağuşuna atılacaqdı”, amma tezliklə "sağlam fikirli aqnostik”ə çevrilərək bundan imtina etdi.
Dahi olmasa da şübhəsiz ki, intellektual potensiala malik olan Çarlz yazıçı, siyasətçi və ya alim olmadı, çünki C.Faulzun yazdığı kimi o, "hər iki bayronik təsəllilərin – dahilik və azğınlığın çatışmazlığından bayronik darıxmaya tutulur” (Bayronik darıxma – keçmiş sevgi haqqında xatirələrə dalmaq) və onun "əsas fərqli cəhəti tənbəllik idi”. Bununla belə, qəhrəman "yüngülxasiyyətli avaraya çevrilmir”. O, Ç.Darvinin təkamül nəzəriyyəsi və yaşadığı dövrün yeni elmi olan paleontologiya (Yerin ta­rixinin tədqiqi ilə əlaqədar, orqa­nizm qalıqları və onların fəaliyyətinin izləri əsasında geoloji keçmişin canlı aləmini və onun inkişaf qanunauyğunluqlarını öyrənən elm – X.N.) ilə məşğul olur.
Çarlzın paleontologiyaya marağı romanın və C.Faulzun yaradıcılığı kontekstində bütünlüklə dərin simvolik məna kəsb edir. Bu, Çarlzı qeyri-adiliyi ilə fərqlənən mütərəqqi baxışlı insan kimi xarakterizə edir, Ç.Darvinin elmi və paleontoloji kəşflərini ədəbsiz və skandallı hesab edən digər viktorianlardan fərqləndirir. Məsələn, Ernestinanın atası mister Frimen Çarlzla mübahisə zamanı iddia edir ki, "Darvini zooparkda meymunlar üçün nəzərdə tutulmuş qəfəsə salaraq ictimaiyyətə təqdim etmək lazımdır...”
Çarlzın təbiət elmlərinə marağını Təbiətdə təcəssüm edilən həqiqətin şüursuzca axtarışı, kainatın varlığının sirlərinə olan maraq kimi nəzərdən keçirmək olar; qarışıq, amma həqiqi qaydalar və varlıq kateqoriyalarının dərkinə meyl kimi. C.Faulz yazır: "O, varlıqdan Tanrıya azacıq da olsa bənzəyən nəsnəni İncildə deyil, Təbiətdə tapa bilmişdi”. Müəllifin sözlərinə görə onun qəhrəmanı "həyat qarşısında çoxsaylı suallar qoymuşdu”, "O, hər zaman həyatın mənasını axtarırdı: bundan başqa, hətta düşünürdü ki, (zavallı sadəlövh!) bu məna artıq hansısa ani zamanlarda gözə çarpır”.
Bununla belə, Çarlz istedadlı alim hesab edilə bilməz: o, "özünü darvinist adlandırır, lakin mahiyyətcə darvinizmi başa düşmürdü”, "O, ikinci Darvin ola bilməzdi”. C.Faulzun qəhrəmanı üçün daşa dönmüş təbiət qalıqlarının axtarışları etiraf deyil, daha çox əyləncədir, maraqlı zamankeçirmədir. Müəllif özü onu zamanı necə keçirəcəyini bilməyən "anadangəlmə diletant” adlandırır.
İntellektual bacarıqlarının əlavələr hissəsinin seçilməsi Çarlzın şəxsiyyətini xarakterizə edir: özünü bioloq Ç.Darvinin ardıcılı elan etsə də, həyatını biologiyaya, "canlı təbiət haqqında məcmuya, orqanik həyatın qanunauyğunluqlarına” deyil, paleontologiyaya, "nəsli kəsilmiş heyvan və bitkilər haqqındakı elmə” həsr edir.
Güc tətbiqi ilə qəhrəmanın psixoloji vəziyyəti arasında birbaşa əlaqə var. Çarlz özü də bütün asudə vaxtını axtarışlarına həsr etdiyi həmin nəsli kəsilmiş canlıların eynisidir: onun mənəvi potensialı, həqiqi varlığı inkişafdan geri qalaraq tədricən məhv olur, çünki qəhrəmanın həyatında məna və məqsəd çatışmır. Çarlz doktor Qroqana etiraf edir: "Əgər mənim həyat tərzimlə tanış olsaydız… Ömrüm o qədər mənasız, məqsədsiz keçir ki… Heç bir mənəvi məramım, öhdəliyim yoxdur. Sanki, bir neçə ay əvvəl iyirmi bir yaşım tamam olub… mən o qədər ümidlə dolu idim ki... Amma ümidlərim hamısı puç oldu”.
Müəllifin Çarlz Smitsonu dəfələrlə ammonitlərlə – nəsli kəsilmiş onurğasız molyusklarla müqayisə etməsi səciyyəvidir: "Ammonitdəki iradə azadlığı onda yoxdur”; "onun bəxti gətirməyib, o, qurbandır, tarixin hədəfinə tuş gələrək həmişəlik sahilə tərk edilmiş dəyərsiz ammonitdir; yaşaya və çoxala bilən amma lazımsız süxura çevrilən nəsnədir”.
Beləliklə, C.Faulzun qəhrəmanı ekzistensial böhran vəziyyətinə düşür. 32 yaşına qədəm qoyduqda, vəziyyətin təsiri altında başa düşür ki, onun "həyatı bu günə qədər hər hansı məqsədsiz və mənasız ötüb”, o, "heç bir hərəkət edə bilməyib”; qarşıda onu heç zaman anlaya bilməyəcək qadınla evlilik həyatı gözləyir, o isə özünü elmlə məşğul olurmuş kimi göstərən istedadsız diletantdır.
Çarls Smitsonun həyatında ekzistensial böhran Ernestina Frimenin atasının ticarət işində ona ortaqlıq təklif etməsi ilə başlayır. Gələcək qayınata onun təcili qərar verməsi üçün tələsdirmir və düşünmək üçün vaxt verir. Bu təklif – C.Faulz yazır "vəd edilən gecikmə ilə birlikdə” Çarlzı "Məsihin səhradakı vəziyyətinə salır: İsaya da düşünmək və şeytanın onu rahat şirnikləndirə bilməsi üçün qırx gün, qırx gecə vaxt verilmişdi”.
Beləliklə, bizi xristian mifinə müraciət etdirən daha bir detalla qarşılaşırıq – bu, Məsihin səhrada başdan çıxarılması haqqında pritçadır.
Məlum olduğu kimi, vəzifədən (Yunan dilində "suyabatırma” – xristianlıqdaən müqəddəs ayinlərdən biri, imanlılar cəmiyyətinə (kilsəyə) daxil olma mərasimi – X.N.) sonra "İsaya şeytanın nəfsindən qorunmaq üçün ruh verilmişdir”. Şeytan Məsihi aclıqla tamaha salmağa çalışır, "əgər Sən Allahın oğlusansa, söylə, daşlar çörəyə çevrilsin”, qürurla "...əgər Sən Allahın oğlusansa, aşağı tullan, zira yazılmışdır ki, O, öz Mələklərinə Sənin haqqında əmr edir və onlar Səni əllərində aparacaqdır, ayağın belə daşa toxunmayacaqdır” deyir və onun imanını sınağa çəkir. Sonuncu tamah zamanı şeytan Məsihə dünyada hökmranlıq etdiyi yerləri göstərərək deyir: "... Bütün dünya səltənəti üzərində hökmranlığı Sənə verərəm, çünki onlar mənimdir və mən onu kimə istəsəm verə bilirəm; belə ki, əgər mənə təzim etsən, hər şey Sənin olacaq”.
Məsihdə "dünya səltənəti” ilə nəfs yaratmağa çalışan şeytan kimi mister Frimen də Çarlza Ernestina ilə evləndikdən sonra öz ticarət şirkətinə ortaq olmağı təklif edir. Kommersiyaya azacıq belə meyli olmayan qəhrəman başa düşür ki, qayınatanın şirkətində işləmək əsarətdir, ömürlük köləlikdir. İncildə bəhs edilən, Məsihin səhrada cəzb edilməsi ilə bağlı mif sanki qəhrəmanın hisslərinin təsvirində peyda olur: "Çarlzın bütün keçmiş həyatı gözləri qarşısında sanki mənzərəli təpələr arasındakı gəzinti kimi göründü; indi isə onun qarşısında ucsuz-bucaqsız kədərli düzənlik uzanırdı”.
İncildəki əfsanədə şeytan Məsihi şirnikdirərək yanlış yola çəkmək istəyir. Xilaskar "Dünya səltənəti”nin əvəzində Şeytana təzim etməli, maddiyyatın mənəviyyat üzərindəki hökmranlığını etiraf etməli, mənəvi-əxlaqi postulatların, insanlıq və kainatın varlığını rədd etməlidir. Romanda C.Faulzun qəhrəmanı iqtisadi imkanın qarşılığında öz azadlığı və şəxsi inkişafını qurban veməlidir, həqiqi varlığı pul-paranın verə biləcəyi həyat illüziyası ilə dəyişməlidir. Çarlz Smitson başa düşür ki, kommersant olmaq mənəvi ölümdür. C.Faulz yazır: "Onun ağlında aydın şəkildə fikir yaranmışdı: əgər mən bu yola qədəm qoysam, sonum yetişib”.
Çarlz dərk edir ki, "vəd edilən həyat ona baha başa gələcək – bütün keçmişinin, yaşadığı ən gözəl zamanların hesabını verməli olacaq; bu günə qədər hədəfində olan bütün məqsədlərin mənasız olduğunu etiraf etməyə özündə güc tapmırdı – amma arzularını reallaşdırmağa da müvəffəq olmadı”. İnsan zəiflikləri və çatışmazlıqlarına sahib olan qəhrəman hər halda başa düşür ki, "pul həyatın mənası ola bilməz”, "sahiblik ideyasının həyat məramı olması” fikrini rədd edir.
Təsadüfi deyil ki, yazıçı romana növbəti epizod əlavə edir: Çarlz mister Frimenlə söhbətdən sonra Londonda qayınatasının böyük mağazalarından birinə rast gəlir. Müəllif parıldayan qızıl saraya bənzəyən nəhəng kommersiya idarəsini isti saçan maşınla, "yaxınlaşmağa cürət edən hər kəsi dişləyib udmağa hazır olan” bədheybətlə müqayisə edir. Qəhrəman isə sanki öz ölümünə tamaşa edir.
Lukanın "İncil”ində Məsih şeytanın tamah həvəsinə cavab olaraq deyir: "...Məndən uzaq ol, iblis; Deyilir ki, Ancaq Allaha itaət et və ancaq Ona xidmət et”. Çarlz Smitson mümkün olan final variantlarından ikincisində öz əməli ilə qazandığı mənəvi neməti maddilikdən, həqiqəti yalandan üstün tutduğunu iddia edərək mister Frimenin təklifini rədd edir – Məsih İblisin hökmranlığını rədd edərək Allaha sadiq olduğunu israr edir.
Əvvəllər deyildiyi kimi, Ernestina Frimenin atasının təklifi qəhrəmanın ekzistensial məyusluğunu birə-beş artırır: "öz varlığının mənasız olduğuna dair qəlbində uyuyan şübhələr güc əldə edərək yenidən oyandı”. Həqiqət və yalan varlıq arasındakı konflikt öz kulminasiyasına Çarlz Smitsonun mənəvi dərketməsi anının təsvir edildiyi 48-ci fəsildə çatır.
Romanın həmin fəsildə təsvir edilən xristian kontekstində kilsədəki səhnə açar rolunu oynayır. Məbəddə müəllifin oxucuya Çarlzın "yaxşı və mənfi tərəfləri” arasındakı mübahisə və onunla Tanrı ("qaranlıqda altarın yanında təsviri güclə nəzərə çarpan”) arasındakı dialoq qismində qəbul etməyi təklif etdiyi söhbət baş tutur.
Çarmıxın qarşısında dayanan Çarlz Məsihlə "oxşarlığın güclülüyünü, izahedilməzliyini” hiss edir: "Ona elə gəldi ki, xaça mismarlanan o özüdür – təbii ki, o, öz əzablarını İsanın yüksək məqamlı, simvolik şəhidliyi ilə eyniləşdirmirdi, amma o da özünü çarmıxa çəkilmiş kimi hiss edirdi”.
Məsih kimi Çarlz da ölülərin simvolik səltənətindən zühur edir: o, başa düşür ki, heç bir halda onun əsl arzu və məqsədləri ilə uzlaşmayan həyatı cansız, ruhsuz, antiinsani prinsip və doqmalara tabe idi.
Ölülər səltənəti obrazı bu fəsildə, Çarlz insanın xoşagəlməz əməllərinin ölülər tərəfindən mühakimə qorxusunu xatırladığı epizodlardan birində görünür: "əgər ölüm həqiqətən hər şeyin sonudursa, əgər qəbir həyatı gerçək deyilsə, dünyada olmayanların mənim barəmdə nə düşündüklərinə görə narahat olardımmı?” Özünə ünvanladığı suala cavab verərək deyir: "onlar bilmir və mühakimə də edə bilməzlər”. Çarlz "hələ dünyaya gəlməyən nəsilləri düşünmək yerinə gələcəyi əvvəlcədən qurmaq məqsədinə etiraz edir. Ona elə gəlir ki, keçmişin kabus kimi bu gün də davam etməsinə olan əvvəlki inamı onu diri-diri məzara saldı”.
Viktorian dövrünün ölülər səltənətinin alleqorik obrazı qismində qəbul edilməsi fikri romanın bədii dünyasında əsərin insanlıqdan uzaq "hissiz, ruhsuz” maşına bənzəyən qəhrəmanlarının içində yer aldıqları tarixi hadisələrin bir-biri ilə çoxsaylı müqayisəsi nəticəsində meydana gəlir. Bu vəziyyətdə olan insan özünəməxsus deyil, seçim azadlığı yoxdur, hər hansı istiqamətdəki inkişafında mühafizəkardır, mənəvi cəhətdən isə əlil vəziyyətində yaşayır.
Bir dialoq nəticəsində Çarlz yenidən doğulur: dünyagörüşündəki böhranın ardınca dünyanı və öz şəxsiyyətini başqa cür qəbul edir. Bütün dolğunluğu və aydınlığı ilə anlayır ki, cəmiyyət onun həyat prinsipləri və etika normalarına bələdlik edərkən o, "həyatda ikən ölü vəziyyətinə düşür”. Dövr onu "reallığın illüziyaya, sözün səssizliyə, həqiqətin saxtakarlığa çevrildiyi zaman, heçliyə” döndərmişdir.
Mənəvi dərketmə anında qəhrəman başa düşür ki, xristian imanının mahiyyəti çarmıxa çəkilməkdə deyil, Məsihin ölülər arasından zühur etməsindədir. Bununla da həyatın yenidən başlanması, günahın yuyulması ideyasını təsdiq edir. Həqiqi xristianlıq etiqadı hər bir imanlı şəxsə insanlığı və hansısa fərdi Tanrıya qurban verdiyinə görə özünü təqsirkar bilməsini aşılamaq deyil; həqiqi xristianlıq düşüncələrdəki varolmanın mümkünlüyü səbəbindən Yaradana minnətdarlıq etməkdə və səhvlərini düzəltmək imkanının olmasındadır.
Xristianlığın mahiyyəti – "Məsihin – uğrunda xaçdan asılı vəziyyətdə gözlərini yumduğu dünyanı dəyişməyə çalışmaqdır; elə etmək lazımdır ki, o, yer üzündə yaşayan hər kəslə – kişilər və qadınlarla birlikdə qalibiyyətlərini qeyd edərək, onlara ölümqabağı qüssə yox, təbəssüm bəxş etsin”.
Bu ideyanı qəbul etdikdən sonra Məsih Çarlzın gözlərində öz əzəmətini itirmədi. Əksinə, canlandı və ona bir az da yaxınlaşdı; ondan ötrü xaçdan endi – bir dəfəyə olmasa da, hissələrlə. Qəhrəman yeni həyat üçün dirilərək, varlığın "dövrün ona zorla qəbul etdirdiyi” şablonundan qurtularaq sanki özü simvolik xaçdan uzaqlaşır.
Yaşanan dəyişiklikdən sonra öz dövrünün totalitar standartlarından uzaqlaşan qəhrəman qəfildən həyat tərzini dəyişir. O, atacağı addımın onu səfilə çevirəcəyini bildiyi halda Ernestinadan ayrılır, amma o, həm də anlayır ki, bu qadınla evlilik heç zaman xoşbəxtlik gətirməyəcək. Ayrıldıqdan və artıq əlaqələri kəsdikdən sonra Çarlz sevdiyi və sayəsində həm dünyaya, həm də özünə qarşı münasibətləri aydınlaşdırmağa müvəffəq olduğu Sara Vudrafla evlənmək istəyir. Lakin, Sara xəbərsiz şəkildə, izsiz-soraqsız yoxa çıxır.
Süjetin bu cür inkişafında İncil əfsanəsinə daha bir müraciəti görmək mümkündür. Belə ki, Məsih kimi qəhrəman da şəhid olur: o, cəmiyyətdəki mövqeyini, adət etdiyi həyat tərzini, sevgili qadını itirir. Azadlığın əvəzində ağrı ilə üzləşir, gündəlik təkrarlanan ictimai qınağa tuş gəlir. Çarlz bu barədə xəbərdar edilmişdi. Allahla dialoqu zamanı eşidir: "Sən necə bir seçim qarşısında dayandığını bilirsən. Ya sən öz dövrünün borc, şərəf, ləyaqət hesab etdiyi həbsxanasında qalmaqla əmin-amanlıq və təhlükəsizlik əldə edirsən. Ya da azad olub çarmıxa çəkilirsən. Mükafatın daşlar və tikanlar, susqunluq və nifrət olacaq; şəhərlər və adamlar isə səndən üz çevirəcək”.
Con Fauls İncil əfsanəsinə yeni şəkil verir: Əhdi Cədidlə razılaşsaq, zühurdan sonra Məsih varlığının mahiyyətini öz nəzəriyyəsinə və ardıcıllarına həsr edir; Çarlz dirildikdən sonra öz yolunu "daşlar və tikanlar” arasından keçərək davam edir. Dirilmə qəhrəmana azadlıqla bərabər həm də tənhalıq, eyni zamanda tənhalıqla əlaqəli əzablar gətirir. Ona elə gəlir ki, o, "sadəcə olaraq bir tələni və ya həbsxananı başqası ilə əvəz edib”. Lakin, bununla belə Çarlz başa düşür ki, "onun taleyi nə qədər əzablı olsa belə, yenə də imtina etdiyindən daha alicənabdır”.
C.Faulsun İsa Məsihlə Çarlz Smitson obrazlarını bilərəkdən uyğunlaşdırdığını aydın şəkildə görmək mümkündür. Bununla belə, yazıçı Xilaskarın həyat yolunu hərfi mənada təkrarlamır, çünki öz ideyasını gerçəkləşdirmək üçün ona pafoslu qəhrəman gərəkli deyil. Yazıçı ədalətsiz dünyaya qarşı üsyan edən şəxsiyyət deyil, bir tərəfdən öz şəxsiyyətinin inkişafı ilə məşğul olan, digər tərəfdən isə təbii insan zəifliklərinə malik adi insan obrazı yaradır.
Bu yerdə qəhrəmanın adının (Çarlz Smitson) semantik mənasının aydınlaşdırılması da mühümdür. O, minimum üç nəhəng viktorianın adını daşıyır: Dikkensin (Çarlz Dikkens – 1812-1870. İngilis ədəbiyyatının ən məşhur yazıçı və roman müəlliflərindən biri – X.N.), Darvinin (Çarlz Darvin – 1809-1882. Çağdaş təkamül nəzəriyyəsinin təməlini qoymuş ingilis təbiətşünası – X.N.) və Layelin (Çarlz Layel – 1797-1875. Müasir geologiyanın banisi – X.N.). Çarlz Smitsonun adı insan şəxsiyyətinin nəhəng potensialının təsviridir. Qəhrəmanın familiyası bir tərəfdən onun ordinarlığını əks etdirir, digər tərəfdən isə insanın gizli mənəvi imkanlarına diqqət yetirir. Smitson – Smitin oğlu; Smit – dəmirçi və digər istiqamətlərdə oda sahib olan insan anlamı daşıyır (insanın ağıl və yaradıcılıq qüvvəsi).
Onu da qeyd etmək lazımdır ki, Çarlz Smitsonun həyatını dəyişən hadisə martın sonunda baş verir – Sara ilə Versk səhrasında görüş C.Fauls tərəfindən 29 mart 1867-ci il kimi qeyd edilib, yəni katoliklərin 1867-ci il 21 aprelə təsadüf etmiş pasxasından bir ay əvvəl.
Təsadüfi deyil ki, müəllif davamlı olaraq Çarlz Smitsonun zəifliyini, infantilliyini, passivliyini önə çəkərək qəhrəmanın cəmiyyətin qınaqlarından çəkinmədən etdiyi ekzistensial seçimi haqqında hörmətlə bəhs edir. Məsihlə Çarlz obrazlarını mənəvi dirilmənin mümkünlüyü, günahın əfvi, səhvlərin, yanlışların və şəxsi zəifliklərin bərpası ideyaları birləşdirir. Xristian əfsanəsinin elementlərindən istifadə edərkən Fauls romanda təsvir edilən hadisəni XIX-XX əsrdən insan varlığının əbədi probleminə daşıyaraq öz qəhrəmanının obrazını dərinləşdirir.
Qeyd etmək lazımdır ki, C.Fauls özü dünya dinlərinə hörmətlə yanaşsa da Tanrının ideyalarını şəxsləndirilmiş mahiyyət qismində qəbul etmirdi. Yazıçı "Aristos” (1964) kitabında bu fəlsəfi kateqoriyanı öz nöqteyi-nəzərincə bu cür izah edir: "Tanrı” – vəziyyətdir. Güc, canlı, təsir deyil. "Kişi”, "qadın”, "əşya” deyil; "Tanrı” yoxdur, amma onun yoxluğu hər yerdə mövcuddur, təsiri də hər yerdə hiss edilir. "Tanrı” vəziyyətdir, şəxsiyyət deyil. "Tanrı” bütün sual və axtarışları var edən enerjidir, bütün arzuların ilkin mənbəyidir. Yazıçı antik və xristian əfsənəsinə spesifikası sayəsində fikirlərini daha aydın ifadə edə bildiyi universal dil, təhkiyə üsulu kimi müraciət edir.
"Labirint-həyat” metaforası romanın məzmununu Tezey haqqında miflə sıx şəkildə əlaqələndirməklə yanaşı, həm də C.Faulzun anlayışında varlıq konsepsiyasını ifadə edir. "Fransız leytenantın qadını”nın müəllifi üçün həyat bütünlüklə təsnifatlaşa və həmişəlik qayda və qanunlarla sabitləşə bilməz, o, insan təsəvvüründən daha genişdir.
Qədim əşyaları toplamaq xüsusiyyəti Çarlz Smitsonu C.Faulsun ilk romanı olan "Kolleksiyaçı”nın qəhrəmanı Frederik Kleqqlə uzlaşdırır. Həmin əsərdə kolleksiya toplamaq Kleqqin zərərli xüsusiyyətidir, onun dünyanın canlı gözəlliyini anlamağı bacarmamasıdır. "Fransız leytenantın qadını”nının kontekstində Çarlz obraz olaraq ölü, əlil, inkişafdan qalmış şəxsiyyətinin təsviridir. "Kolleksiya predmetləri: ön söz” (1996) məqaləsində C.Faulz kolleksiya toplamağı Təbiət üzərində zorakılıq kimi qeydə alır və sanki "Fransız leytenantın qadını”nın qəhrəmanına müraciət edərək yazırdı: "Təbiət ölü əşyaları kolleksiyaya çevirmək vasitəsi deyil, daha qəliz və mürəkkəb nəsnədir: var olmaq və birlikdə həyat sürməkdir”.
C.Faulzun "Fransız leytenantın qadını” romanı insanın mənəvi yüksəlişi haqqındadır. Qəhrəman həqiqi şəxsiyyətini əldə etmək, "həyatın mənasının passiv varoluşla məhdudlaşmadığını, amma yaradıcı proses olduğunu, öz "mən”inin ifadəsi olduğunu anlamaq üçün psixoloji sınaqlardan keçir. Odissey, Tezey, Edip və Məsih kimi Çarlz Smitson da öz mənəvi səyahəti ilə ölümə eniş edərək və yenidən dirilərək insan varlığının universal hadisəsinin ardıcıllığını təkrarlayır. Sara Vudraf özünə Kalipso, Ariadna, sirenalar, sfinks, o cümlədən İlahə-ananın hipostasları olan İsida, Artemida, Persefon (Prozerpina), Demetranı obraz olaraq qəbul edir. Bununla da o, həqiqətin, həqiqi insan mahiyyətinin, insanın daxilində heç zaman susmayan səsin çoxşaxəli və universal simvoluna çevrilir.
"Fasiləsiz axını saxlayıb möhkəmləndirmək” cəhdi uğursuzluğa məhkumdur. Bu, sadəcə olaraq insanın Kainatın sarsılmaz, vahid qaydasını "dünyanı təsəlliverici nizamlılığa” sadəlövhcəsinə dəyişmək arzusudur, "zira, qaydaların insanlıq naminə olduğunu kim inkar edə bilər ki?”
Yazıçı təbiətin varlığını öz formasını daim dəyişdirən labirintlə müqayisə edir: "o, labirintdə olduğunu bilirdi, amma həmin labirintin divar və dəhlizlərinin daima dəyişdiyini bilmirdi”. "Adalar” essesində C.Faulz yazırdı ki, həqiqi özünüdərki simvolizə edən labirintin mərkəzi "əvvəlcədən faş olmuş sirdə deyil, onun aşkara çıxması prosesindədir”.
Yekunda əlavə olaraq deyə bilərik ki, Con Fauls "Fransız leytenantın qadını” romanında antik və xristian əfsanələrinin elementlərinin obraz və süjetlərindən istifadə edir. Bunun sayəsində də yazıçı böyük məna və informasiya yüklü mətn yaratmağa müvəffəq olur: qəhrəmanların hər bir hərəkəti və romanın hər bir epizodu insanlığın mənəvi təcrübəsində əks olunur. Mifoloji intertekst (mətn içində mətn) romanın zaman və məkan sərhədlərini genişləndirir, onun fəlsəfi mahiyyətini dərinləşdirir.

Mənbə: Vestnik Permskoqo universiteta – 2009
Rus dilindən tərcümə edən:Xatirə Nurgül
banner

Oxşar Xəbərlər