• çərşənbə axşamı, 19 mart, 10:53
  • Baku Bakı 8°C

Con Faulzla “Fransız generalın qadını” romanı haqqında söhbət

10.06.19 12:07 1569
Con Faulzla “Fransız generalın qadını” romanı haqqında söhbət
Con Faulz Bedford İnstitutunda oxuyanda bir müddət xəstəxanada yatmalı olur. Həmin günlərdə ona dərs deyən, Conun sevimli müəllimlərindən biri onu ziyarətə gəlir. Bu ortayaşlı baş müəllimin əsas məqsədi onun da köməyi ilə ədəbi tənqid üzrə elmi araşdırma aparmaq və elmi dərəcə almaq yolunda irəliləməkdir. O, hər vəchlə Faulzu digər tələbələrindən fərqli olduğuna, qeyri-adi bədii üslubu, təhkiyə dilinin cəlbediciliyinə inandırmağa çalışır, hətta ona İrlandiya folklor ədəbiyyatından nümunələr toplusu hədiyə edir. Müharibədə iştirak etmiş, üstün xidmətlərinə görə bir neçə adla təltif olunmuş bu müəllim həyatın demək olar ki, hər sahəsinə dərin maraqla girişdiyindən qarşısında kim dayansa, ovsunlaya bilərdi. Amma gənc olmasına baxmayaraq, Faulz özündəki imkana və perspektivə inanaraq, ortaq iş təklifindən yayınır.
Dünən, həmin o vaxtdan əsrin dörddə biri qədər zaman keçəndən sonra, Con Faulz "Messr WH SMİTH&SON” nəşriyyatının ədəbiyyat nümayəndələrinə mükafatlar təqdim edən fondundan 1000 funt sterlinq pul alıb. Həm də sadəcə bu il ədəbiyyatın ən çox müzakirə olunan nümayəndəsi olduğuna görə. Niyəsə ingilis ədəbiyyatının ayaq üstündə can verdiyi bu dövrdə Faulzun xüsusilə qiymətləndirilməsinin vacibliyi qənaətindəyəm. Düzdür, Qombriçs, Qittinqses (XX əsrdə yaşamış ingilis nasirlər – red.) ədəbi məktəblərinin nümayəndələri, Leonard Vulf, Patrik Vayt, Cin Rays, VS Naypol kimi istilaçı yazarlar da var. Amma mən əminlik və bir o qədər də dərin səmimiyyətlə adını çəkdiyim bu müəlliflərin bədii irsində "Fransız generalın qadını” çəkisində bir nümunə olduğunu düşünmədiyimi etiraf edirəm. İngilis ədəbiyyatında saf intiligent beynin və ruhun qidası ilə yazılmış belə romanların sayı ondan çox deyil. Adını çəkdiyim romanın Faulz yaradıcılığında Kristofer Riks, Janet Adam Smits və cənab Rupert Hartın (hər üçü XX əsrdə yaşamış ingilis əsilli ədəbi tənqidçilərdir. İngiltərədə bədii nəsrin yazı texnikasına qoyulan tələbləri yüksəldib, ədəbi tənqid normalarını təyin edənlər, ədəbi tənqidin ən məşhur nümayəndələridirlər – red.) münsifliyindən keçə bilmiş azsaylı əl işlərindən biridir.
1969-cu ildə yazılan romanda hadisələr bir əsr əvvəldə, 1867-ci ildə baş verir. Faulz Viktorian dövrünün ənənələrinə, qaydalarına, düşüncə tərzlərinə qatı müxalif olsa da, dövrün ədiblərinə eyni dərəcədə simpatiyası var. Takereyin isə onun yaradıcılığına xüsusi təsiri var: "Yazıda birinci şəxsin mövqeyini yadırğamışam. "Mən”... Bir əsr əvvəlki hadisələrdən danışmaq məni ən çox bu subyektdən xilas etdi. XX əsrin sonlarında yaşayan bir insanın düşüncə və duyğuları ilə bir əsr əvvəlki insanların həyatını mühakimə etmək kitab yazmaqdan çox xəyal qurmaqdır. Əsas çətinlik yerinə oturan, roluna uyğun dərinlikdə və bir-birini təkrarlamayan obrazlar yaratmaq idi”.
Romanın qəhrəmanı adi bir fermerin yaşadığı qeyri-ənənəvi həyat tərzi ilə "pozğun ilahə”yə çevrilmiş qızıdır. Bəli, əslində o da digərləri kimi öz taleyi haqqında özü hökm verib. Arada bir fərq var – hamıda ikrah hissi oyadan bir yol seçib. O, Laym körfəzinə müvəqqəti ezam olunmuş, ona heç bir gələcək vəd etməyən fransız generalın qeyri-qanuni qadını olur və bu eşqi kimsədən gizləmir: "Romanın qəhrəmanları onun azğınlığını qınayır. Mənim oxucum isə azadlığını, dürüstlüyünü, qətiyyətini alqışlayır. Əks halda bir dövrün ictimai qınaq mərkəzi edilmiş nümayəndəsi başqa bir dövrün qəhrəmanı ola bilməzdi”.
Faulz roman yazıb orada öz nəzəriyyəsini, fəlsəfəsini əks etdirməsə, bu romana "intelligent” təyini yaraşmazdı. Müəllifin təbiətindəki çoxqatlılıq burada da əksini tapır. Qəhrəmanların dili ilə zaman-zaman Viktorian dövrünün, zaman-zaman öz dövrünün aparıcı axınlarını tənqid atəşinə tutur, yenilərini yaradır. İngiltərə tarixində xüsusi yer tutan nəhəng bir dövrə isə yaratdığı qəhrəmanın aliliyi, intellekti, dərinliyi və mübarizə əzmi ilə meydan oxuyur. Faulzun wslubundak; ironiya elə ilk səhifədən oxucunu müşayiət edir. Onun qəhrəmanı öz taleyinin ağası olduğu halda, burjua sinfinin nümayəndəsi, böyük bir mirasın ehtimal edilən varisi olan digər baş qəhrəman Çarlz belə ictimai qanunların, çürük bir nüfuz və rütbə həvəsinin boyunduruğundan qurtulub, taleyinə sahib çıxa bilmir. Faulz özü qəhrəmanını müşahidə edir: "… müəyyən bir nöqtədə o? öz daxilində özünəinamın nüvəsini tapır, böyüməyə başlayan əsl bənzərsiz duyğunu kəşf edir, arzuladığı həyatdan gözüyaşlı imtinasının səbəblərini ayırır, amma yenə də beyninə yeridilən "ictimai balon” öz sözünü deyir. Əslində? elə Çarlz da hamımızın həyatdan öyrəndiyini öyrənir. Həyat tapmaca deyil, versiyaları sadalamaqla yaşamaq seçimimiz yoxdur. Hamının bir seçim haqqı var, taleyin bir üzündə yer tutmaq haqqı. Zəri atandan sonra oyundan çəkilə bilməzsən. Varlı şəhərin dəmir kimi soyuq divarlarında əbədi, nüfuz sahibi olmaq dərdi var onun. Bunu arzulamaq üçün Çarlz bütün müasirləri kimi kifayət qədər boş, ümidsiz və duyğusuzdur”.
Ekzistensializmin qatı tərəfdarlarının ürəyinə ən yaxın mövzudur bu. Con Faulz da bu nəzəriyyədən yüngülvari təsirləndiyini utanaraq dilləndirir: "Əlbəttə, ingilis dilində bir Sartrvari roman yaza bilməzsiniz. Bu, oxucunun beynində fransız dilindən tərcümə olunmuş nümunə dadı verəcək. Mən də sadəcə az-az təsirlənmələr olsun istədim. Bir az marksizmdən, bir az Freyddən, bir az darvinizmdən, bir az ingilis fəlsəfəsinin ayrı-ayrı söz sahiblərindən…”. Birmənalı şəkildə ədibin romanın yüksək satışına kökləndiyinin sübutudur.
Con üçün çox satılmaq, siyahının lideri olmaq əsla ciddi bir məsələ deyil. Açığı bu məsələdə heç problem də olmayıb. Amma cəmi bir neçə gün ərzində dörd mindən çox nüsxənin satılması bu romanda xüsusi diqqət çəkən fərqin, üstünlüyün olduğuna işarə edir. Almaniya, İngiltərə və Amerikada "Fransız generalın qadını” bütün nəşr və yenidən nəşrlərində çox satılanlar siyahısının başında gəlib.
Buna baxmayaraq, Faulz təbiətinə uyğun şəkildə ədəbiyyatın gələcəyi haqqında həmişə kədərli, qaranlıq danışır: "Roman haqqında tənqidçilərin yazdıqları ilə tanış olduqda kədər məni götürür. Mövzunun təkralığı. Bəli, hadisələr bir əsr əvvəldə yaşansa da, mövzu İkinci Dünya müharibəsi illərində tez-tez yaşanan hadisələrdən götürülüb. Mən bəlkə də, tamamilə fərqli bir hekayə işləyə bilərdim. Amma məqsədim qeyri-adi mövzu deyildi, qeyri-adi obrazlar, fərqli yazı texnikası və bədii təsvir dərinliyinin öhdəsindən gəlmək idi. Sarah Vudrof beynimdə silueti uzun illərdir mövcud olan qəhrəman idi. Başqa bir tənqiddə fəlsəfi məsələlərlə süjeti qarışdırdığım iddiası var. Bir əsr əvvəlin insanını tanıtmağa, göstərməyə çalışıram. Bütün mühiti, ictimai və sosial tələbləri, qaydaları, hakim ideologiyanı, həyat tərzini, inancları göstərməliyəm. Belə səthi tənqidləri oxuyanda boğuluram. Çünki yaxşı yazarları dərin biliyi, müşahidə və analitik qabiliyyəti iti olanlar yetişdirir”.
Əgər bu roman Faulz yaradıcılığından oxuduğunuz ilk romandırsa, bəzi məqamlar diqqətinizi xüsusilə cəlb edəcək.
Təhkiyəçi kimi çıxış edən müəllifin üslubu və ehtiva etdiyi düşüncələrin dərinliyi. Hətta ən sadə qəhrəman Meriyə belə Faulz ən az Çarlza, Ernestaya yanaşdığı kimi həssas yanaşır. Təhkiyəçinin bəzən qəhrəmanların arasına qarışması, bəzən üçüncü şəxsə çevrilməsi, bəzən qəhrəmanları qabaqlayıb, hadisələrin yaxın şahidi olması Faulzun özünə əsl "teleskopçu” mövqeyi seçdiyini göstərir. Bəzən təhkiyəni kəsib, oxucusu ilə söhbətləşməyə başlayır. Bəzən isə qəhrəmanlarının qarşısına keçib onların özlərinə də etiraf edə bilmədikləri duyğulara boylanır.
Dövr haqqında dərin araşdırmalar apardığı, Laym körfəzi ərazisinə çox yaxşı bələd olduğu və buranı necə sevdiyi bütün roman boyu diqqətə çarpır. Təsvir məsələsində qüsursuzluq müəllifin məlumat bazasının tamamlığından irəli gəlir. Yəni, bu bildiyiniz şişirdilmiş tarixi-romantik əsər deyil, postmodern ədəbiyyatın qüsursuz nümunəsidir.
Romandakı hər bir obraz canlı, realdır. Geniş və romantizm yüklü romanlarda köməkçi qəhrəmanların təsvirində, sonrakı taleyində yazarlar həmişə boşluqlara yol verir, bunu önəmsəmirlər. "Fransız generalın qadını”-nda oxucuya sonu xəyal etməkdən başqa bir şeyi düşünmək qalmır.
Baş qəhrəman Sarah Vudrofun eniqmatik obrazının bütün roman boyu qorunması həm də maraq ünsürünün sona kimi canlı qalmasını təmin edib. Faulzun qamçısı Sarahın düşüncələri, yolu, tərzi və duyğularıdır. Sarah yaşadığı dövrün çox-çox üstündə dayanan, intellekti və dərinliyi ilə sanki ona meydan oxuyan bir obrazdır. Faulz demək olar ki, bütün romanlarında qeyri-adini, qeyri-ənənəvini qadın obrazında yaradıb: "Yenilik və inqilab uğrunda kişilər də mübarizə aparıb, qadınlar da. Amma mənim nəzərimdə qadının hər cür mübarizəsi daha dəyərli, daha mistik və daha əzəmətlidir”.
Romanın adı "Fransız generalın qadını”dır. Bəli, baş qəhrəman bir qadındır. Amma onu yaradan general haradadır?!: "General haqqında təsvirlər vermək Sarahın mənə lazım olan cəlbediciliyini korlayardı. Ona görə də, oxucunun onun haqqında heç düşünməməsini istədim”. Həqiqətən də, oxucuya generalın kimliyi, necəliyi, taleyi maraqlı gəlmir. Sadəcə çevrəsinə, əxlaq bələdçilərinə, viktorian qanunlarına deyil, hətta eşq yaşamağa başladığı Çarlza belə etiraz edə bilən bir obrazın fonunda gəmisi batmış bir general obrazı tamamilə sönür.

İngilis dilindən tərcümə edən və hazırlayan: Elcan Salmanqızı

banner

Oxşar Xəbərlər