Ciddi məsələlərə baş qoşmaq lazım deyil

Ciddi məsələlərə baş qoşmaq lazım deyil

16 Sentyabr 2019, 13:30 221
Babam – Məhəmməd Eminov 1929-cu ildə Masallı rayonunun Hacıtəpə kəndində doğulub, bu günə qədər orda yaşayır. Vaxtilə kəndimizin məşhur baytar həkimlərindən olub. 90 yaşında belə ürəkdən gülümsəyən babamdan pozitivliyi və optimist olmağı irsən almışam.
 
Bütün həkimlərin, sağlam qida kouçlarının, dietoloqların, nutrisioloqların sağlam qida ilə bağlı təbliği üçün çalışdığı bir vaxtda, buna baxmayaraq get-gedə artan xəstəliklər, eləcə də gənclər arasında artan intihar hadisələri  fonunda bu il 90 illiyini qeyd edən babamdan necə belə sağlam və uzunömürlü yaşamağın sirlərini öyrənmək ondan müsahibə almağa qərara verdim. Elə kəndə getmişkən, babanı ziyarət edərək, ona suallarımı vermək istədim. Həyətə girər-girməz babanı sevdiyi məşğuliyyətinin üzərində yaxalayıram.
- Baba, nə işlə məşğulsan?
- Üzüm dərirəm sənə.
- Çox sağ ol. Düş aşağı, "Miçurin” baba. Sənə suallarım var. – Yerimi rahatlayıb, üzümdən yeyərək başlayıram:
- Baba, səncə, sənin uzunömürlü və sağlam yaşamağının sirri nədədir?
- Ciddi məsələlərə baş qoşmaq lazım deyil.
- Necə yəni ciddi? Ciddi işlə məşğul olmayaq?
- Yox, onu demirəm. Həyatında olan hadisələr ağırlaşanda çox kədərlənmək lazım deyil. Bekara ver getsin. Çox başını ağrıtma. Onsuz da, hər şey gəldi-gedərdi.
- Oldu baba. Çalışarıq. Keçək onda o biri məsələyə. Qadınların və elə hamının ən ağrılı mövzusuna. Bütün dietoloqlar həkimlər deyir,  yağ yemə, çörək yemə, qırmızı ət yemə, şəkər yemə, sən də isə həmişə bunların əksini görmüşəm. Plovunu elə yağlayırsan, düyülər yağın içində üzür. Səhər sıyığına böyük tikə yağ atırsan. Özü də şəkərlə yeyirsən. İndi mən qarşımda sənin kimi canlı nümunəyə inanım. Yoxsa onlara? Səncə, onlar yalan deyir?
- Yox, onlar yalan demir. Məsləhətə həmişə qulaq asmaq lazımdır. Amma mən həmişə ürəyim nə istəyib onu yemişəm. Bədənim nə tələb edibsə, onu. Heç vaxt onu incitməmişəm. Xətrinə dəyməmişəm.
 
- Baba, axı sən deyəni eləsək, onda gərək hamı artıq çəkili olsun. Amma sən nəmxuda, heç vaxt artıq çəkili olmamısan.
- Ürəyin istəyəni yemək üçün gərək ürəyin istəyən qədər də hərəkət edəsən. Mən heç vaxt bekar dayanmıram. Həmişə nə iləsə məşğulam.
- Deməli, ürəyin istəyən yemək lüksünü qazanmaq üçün çoxlu hərəkət etmək lazımdır.
- Elədir ki, var.
- Baba, indiki gənclərdə intihar dalğası yaranıb. Universitetə daxil olmur, istəmədiyi adama ərə verilir deyə özünə qıyan gənclər çoxalıb. Siz –  yaşlı nəsil bu gənclərə nə məsləhət verə bilərsən ki, belə iş tutmasınlar?
- Çox pis ki, onlar belə hərəkət edirlər. Mənim də çətin uşaqlıq dövrüm olub. Müharibədə itirdiyim qardaşım, ailəmiz çətin dövr keçirdib. Amma heç vaxt belə bədbin hisslərə qapılmamışıq. Günəş hər gün çıxır, insan ondan necə imtina edə bilər? Mübariz olsunlar. Sınmasınlar. Hər çətinliyin arxasında bir asanlıq gəlir. Bunu qulaqlarında sırğa eləsinlər.
- Sən onda demək istəyirsən ki, pozitiv və optimist olsunlar. Düzdür, mən səni heç vaxt qaşqabağlı görməmişəm. Həmişə üzün gülümsəyir. Deməli, sağlam qalmağın sirlərindən biri də budur.
- Kədərli olanda adama nə verirlər? Heç nə. Ancaq öz qanını qaraldırsan. Gülümsəsən, hər şey yaxşı olacaq. İşlə başını məşğul edib, bir də gördün hər şey düzəlib.
 
- İş demişkən, baba sən çoxlu işlərdə çalışmısan. Danış da onlardan.
- Bu 90 illik həyatımda məşğul olmadığım iş qalıb ki... Baytar həkimi işləmişəm. Sonra meylim maşın sürməyə keçdi. Uzun müddət sürücü işlədim. Hər növ maşın sürmüşəm. Motosiklet, kamaz, sonra teplovoz. Ovçuluqla, balıqçılıqla məşğul olmuşam. Kənddə böyük mağazanın müdiri işləmişəm. O qədər işlərim olub ki. Sadalamaqla bitməz.
- Baba, bilirəm ki, səyahət etməyi də sevirsən. Keçən il İrana getdin, atamla şəhərlərini gəzdin. Dəbə-baba yurdumuz Ərdəbilə getdin. Necə oldu təəssüratların?
- Əla. Heç yorulmadım. İmkan olsaydı lap çox gəzərdim. İşimlə əlaqədar Rusiyanın bir çox şəhərlərini gəzmişəm. Yaxın və Uzaq Şərq ölkələrində də olmuşam. İranda da olmuşdum. Amma Ərdəbilə istəyirdim. Nəhayət, ora da getdim. Ən böyük arzum Türkiyənin Qars vilayətinə getməkdir.
- Cavanlar ona görə qocalır ki, sanki heç bir arzuları qalmayıb. Amma sən 90 yaşında səyahət planları qurursan.
- Əlbəttə, həyat çox maraqlıdır. Həmişə arzu etmək vacibdir. Allah kərimdir, bir də gördün hamısı çin olub.
- Baba, həmişə qəzet oxuyursan, radioya qulaq asırsan. Özü də elə diqqət kəsilirsən ki, sənin fikrini heç nə yayındırmır.
- Hər şeydən xəbərdar olmaq vacibdir. Gərək zəmanəylə ayaqlaşasan. Qınına çəkilib oturmaq olmaz.
- Baba, bilirsən indi sosial şəbəkələr deyilən bir yer var. Gəl sənə hesab açım, fotonu qoyaq. Dünyanın istənilən yerindən yaşıd baba, nənələrlə yazış. Nə deyirsən?
 
- Qışda şəhərə gələcəm. Edərik.
- Baba, kəndimizdəki həyətdə hər ağaca, hər çiçəyə qulluq edirsən. Bağımız çox gözəldir. Yormur səni bağda işləmək?
- Heç elə şey adamı yorar? Daş daşımıram ki... Mən dincəlirəm. Bağ-bağatımdı məni belə saxlayan. Hər gün özümü onlara həsr edirəm.
- Keçək indi əsas məsələyə. Baba, nənəni sevib ailə qurmusan? Sevgi nə dərəcədə vacibdir?
- Həə.... Vacibdir, çox vacibdir. Sevməsən bu qədər vaxtı bir yerdə yaşamaq olmazdı. Ona görə sevmək də, sevilmək də, hörmət də həmişə vacibdir.
 
- Baba, onda gəl sonda belə qısa təlimatlar ver. Uzunömürlü olmaq və çox yaşamaq haqqında.
- Ürəyiniz nə istəyir onu yeyin. Şirniyyata heç vaxt yox deməyin. Dözümlü və mübariz olun. Kədərli, ciddi şeylərə baş qoşmayın. Günorta heç olmasa 1 saat yatın. Çoxlu səyahət edin.  Bağ-bağçanız varsa onunla məşğul olun .Sevin, həmişə sevin, sevilin. Sevdiyinizlə ailə qurun. Başqasıyla ömrünüzü zay eləməyin.
 
Günel Eminli