• cümə axşamı, 25 aprel, 20:06
  • Baku Bakı 21°C

“Cənubi Qafqazda hərbi-siyasi tarazlıq mövcuddur”

02.06.16 11:21 2864
“Cənubi Qafqazda hərbi-siyasi tarazlıq mövcuddur”
Xarici işlər naziri Elmar Məmmədyarov mayın 31-də NATO-nun mənzil-qərargahında keçirilən Azərbaycan-NATO iclası çərçivəsində təşkilatın ali orqanı olan Şimali Atlantika Şurasında çıxış edib. O, Azərbaycan və NATO-ya üzv dövlətlər arasında Sülh Naminə Tərəfdaşlıq üzrə Çərçivə Sənədi və Avro-Atlantik Tərəfdaşlıq Şurasının Əsas Sənədi əsasında siyasi və hərbi əməkdaşlığın inkişaf etdiyini söyləyib. Bildirib ki, Azərbaycan fəal surətdə NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Proqramı, Planlaşdırma və Təhlil Prosesi və Əməliyyat İmkanları Konsepsiyası kimi proqramlarında iştirak edir. Nazir eyni zamanda, Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə töhfə vermək üçün NATO ölkələri ilə birlikdə Kosovo əməliyyatına (KFOR) və Əfqanıstanda İSAF və Qətiyyətli Dəstək missiyalarına töhfə verdiyini diqqətə çatdırıb. Azərbaycan-NATO əlaqələri, bu əlaqələrin Cənubi Qafqaz regionundakı proseslərə təsiri və digər məsələlərlə bağlı "Kaspi”nin suallarını Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, politoloq Hikmət Məmmədov cavablandırır.
- Hikmət müəllim, Azərbaycan-NATO əlaqələrinin indiki səviyyəsini necə dəyərləndirirsiniz?
- Şimali Atlantika Alyansı ilə Azərbaycan arasındakı münasibətlər ölkəmiz müstəqillik əldə etdikdən sonra sabit, ardıcıl, məqsədyönlü şəkildə formalaşıb. Hazırda da bu istiqamətdə əməkdaşlıq davam etdirilməkdədir. NATO kifayət qədər ciddi hərbi-siyasi blokdur. Nəzərə alsaq ki, Azərbaycanın xarici siyasəti praqmatikdir və universal keyfiyyəti ilə xarakterizə olunur, bu zaman istənilən hərbi-siyasi təşkilat ilə Azərbaycanın əməkdaşlığı ölkəmizin milli və dövlətçilik maraqları kontekstində başa düşüləndir. Azərbaycan xarici işlər nazirinin mayın 31-də NATO-nun mənzil-qərargahında keçirilən Azərbaycan-NATO iclası çərçivəsində təşkilatın ali orqanı olan Şimali Atlantika Şurasında çıxış etməsi də bu əməkdaşlığın məntiqi davamıdır. Elmar Məmmədyarov çıxışında da vurğuladı ki, NATO ilə əməkdaşlıq Azərbaycanın hərbi-təhlükəsizlik qüvvələrinin islahatı və NATO ölkələrinin silahlı qüvvələri ilə operativ uzlaşmanın güclənməsində mühüm rol oynayır. Bu baxımdan Azərbaycan zabitlərinin bu gün alyansın qərargahlarında xidmət etməsini təsadüfi saymaq olmaz. Bununla yanaşı, Azərbaycan NATO-ya üzv dövlətlər ilə birlikdə TANAP və TAP kimi qaz kəməri layihələrini icra edir. Ən əsası, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün diplomatik sahə ilə bərabər, hərbi sahədə də əlaqələrini genişləndirir. Bu gün Azərbaycan Ermənistan işğalçı qüvvələrini işğal altındakı torpaqlarımızdan hərbi yolla çıxarmaq, ərazi bütövlüyünü hərbi yolla bərpa etmək gücündədir. Ona görə də Azərbaycan xarici siyasətinin əsas prioritetini ölkənin ərazi bütövlüyünün təmin olunması təşkil edir. Bunun üçün də ölkəmiz istənilən regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırdır. Düşünürəm ki, NATO-Azərbaycan münasibətlərini də bu kontekstdə qiymətləndirmək lazımdır.
- Bu münasibətlər Cənubi Qafqaz regionundakı proseslərə hər hansı formada təsir edə bilərmi?
- Cənubi Qafqaz regionunda hərbi-siyasi tarazlıq mövcuddur. Biz bilirik ki, bu coğrafiya kifayət qədər mürəkkəbdir. Bu coğrafiyada öz varlığını göstərmək istəyən kifayət qədər güc mərkəzləri var. Azərbaycan bu güc mərkəzlərinin hər biri ilə əməkdaşlıq etməyə hazırdır. Ancaq bütün bu əməkdaşlıqlarda Azərbaycan yalnız öz milli, dövlətçilik maraqlarını, xalqın maraqlarını əsas götürür. Bu səbəbdən də milli maraqlarımıza cavab verən siyasi-hərbi tarazlıq və balans qorunmaqla, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində uğurlu addımlar atır, əməkdaşlıq əlaqələrini gücləndirir.
- NATO MDB məkanına daxil olan bir sıra ölkələrlə, o cümlədən Ukrayna və Gürcüstanla birgə hərbi təlimlər keçirdi. NATO rəsmilərindən biri həmin vaxt açıqlama vermişdi ki, Azərbaycan istəyərsə, bu ölkə ilə də NATO-nun birgə təlimlər keçirməsi mümkündür. Bütün bunlar regionda marağı olan digər dövlətlərlə münasibətlərin toqquşmasına səbəb olmaz ki?
- Bir qədər əvvəl də qeyd etdiyim kimi, Azərbaycanın bütün təşkilatlarla münasibətlərində irəli sürdüyü ilkin prinsip ölkəmizin ərazi bütövlüyünün bərpa olunması məsələsidir. Azərbaycanın 20 faiz ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Etnik zəmində Ermənistan siyasi hakimiyyəti tərəfindən azərbaycanlılara qarşı deportasiya və soyqırımı siyasəti həyata keçirilib. BMT Təhlükəsizlik Şurasının işğal altındakı Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması barədə 4 qətnaməsi mövcuddur. Lakin bütün bunlara baxmayaraq, 20 ildən artıqdır ki, Ermənistan beynəlxalq hüquq və prinsiplərin tələblərinə riayət etmir, Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam edir. Baxmayaraq ki, Azərbaycanın hərbi gücü işğal altındakı torpaqlarımızı müharibə yolu ilə azad etməyə tam qadirdir, amma rəsmi Bakı sülh danışıqlarından ümidini hələ də üzmür. Bu kontekstdə Azərbaycan bütün təşkilatlarla əməkdaşlıq edir. Əlbəttə ki, Cənubi Qafqaz regionunda bir çox dövlətlər də mövcuddur və onların hər birinin də öz maraqları, xarici siyasəti var. Azərbaycanın xarici siyasəti isə tərəfdaşlığa, əməkdaşlığa və sağlam rəqabətə söykənir. Ona görə də qonşu dövlətlərin hər hansı mövqeyindən asılı olmayaraq, Azərbaycan öz müstəqil siyasətini həyata keçirir. Azərbaycan öz xarici siyasətində regionda olan güclərin mövqelərini də nəzərə alır, balanslı siyasət yürüdür. Azərbaycan indiyə qədər hər hansı düşünülməmiş, radikal hesab olunacaq addımlar atmayıb. Buna görə də müxtəlif mərkəzlərin Azərbaycanla bağlı münasibətlərində də ölkəmizin yürütdüyü siyasətə normal yanaşdıqlarının şahidiyik. Bir daha qeyd edirəm ki, Azərbaycan müstəqil dövlətdir, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqil siyasət həyata keçirir, regional və ya hərbi-siyasi blokla münasibətlərdə Azərbaycan milli suverenliyini heç kimə güzəştə getmir. Əgər Azərbaycanın milli və dövlətçilik maraqları bunu tələb edərsə, o zaman hansısa hərbi-siyasi blokla daha sıx və ya daha az əməkdaşlıq etmək də mümkündür. Bu, həmin təşkilatın Azərbaycana münasibətindən də asılı olan məsələ olacaq. Azərbaycan bütün təşkilatlarla münasibətlərdə yalnız öz milli maraqlarından çıxış edir, müstəqil dövlət kimi müstəqil qərarlar qəbul edir. Heç bir halda Azərbaycanın istənilən təşkilatla əməkdaşlığı hansısa üçüncü bir dövlətə qarşı yönəlmir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər