• cümə, 19 Aprel, 01:28
  • Baku Bakı 18°C

Cənub bölgəsində yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib

30.12.18 12:49 601
Cənub bölgəsində yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib
Yol infrastrukturu hər bir ölkənin sosial-iqtisadi inkişafına birbaşa təsir edən amillərdən biridir. Prezident İlham Əliyevin söylədiyi "Yol həm mədəniyyətdir, həm rahatlıqdır, həm müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir” sözləri bu infrastrukturun vacibliyini bir daha təsdiqləyir. Azərbaycanda 2018-ci ildə bu istiqamətdə bir sıra mühüm işlər görülüb, magistral yollarla yanaşı, qəsəbələrarası və kənd yolları yenidən qurulub. Ölkəmizin bütün bölgələri kimi, cənub bölgəsi də bu yenidənqurmadan kənarda qalmayıb. Belə ki, dövlətimizin başçısının təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən cənub bölgəsində də avtomobil yol şəbəkəsi genişlənib, infrastruktur müasirləşib.
Beynəlxalq standartlara cavab verən bugünkü magistral yollarımız ölkəmizin simasını başdan-başa dəyişdirib. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2018-ci ildə Astara rayonunda yol infrastrukturunun yenilənməsi istiqamətində beynəlxalq və yerli layihələr uğurla icra olunub.
Strateji baxımdan mühüm əhəmiyyət kəsb edən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu Azərbaycan Prezidentinin iştirakı ilə istifadəyə verilib. Yolun ümumi uzunluğu 243 kilometrdir. Bu yol regionların sosial-iqtisadi, xüsusən də turizm və kənd təsərrüfatı sahələrinin inkişafına güclü təkan verəcək.
Şimaldan Cənuba avtomobil yükdaşımaları dəhlizinin əsas elementlərindən biri olan Ələt-Astara yolu daşımaların daha rahat və itkisiz həyata keçirilməsinə şərait yaradacaq. "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsi ilə bağlı Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər olan 8,3 kilometr yeni yol, Astaraçay üzərindəki körpü istifadəyə verildikdən sonra beynəlxalq yükdaşımaların həcmi xeyli artıb.
2018-ci ildə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə 260 min ton yük daşınıb. Bu, 2017-ci ilin ötən dövrünə nisbətən 10 dəfə çoxdur.
Bu il Astara rayonunda yerli əhəmiyyətli yolların yenidən qurulması istiqamətində də mühüm işlər görülüb.
Dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən rayonda 12 min nəfər əhalinin yaşadığı, 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkaran-Miki, Taxtanəkəran-Toradi, 9 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolu istifadəyə verilib.
Lovayn-Pəlikəş, Kijəbə-Burzubənd, Astara-Qamişovka, Pensər-Şahağac, Pensər-Kakalos, Sərək-Şuvi, Kijəbə-Qəcimardə, Siyaku-Şəmətük avtomobil yollarında isə cari təmir işləri aparılıb.
Cari ildə Lənkəran rayonunda da yol təsərrüfatında mühüm işlər görülüb. Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən 22 kilometrlik Hirkan-Daşdatük-Biləsər kəndarası avtomobil yolu yenidən qurulub, Lənkəran-Lerik avtomobil yolunda isə əsaslı təmir işləri davam etdirilir.
Bundan əlavə, rayonun avtomobil yollarında cari təmir işləri aparılıb, şəhərdaxili yollara asfalt döşənib, şəhərin Miri Cavadzadə küçəsində qəzalı vəziyyətdə olan körpü təmir edilərək istifadəyə verilib.
Yol infrastrukturunun yenilənməsi Lerik rayonundan da yan keçməyib. Rayonun 9 min nəfər əhalinin yaşadığı və 28 yaşayış məntəqəsini birləşdirən Piran-Hamarat-Vıjaker, 30 min nəfər əhalinin yaşadığı, 50 yaşayış məntəqəsini birləşdirən 36 kilometrlik Noda-Şingədulan-Xanəgah avtomobil yollarında yenidənqurma işləri başa çatdırılıb, Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması istiqamətində işlər isə davam etdirilib.
Lerik şəhərində 27363 kvadratmetr yola asfalt döşənib, kənd yollarında cari təmir işləri aparılıb.
Yola salmağa hazırlaşdığımız 2018-ci ildə Masallı rayonunda da yol infrastrukturunun yenilənməsi istiqamətində bir sıra işlər görülüb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 11 yaşayış məntəqəsini birləşdirən 18 min nəfər əhalinin yaşadığı və uzunluğu 7,5 kilometr olan Şatıroba-Hişkədərə-Miyankü-Kubin, 11 yaşayış məntəqəsini birləşdirən, 14 min nəfər əhalinin yaşadığı və uzunluğu 17,2 kilometr olan Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yollarında, ümumilikdə, 24,7 kilometrlik yolun tikintisi başa çatdırılıb. Eyni zamanda, Ələt-Astara avtomobil yolunu Masallı şəhərinin Seybətin küçəsi ilə birləşdirən 3,5 kilometrlik yol müasir standartlara uyğun yenidən qurulub. Bundan əlavə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Masallı-Təzəkənd yolunun 1,6 kilometrlik hissəsinə asfalt örtük döşənib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Masallı şəhərində 10 küçənin abadlaşdırılması məqsədilə ayrılmış vəsait hesabına şəhərin 9 küçəsində, ümumilikdə, 7 kilometr yola asfalt döşənib və bu istiqamətdə işlər davam etdirilir. Bu il, həmçinin daxili imkanlar hesabına uzunluğu 3 kilometr olan Gəyəçöl və uzunluğu 2 kilometr olan Tüklə yolu asfaltlaşdırılıb.
2018-ci ildə Cəlilabad rayonunda Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən 35 kilometrlik Maşlıq-Muğan-Kazımabad-Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq avtomobil yolu çəkilərək istifadəyə verilib. Hazırda 9,7 kilometrlik Cəlilabad-Uzuntəpə avtomobil yolunda, şəhərin Cavadxan və Qurtuluş küçələrində yenidənqurma işləri aparılır. Cəlilabad-Uzuntəpə yolunda tikinti işlərinə bu ilin iyun ayında başlanılıb. Yolun uzunluğu 9,7 kilometr, eni isə 10 metrdir. Bu yol Cəlilabad rayonunu yeni çəkilmiş Ələt-Astara magistral avtomobil yolu ilə birləşdirir.
Bu il, həmçinin Cəlilabad şəhərinin Mehdi Hüseyn, Azərtürk, Fərid Əhmədov, Qüdrət İsmayılov, Nizami, Cavadxan küçələrinə, habelə Mirzəli Hüseyzadə küçəsinin bir hissəsinə asfalt döşənib.
2018-ci ildə uzunluğu 22 kilometrlik olan Yardımlı-Bozayran-Bürzümbül-Sırıq avtomobil yolunun tikintisi başa çatdırılıb, Cəlilabad-Yardımlı avtomobil yolunun Yardımlı rayonu ərazisindəki 21 kilometr sahəyə asfalt döşənib. Həmçinin rayondakı Təkdam-Separadi, Buludlu-Alar-Şıxhüseynli avtomibil yolları yenidən inşa edilib, Masallı-Yardımlı, Yardımlı-Deman-Arvana avtomobil yolunda cari təmir işləri aparılıb.
Yolların yenidən qurulması ölkə iqtisadiyyatının şaxələndirilməsinə, regionlarımızın sürətli inkişafına, ən əsası isə xalqın sosial rifahının yüksəldilməsinə öz töhfəsini verməkdədir. Əminliklə söyləmək olar ki, 2018-ci ildə yol infrastrukturunda həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri 2019-cu ildə də davam etdiriləcək, yeni-yeni yollar salınacaq.

banner

Oxşar Xəbərlər