Bundan sonra piyadalara da cəriməni yol polisi yazacaq
Daxili İşlər naziri Vilayət
Eyvazov piyadaların hərəkətinin tənzimlənməsi ilə bağlı yeni əmr imzalayıb. Nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, ötən
ilin mart ayından Daxili İşlər nazirinin əmri ilə piyadalar tərəfindən yol
hərəkəti qaydalarının pozulmasının qarşısının alınması məqsədi ilə Bakı
şəhərinin rayon polis idarələrinin, eləcə də respublikanın digər şəhər və rayon
polis orqanlarının post-patrul xidməti əməkdaşlarına yol patrul xidməti
inspektorlarına aid olan səlahiyyətlər verilmişdi:"O vaxt belə bir qərarın
verilməsinə ehtiyac var idi. Lakin post-patrul xidməti əməkdaşlarının qayda
pozanları saxlayaraq protokollar tərtib etməklə onları cərimələmələri
piyadaların vaxt itkilərinə, bəzən də narazılıqlarına səbəb olurdu. Bütün
bunları nəzərə alan Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bu
günlərdə müvafiq əmr imzalayıb. Əmrə
əsasən post-patrul nizami hissələri əməkdaşlarına verilmiş yol patrul xidməti
inspektorlarına aid olan səlahiyyətlərə xitam verilərək qanunla müəyyən olunmuş
vəzifələrinin icrasını davam etdirmək üçün onlar daimi xidmət yerlərinə
qaytarılıblar. Eyni zamanda, nazir bu sahədə nəzarətin müasir texniki
vasitələrin imkanlarından geniş istifadə edilməklə həyata keçirilməsi barədə
Daxili İşlər Nazirliyinin aidiyyatı qurumlarına müvafiq tapşırıqlar verib”.
E.Zahidov açıqlamasında
bildirib ki, Yol Patrul Xidmətinin bu səlahiyyəti özündə qalır, onlar bu işi
davam etdirəcəklər: "Bu artıq xüsusi texniki vasitələrlə həyata keçiriləcək.
Necə ki, sürücülər kamera vasitəsilə görüntülənib cərimələnir, piyadalar da o
formada lentə alınıb şəxsiyyəti müəyyənləşdiriləcək. Amma əsas diqqət
sürücülərə yönəldiləcək ki, piyada keçidlərində piyadalara yol verilməsində
qanun pozuntuları baş verməsin”.
Bir neçə gün əvvəl bu
xəbərin yanlış başlıq altında yayılması piyadalarda sevinc hissi yaşatdı. Çünki
bəziləri düşündü ki, artıq yol hərəkəti qaydalarını pozan piyadalara cərimələr
tətbiq edilməyəcək. Amma məsələnin məğzi tamam başqa imiş. Belə ki, piyadalara
yol hərəkəti qaydalarını pozduqlarına görə cərimələrin yazılması prosesi davam
etdiriləcək, sadəcə, bunu artıq post-patrul əməkdaşları yazmayacaq. Bütün
səlahiyyət yol polisi işçilərinə həvalə edilir. Bu məqamda mövzu ilə əlaqədar
bəzi suallar yaranır. Maraqlıdır, yol polisi bu nəzarəti həyat keçirmək
potensialına malikdirmi, piyadaların qanun pozuntusuna yol verməmələri üçün
başqa nə kimi tədbirlər görülə bilər?
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı da qeyd edir ki, Daxili İşlər naziri
Vilayət Eyvazovun bu göstərişi piyadaları arxayın salmasın ki, onlara cərimə
tətbiq olunmayacaq: "Əslində yol hərəkətinin təhlükəsizliyinə cavabdeh qurum
yol polisidir və bu funksiya da daim onun olub. Sadəcə olaraq, keçən ilin mart
ayında zərurət yaranmışdı deyə, post-patrul xidmətinin əməkdaşları da oraya
ezam olunmuşdular. İndi onların missiyası bitdi.Artıq yol polisləri rəsmi
olaraq öz vəzifələrini icra edirlər. Əgər yol polisinin qarşısına yol hərəkəti
qaydalarını pozan piyada çıxarsa, onlar necə ki, sürücüləri cərimələyirlər,
piyadaları da eyni qayda ilə cərimələyəcəklər. Post-patrulun gördüyü iş müəyyən
mənada yaxşı idi, amma son vaxtlar işi saatlara bölmüşdülər, səhərdən günortaya
kimi 10 dənə protokol yazıb çıxıb gedirdilər və daha çox da xanımları,
tələbələri cərimə edirdilər. Bəzi gənc oğlanlara heç yaxınlaşa da bilmirdilər.
Ona görə də bu tipli şikayətlər nazirliyə çatdırılıb, nəticə olaraq belə bir
qərar verilib”.
E.Muradlının
sözlərinə görə, ola bilər ki, yol polisi əməkdaşlarının sayı artırılsın: "Düşünürəm
ki, rayon yol polisi şöbələrinə ezam olunmuş əməkdaşların yerinə daimi işləyən
əməkdaşlar götürülməlidir. Hazırda rayon yol polisinin hər şöbəsində təxminən
15 əməkdaş işləyir. Bu 15 nəfərin hamısı eyni anda xidmətdə ola bilmir və
nəticə etibarilə piyadalara nəzarəti həyata keçirmək çətin olacaq. Ona görə də
düşünürəm ki, yol polisi əməkdaşlarının sayı artırılmalıdır. Məsələnin digər
tərəfi isə odur ki, hər bir insanın öz düşüncə tərzi var, cərimə ilə nə isə
aşılamaq mümkün deyil. Təbliğat işini boş buraxmaq olmaz, təbliğat işini
gücləndirmək lazımdır”.
Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad
Hüseynov isə bu məsələdə ictimai şüurun
dəyişməli olduğunu qeyd etdi: "Ölkəmizdə təxminən 9 milyondan çox piyada var.
Azərbaycanın bütün polis əməkdaşlarını küçələrə töksək də, həmin piyadalara
total nəzarəti təmin edə bilmərik. Ona görə bu məsələyə yanaşma fərqli
olmalıdır. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, orada
küçələrdə yol polisi avtomobilləri, eləcə də polis əməkdaşları az görünürlər. Çünki
həmin ölkələrdə əsas məsələ insanların düşüncəsində, yanaşma tərzindədir. Yəni,
insanlar arasında maarifləndirmə, təbliğat işləri aparmaq lazımdır. İnsanlara
izah etmək lazımdır ki, yol hərəkəti qaydalarını pozduqları təqdirdə nə kimi
bədbəxt hadisələr baş verə bilər. Ona görə yol polisi əməkdaşlarının sayını
artırmağa yox, ictimai şüurun inkişafına çalışmalıyıq. Düşüncə dəyişməsə, istədiyimiz
nəticənin əldə olunması müşkül məsələdir”.
Günel
Azadə