“Bu qalibiyyət bir qədər tez oldu” - Fotolar
9
noyabrda Nyu York şəhərində "Warner Bros”, "HBO” ve "Cinemax” tərəfindən təşkil
olunan "Urban Action Showcase international” film festivalının qalibləri
açıqlanıb. Festivalın "Ən yaxşı döyüş filmi” nominasiyasının qalibi ABŞ-da
yaşayan həmyerlimiz, Kapoeyra idmanı üzrə mütəxəssis, "Black Garden Company”nin
rəhbəri, rejissor Elmar Bayramov olub. Onun çəkdiyi film festivala təqdim
olunan 1500-dən artıq filmin içərisindən seçilib.Azərbaycanda
da kifayət qədər tanınan Elmar Bayramov qalibiyyət sonrası təəssüratlarını
bizimlə bölüşdü. Onunla kino sahəsində əldə etdiyi nailiyyətlərdən və Amerika
filmlərinin uğurunun sirlərindən danışdıq.
- Elmar bəy, sizi təbrik edirik.
İstərdik, təəssüratlarınızı bizimlə bölüşəsiniz.
-
"Urban Action Showcase international” film festivalı məhz döyüş filmlərindən
ibarət bir layihədir. "Warner Bros”, "HBO” ve "Cinemax” tərəfindən təşkil
olunub. 3 ay bundan öncə öz filmimizlə bu festivala qatıldıq, filmimiz qəbul
olundu. 1500 film içərisindən 16 film seçildi və biz seçilənlər sırasında idik.
Artıq rəsmi iştirak icazəsi də almışdıq. 9 noyabrda filmlərin mükafatlandırılması
keçirildi. "Ən yaxşı aktyor oyunu”, "Ən yaxşı ssenari” və başqa müxtəlif
nominasiyalar üzrə filmlər mükafatlandırıldı. Biz də həmin mükafatlandırılma
gecəsində iştirak etdik.
- Gözləyirdinizmi ki, sizin
filminiz qalib olar?
-
Açığını desək. böyük göstəricilərə ümidim yox idi. Festivalda iştirakçıların və
iştirak edən ölkələrin siyahısını görəndə ümidim olduqca azalmışdı. Hansı ki,
buraya kino sahəsində olduqca inkişaf edən Yaponiya, Çin, İndoneziya, Cənubi
Amerika dövlətləri və bir çox ölkələrdən iştirakçılar qatılmışdılar. Biz
qısametrajlı filmlər nominasiyasına daxil idik. Mükafatlandırılma gecəsi bizim
nominasiyada qalib filmlərin adları çəkildi və ekranda göstərildi. İlk bizim
adımız çıxanda isə, çox həyəcanlı idim və nə baş verdiyini anlaya bilmirdim.
Biz "Ən yaxşı döyüş filmi”
nominasiyasının qalibi olduq. Bu məni təəccübləndirdi. Hesab edirdim ki, yad
bir məmləkətdən gəlmişəm və mənim filmimi seçməyəcəklər. Buna görə də gözləntilərim
az idi. Şüuraltıma yeritmişdim ki, heç nə əldə edə bilməyəcəyəm, sadəcə iştirak
edirəm. Qalib olduqdan sonra Amerikanın yerli mediası məndən müsahibə aldı.
Onlar Azərbaycanın kino industriyası ilə bağlı suallar ünvanladılar. "Black
Garden Company” haqqında soruşdular. Mən də təşkilatımızın adının mənasının "Qarabağ”
olduğunu və Azərbaycanın üzləşdiyi hadisələrdən danışdım.
- Amerika sizə uğur gətirdi deyə
bilərikmi?
-
Amerikada ilk uğurumuz elə bu festivalda oldu. Amerikaya
köçməkdə başqa məqsədlərimiz var idi. Bu qalibiyyət bir qədər tez oldu. Bu məni
olduqca təəccübləndirdi.
- "Urban Action Showcase
international” festivalının
beynəlxalq film festivalları arasında çəkisi və nüfuzu nə qədərdir?
-
Dünyada 10 minə yaxın film festivalı var və onların içərisində ilk yüzlükdəki ən
yaxşı festivaldan biri məhz "Urban Action Showcase international”-dır.
Reytinqinə görə dünyanın ən yaxşı film festivallarından biridir. Kifayət qədər
nüfuzlu festivaldır və nüfuzlu təşkilatlar tərəfindən dəstək alır. Festivalın dəstəkçiləri
olan "Warner Bros”, "HBO” və "Cinemax” dünyanın çox böyük multimedia şirkətləridir.
Bu kifayət qədər nüfuzlu və dünyaca tanınmış bir festivaldır.
- Müsahibələrinizin birində "Don
Marleone” filmindən sonra Bakıda mənə çox sayda film sifarişləri gəldi, amma hər
şeyə "stop” deyib ailəm ilə ABŞ-a gəldik” - demisiniz. Səbəbini bizə izah edə
bilərsinizmi? Amerikada sizi bu qədər özünə çəkən nə idi?
-
"Don Marleone” filminin təqdimatı günü 4 film sifarişi aldım. Sifariş aldığım
filmlər komediya filmləri idi. Bilirsiniz ki, Azərbaycanda kifayət qədər
komediya filmləri çəkilir. Mən də Azərbaycanda qalıb komediya janrında film çəkmək
fikrində deyildim. Çəkmək istədiyimiz film action janrında idi. Amerikaya gəlməyimin
səbəbi isə öz gücümüzü sadəcə Azərbaycanda reallaşdırmaq istəmədiyimiz idi. Təcrübəmizi
inkişaf etdirmək, kino biliyimizi artırmaq, daha böyük auditoriyaya çıxmaq üçün
Amerikaya getdik.
- Amerikada "Black Garden Company”
təşkilatını yaratdınız. Niyə məhz "Black
Garden”?
- 2012-ci ildə ilk çəkdiyimiz "Eşq səfəri” bədii
filmi İranda festivalda 3-cü yeri tutmuşdu. Biz səfərdən dönəndə "Black Garden Company” adını fikirləşdik. Bu adın tərcüməsi "Qarabağ” mənasını verir. Azərbaycanı
gələcəkdə dünya kino aləmində bu kompaniya ilə təqdim etmək istədik. Biz dünya
ictimaiyyətinə Qarabağ haqqında informasiyalar çatdırmağa səy göstərdik. Ən
azından bu, vətəndaşlıq borcumuzdur. Məqsədimiz
isə daim Qarabağı yada salmaq, gənclərin hafizəsindən unutmağa qoymamaqdır.
- Kino sahəsi Amerikada daha çox
inkişaf etdiyi üçünmü ora üz tutdunuz?
-
Amerika böyük ölkədir və imkanlarla dolu bir məmləkətdir. Burada yaşamaq və
inkişaf etmək çox çətindir. Ancaq ehtimallar çoxdur. Azərbaycanda normal səviyyədə
yaşayırdıq, ancaq bu qədər ehtimallarımız yox idi. Amerikada film sahəsində
özünü göstərmək üçün olduqca çox inkişaf etməlisən. Azərbaycanda bir-iki film çəksən,
səni öz ölkəndə tanıyacaqlar. Ancaq Amerikada o qədər rəqib var ki, burda film
adamı olmaq çox çətindir. Mən sadəcə, bu çətinlikdən həzz alıram. Artıq çətinlik
həyat tərzimə çevrilib. Ona görə Amerikaya üz tutdum. Amerika dünyada olduqca
inkişaf etmiş bir nömrəli ölkədir. Bütün sahələr burda çox inkişaf edib.Kino
sahəsinin baha olmasına baxmayaraq, burda nəsə əldə etmək üçün imkanlar
yaradılır. Məsələn, yaxşı istedadın varsa, universitet tərəfindən maliyyələşdirilə
bilərsən. Yanvardan tələbə olaraq Bruklin Kollec film department-də təhsil
alacağam.
- Deyirlər, Amerikada təhsil
almaq çox bahadır, hələ bu incəsənət sahəsidirsə, üç qat bahadır. Orda təhsil
almağa və belə bahalı bir ölkədə yaşamağa necə risk etdiniz?
-
Ona görə oxuyuruq ki, universitetin vasitəsilə çəkilişlərimiz üçün rəsmi icazəni
daha asan alaq. Tələbə olduqdan sonra film çəkmək üçün sənə daha böyük imkanlar
yaradılır. Ancaq tələbə olmayanda, başqa bir ölkədən gəlmisənsə, sənin üçün çox
çətin olur. Mən Amerikada 10 aylıq film təşkilatçılığı kursu keçmişəm. Müəllimim
Janet
Urban Hollivudda səs rejissorudur. O, mənə
kino təşkilatçılığının praktikasını A-dan Z-yə qədər öyrədib. Məhz bu kursdan
sonra festivallara film çəkməyə başladım. Sonradan təhsil haqqında ona görə
düşündüm ki, universitetin verdiyi üstünlüklər daha çoxdur. Texnika arenasında
endirimlər olunur, rəsmi yerlərdən icazə almaq daha asan olur və s.
- Sizcə, kino çəkən insanın
daxili zövqü necə, olmalıdırmı?
-
Keyfiyyətli bir iş ortaya qoymaq üçün zövq mütləqdir. Zövqü olmayan kino sahəsində
heç bir iş görə bilməz. İstəyir yüz universitet bitirsin, dünyanın ən savadlı
rejissorlarından dərs alsın, mümkün deyil. İnsan heç bir kino biliyi olmadan da
gözəl bir film çəkə bilər. Kino biliyinin olması filmi daha düzgün şəkildə çəkməyə
kömək edəcək. Universitet təhsili bu işləri daha düzgün və məntiqli qaydalara
riayət edərək ortaya çıxarmağımız üçün çox önəmlidir.
-
Amerikalıların bu qədər keyfiyyətli film
çəkmələrinin sirrini necə, öyrənə bilmisinizmi? Onlar necə ediblər ki, bu sahədə
böyük uğur qazanıblar?
-
Amerikada hər bir sahədə əmək bölgüsü var və insanlar yalnız öz işi ilə məşğuldur.
Kino komanda işidir, burada işıqçı sırf işıqla məşğul olmalıdır, kameraman,
operator öz işinin peşəkarı olmalıdır. Sistem illərdir ki, belə qurulub, bu da
Amerika kinosuna uğur gətirir. Amerika kinosunun uğurlu olmasının başlıca səbəblərindən
biri odur ki, onlar da bir neçə işi görmür, hər kəs öz peşəsinin peşəkarı olur.
Avropa və Amerika insanı öz işi ilə məşğul olur. Rejissor operator və montaj
işi ilə məşğul olmur. Uzaqbaşı rejissor ssenari yaza bilər. Bizdə operator həm
montajor, həm operator, həm də kaskadyordur. Operator kamerası ilə məşğul
olmalıdır. Amerikada kino ilə məşğul olan insanlar işlərini bu rejimlə
qururlar.
- Siz eyni zamanda Kapoeyra idman
növü üzrə peşəkar idmançı və müəllimsiniz. Bu sənətin daşını atdınızmı?
-
15 ilə yaxın Kapoeyra ilə məşğul olmuşam və mənim Lənkəranda tələbələrim olub.
Orada 1 ilə yaxın məºq etmiºəm. Sonra Bakıya dəvət aldım və təhsilimlə də bağlı
paytaxta gəldim. Burada bir müddət Kapoeyra Federasiyasında məşqçi olaraq
çalışdım. Federasiyada texniki direktor və vitse-prezident oldum. İki ildən çox
federasiyanın prezidenti kimi fəaliyyət göstərdim. Bunların hamısı həyatımın
keçid mərhələləridir və insan həyatda özünü tapmalıdır. Mən özümü kinoda
tapdım. Mən Kapoeyra ilə məşğul olduğum ərəfələrdə düşünməzdim ki, həftənin 3
günü bu idman növü ilə məşğul olmayacağam. Ağlımın ucundan belə keçmirdi. Artıq
7 ilə yaxındır ki, kino aləmindəyəm. İlk olaraq qısa filmlər çəkməyə başladım və
get-gedə bu sahəni daha da inkişaf etdirdim. Bu işin beynimə, düşüncəmə nə qədər
yaxın olduğumu hiss edirdim deyə, yavaş-yavaş Kapoeyradan kino sahəsinə keçid
etdim. Kapoeyra ilə isə sağlamlığıma görə hərdən məşğul oluram. Peşəkar idmançı
kimi hələ məşğul ola bilmirəm. İdmanda elədir ki, gərək hər şeyi kənara atıb
sırf onunla məşğul olasan. Söhbət incəsənətdən gedirsə, düşünməlisən. Ancaq
idman sənə düşünməyə icazə verməyəcək. İşimiz düşünməkdən keçir. Film sahəsi ilə
məşğul olan insan mütləq düşünməyi bacarmalı, özünə zaman ayırmalıdır ki, buna
psixoloji olaraq hazır olsun və ciddi bir şey ortaya çıxarsın. Peşəkar idmanla
incəsənət bir-birlərinə ziddiyyət təşkil edir. İstisnalar ola bilər. Ancaq
normalda peşəkar idmanla məşğul olan insanın incəsənətlə məşğul olması bir az
arzu kimi görünür.
- Bundan sonrakı hədəfiniz nələrdir?
-
Əsas məqsədimiz növbəti filmlərimizlə dünyada onluqda olan məşhur festivallarda
iştirak etməkdir. İlk addımımız bizə stimul verdi. Bundan sonra ən yüksək
kateqoriyalı film festivallarında iştiraka hazırlaşırıq. Hazırda bir ssenarimiz
var, onun üzərində çalışırıq. Dünya onluğunda olan film festivallarına üz
tutacağıq. 2019-cu ilin sonuna kimi 3 və ya 4, ola bilər qısametrajlı və yaxud
da iki film və serialın pilotunu çəkmək niyyətindəyik. Amerikada türk filmləri
festival təşkil etmək istəyirik. Burda Amerika film festivallarının rəhbəri Diana Vargasla əməkdaşlıq
edirik. Amerikada türkdilli ölkələrin nümayəndələri kifayət qədərdir. Bütün
bunlar 2-3 ilə nəzərdə tutulub. Bundan başqa, Amerikada film kursları təşkil
olunacaq. Xüsusi müəllimlər və təlimatçılar dəvət olunacaq. İlin 4 fəslində həmin
mütəxəssislər xarici tələbələrə hər fəslə uyğun təlimlər keçəcək.
Xəyalə
Rəis