• cümə axşamı, 18 aprel, 05:29
  • Baku Bakı 15°C

“...Bu, hələ Müsavatın yaxşı günləridir”

06.11.14 10:10 1315
“...Bu, hələ Müsavatın yaxşı günləridir”
Müsavat Partiyasının keçirdiyi qurultaydan sonra yaranan soyuq atmosfer olduğu kimi qalır və hələ də düşərgədə narazı abı-hava hökm sürür. Bu narazılığa son qoya biləcək məqam kimi gözlər Mərkəzi Nəzarət Təftiş Komissiyasının Qubad İbadoğlunun şikayəti ilə bağlı verəcəyi qərara dikilmişdi. Amma başqanlığa keçmiş namizəd komissiyanın qərarından razı qalmayaraq onun obyektiv olmadığını deyib və verilən rəylə razılaşmadığını bildirib. Onun fikrincə, komissiyasının rəyi birtərəflidir: “Rəydə qeyd olunanlarla qəti şəkildə razılaşmırıq. Hazırda ekspertlərimiz həmin rəyi araşdırır. Rəylə razılaşmamaq üçün kifayət qədər tutarlı arqumentlərimiz var. Əvvəlcədən də MNTK-nın şikayəti obyektiv araşdıracağına şübhəmiz vardı. Təəssüf ki, gözləntilərimiz özünü doğrultdu. Bu rəydən sonra MNTK-nın birtərəfli, qeyri-peşəkar olduğu, müstəqil olmadığı haqda şübhələrimiz daha da artdı. MNTK-nın verdiyi rəylə bağlı yekun qərarımızı noyabrın 8-də saat 17-də Müsavat Partiyasının mərkəzi qərargahında açıqlayacağıq. Noyabr 8-də həmçinin gələcək planlarımız haqda təkliflərimizi verəcəyik”.
Q.İbadoğlu Facebook-da da fikirlərini paylaşaraq müsavatçılara müraciət edib: “Noyabrın 8-də saat 5-də Müsavat Partiyasının mərkəzi qərargahında keçirməyi planlaşdırdığımız növbəti görüşün məqsədi hər bir vicdanlı müsavatçının narahatlığına səbəb olan hazırkı durumun ciddi müzakirələr əsasında dəyərləndirilməsi və gələcəyə yönəlik pozitiv təkliflərin müzakirə olunmasıdır. Bizim yeganə məqsədimiz ayrı-ayrı şəxsləri deyil, bütövlükdə Müsavatı bu arzuolunmaz durumdan qalib çıxarmaqdır. Bunun üçün hər bir müsavatçının potensialından daha səmərəli faydalanmaqla birgə fəaliyyət platforması müəyyənləşdirmək, qərarları azlığın diktəsi ilə deyil, birlikdə qəbul etmək tələb olunur. Görüşdə, həmçinin, nizamnamə pozuntuları ilə bağlı hazırladığımız arayışa Müsavat Partiyası MNTK-sının verdiyi rəyə də münasibət açıqlanacaq. İnanıram ki, bu görüş Müsavatın çağdaş tarixində barışıq, birlik, vəhdət və bütövlük görüşü kimi yadda qalacaq. Odur ki, sonuncu qurultayda başqanlığa namizəd olmuş bütün iddiaçıları və onların tərəfdarlarını açıq müzakirəyə dəvət edirəm”.
Müsavat Partiyası Məclisinin üzvü Vurğun Əyyub deyib ki, noyabrın 8-də Mərkəzi Nəzarət Təftiş Komissiyasının Q.İbadoğlunun şikayətinə verdiyi rəy müzakirə olunacaq və partiyanın düşdüyü vəziyyətdən çıxış yolları axtarılacaq. “Müsavat Partiyasında fraksiya yaradıla bilərmi” sualına cavabında isə o, “fraksiya yaradılması nəzərdə tutulmayıb, lakin 8 noyabr müzakirələrinin gedişindən çox şey asılıdır” söyləyib.
Başqan Arif Hacılı isə açıqlamasında qurultaydan sonra Q.İbadoğlu ilə ümumi təmasların olduğunu və onu təkbətək görüşə dəvət etdiyini söyləyib: “Başqa vacib işləri olduğu üçün ona görüş təyin etdiyim iki gün ərzində mənimlə görüşmək imkanının olmadığını bildirib. İstənilən vaxt yenidən görüşüb opponentləri narahat edən problemləri müzakirə etməyə hazıram. Ümumiyyətlə, mənimlə görüşmək problemsiz məsələdir. Qurultayda mənə səs vermədiyini açıq bildirən partiya üzvlərinin əksəriyyəti ilə təmasda olmuşam. Səmimi söhbətlərimiz olub. Mənim mühafizəçilərim, normalaşdırılmış qəbul saatlarım yoxdur. Özüm də hər gün qərargahdayam. Ona görə də heç kim mənimlə görüşə bilmədiyini bəhanə etməsin”.
A.Hacılı keçmiş millət vəkili Nəsib Nəsiblinin Müsavat üzvlüyündən istefa verməsi barədə də fikirlərini bölüşüb və onun bu cür qərar verməsinə təəssüfləndiyini deyib: “Nəsib Nəsibli Müsavat Partiyasının bərpa olunmasında və sonrakı fəaliyyətində xidmətləri olan şəxslərdən biridir. Partiya üzvü olmasa da, Müsavat irsinə, milli ideologiyaya sadiq qalacağı qənaətindəyəm. Nəsib Nəsibliyə şəxsi həyatında və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıram”.
Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli isə mətbuata açıqlamasında N.Nəsiblinin istefası ilə bağlı məlumatı ona bir həftə öncə verdiyini söyləyib: “Nəsib Nəsibli qurultaydan sonra partiyanın vəziyyətinə acıyırdı, buna görə də istefa verdi. Mən təkid etdim ki, bir qədər də düşünsün, amma alınmadı. Nəsib bəy Müsavatda baş verənlərlə bağlı mənə başsağlığı verdi. O, Müsavat Partiyasına Arif Hacılının başqan seçilməsini qəbul etmədi. Bilirdi ki, partiyanın başına gələn şəxs Müsavatı məhv edəcək. Onun istefasının əsas səbəbi budur. Mənə dedi ki, qurultaydan sonra iki gün özünə gələ bilməyib”.
Müsavat Partiyasının Divan üzvü Səxavət Soltanlı isə N.Nəsiblinin istefasına ironik münasibət bildirib: “Nəsib Nəsibli indi istefa verir? Mən elə bilirəm 2010-cu ildə istefa verib. Hətta mən onun çoxdan siyasətdən getdiyini bilirdim. Çünki son 10 ildə Nəsib bəylə rastlaşmamışam”.
Müsavat üzvü, tanınmış yazar Elnur Astanbəyli də təşkilat daxilindəki son qovğalara münasibət bildirib: “Partiyadaxili polemikaları bu səviyyədə davam etdirəcəkləri təqdirdə vəziyyət daha da pisləşəcək. Çünki polemikanın üslubu yanlışdır. Vurğun Əyyubun iki il əvvəl hansısa universitetdə müəllim olmasını onun vətən xaini olması kimi təqdim edirlər. Onlarla müsavatçı tanıyıram ki, ayrı-ayrı institutlarda, Elmlər Akademiyasında işləyirlər. Bu nə məntiqdir? Vurğun Əyyub acından ölməlidir? Əgər Vurğun Əyyub bir özəl universitetdə müəllim işləyib, üstəgəl hakimiyyətin adamı olursa, 20 il heç yerdə işləmədən bahalı kostyumlar geyinə bilən adamların qaynağı niyə soruşulmur? Əminliklə deyirəm ki, bu, hələ Müsavatın yaxşı günləridir. Bu zehniyyətlə problemləri həll etməyə çalışırıqsa, bu gün AMİP, ADP haqda keçmişdə danışdığımız kimi, Müsavat haqda da keçmişdə danışa bilərik. Müsavatda problemin bircə kökü var: partiyalarda biətçiliyin olması”.
H.Əsgər
banner

Oxşar Xəbərlər