AZE | RUS | ENG |

Bol olarsa “ikinci çörək”...

Bol olarsa “ikinci çörək”...
Və ya məhsuldarlığın artması kartofun qiymətinə necə təsir edəcək?

Azərbaycanda bu il kartof istehsalı artıb. Bu barədə Trend-in sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər. Qeyd edilib ki, 2019-cu ilin yanvar-iyul aylarında 34 min hektar sahədən 576,3 ton kartof yığılıb. Bu isə əkilən ümumi sahənin 60,1 faizinin yığılması deməkdir. Hazırda kartof yığımı davam edir. Nazirlikdən bildiriblər ki, 2019-cu ilin yanvar-iyul ayında kartof yığımı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz, sahəyə düşən məhsuldarlıq isə 7 faiz artıb: "Ötən illə müqayisədə bu il kartof daha az sahədə əkilib. Belə ki, 2018-ci ildə 59,3, 2019-cu ildə isə 56,9 min hektar sahədə kartof əkilib”.

El arasında "ikinci çörək” adlandırılan kartof gündəlik qida rasionumuzun əsas tərkib hissəsini təşkil edir. Təsadüfi deyil ki, çörəkdən sonra ən çox tələb məhz kartofadır. Bu mənada məhsuldarlığın artması müsbət məqamdır. Bəs görəsən istehsal etdiyimiz kartof daxili bazarı tam təmin edə biləcəkmi? Məhsuldarlığın artması qiymətlərə necə təsir göstərəcək?

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Elmar Allahverdiyev "Kaspi”yə açıqlamasında bildirdi ki,  məhsuldarlığın artması daxili bazarda qiymət siyasətini özü tənzimləyir: "Yəni belə olan şəraitdə qiymətlər avtomatik olaraq aşağı düşür. Son illər ərzində kartof əkininə xüsusi diqqət göstərilir. Fermerlər ilbəil daha müasir texnoloji yeniliklər tətbiq edirlər. Xüsusilə gübrələrdən və becərmə texnologiyalarından daha effektiv istifadə olunur. Məhsuldarlığın artım səbəbi bu amildən qaynaqlanır. Həmçinin, fermerlərin maarifləndirilməsi istiqamətində də müxtəlif işlər görülür. Artıq fermerlər çalışır ki, öz sahəsindən daha çox məhsul əldə etsin. Bunun üçün isə becərmə texnologiyasının sirlərinə yaxından bələd olmaq lazımdır. Kənd Təsərrüfatı Nazirliyinin təlimçiləri mütəmadi olaraq bütün rayonlarda təlimlər keçirlər. Azad bazar iqtisadiyyatı şəraitində qiymətlər tələb-təklif əsasında formalaşır. Bu il "kənd təsərrüfatı ili” elan edilib. Ona görə də, təkcə kartof deyil, aqrar sahənin bütün istiqamətləri üzrə ciddi irəliləyişlər qeydə alınıb. Məhsuldarlığın artması isə son nəticədə daxili bazarın təminatı və qiymətlərin ucuzlaşmasına gətirib çıxarır”. 

Aqrar sahə üzrə ekspert Nicat Nəsirlideyir ki, ölkədə kartof istehsalı hər il ümumi istehlakı dəfələrlə üstələyir. Getdikcə bu sahəyə göstərilən dövlət dəstəyi, eləcədə məhsulun bazarda əlverişli mövqe qazanması ildən-ilə bu sahəyə marağı artırır: "Dövlət tərəfindən ötən il ölkədə istehsal olunan kartofun daxili bazarlarda realizə olunması, fermerlərin ziyan çəkməməsi niyyəti ilə  375 saylı qərar qəbul edildi, nəticədə, üç ay müddətdə daxili bazar qorunmuş oldu. Qərarın əsas məqsədi məhsuldarlıq və əkin sahələrinin ötən illə müqayisədə artması ilə əlaqədar olaraq, kartofun satış probleminin həlli və  eləcə də, kartofun satış qiymətini istehsalçı və  istehlakçı üçün optimallaşdırmaq və kartof istehsalçılarında qiymətlərin həddən artıq aşağı düşməsi ilə əlaqədar yaranmış mənfəət itkisinin qarşısının alınması idi. Qısamüddətli qadağa hər iki məqsədə çatmağa imkan verdi. İlk növbədə yerli istehsalçıların əlində qalmış böyük həcmdə məhsul öz bazarlarımızda realizə olundu. Digər tərəfdən əsas istehsalçı rayonlar olan Gədəbəy, Şəmkir, Tovuzda istehsal olunmuş kartofun  qiymətində nisbətən yüksəlmə baş verməklə, fərdi istehsalçıların mənfəət itkisi minimuma endirildi.  Həmin qərar kənd təsərrüfatı məhsulları bazarının tənzimlənməsi sahəsində dövlət üçün səmərəli intervensiya aləti rolunu oynadı. Belə ki, Azərbaycanın əsas idxal kartof bazarını formalaşdıran İran və Rusiyada milli valyutanın zəifləməsi fonunda bu ölkələrdən böyük həcmdə məhsul ölkəmizə daxil olaraq yerli istehsala ciddi mənfi zərbə vura bilərdi. Azərbaycana hər il İrandan 50 min, Rusiyadan isə 43 min tondan çox kartof gəlir. Dövlət çevik addım ataraq ölkəyə idxal edilən kartofun tarif dərəcəsini iki dəfə artıraraq 30%-ə qaldırdı, yerli bazar qorundu, istehsalçı əlindəki məhsulu bazara təklif etməklə, ziyana düşməkdən sığortalandı. Statistik təhlil göstərir ki, əkin sahələrində "ikinci çörəy”in məhsuldarlığı artaraq, hektardan 15 tona, istehsal həcmi isə 914 min tona çatıb. Əhalinin illik tələbatı isə adambaşına düşən kartof istehlakı üzrə 74,29 kq nəzərə alınmaqla 2018-ci il üçün cəmi kartof istehlakının 743 min ton olacağı proqnozlaşdırılırdı. Tələbatdan artıq qalan 171 min tonluq həcmin milli valyutaların ucuzlaşdığı bir fonda, ixracı real görünmürdü. Ona görə, alternativ çıxış yolu intervensiya alətini hərəkətə gətirmək idi. Lakin bütün bunlar idxal üzrə rəqəmləri təkzib edə bilməz. Havaların soyuduğu noyabrdan başlayaraq kartofa tələbat sürətlə artmağa başlayır və bu tendensiya aprelə qədər davam edir. Ölkəyə payız-qış mövsümündə 160 min tona qədər kartof gətirilir, bu, ölkə tələbatının 16%-ini təşkil edir”.

Ekspert deyir ki, bu sahənin inkişafı ilə bağlı müxtəlif işlər görülə bilər: "Təhlillər göstərir ki, son illər kartof sahələri genişlənir, lakin məhsuldarlıqda maksimum nəticələr əldə edə bilməmişik. Bunun üçün toxumçuluq sistemi qurulmalıdır. Toxum tələbatının yalnız 2 faizi yerli istehsal hesabına ödənilir, böyük hissəsi idxal edildiyindən, məhsuldarlıq yaxın hədəf olaraq qalır. Hazırda milli kartof toxumçuluğunun qurulması üzrə işlər aparılır”. 

Şəbnəm 
 
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8722
GEL 1 1 Gürcüstan larisi 0.5762
GBP 1 1 İngiltərə funt sterlinqi 2.111
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.5927
TRY 1 1 Türkiyə lirəsi 0.2967