“Bizim üçün fəxrdir ki, AKP bu mahnı ilə təbliğat aparır” - Fotolar
Hərbi-vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan
Əlizamanlının ifa etdiyi "Bismillah” mahnısı bu il martın 31-də Türkiyədə
keçiriləcək seçkilərdə AKP-nin seçki mahnısı olaraq qəbul edilib.Ş.Əlizamanlının ifasında Ozan obrazında səslənən bu mahnı Türkiyə və
Azərbaycan mediasında böyük maraqla qarşılanmışdı. Məlumata görə, musiqini
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən özü seçib.Məsələ ilə bağlı Şəmistan Əlizamanlı ilə əlaqə saxladıq. Məlumatı
təsdiqləyən ifaçı "Kaspi”yə müsahibəsində yaxın zamanlarda "Diriliş Ertuğrul”
serialında tamaşaçıların növbəti bir mahnı ilə tanış olacaqlarını
bildirdi.
- Şəmistan müəllim, ilk
növbədə sizi təbrik edirik. Bu seçim bir qədər gözlənilməz olmadı ki?
- Təşəkkür edirəm. Bu, bir yaradıcı şəxs kimi məni sevindirməyə
bilməz. Türkiyə kimi böyük dövlətin seçki təbliğatı mənim ifamda və musiqisi
mənə aid olan mahnı altında aparılacaq. "Diriliş Ertuğrul” serialının
çəkilişində bu mahnıları, eləcə də mənim özümün həmin serialda çəkilməyimi
istədilər. Mən də onların bu təklifini qəbul etdim. Daha sonra onlar mənə
seçkiyə uyğun şeir göndərdilər. Bu mahnını həmin şeirə uyğun səsləndirdim.
Onlar Bakıya gəldilər, mənimlə görüşdülər, bəyəndiklərini söylədilər. Seçki
təbliğatı zamanı səslənən mahnının musiqisi və ifası mənimdir, sözləri isə
onlara aiddir.
-
"Bismillah”ı seçməkdə məqsəd nə idi?
- "Bismillah” mahnısının sözləri Əhməd Cavada aiddir. Əhməd Cavadın
yaradıcılığını bəyənirəm. Bir tarixi şəxsiyyət kimi də ona böyük hörmətim var.
Onun çox kədərli həyatı olub. Bacardığım
qədər Əhməd Cavadın yazdığı şeirləri diqqətdə saxlayıb, onu təbliğ etməyə
çalışıram. Serialın yaradıcı heyətinə də bu mahnının sözlərinin kimə məxsus
olduğunu, bu sözlərdə şairin nələri deməyə çalışdığını söylədim. Onlar mahnını
çox maraqla qarşıladılar.
- Bundan əvvəl də sizin
başqa bir mahnınızın seçki kampaniyasında
səsləndiyini eşitmişdik.
- İfa etdiyim "Turan ellər var olsun” mahnım Rəcəb Tayyib Ərdoğanın
seçki təbliğatı zamanı televiziyalarda nümayiş olunan kliplərində istifadə
olunub. Bununla bağlı hər zaman mənə təşəkkür edirdilər. Bu mahnını onun
çıxışlarının sonunda televiziyalarda çox tez-tez eşidirdim. Ancaq seçki
kampaniyası üçün məhz, "Bismillah” mahnısı qəbul olunub.
-
Sizin Rəcəb Tayyib Ərdoğanla görüşdüyünüz deyilir.
- Elə bir şey yoxdur. Ərdoğan Azərbaycan dövlətinin böyük dostudur.
Bizim üçün fəxrdir ki, AKP bu mahnı ilə təbliğat aparır. Bu, Azərbaycan mədəniyyətinin uğurudur.
Azərbaycan bütün sahələrdə olduğu kimi, mədəniyyətdə də Türkiyə ilə birgə
addımlayır. Ola bilər ki, tədbirlərdə onunla görüşək. Rəcəb Tayib Ərdoğanın
təbliğat qrupu fəaliyyət göstərir. Bu qrup təbliğat işini formalaşdırır. Neçə
aylardır Ərdoğanın "A Haber” kanalında çıxışları mənim ifa etdiyim "Bismillah”
mahnısının fonunda gedirdi. Həmin çıxışlar sosial şəbəkələrdə də yerləşdirilib.
- Sizin "Diriliş Ertuğrul”
serialında iştirakınız da böyük maraq doğurmuşdu, Açığı, gözlənilməz oldu.
- Bir az elə oldu. Serialın ssenari müəllifi mənə müraciət etdi.
Dedilər sizin mahnınıza uyğun ssenari yazacağıq. İfa etdiyim "Turan ellər”
mahnısından istifadə etmək istədiklərini bildirdilər. Mən də razılıq verdim.
Ondan sonra növbəti dəfə "Bismillah” mahnımı serialda ifa etməyimi təklif
etdilər. Mən də təklifi dəyərləndirdim. Qeyd edim ki, bu tarixi seriala böyük maraq
var. Dünyanın 85 ölkəsində 25-dən artıq dildə yayımlanır. "Diriliş Ertuğrul”
türklərin tarixindən bəhs edir. Filmdəki tarixi hadisələrin bizim üçün də böyük
əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, məmnuniyyətlə orada çəkildim və mahnımı
səsləndirdim. Hətta sizə deyim ki,
üçüncü mahnım da gələn həftə sözügedən serialda yayımlanacaq. Tarixi bir
serialda rol almaq, təbii ki, mənim üçün böyük bir şərəfdir.
- Türkiyədə böyük miqyaslı
bir seriala çəkilirsiniz. Sizcə, nə üçün Azərbaycanda sizin potensialınızdan
istifadə edilmir?
- Hazırda Azərbaycanda tarixi filmlər çəkilmir. Bilmirəm, təbii ki, yaradıcı
insan üçün bu, böyük məsələdir. Bu tip tarixi filmlər ölkənin incəsənətini,
mədəniyyətini təbliğ edir. Belə bir layihə olsa, təbii ki, çəkilərəm. Hər
təklif olunan filmə, seriala da çəkilmək olmur. Ona görə, təklif olunan obraza
baxıb, layihənin ölkə üçün əhəmiyyətini nəzərə aldıqdan sonra çəkilə bilərəm.
- Bir dövr "Hay ver mənə”,
"İgid əsgər, möhkəm dayan” kimi mahnılarınız az qala himnə çevrilmişdi. Bu
mahnılar insanları vətənpərvərliyə səsləyir. Sizcə, bu gün gəncləri
vətənpərvərliyə səsləyən yeni mahnılar kifayət qədərdir?
- Əlbəttə, sosial şəbəkələrə nəzər salsanız, görərsiniz ki, bizim bir
çox vətənpərvər ruhda yazılmış
mahnılarımız var. Mən də bacardığım qədər bu mahnıları təbliğ edirəm. İndi
internet dövrüdür, bu ruhda mahnı dinləmək istəyən insanlar, belə mahnılar
tapacaqlar. Yetər ki, istəsinlər. Yəni bu mövzu ilə bağlı heç bir problem
yoxdur.
Xəyalə
Rəis