AZE | RUS | ENG |

«Biz o dövrdə aksiyalara indiki müxalifətin mitinqindən çox adam yığırdıq»

«Biz o dövrdə aksiyalara indiki müxalifətin mitinqindən çox adam yığırdıq»
Ruslan Bəşirli: «Mən həbsdən çıxandan sonra gördüm ki, Azərbaycan gəncliyi arasında ateizm geniş şəkildə yayılıb»


Ruslan Bəşirli 2005-ci ildə həbsinə qədər AXCP-nin fəal üzvlərindən biri, həmçinin “Yeni Fikir” Gənclər Təşkilatının sədri idi. Hazırda Avropa.info xəbər portalına rəhbərlik edən R.Bəşirli öz dövrü ilə müqayisədə indi müxalifət düşərgəsindəki gənclərin durumunu necə qiymətləndirir? Onunla söhbət zamanı həmçinin Milli Şura ətrafında cərəyan edən proseslərlə bağlı da “Kaspi”nin suallarını cavablandırdı.

- Ruslan bəy, siz özünüz müxalifət düşərgəsində aparıcı gənclər təşkilatının bir vaxtlar sədri olmusunuz. Öz dövrünüzlə indi dövrü necə qiymətləndirirsiniz?

- O vaxtkı dövrün gəncliyi ilə indikilər arasında fərqlər çoxdur. Mən özüm o zaman “Yeni Fikir” Gənclər Təşkilatının sədri, aktiv bir gənc kimi hadisələrin içində olurdum. Ona görə də bu istiqamətdə müqayisə aparmaq imkanım genişdir. 2005-ci ildə həbs olunana qədər baş verən ictimai-siyasi hadisələr, şəxsi müşahidələrim onu deməyə əsas verir ki, ən azından o zamankı gəncliyin milli dəyərlərə münasibəti başqa idi. İndiki gənclik isə bu mənada tamamilə fərqli baxış ortaya qoyur. İndikilər geyimdə, düşüncədə daha çox Avropaya meylliliyi nümayiş etdirirlər. Əgər o zamankı və indiki gəncliyin güclü olub-olmamasını müzakirə etsək, əvvəlkilərin daha güclü olduğunu söyləyə bilərəm. Məsələn, biz o dövrdə aksiyalara indiki müxalifət partiyalarının təşkil etdiyi mitinqdə iştirak edənlərin sayı qədər gənc çıxarırdıq. Bundan başqa, o zamankı gəncliyin dinə münasibəti də fərqli idi. Onlar daha çox inanclı gənclik idilər. Lakin mən həbsdən çıxandan sonra gördüm ki, Azərbaycan gəncliyi arasında ateizm geniş şəkildə yayılıb. Bu vəziyyət, əsasən ictimai-siyasi fəaliyyətlə məşğul olan gəncliyin arasında müşahidə edilir. Bu kimi səbəblərdən o zamankı gəncliyi mən daha yüksək qiymətləndirərdim. Hesab edirəm ki, o dövrkü gəncliyin mübarizə potensialı daha güclü idi. 2004-cü ildə MDB məkanında baş verən inqilablar da gəncliyə əlavə stimul verirdi. Amma indiki gənclik üçün hər hansı stimul yoxdur.

- Belə iddia olunur ki, Rüstəm İbrahimbəyov məsələsi qalxandan sonra müxalifətçi gənclər arasında ruh düşkünlüyü yaranıb. Siz bununla bağlı nə deyə bilərsiniz?

- Bizim gənclik potensialı içərisində ən böyük yanlışlıq ondan ibarətdir ki, hər kəs nəyinsə baş verməsini bir insanın gəlişinə, siyasi addımına hesablayır. Bu, çox təəssüf doğuran məqamdır. Halbuki, bu cür olmamalıdır. Müəyyən dövrdən sonra mən bunu başa düşdüm. Onsuz da Azərbaycanda siyasi partiyaların böyük əksəriyyəti nizamnamə və platforma cəhətdən bir-birilərinə yaxındır. İstər iqtidar, istər müxalifət partiyası olsun, ümumilikdə onların nizamnamə və platformasında ciddi fərq yoxdur. Lakin bütövlükdə Azərbaycandakı partiyalarda təmsil olunan gənclər daha çox siyasi liderlər ətrafında toplaşıblar. Yəni, həmin gənclik öz fəaliyyətini siyasi liderlərin atacağı addımlarla tənzimləyir. Bu, belə olmamalıdır. Gənclik özü güclü, vahid komanda kimi formalaşmalıdır. Təəssüf ki, Azərbaycanda belə deyil. Əgər varsa da çox zəifdir deyə müşahidə edilmir. Ən əsası, bayaq qeyd etdiyim kimi gənclik üçün, onun inkişafı üçün stimul olmalıdır. Hazırda Rüstəm İbrahimbəyov məsələsi ilə bağlı gəncliyə tövsiyəm budur ki bir qədər ayıq olsunlar. Hadisələrə ayıq gözlə baxsınlar. Rüstəm İbrahimbəyovun ortaya atılması Rusiya tərəfindən idarə olunan bir layihə idi. Belə vəziyyətdə indiki Azərbaycan gəncliyinin neçə illərdir siyasi həyatda tanınmayan Rüstəm İbrahimbəyova öz fikirlərini yönəltməyi təəssüf doğurur.

- Sizcə, Milli Şuranın seçkidə iştirakı, uğur qazanması nə dərəcədə realdır və bu, gənclərə nə vəd edir?

- Fikrimcə bu barədə Milli Şura təmsilçiləri danışsalar daha yaxşı olar. Çünki onlar daha aydın şəkildə bilirlər ki, Milli Şuranın Azərbaycan gəncliyi ilə bağlı strategiyası necədir. Ancaq mən hələlik Milli Şuranın gənclərlə əlaqədar hər hansı sənədini görməmişəm. Bu günə kimi ortaya bir sənəd qoyub ictimaiyyətə açıqlamayıblar ki, onlar gənclik üçün nə işləri görəcək, hansı layihələri reallaşdıracaqlar. Belə bir sənəd və ya tezis görmədiyim üçün bu barədə fikir bildirmək mənim üçün çox çətindir.

Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973