• cümə, 19 Aprel, 15:24
  • Baku Bakı 25°C

“Biz ölkəmizi birlikdə inkişaf etdirəcəyik” - Fotolar

11.09.20 18:38 6645
“Biz ölkəmizi birlikdə inkişaf etdirəcəyik” - Fotolar
Zaur Darğallı: "Azərbaycanla Gürcüstan arasındakı dostluğun inkişafına töhfə vermək əsas hədəflərimdən biridir”

Gürcüstanda oktyabrın 31-də parlament seçkiləri keçiriləcək. Gürcüstan Seçki Məcəlləsinə edilmiş düzəlişlərə əsasən, parlamentin 150 deputatından 30-u majoritar, qalan 120-si proporsional sistem üzrə seçiləcək. Əvvəlki qaydada isə 77 deputat proporsional, 73 deputat majoritar qayda ilə seçilirdi. 66 siyasi partiya seçkidə iştirak etmək hüququ qazanıb. Həmin partiyalardan biri də "Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasıdır. Hakim partiyanın komandasında yer alan şəxslərdən biri dəGürcüstanda yaşayan soydaşımız Zaur Darğallıdır. O, 4 iyul 1988-ci ildə anadan olub. 2005-2009-cu ildə İlia adına Dövlət Universitetində "Kompüter texnologiyaları və ingilis dili” ixtisası üzrə ali təhsil alıb. 2007-2012-ci illərdə Marneuli Gənclər Mərkəzinin yaranmasında iştirak edib. Həmin proqram çərçivəsində Avrasia İnkişaf Fondu komitəsinin və Marneuli gənclər şurasının üzvü olub. 2007-2011-ci illərdə Müharibə və Sülh İnstitutu (IWPR), Qafqaz Jurnalistləri Şəbəkəsi, Regional Jurnalistlər Şəbəkəsi, İcma Radio, "Timer” qəzeti kimi media təşkilatlarında çalışıb. 2011-2013-cü illərdə Marneuli Mülki Məşğulluq Mərkəzinin koordinator müavini, növbəti illərdə USAD ofisinin koordinatoru vəzifələrində çalışıb. 2013-cü ildə "Gürcü arzusu” koalisiyasının Marneulidə gənclər şöbəsinin rəhbəri olub. 2014-2017-ci illərdə Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Gürcüstanın Dövlət Nazirinin Kvemo-Kartli bölgə təmsilçisi olub. 2017-ci ildə Kvemo Kartli bölgə qubernatorunun müavini vəzifəsində çalışıb. 2019-2020-ci illərdə Marneuli munisipalitetinin meri olub. Gürcü, azərbaycan, rus, ingilis, türk dillərin bilir. Ailəlidir, 2 övladı var.


- Zaur bəy, oktyabrın 31-də Gürcüstanda növbəti parlament seçkiləri keçiriləcək. Sizin də təmsil olunduğunuz "Gürcü arzusu” koalisiyası yeni seçkilərə hansı əhval-ruhiyyə ilə gedir?
- Parlament seçkiləri olduqca mühüm, ölkənin siyasi həyatını və gələcəyini həll edən əlamətdar hadisədir. Təmsil etdiyim "Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası bu seçkilərdə qalib gələcəyinə inanaraq addım atır. Buna da bir çox səbəb var. Artıq on ilə yaxındır partiyamız iqtidardadır, keçirilən seçkilərdə yüksək nəticə ilə qalib gəlir. Bu, vətəndaşların partiyamıza etimadının yüksək olduğunun göstəricisidir. Səbəb isə çox sadədir. Bizim komanda vətəndaş qarşısında verdiyi bütün vədləri yerinə yetirir. Bölgələrdə böyük işlərə imza atılıb, insanların rifahı müsbətə doğru dəyişib, bir çox sahədə inkişaf görünməkdədir. Müstəqillik qazandıqdan bu günə kimi ölkəmiz çox kəşməkəşli yollar keçib, şəhərlərin infrastrukturu, insanların yaşayış şəraiti, turizm imkanları, biznes sərbəstliyi, şəffaflıq, antikorrupsiya islahatları, qanunun aliliyi və demokratik dəyərlərin qorunub saxlanılması və digər məsələlər yüksək səviyyədə inkişaf etdirilib və qorunub. Gürcüstan bir çox sahələrdə inkişaf etmiş dünya ölkələrinin içərisində ön sıralardadır. Bu faktlar olduqca önəmlidir. Partiyanın rəhbəri Bidzina İvanişvilinin yürütdüyü siyasətin uğurunu hər bir vətəndaş hiss edir və qiymətləndirir. Bilirsiniz, xalqı aldatmaq və seçkilərdə hər hansı bir saxtalaşdırma etmək mümkün deyil. Xalqın özü hər şeyi analiz edib doğru seçimini edir. Buna sübut kimi hər bir seçkinin nəticələrini göstərmək olar. Xalq bu partiyaya inanır, güvənir və seçir. Bütün bunları nəzərə alaraq, rahat şəkildə deyə bilərik ki, biz qalib gələcəyimizə inanaraq, xalqın etimadına güvənərək seçkiyə gedirik.


- Gürcüstan Seçki Məcəlləsinə düzəlişlərin edilməsini hansı zərurət meydana çıxardı? Bu düzəlişlər nəyi dəyişəcək?
- Hər bir dəyişiklik xalqın fikri və istəyi nəzərə alınaraq edilir. Ölkəmiz Avropa yolunu tutub və bir çox Avropa parlamentində bu sistem qəbul edilib. Bu sistem digərlərinə nisbətən daha şəffaf və demokratik dəyərlərə uyğun sayılır. Ümumilikdə isə dəyişikliklərin yeganə səbəbi ölkədə demokratiyanın, insanların azadlığının maksimum şəkildə təmin edilməsi, vətəndaşların siyasi proseslərdə iştirakına şəraitin yaradılmasıdır. Parlamentdə səs çoxluğu ilə qəbul edilən bu qərarın bir çox üstünlükləri var. Onlardan ən önəmlisi insanların seçim imkanlarının genişləndirilməsidir. İnsanlar fərqlidir. Hər kəs ölkəni inkişafa necə aparacağına dair şəxsi fikrə sahibdir. Buna görə insanlarda siyasi baxış və mövqe dəyişkəndir. Vətəndaşlar öz siyasi düşüncələrini müxtəlif partiyalarda tapmaq, onların sıralarına qoşulmaq, öz ideyalarını orada gerçəkləşdirmək istəyirlər. Bu sistem, öncə partiyaların artmasına və parlamentdə çoxpartiyalılığa səbəb olacaq. Bu isə fikir müxtəlifliyi yaradaraq, ölkədə aparılan siyasətə yeni bir qatqı olacaq. Əsas məqsəd xalqla dövlət arasındakı bağı möhkəmləndirmək, ölkəni, xalqın iştirakı ilə inkişafa doğru aparmaqdır.


- Bildiyimə görə, namizədliyi iqtidar tərəfindən majoritar qaydada irəli sürülən yeganə azərbaycanlı namizədsiniz. Hazırda təbliğat-təşviqat kampaniyanız necə gedir?
- Bəli, bu, mənim üçün ikiqat məsuliyyətdir. Azərbaycanlıların səsi olmaq və onları parlamentdə layiqli şəkildə təmsil etmək üçün əlimdən gələni edəcəyəm. Təbliğat-təşviqat kampaniyamız davam etməkdədir. Bilirsiniz ki, mən iki bölgədən - Marneuli və Qardabani rayonundan namizədəm. Ona görə də görüşlərimiz bu iki rayona daxil olan hər bir kənddə keçiriləcək. Maksimum şəkildə əhali ilə görüşüb, onların problemlərini yerində öyrənib, gələcək fəaliyyət planımızdakı əsas prioritetləri müəyyən edəcəyik. Ümumilikdə bundan öncəki fəaliyyətim dövründə olduğu kimi, bundan sonra da kabinetdə oturmaqla deyil, xalqın içində olmağa, vətəndaşlara xidmət etmək prinsipinə üstünlük vermişəm.


- Azərbaycanlıların yaşadığı regionda vaxtilə mühüm vəzifələrdə çalışdığınız üçün soydaşlarımızı narahat edən problemləri hər kəsdən daha yaxşı bilirsiniz. O problemlərin həlli üçün indiyə qədər hansı işləri görübsünüz? Müsbət nəticələr varmı?
- Gənclik illərimdən bu günədək mənim işim icma ilə olub. İstər ictimai sektorda, istərsə də dövlət işində, daima çalışmışam ki, əhalini narahat edən problemləri dərindən araşdırım, onların həlli istiqamətində çalışım. İndiyə qədər bununla bağlı bir çox mühüm layihələr həyata keçirmişik. Lakin hər vəzifənin öz miqyası və öhdəlikləri var. Bəzən daha geniş fəaliyyət üçün o çərçivəni aşmaq mümkünsüz olur. Lakin Marneuliyə mer seçiləndən sonra fəaliyyət istiqamətim dəyişdi, daha geniş şəkildə çalışa bildik. Beləliklə, Marneuli meri olaraq bir il fəalliyət göstərdim. Tam əminliklə deyə bilərəm ki, bir il ərzində verdiyim vədlərin 90 faizini yerinə yetirə bildim. Bizim üçün əsas problemlərdən biri infrastrukturla bağlı idi. O cümlədən su məsələsi bizim üçün ən önəmli məsələlərdən idi. Bir çox kəndlərdə bu problem illərdir ki, mövcud idi. Bu məsələni biz köklü şəkildə həll etdik. Bir çox böyük kəndlərdə əsaslı şəkildə su xətləri salındı, yeni su anbarları inşa edildi. Əgər 2012-ci ildə su ilə təminat 10 faiz idisə, biz bu faizi 85-90 faizə qaldırdıq. 2021-ci ilədək bu layihə tam olaraq başa çatacaq və əhali 24 saat içməli su ilə təmin ediləcək. Biz çalışırıq, bu problemi əsaslı şəkildə həll edək. Buna görə də bəzi kəndlərdə bu məsələnin həlli bir az çox zaman aldı. Lakin söz verdiyimiz kimi, susuz heç bir ev qalmayacaq. Eyni zamanda mərkəzi və daxili yolların asfaltlaşdırılması prosesi sürətlə həyata keçirildi. Yaxın gələcəkdə Marneulidə asfaltsız yol qalmayacaq. Küçələrin işıqlandırılması və tullantılar üçün konteynerlərin quraşdırılması kimi məsələlər də həllini tapıb.


- Bəs, gənclərlə, onları qayğılandıran məsələlərlə bağlı hansı işləriniz, fəaliyyətiniz olub?
- Mən uzun müddət gənclər sahəsində çalışmışam və gəncliyin problemləri ilə də yaxından tanışam. Ona görə də ən əsas iş prioritetim gənclər sahəsidir. Mer seçildikdən sonra da ilk addımlarımızdan biri bu sahə ilə bağlı oldu. Hazırda meriyada gənclərlə işləyən xüsusi şöbələr var. İlk dəfə biz tələbə-gənclərin inkişafı istiqamətində mühüm konsepsiya hazırlamışıq. "Gənclər layihəsi 2020” konsepsiyası bir neçə əsas layihədən ibarətdir. Birincisi təqaüd proqramlarıdır. Bura tələbələrin yol xərclərinin ödənməsi, yüksək nəticə ilə təhsil alan gənclərə ildə birdəfəlik 1000 lari dəyərində mükafatın verilməsi, aztəminatlı ailədən olan gənclər üçün xüsusi imtiyazların tətbiq edilməsi daxildir. Gənclərin ideyalarına dəstək verilməsi, bu məqsədlə kiçik qrant müsabiqələrin keçirilməsini də qeyd edərdim. Üçüncüsü isə dəyişim proqramlarıdır ki, buraya ekskursiyalar, şəhərlərarası kommunikasiya və sair daxildir. Konsepsiyaya əsasən gənclərin ideyalarının dəstəklənilməsi üçün meriya tərəfindən kiçik qrantların ayrılması, tələbələr üçün təqaüd proqramları, tələbələrin yol nəqliyyat haqlarının qarşılanması, gəzintilər, müxtəlif aktivliklər təşkil edirik. Eyni zamanda tələbələr üçün meriyada təcrübə proqramları var ki, bu proqram nəticəsində onlarla gənci işlə təmin edə bilmişik.


- Soydaşlarımızı hazırda hansı problemlər narahat edir?
- Qarşıda duran əsas problemlər infrastruktur, bir qədər əvvəl vurğuladığım kimi, su və suvarma problemi, həmçinin kənd təsərrüfatının inkişafı, təhsil problemləri, gənclərin inkişafı və digər məsələlərlə bağlıdır. Bu və digər problemlərin həlli istiqamətində müxtəlif ideya və iş planımız nisbətən hazırdır. Bəzilərinin həllinə artıq başlamışıq. Platformamızın əsas prioritetləri infrastruktur layihələrinə, sosial məsələlərə, gənclər və idman sahəsinə yönəlib. Bundan başqa ən vacib məsələ regiona investorların cəlb edilməsidir. Bununla biz işsizlik faizini minimuma endirməyi planlaşdırırıq. Yeni iş yerlərinin açılması üçün əlimizdən gələni edəcək, başladığımız işi sürətlə davam etdirəcəyik.


- Deputat seçiləcəyiniz təqdirdə fəaliyyətinizi necə quracaqsınız?
- Seçicilərimin təklif və problemlərini nəzərə alaraq, hər iki rayonda mövcud olan problem və boşluqların aradan qaldırılmasına çalışacağam. Nəzərə alaq ki, hər iki rayon aqrar rayondur. Burada əsas məsələ kənd təsərrüfatının inkişafıdır. Bu istiqamətdə bir çox güzəştlərə və dəyişikliklərə ehtiyac var. Eyni zamanda illərdir həllini gözləyən önəmli problem torpaq qeydiyyatı islahatlarının aparılmasıdır. Bu məsələ vətəndaşlara müəyyən maneələr törədir. Azərbaycanla Gürcüstan arasındakı dostluğun inkişafına töhfə vermək əsas hədəflərimdən biridir. Bu əməkdaşlığı daha çox inkişaf etdirmək üçün çalışacağam. Bir sözlə, ölkəmizin inkişafı naminə yorulmadan çalışıb seçicilərimin etimadını doğrultmağa çalışacağam.


- Seçicilərinizə son sözünüz nədir? Onlara əlavə olaraq nəyi çatdırmaq istərdiniz?
- Öncə, üzərimə bu böyük məsuliyyəti qoyub mənə inandığı üçün partiyamızın rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Marneuli və Qardabani mənim üçün doğma rayonlardır. Marneulidə anadan olmuşam, mənim ailəm və nəslim burada yaşayır, özüm də bu günümü və gələcəyimi bu rayonla bağlamışam. Qardabani də mənim üçün doğmadır, insanları əzizdir. Hər şeydən öncə, seçicilərim qarşısında məsuliyyətim, parlamentdə onların layiqli səsi olmaqdır. Bu məsuliyyəti üzərimə götürərək onları əmin etmək istəyirəm ki, hər zaman onların yanlarında olacağam, verdiyim sözlərin hamısını yerinə yetirəcəyəm. Bunu marneulilər yaxşı bilir. Bir illik merlik dövrümdə və bundan öncə çalışdığım vəzifələrdə hər zaman əlimdən gəldiyinin artığını etmişəm ki, xalqın etimadını doğrulda biləm. Buna görə üzümü tutub hər bir seçicimə dərin minnətdarlığımı bildirirəm. Onlar bir dəfə mənə güvənib səslərini etibar etdilər. Bu seçkidə də məni dəstəkləyəcəklərinə əminəm. Çünki mənim üçün əsas hədəf xalqımın rifahı olub. Bir il öncə, eləcə də bu gün onların qarşısına üzüağ, yerinə yetirilmiş vədlərin hesabatı ilə çıxa bilirəmsə, əmin olun ki, dörd il ərzində də hər görüşdə seçicilərimin qarşısına təmiz vicdanla, görülmüş bir çox işlərin hesabatı ilə çıxacağam. Biz ölkəmizi birlikdə inkişaf etdirəcəyik. Birlikdə Gürcüstanın uğuru naminə!

Rufik İSMAYILOV









banner

Oxşar Xəbərlər