Bitkoini yaxın 10 ildə nə gözləyir?
Günlərdir ABŞ-la
Çin arasında davam edən ticarət müharibəsi Bitkoinin kəskin bahalaşması ilə
nəticələnib. Fins.az-ın məlumatına görə, Çində sərmayəçilər yuanı Bitkoin və
digər valyutalara çevirirlər.Məlumata görə, kriptovalyutanın dəyəri son
24 saat ərzində 14 faizdən çox artaraq 8148 dollara qədər yüksəlib. Xatırladaq
ki,ABŞ hökuməti mayın 11-də 300 milyard dollar məbləğində Çin mallarına
qarşı rüsumu 10%-dən 25%-ə qədər qaldırıb. Çin hökumət isə ötən gün iyunun
1-dən etibarən ümumi dəyəri 60 milyard dollar olan ABŞ məhsullarına 5-25%
gömrük vergisi tətbiq ediləcəyini açıqlayıb. Bundan başqa, 2493 məhsul üçün
gömrük rüsumu 25% təyin olunacaq. Ümumilikdə isə yeni tariflər 5 min məhsula
şamil ediləcək.
Bəs görəsən
kriptovalyutaların bazardakı mövqeyi hazırda necə dəyərləndirilir? Ümumiyyətlə
yaxın gələcəkdə Bitkoini nə gözləyir?
İqtisadçı-ekspert
Rəşad Həsənov söyləyir ki, yaxın 10 il ərzində dünyada tədavülün
əhəmiyyətli qismi kriptovalyutalar vasitəsi ilə həyata keçiriləcək: "Bu proses
artıq başlayıb və gələcəkdə qaçılmaz olacaq. Blokçeyn texnologiyasının
innovativ tərəflərinin müxtəlif üstünlükləri var. Sürət, tranzasiya xidmətlərinin
aşağı olması valyutanın bu növünə olan marağı daha da artır. Son dövrlərdə
müxtəlif ölkələrin mərkəzi bankları kriptovalyutalara daha ciddi yanaşmağa
başlayıb. Bir neçə ölkədə kriptovalyuta investisiyasına rəsmi olaraq
başlanılıb. Bu kontekstdən yanaşdıqda növbəti 10 illiklər ərzində böyük
ehtimallarla ticarət dövriyyəsi, vəsaitlərin köçürülməsi istiqamətində
kriptovalyutaların payı sürətlə artmağa başlayacaq. Bu da davamlı olaraq
bazarda qiymət dəyişmələrinə gətirib çıxaracaq. Hazırda ciddi risklər mövcuddur.
Ən çox tanınan kriptovalyuta növü olan Bitkoinin qiymətinin kəskin dəyişməsi
məhz bu risklərdən qaynaqlanır. Çünki valyutanın bu növünün arxasında hər hansı
iqtisadiyyat və ya qüvvə dayanmır. Eyni zamanda, hüquqi təminat yoxdur. Əksər
hallarda Bitkoinin cinayətkar qrupların əlində alətə çevrilməsi ilə bağlı
risklərin olması dünya banklarının bu istiqamətdə tənzimləmə mexanizmlərini
təkmilləşdirməsi və daha mühafizəkar mövqedən çıxış etməsinə gətirib çıxarır.
Nəticədə qiymətlər tez-tez qalxıb-enir. İndiki şərtlər daxilində Bitkoinin
qiyməti onun real dəyərini əks etdirmir. Dövriyyə dəyişsə və hüquqi tənzimlənmə
istiqamətində effektiv mexanizmlər formalaşdırılsa, kriptovalyutalar bazarda
özünə etibarlı və dayanıqlı mövqe tapa bilər. Bu isə valyutanın bu növünə
marağı daha da artırmaqla, tədavüldə həcminin artmasına gətirib çıxara bilər.
Əslində bazar elə də böyük deyil. Yəni təxminən 250 milyon ABŞ dolları
dəyərində dövriyyədən söhbət gedir. Hər hansı qlobal oyunçunun kriptovalyutaların
alışına və satışına başlaması da qiymətlərə təsir göstərir. Bir sıra
hökumətlərin səsləndirdiyi fikirlər qiymətləri birbaşa olaraq öz təsiri altına
ala bilir. ABŞ-la İran arasında müəyyən təhlükələrin ortaya çıxması ilə yeni
risklər formalaşıb. Belə bir dövrdə alternativ maliyyə alətlərinə yönəlmələr
artır. Kriptovalyutalara olan tələb artır və bu da qiymətləri artıran
məqamlardandır. Bəzi ölkələr ödəniş sistemlərinin xidmətlərindən tam olaraq
yararlana bilmir. Buna görə də alternativlərdən istifadəyə üstünlük verirlər.
Bu özü də bazarda tələbi artırır. Kriptovalyutalarla bağlı pozitiv
açıqlamaların səsləndirilməsi valyutanın bu növünün dəyərinin yüksəlməsinə
səbəb olur”.
İT üzrə mütəxəssis
Şaiq Muradov deyir ki, Bitkoinə investisiya kimi yanaşılır: "Kriptovalyutalar
əslində alternativ valyutadır. Bizdə kriptovalyuta deyildikdə, yalnız Bitkoin
nəzərdə tutulur. Amma əslində kriptovalyutanın bir çox növləri var. Bu valyuta
növünün üzərində dayandığı Blokçeyn sistemi gələcək üçün alternativ formalaşdırır.
Bitkoin olmasa da, gələcəkdə bu texnologiya üzərində alternativ
kriptovalyutalardan geniş istifadə olunacaq. Hələlik Bitkoinə investisiya kimi
yanaşılır. Əksəriyyət Bitkoin alır və qiymətlər qalxdığı zaman satışa çıxarır.
Tələb və təklif çox olduqca, yaxud məşhur bir şirkət öz portfoliosuna Bitkoin əlavə
etdiyi zaman qiymətlər sürətlə artır. Bundan imtina edildiyi vaxt isə qiymətlər yenidən aşağı düşür. Bitkoinin
dəyərdən düşməsinin əsas səbəblərindən biri bir sıra ölkələrdə qadağa qoyulması
idi. İndiki halda qiymətlər haqqında proqnoz vermək çox çətindir. Çünki qiymət
dəyişmələri böyük oyunçuların daha çox xeyrinədir”.
Telekommunikasiya
üzrə mütəxəssis Elçin Verdiyev bildirdi ki, kiçik ölkələrdə
kriptovalyutaların perspektivi o qədər də böyük deyil: "İqtisadiyyatı və İKT
sektoru daha böyük olan ölkələrdə və qlobal şirkətlərdə valyutanın bu növünün
geniş perspektivləri var. Azərbaycan kimi kiçik ölkələrdə bu sahənin inkişafı o
qədər də əhəmiyyətli deyil. Çünki hələlik enerji sektoru İKT sektorunu üstələməkdədir.
Kriptovalyutaların məşhurlaşmağı üçün İKT sektorunun daha da böyüməsinə ehtiyac
var”.
İT üzrə mütəxəssis
Qafar Əhmədov qeyd etdi ki, kriptovalyutalar o ölkələrdə inkişaf edə bilər ki, orada virtual
ödəmələrdən geniş istifadə olunsun: "Ölkəmizdə valyutanın bu növünün inkişaf
edəcəyi yaxın 10 ildə mümkün görünmür. Kriptovalyutalar virtual pul vahididir.
Amma qiymətlər stabil olmadığına görə böyük risklər var. Bir gün ərzində Bitkoinin
qiyməti 10 min dollara qədər ucuzlaşa bilir. Bunun arxasında isə hansısa
qüvvələr dayanır. Çünki Blokçeyn başqa bir mexanizm üzərində qurulan
texnologiyadır. Hələlik insanlar Bitkoindən istifadəyə öyrəşməyib. Gələcəkdə bu,
baş verərsə, bizim istifadə etdiyimiz pul vahidindən daha əlverişli ola bilər.
Amma sən bu valyuta növünü cibində gəzdirə bilməzsən. Ona görə də bu valyutaya
etibar edilmir”.
Şəbnəm Mehdizadə