Birinci vitse-prezident Mehriban Əliyevaya Rusiyanın “Dostluq” ordeni təqdim edilib

Birinci vitse-prezident Mehriban Əliyevaya Rusiyanın “Dostluq” ordeni təqdim edilib

Siyasət
22 Noyabr 2019, 23:16 774
Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidentinin ölkələrimiz arasında münasibətlərin inkişafındakı rolunu yüksək qiymətləndirib
 
Moskvada rəsmi səfərdə olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Bu barədə "RİA Novosti” məlumat yayıb.
Görüş zamanı Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya "Dostluq” ordenini təqdim edib.
V.Putin M.Əliyevaya dövlət mükafatını Novo-Oqaryovadakı iqamətgahında təqdim edib.
Rusiya Prezidenti bu mükafatın təqdim olunmasını məntiqli qərar adlandırıb: "Bu mükafat təkcə bura gəldiyinizə və Azərbaycanın ən yüksək vəzifəli şəxslərindən biri olduğunuza görə deyil. Bu, işinizlə, fəaliyyətinizlə, dövlətlərarası münasibətləri bugünkü yüksək səviyyədə saxlamağınızla əlaqəlidir və biz bunu çox yüksək qiymətləndiririk”.
V.Putin qeyd edib ki, ordenin adı Mehriban Əliyevanın Rusiya-Azərbaycan münasibətlərindəki rolunu göstərir.
Birinci vitse-prezident Mehriban Əliyeva Vladimir Putinin onu Rusiyanın əsl dostu adlandırmasını böyük şərəf kimi qiymətləndirib.
Rusiyanın dövlət başçısı görüş zamanı bildirib ki, dekabrın 20-də Prezident İlham Əliyevlə görüşəcək: "Azərbaycan Prezidentinə ən xoş arzularımı çatdırın. Ümid edirəm ki, onunla dekabrın 20-də Sankt-Peterburqda görüşəcəyik”.

Birinci vitse-prezident Mehriban Əliyeva, öz növbəsində Prezident İlham Əliyevin Vladimir Putinə salamını söyləyərək, "Azərbaycan Prezidentinin də sizə uyğun vaxtda ölkəmizə dəvətini çatdırıram” deyib.

Qeyd edək ki, dekabrın 20-də Sankt-Peterburqda Avrasiya İqtisadi Birliyinə daxil olmayan MDB ölkələrinin dövlət başçılarının iqtisadi birliyin qeyri-rəsmi sammitində görüşü keçiriləcək.