• cümə, 19 Aprel, 23:29
  • Baku Bakı 24°C

Birdən dil olmasa...

24.05.20 14:00 1290
Birdən dil olmasa...
Zaman-zaman içində tək qaldığımız dünyanın axirətini düşünürəm. Təsəvvür edəndə ki, göy üzündə milyardlarla ulduzun içində sadəcə insan olan bizik və sonrası məchul olan bir sınağın marionetləriyik, əbədi suallar yenə başıma tökülür. Onsuz da milyardlarla ulduzlara yad olan bizlər bir də bir-birimə yadıq. Təklik içində təklik yaşayırıq. Dillərimiz ayrı, bir-birimizi necəsə anlamağa çalışırıq. Dil insanlara günahının cəzası kimi verilib. Məşhur babil miflərində gecə-gündüz göy üzünü dəlib ona çatmaq istəyən adamların dillərini qarışdırıb hərəsini dünyanın bir bucağına atan Tanrı haqqında hekayə var. Öz yaradılışına çatmaq, onunla bu dünyaya göndərilən ölümcül sualların cavabını tapmaq istəyən adəmin oğulları dillərindən ayrı düşürlər. Sivilizasiya arın yaranması, fərdlərin təkamülü bu uçurumları bir az daha dərinləşdirir. Elə bilirdik ki, dünyanı öyrəndikcə, onu ilmə-ilmə kəşf elədikcə aramızdakı məsafələr minimum olacaq. Amma yanıldıq. Elmin inkişafı xoşbəxtlik gətirdiyi qədər bədbəxtlik də gətirdi, göyə çıxmaq istəyən insanı torpağın iki-üç metr altına gömdü. Dillər arasındakı savaşın yaratdığı ədəbiyyatlar yenidən dünya ədəbiyyatı kimi eyni rəfdə toplanmaq istəsə də, milli ədəbiyyat, yəni milli dil anlayışının qarşısında bu proses də zəifləyir. Adamlar bölünməyə, özlərinin mahiyyətindəki vahidliyi sındırmağa könüllü oldu. Bu gün Babil mifləri nə qədər aktualdı, bir az müzakirəli və ayrıca yazılası mövzudur. Amma çox güman ki, fırlanıb, dolaşıb yenə eyni mənbəyə, eyni məcraya gələrik.
Dil fikrin, düşüncənin konseptləşmiş təzahürüdür. Onun mutasiyası başqa bir məfhum yox, elə dilin özüdür. Dil düşüncə qədər yeyin, düşüncə qədər elastik olduğu üçün zaman fasilələrində baş verən bütün proseslərə bizdən asılı olmayaraq (həm də olaraq) özü reaksiya verir. Sözlərin, ifadə şəkillərinin bir-birindən törənmədiyi halda belə dil öz funksiyasını insanın müşahidə qabiliyyəti ilə yerinə yetirməyə can atır. Alimlər yüz uşağı fərqli kameralarda heç bir ünsiyyət əlaqəsi olmadan saxlayırlar. Müəyyən müddətdən sonra yüz fərqli dillə onlara müraciət edən tamam fərqli fərdlərlə qarşılaşırlar. Onların özlərini ifadə etdikləri dillərin hamısı ivrit dilinə uyğun gəlsə də, modifikasiya xətaları gözdən qaçmır. Uşaqların böyümə dövründə dillər getdikcə daha çox fərqlənməyə başlayır və nəticədə bütün kodlar qarışır. Lakin qarışan kodların açar sözləri onların valideynlərinin dilinə müəyyən qədər yaxınlıq təşkil edir. Dil təfəkkür hadisəsindən genetik hadisəyə çevrilir. Təkcə metafizik mahiyyətində deyil, həm də bioloji mahiyyətində özünü büruzə verməyə başlayır.
Son aylarda yaşananlar dillərə hansı prizmadan təsir göstərəcək, bunu hələ bir neçə on illikdən sonra müəyyən edəcəyik. Amma insanların izolyasiya şəraitində, virtual olaraq sosial, reallıq olaraq asosial qaldığı bir dövrdə (ki, bu yeni əsrin başlanğıcından belədir) düşüncə minimum alqoritmlərlə, dil minimum lüğətlə varlığını qoruyur. Belə olan halda yazının və dilin mahiyyətcə eyni yerdən qidalandığını deyə bilsək də, təzahür şəkillərindən hansının daha aktual olduğunda mübahisələr yaranır.
Bəs dil böyük kontekstdə yoxa çıxarsa, gərəksiz qalarsa, düşüncələrimizdə, təxəyyülümüzdə hansı proseslər necə və nə ilə dinamikləşir? Milyon illərdi günahlarının cəzasını öz ağızlarında daşıyan insanlar bir andaca bu cəzadan qurtulmaq istəsələr, dildən, ünsiyyətdən imtina etsələr nə baş verər. İlk dilin birdən-birə minlərlə dilə bölünməsi prosesində olduğu kimi insanlar arasındakı fərqlər çoxalarmı, yoxsa dillərin vahid genetik kodlarının aşkara çıxmasından sonra bu yadlaşmanın başqa səbəblərini axtaranların əlində ciddi dəlillərmi toplanar? Səsi ifadə etmədən sözə, sözü ifadəsiz cümləyə, cümləni vizual şəklə salmadan mətnə çevirmək mümkün ola bilərmi? Süni intellektin yazdığı şeirlər, ssenarilər, apardıqları diskurslar sualımızın cavabını müəyyən mənada vermiş olur. Bəs ünsiyyətin ruhsal qatındakı konturları yazıda nə qədər ifadə edə biləcəyik? Qodarın "Əlvida, dil!” filmindən sonra bu qədər sualların dilimi deyil, təxəyyülümü məşğul etməsi bəlkə rejissorun yuxarıdakı suallara cavabıdır elə, bilmirəm.
P.S. Mətndə dil mətnin özəyini təşkil edən yox, onu vizuallaşdıran element kimi istifadə olunub.

Rəvan Cavid
banner

Oxşar Xəbərlər