AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bir illik zəhmətin 15 dəqiqəlik nəticəsi

Bir illik zəhmətin 15 dəqiqəlik nəticəsi

Mədəniyyət
25 Oktyabr 2013, 10:43 2063
Bu gün Azərbaycanda cizgi filmlərinin, elmi dildə desək, animasiya filmlərinin durumu heç də ürəkaçan deyil. Belə ki, əcnəbi cizgi filmləri ilə böyüyən uşaqların tərbiyəsinin formalaşmasında daha çox rus və türk cizgi filmlərinin təsiri hiss olunmaqdadır. Valideynlər isə yerli filmlərin çəkilməməyindən şikayətlənərək, bu sahədə heç kimin marağının olmadığını söyləyirlər. Məsələ isə heç də animasiya sahəsində filmlərin hazırlanmamağında deyil. Filmlər çəkilir, ancaq...
Dünən “Azanfilm” studiyasının rəhbəri, gənc rejissor Fariz Əhmədovla söhbət etdik. Redaksiyamıza qonaq gələn Fariz Əhmədov verdiyimiz bütün sualları ətraflı şəkildə cavablandırdı.

Ən güclü kimdir?

– Fariz müəllim, sizi əvvəllər kinorejissor kimi tanıyırdıq. İndi isə “Azanfilm” studiyasının rəhbərisiniz.

– Bəli, bu mənim üçün yeni bir sahə idi. Bu sahədə işləmək mənə maraqlı gəldi, ona görə edilən təkliflə razılaşdım. Bu işlə məşğul olandan bəri günün 12-13 saatını bu sahəni öyrənməyə, araşdırmağa sərf edirəm. Daha çox kino sahəsində rejissor kimi işləmək istəyərdim. “Azanfilm”ə gələndə də əslində birinci öz işimi başa çatdırdım. Belə ki, “Əriyən ada” filmini çəkdik. Ümumiyyətlə, administrasiya və təşkilati işlər bir qədər yaradıcılığı arxa plana qoyur, çünki hər zaman aktiv həyat sürürsən. Şəxsi yaradıcılığı fikirləşmək bir qədər arxa plana keçir. Çünki hər bir işin məsuliyyətini hiss edirsən. Təkcə təşkilati işlər deyil, studiyanın maliyyə xərcləri, işçilərin gündəlik fəaliyyət tərzi, iş qrafiki, yəni qeyd etdiklərimin hamısı buraya daxildir. Biz studiyaya gələndə burada 4 nəfərlik kollektiv var idi. İndi isə 20-yə yaxın şəxslə işləyirik. Bu baxımdan, əlbəttə ki, rejissor olmaq daha asan, daha rahatdır. Burada isə həm yaradıcılıq, həm də təşkilatçılıq baxımından işlər çox çətindir.
Məqsədimiz isə Azərbaycanda animasiya filmləri sahəsini qaldırmaq, inkişaf etdirməkdir. Hətta bu il iki əməkdaşımızı Rusiyaya kursa göndərdik. Ümumiyyətlə, problemimiz ondan ibarətdir ki, bu sahədə mütəxəssis yoxdur və Azərbaycanda olan istər orta ixtisas məktəbləri, istər texnikumlar, istərsə də ali məktəblərdə heç bir animator hazırlığı görülmür. Bugünkü animatorlar 60 yaşından yuxarı olan insanlardır. Onlar da barmaqla sayılan mütəxəssislərdir. Cavanların isə bu sənətə marağı yoxdur. Məqsədimiz hal-hazırda o marağı artırmaq, onları bu sahəyə cəlb etməkdir. Bu proyektdə də demək olar ki, 90 faiz gənclər işləyirlər. Bilirik ki, birdən-birə uğur əldə etmək çətindir. Çalışırıq ki, onların da peşəkarlığını artıraq, onları müxtəlif kurslara göndərək. Proses gedir, yəqin ki, real nəticələr bir neçə ilə göz qabağında olacaq.

– Hazırda animasiya filmi hazırlayırsınızmı?

– Bəli. “Ən güclü kimdir?” adlı bir animasiya istehsala buraxılıb. Bu film 3D formatındadır və Azərbaycanda ilk dəfə olaraq çoxpersonajlı bir film olacağını söyləyə bilərəm. 15 dəqiqə ərzində nümayiş olunan animasiya filmində hardasa 25-ə yaxın personaj iştirak edəcək. Filmi yəqin ki, fevral ayında tam şəkildə təhvil verəcəyik. Hazırda animasiya işləri gedir.

Valideynlər məsuliyyətli olmalıdır

– Bir tamaşanı rejissorlar təxminən 3 aya hazırlayırlar. Bir filmi hazırlamaq üçün 5-6 ay sərf olunur. Animasiya filmi isə 1 ilə başa gəlir. Animasiya filmini çəkmək bu qədərmi çətindirmi?

– Tamaşada dekorasiya insanın əli ilə hazırlanır. Kinoda isə hazır obyektlər, aktyorlar var və orada heç nə yenidən qurulub tikilmir. Əgər rejissorun presskonferensiya otağı varsa, o, filmi rahat şəkildə çəkə bilər. Animasiyada iş belədir ki, fonlardan tutmuş hərəkətə qədər hər şey sıfırdan yaradılır. Klassik animasiyada bu, əllə çəkilir. Müasir animasiyada isə bunların hamısı kompyuter vasitəsilə hazırlanır. Yəni ilkin proses bitdikdən sonra ssenari gəlir, personajlar yaranır, sümüklər qoyulur, rənglənir, daha sonra render prosesi başlayır. Vaxtın çoxunu da render prosesi aparır. Yığılmış material kompyuterdə render prosesindən keçir və bu proses aylarla davam edə bilir. İndi daha müasir, inkişaf etmiş texnikalar var ki, 10 dəqiqəlik animasiyanı 30 nəfərlik qrupla 3 aya da hazırlamaq olar. Amma hazırkı gücümüzlə biz 15 dəqiqəlik filmi bir ilə hazırlaya bilirik. Bunun özü yaxşı göstəricidir. İldə 10 film çəkən bir studiyaya sərf edən müasir texnika - makaplar var. Makap insanın hərəkətdə olan yerlərinə qoşulur və bunun vasitəsilə ekrandakı personajı hərəkətə gətirmək olur. Bu isə indiki zamanda bizə lazım deyil, çünki ildə 2-3 film istehsal edirik və o cür bahalı texnikanı alıb yatızdırmağın mənası yoxdur. Bu, daha çox seriallarda özünü göstərir. “Maşa və ayı” cizgi filmində də həmin texnologiyadan istifadə olunur.

– Psixoloqlar qeyd edir ki, “Maşa və ayı” cizgi filmi uşaqların psixologiyasına pis təsir edir. Hətta valideynlər Maşanın ayının başına açdığı oyunları uşaqlarının da onların başına açdıqlarını söyləyirlər.

– “Maşa və ayı”ya baxan uşaqlar psixoloqların dediyi kimi, həddən artıq ərköyün olur. Adətən cizgi filmi izləyən uşaqlar gördüklərini təkrar etməyə başlayırlar. Ümumiyyətlə, animasiyalı filmlər uşaqları əyləndirmək və başlarını qatmaq üçün hazırlanır. “Maşa və ayı”da daha çox rus ənənəsi, rus mədəniyyəti təbliğ olunur. Rusiyada uşağın valideyni ilə danışmaq tərzi ilə, Azərbaycandakı danışıq tərzi tamam başqadır. Bu baxımdan, Rusiya üçün bu cizgi filmi normal qarşılanır. Amma bizim üçün nə qədər normal olması sual altındadır. Burda valideynlərin də üzərinə çox böyük yük düşür. Təəssüf ki, valideynlər uşaqların başını qatmaq üçün mahiyyətinə varmadan əllərinə keçən cizgi filmini uşaqlara göstərilər. Bu prinsiplə bizi uğurlu gələcək gözləmir.
Sovet dövründə senzura deyilən bir şey vardı. Ssenari prosesində film başlanırdı ələnməyə. Film çəkilməmişdən öncə müzakirə olunurdu. İndiki dövrdə isə o, yoxdur. Hazırda hər hansı rus prodüserinin pulu varsa, o, istədiyini istehsalata buraxır. Son nəticədə o cizgi filmi Azərbaycan televiziyasında da göstərilir.

Uşaqlar üçün işləyirik

– Bizdə hər zaman animasiya filmləri sahəsində kadr azlığı yaşanıb. Bəs indi vəziyyət necədir?

– Mən də animator təhsili almamışam. “Azanfilm” studiyasına prodüser kimi rəhbərlik edirəm və sırf animatorluq sənətinə gəldikdə, doğrudan da bu sahədə kadr yoxdur. Kadr o zaman yetişir ki, ona böyük ehtiyac yaranır. Bu gün çox adam ya polis olmaq istəyir, ya hüquqşünas, ya da müəllim. Çünki bu sahədə davamlı iş var. Animator sahəsində isə bir il iş olur, ikinci il olmur. İldə bir, yaxud iki film olur. 5-6 nəfər mütəxəssis gəlir və onlar ikinci il işsiz qalanda uzaqlaşıb, başqa bir sahəyə gedirlər. Burada əlbəttə ki, ilk növbədə davamiyyəti təmin etmək lazımdı ki, vaxtını-ömrünü bu sənətə qoyan insan sabah qaçıb getməsin. Bu gün Azərbaycanda ildə üçdən artıq animasiya filmi əldə etmək mümkün deyil. Ona görə yox ki maliyyə yoxdur, ona görə ki, kadr yoxdur. Kadr iş prosesində yetişir, təkmilləşir və filmdən-filmə artıq görünür ki, bu insan hansı yolu keçib. Biz filmə başlayanda əvvəlində kimsə nəyisə edə bilmirdisə, bu gün onu rahat şəkildə edir. Burada müxtəlif üsullar var. Müxtəlif animasiya studiyaları öz studiyalarının içində öz kurslarını açır, gənclər studiyada işləyən peşəkarlara təhkim olunur və onlar da iş prosesini görürlər. Növbəti iş prosesində onlar artıq rəssam, animator, “fazovşik” kimi işə qatılırlar. Biz də qarşımıza həmin prinsipi məqsəd qoymuşuq. Yəqin ki, bir neçə aydan sonra öz studiyamızın nəzdində kurslarımızı açacağıq ki, bura lazım olan insanları seçib işlədə bilək.

– Moskvada kinematoqrafiya üzrə təhsil almısınız. Həmin kursun bəhrəsini nə dərəcədə görə bilirsiniz?

– Rusiyada VGİK Kinematoqrafiya Universiteti dünyada açılmış birinci kino akademiyasıdır. Hər bir kinematoqrafçı böyük fəxrlə bu institutda oxumağı arzu edir. Mənim arzularımdan biri də burada oxumaq idi. 2010-cu ildə təsadüf nəticəsində Moskvada idim və o universitetə qəbul elan olunmuşdu. Mən də imtahan verdim, qəbul oldum. Dövlət dəstək oldu, oxuduq, bitirdik, gəldik. Mən fərqlənmə diplomu ilə bitirmişəm. “Mayak” filmi mənim orada diplom işim olub. Ümumiyyətlə, universitet bir emalatxana şəklindədir – bir ustad təhsil boyu müxtəlif sahələrlə məşğul olur. Bu dəqiqə dünyada məşhur olan rus kinosunun müəllifləri ustad dərslərinə dəvət olunur və universitetin çox yaxşı texniki bazası var. Yəni müntəzəm olaraq çəkirsən, montaj edirsən. Bu, dünyada yeganə universitetdir ki, 24 saat qapısı bağlanmır. Təsəvvür edin ki, burada tədris 24 saat gedir.

Giriş pulsuzdur

– Maraqlıdır, bu gün azyaşlı tamaşaçılar daha çox nəyə maraq göstərir, “Azanfilm” studiyası o marağı təmin edə bilirmi?

– Biz fevral ayında Bakıda və Bakı ətrafında olan on rayonda cizgi filmləri həftəsi keçirdik. Məqsədimiz ondan ibarət idi ki, studiyanın son istehsal etdiyi müxtəlif janrda olan filmləri tamaşaçılara göstərək. Müxtəlif məktəblərdə nümayişlər təşkil etdik və son nümayişimizi həftənin sonu kimi “Nizami” kinoteatrında işıqlandırdıq. Ora uşaq evlərindən uşaqları dəvət etmişdik. Əlbəttə, biz ilk növbədə uşaqlar üçün işləyirik və bizə maraqlıdır uşaq hansı tipdə, mövzuda filmlərə daha çox baxmağa üstünlük verir, onun üçün nə maraqlıdır? Bugünkü Azərbaycan uşaqları daha çox əyləncəli və dinamik filmlərə baxmağa üstünlük verir. Bu tipə uyğun olaraq da “Ən güclü kimdir?” filmini fikirləşdik və istehsalata buraxdıq. Bizim məqsədimiz uşağı əyləndirməklə yanaşı, həm də maarifləndirməkdir. Cizgi filmləri hər bir uşağın formalaşmasında böyük rol oynayır.

– “Azanfilm” studiyasının turizm filmləri festivalına təşkilati dəstək verdiyini eşitdik.

– Bəli. “Azanfilm” Beynəlxalq Turizm Filmləri Festivalının bilavasitə təşkilatçısıdır. Festival Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə keçirilir. Festivalın rəsmi sponsoru Garant Holding, sponsoru Nar Mobile, rəsmi tərəfdaş JW Marriot Absheron Baku Hoteldir. Festival 20-24 noyabr tarixlərində “Nizami” kinoteatrında olacaq. Girişin azad və sərbəst olması nəzərdə tutulur. Festival 7 nominasiya üzrə keçirilir, hər nominasiyada birinci mükafat 2 min avro, qran-pri isə 4 min avrodur. Onu da bildirim ki, festivalın açılışı məşhur fransız aktyoru Depardyenin çəkildiyi “Qafqaza qayıdış” filminin premyerası ilə olacaq. Bundan başqa, tamaşaçılar digər maraqlı filmləri də proqramda görə biləcəklər.

Xəyalə Rəis