Beynəlxalq Valyuta Fondunun açıqladığı rəqəmlər təsadüfi deyil

Beynəlxalq Valyuta Fondunun açıqladığı rəqəmlər təsadüfi deyil

İqtisadiyyat
16 Oktyabr 2019, 19:58 333
Beynəlxalq Valyuta Fondu (IMF) "Global Economic Outlook” hesabatının oktyabr sayını geniş ictimaiyyətə təqdim edib. Trend-in məlumatına görə, hesabatda Azərbaycanda iqtisadi artımla bağlı proqnozlar da yer alıb. Fondun ekspertlərinin proqnozlarına görə, bu il Azərbaycanda 2,7 faizlik, 2020-ci ildə isə 2,1 faizlik iqtisadi inkişaf olacaq.
Hesabata görə, ölkəmizdə ötən il ÜDM artımı 1 faiz civarında olsa da, 2024-cü ildə 2,4 faizə qalxacaq. İstehlak qiymətlərinə gəldikdə isə, IMF Azərbaycanda bu il 2,8, 2020-ci və 2024-cü illərdə isə 3 faizlik inflyasiya proqnozlaşdırır. Ötən il isə bu rəqəm 2,3 faizə bərabər olub. IMF, həmçinin cari hesab balansı və işsizliklə bağlı proqnozlarını da açıqlayıb. Belə ki, 2018-2020-ci illərdə işsizlik səviyyəsi dəyişməyərək 5 faiz səviyyəsində qeyd olunub. Cari hesab balansı isə 2018-ci ildə 12,9 faiz olduğu halda, bu il 9,7 faiz, 2020-ci ildə 10 faiz, 2024-cü ildə isə 7,6 faizə bərabər olacaq.
İqtisadçı millət vəkili Azər Badamov bildirdi ki, son bir neçə ildə iqtisadi dinamika artan templə davam edir: "Cari ilin 9 aylıq nəticələri də bunu sübut edir. Əldə olunan iqtisadi artım verilən proqnozlardan da yüksək oldu. Bu artımı ölkədə aparılan iqtisadi siyasətin göstəricisi kimi qiymətləndirmək olar. Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi və mümkün risklərdən qorunması bizim üçün çox vacibdir. Bu məqsədlə davamlı olaraq iqtisadi islahatlar aparılır. İqtisadiyyatımızın neftdən asılılığının aradan qaldırılması üçün müxtəlif sahələrdə işlər görülür. Qeyri-neft məhsullarının ixracında artım müşahidə olunur. Ölkənin ixrac potensialının inkişafında qeyri-neft məhsulları xüsusi rol oynayır. Bütün bunlar iqtisadiyyatın ümumi inkişafından və rəqabət qabiliyyətliliyin artmasından xəbər verir. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu kimi qurumların açıqladığı hesabatlar bu reallığı bir daha sübut edir”.
İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, beynəlxalq maliyyə qurumlarının və reytinq agentliklərinin hesabatlarında Azərbaycanın iqtisadi inkişaf dinamikası ilə bağlı açıqlanan rəqəmlər getdikcə daha da müsbətə doğru yaxşılaşmaqdadır: "2015-2016-cı illərdə xarici iqtisadi amillər səbəbindən kəskin şok yaşandı. Lakin son illər ərzində makro-iqtisadi sabitlik möhkəmlənməkdədir. Makro-iqtisadi sabitlik və inkişaf dinamikasında tədricən daha yüksək templər əldə edilir. Bu mənada Beynəlxalq Valyuta Fondunun açıqladığı göstəricilər heç də təsadüfi xarakter daşımır. 2018-ci ildə ÜDM istehsalında iqtisadi artım baş verdi. Bu artımın cari ildə də davam edəcəyi ilin əvvəlindən proqnoz edilirdi. İlin başa çatmasına iki aydan bir az artıq vaxt var. Ölkə iqtisadiyyatında gedən proseslərə diqqət yetirsək görərik ki, bu ilin sonuna kimi ÜDM-in əhəmiyyətli artımı qeydə alınacaq. Növbəti illərə gəldikdə isə, bildiyiniz kimi, 2020-ci ildən Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsi ilə Türkiyəyə və Avropaya mavi yanacaq ixrac edəcək. Beləliklə, ölkəmizdə yeni bir dövr başlayacaq. Enerji resurslarımızın xarici bazarlara çıxarılması baxımından bu layihə bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki TANAP layihəsi ölkəyə böyük valyuta axını gətirəcək ki, bu da öz növbəsində ÜDM-in artmasına səbəb olacaq. Digər tərəfdən, qeyri-neft sənayesində istehsal edilən məhsulların idxal və ixrac əməliyyatlarında müsbət dinamika müşahidə edilir. Əgər stabillik davam edərsə, növbəti illərdə göstəricilər daha da arta bilər. Gələn il Azərbaycan iqtisadiyyatında daha da böyük rəqəmlərin qeydə alınacağını proqnoz etmək olar. Təbii ki, dünya iqtisadiyyatında gedən tendensiyalar və  neftin qiymətində hər hansı fövqəladə hadisə baş verməzsə, bu proqnozlar özünü doğruladacaq. Çünki təəssüflər olsun ki, valyuta gəlirlərimizin böyük hissəsi enerji resurslarımızın ixracından əldə olunur. Əgər dünya iqtisadiyyatının artım tempində xüsusi neqativ hallar olmazsa, növbəti illərdə öz göstəricilərimizi daha da artıra bilərik”.
İqtisad elmləri doktoru Fikrət Yusifov deyir ki, Beynəlxalq Valyuta Fondunun proqnozları ilə Azərbaycan hökumətinin proqnozları arasında ciddi bir kənarlaşma yoxdur: "Hesab edirəm ki, qarşıdakı illərdə iqtisadiyyatda göstərilən səviyyədə artımların baş verməsi mümkündür. Bu qədər artımlar indiki reallıqlardan qaynaqlanır. İnflyasiya göstəricilərinə gəldikdə isə, bir neçə il qabağa gedib, bu göstərici üzrə qəti fikir söyləmək, fikrimcə, olduqca məsuliyyətli bir məsələdir. Bu məsuliyyəti real olaraq BVF-nin ekspertlərinin başa düşmədiyini demək mümkün deyil. Onlar sadəcə olaraq vəziyyətə dünyada gedən bugünkü iqtisadi və maliyyə prosesləri prizmasından qiymət verərək inflyasiya ilə bağlı bu qədər "optimist” proqnozlar irəli sürürlər. Gerçək olan isə neft ölkələri ilə bağlı bu proqnozların gerçəkliyinin ciddi şübhə doğurmasıdır. Unutmayaq ki, beynəlxalq maliyyə institutlarının heç biri 2015-ci ildə milli valyutamızın iki dəfədən çox ucuzlaşacağı proqnozunu öncədən verə bilməmişdilər. Ona görə yaxın illərdə inflyasiyanın hədləri ilə bağlı hər şey yenə də neftin qiymətlərindən asılı olacaq. Əgər yaxın vaxtlarda Amerika Birləşmiş Ştatlarının administrasiyası neftin qiymətlərinin ucuzlaşması ilə bağlı müəyyənləşdirdiyi strategiyanı reallaşdırmağa müvəffəq olsa, o halda neft ölkələrində inflyasiyanın hansı səviyyəyə çatacağını indidən söyləmək çox çətindir”.
 
Şəbnəm Mehdizadə