• cümə axşamı, 28 mart, 17:37
  • Baku Bakı 16°C

Beynəlxalq maliyyə institutları ölkəmizdə aparılan islahatları dəstəkləyir

08.02.18 09:30 2156
Beynəlxalq maliyyə institutları ölkəmizdə aparılan islahatları dəstəkləyir
Azərbaycan "2018 İqtisadi Azadlıq” indeksində bir pillə irəliləyərək 180 ölkə arasında 67-ci yerdə qərarlaşıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, Heritage Foundation tərəfindən hazırlanan hesabatda bildirilir ki, son on il ərzində həyata keçirilən davamlı iqtisadi islahatlar nəticəsində Azərbaycan ümumi orta hesab üzrə regional və dünya göstəricilərindən üstün olaraq, Asiya-Sakit Okean regionunda 43 ölkə arasında 14-cü yerdə qərarlaşıb. Bundan əlavə, sözügedən indeks üzrə Azərbaycan Fransa, İtaliya və Yunanıstan kimi inkişaf etmiş ölkələrlə müqayisədə ön sıralarda yer tutub.

Azərbaycanın iqtisadi baxımdan əldə etdiyi bu uğurun səbəbini və bunun ölkəmiz üçün əhəmiyyətini öyrənməyə çalışdıq.
İqtisadçı ekspert Vüqar Bayramovbildirir ki, nəticələr hazırlanan zaman dörd kateqoriya üzrə qiymətləndirmə aparılıb: "Burada ticarət azadlığı, iqtisadi azadlıq, o cümlədən biznesə müdaxilə və biznesin azadlığı kimi məsələlərə toxunulub. Həmçinin vergi yükü tipli meyarlar da hesabat hazırlanan zaman əsas indikatorlardan biri kimi götürülüb. İndeksdə irəliləməyimiz son dövrlər iqtisadiyyatın liberallaşması yönündə keçirilən islahatların dərinləşməsi, həm də ixracın və idxalın asanlaşması ilə birbaşa bağlıdır. İqtisadi sahədə əldə edilən hər bir uğur ölkəmizin bu siyahıda yüksəlməsinə səbəb olub. 2018-ci il də daxil olmaqla növbəti illərdə islahatların dərinləşməsi ölkəmizin sözügedən hesabatdan başqa, digər beynəlxalq reytinqlərdə də öz layiqli yerini tutmağına şərait yaradacaq”.

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov deyir ki, ölkəmizin iqtisadi azadlıq indeksinə görə 1 pillə irəliləyərək 67-ci sıraya yüksəlməsi son vaxtlar "İnklüziv İnkişaf indeksi 2018”, "2018 Doing Business” və "Qlobal Rəqabətlilik İndeksi” kimi göstəricilər üzrə də daha yüksək pillələr tutmağımızın bir növ davamı kimi qiymətləndirilməlidir: "Sözügedən indeks üzrə Azərbaycanın inkişaf etmiş ölkələr ilə müqayisədə ön sıralarda yer tutması mühüm hadisədir. "Qanun aliliyi”, "Dövlət payı”, "Səmərəli tənzimləmə” və "Bazarların açıqlığı” kimi amillərə görə qiymətləndirmə ciddi yanaşma tələb edir. Ümumiyyətlə, mən həmişə bu cür hesabatlara münasibətdə, o cümlədən beynəlxalq maliyyə və reytinq qurumlarının rəylərinə dair açıqlamalarımda qeyd etmişəm ki, bunlar ölkədə aparılan islahatların nəticəsidir. Belə ki, əksər beynəlxalq reytinq agentlikləri tərəfindən ard-arda ölkə iqtisadiyyatının real vəziyyəti haqqında müsbət mövqe nümayiş etdirilir. Bütün hesabatlarda Azərbaycanın adının yüksəlməsini müşahidə edirik. Bu da təsadüfi deyil. Bütün bunlar göstərir ki, ölkədə investisiya şəraiti durmadan yaxşılaşdırılır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün müvafiq stimulverici tədbirlər həyata keçirilir. Bütün bunların nəticəsi də beynəlxalq hesabatlarda öz qiymətini alır”.
Müsahibimiz qeyd edir ki, 2015-ci ildə ölkədə 2 dəfə devalvasiya baş verdi və Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarından 15 milyard itirdi, üstəlik bank sektorunda da ciddi problemlər ortaya çıxdı: "Belə ki, ən böyük sistem əhəmiyyətli bank olan Beynəlxalq Bank az qala bağlanmaq məcburiyyəti qarşısında qaldı. Bütün bunlar beynəlxalq reytinq və hesabat qurumları tərəfindən mövqelərimizin aşağı salınması ilə nəticələnmişdi. Hazırda isə bunlar bərpa olunmağa və yaxşılaşmağa başlayıb. Ölkə hökuməti qeyri-neft sektorunun inkişafı üçün durmadan işləyir, biznes, investisiya, bazar və əmək şəraitinin əlverişliliyinin təmini və genişlənməsi məqsədilə addımlar atır. Ümumiyyətlə, bütün hesabat və reytinq qurumları üzrə mövqeyimiz yaxşılaşmaqdadır. Bu isə investisiya axınlarının təmininə, kredit cəlbi və s. kimi məsələlərin həllinə ciddi təsir göstərir və gələcəkdə də göstərəcəkdir”
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Fikrət Yusifov qeyd edir ki, dünya iqtisadiyyatının zəiflədiyi və böhran yaşadığı son illərdə Azərbaycan iqtisadiyyatı güclü və rəqabət qabiliyyətli olduğunu dəfələrlə sübut edə bilib: "Bir neft ölkəsi kimi neftin qiymətinin kəskin ucuzlaşması səbəbindən yaşanan maliyyə çətinlikləri də ciddi islahatlar yolunu tutan iqtisadiyyatımızı sarsıda bilmədi. Əksinə, yaranmış durum bu islahatların daha da dərinləşdirilməsinə və sürətləndirilməsinə yeni yol açdı. 2015-ci ilin sonlarından aparılan islahatlar iqtisadiyyatın real sektora uğurlu transformasiyasını hədəfləyən yeni iqtisadi islahat modelidir. Dünyanın ən nüfuzlu beynəlxalq maliyyə institutları Azərbaycanda aparılan iqtisadi islahatlara yüksək qiymət verərək, atılan addımları hərtərəfli dəstəkləməyə hazır olduqlarını bəyan etdilər”.

Mərkəz rəhbəri bildirir ki, bəzi nəhəng ölkələr iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qaldılar: "Yola saldığımız 2017-ci ildə Davos Ümumdünya İqtisadi Forumunun hesablamaları əsasında ölkələrin iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında daha iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə yüksəldi. Və bu göstəriciyə görə dünyanın hər 4 ölkəsindən 3-ü üstələməyi bacardı. Hətta G-20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi nəhəng ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qaldılar. Hazırda Azərbaycan bu vacib göstəriciyə görə MDB məkanında liderdir”.
Günel Azadə

banner

Oxşar Xəbərlər