• şənbə, 20 Aprel, 03:58
  • Baku Bakı 15°C

Bəşər tarixinin qanlı faciəsi Türkiyə mediasında

25.02.20 17:55 1155
Bəşər tarixinin qanlı faciəsi Türkiyə mediasında
Ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır

Bəşəriyyətə qarşı törədilmiş cinayətlər içərisində amansızlığı, qəddarlığı ilə seçilən Xocalı soyqırımından 28 il ötür. Son illər Xocalı soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər ciddi nəticələr verməkdədir. Soyqırımının ildönümləri dəfələrlə Türkiyə, Rusiya, Almaniya, ABŞ, Ukrayna, Qazaxıstan, Gürcüstan, Küveyt və dünyanın bir çox başqa ölkələrində qeyd olunub, dünyanın ayrı-ayrı şəhərlərində "Xocalı həftəsi” adlı tədbirlər proqramı çərçivəsində müxtəlif anım mərasimləri, aksiyalar keçirilib. Bu tədbirlər hər il davam etdirilir.
Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəlmiş son dərəcə ağır bu hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır.
Bu istiqamətdə əsas yük, sözsüz ki, medianın üzərinə düşür. Qardaş Türkiyə mediası hər il olduğu kimi, bu il də Azərbaycan həqiqətlərini türk oxucularının diqqətinə çatdırmağı özünə borc bilib. "Milliyet” qəzetində dərc olunan "Türkiyə və Azərbaycanın ortaq faciəsi: Xocalı qırğını” başlıqlı məqalədə Sakarya Universiteti Türk-Erməni Araşdırmalar Mərkəzinin direktoru Haluk Selvinin fikirləri yer alıb. Professor "Türkiyə Qafqaz, Orta Şərq və bütün dünyada Azərbaycanı Xocalı soyqırımı mövzusunda ən qüvvətli şəkildə dəstəkləyən dövlətdir və bu belə də olacaq” deyib. O, Qarabağ problemini Türk-İslam dünyasının ən ağrılı problemlərindən biri adlandırıb. Qarabağın 1992-ci ildən bəri Ermənistanın işğalı altında olduğunu xatırladan Selvi, problemin ən ağrılı hissəsi kimi Xocalı hadisəsini göstərib. Selvi Türkiyənin Qarabağ problemi və Xocalı qırğınını unutmadığını, bu vəziyyətin Türkiyənin xarici siyasətində əhəmiyyətli bir yeri olduğunu vurğulayıb. Qarabağ probleminin Türkiyənin də məsələsi olduğunu ifadə edən Selvi, Qarabağ problemində ən güclü mövqeni ortaya qoyan ölkənin Türkiyə olduğunu bildirib.
"Haberler.com” saytında dərc edilən "Xocalı soyqırımı” başlıqlı məqalədə də 28 il bundan əvvəl törədilən qətliama yer ayrılıb. "Vatan” qəzetində dərc edilən materialda müəllif yazır ki, "Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş soyqırımının ildönümündə şəhid olan qadınları, uşaqları və qocaları yad edirəm və "biz erməniyik” deyənlərin hamısından soruşuram –"hamınız ermənisiniszə, Azərbaycanda etdiyiniz soyqırımının hesabını verə biləcəksinizmi?”. "Milliyet”də dərc olunan "Bakı səfəri və Xocalı” başlıqlı məqalədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Xocalı soyqırımının ildönümü ərəfəsində Bakıya səfər etməsindən bəhs edilir. "Fevralın 25-dən 26-na keçən gecə 106 qadın, 63 uşaq, 70 qoca, ümumilikdə 613 Azərbaycan vətəndaşı qətlə yetirildi” – deyə məqalədə bildirilir. "Haber7.com” portalında dərc olunan "Qətliamın adı Xocalı” başlıqlı məqalədə isə türk vətəndaşlarının Xocalı soyqırımı ilə bağlı fikirləri yer alıb. "Yeni akit” qəzeti yazır ki, Türkiyədən 37 nəfərlik alpinist qrupu Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq üçün Naxçıvana gəlib. Yürüş iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib, posterlər açıb, sonra iki ölkənin dövlət bayraqlarını dalğalandırıblar. Yürüşdən sonra Hava və Ekstremal İdman Növləri Federasiyasının sədri Mais Əliyev və iştirakçılar arasında görüş keçirilib. Görüş zamanı qrup rəhbərlərinə federasiyanın plaketləri verilib.
"Yenicaq” qəzetində dərc olunan materialda isə bildirilir ki, Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fevralın 25-26-da İstanbulun metro, metrobus, gəmi səfərləri də daxil olmaqla, bütün ictimai nəqliyyat vasitələrində videoçarx nümayiş etdirilir, afişalar yerləşdirilib. Kampaniya ölkəmizin İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı, İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə keçirilir. Qeyd edək ki, İstanbulun bu nəqliyyat vasitələrindən hər gün Türkiyə vətəndaşları və şəhərə gələn turistlər daxil olmaqla, milyonlarla insan istifadə edir.
Türkiyə mediasında dərc olunan materiallarda, həmçinin Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar İstanbulda "Xocalıda nə oldu" kitabının təqdimat mərasiminin keçirilməsindən bəhs edilib.
Çoxsaylı materiallarda vurğulanır ki, erməni vandalları tərəfindən Xocalıda törədilənlər bəşəri cinayət, soyqırımı aktıdır. Azərbaycan xalqına qarşı törədilən bu soyqırımı insanlıq əleyhinə cinayət olaraq, düşünülmüş və planlaşdırılmış şəkildə həyata keçirilib. "Hürriyet” isə yazır ki, Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Türkiyənin paytaxtı Ankara şəhərində "Xocalıya ədalət!” şüarı altında konfrans keçirilib. Türkiyə-Azərbaycan Dərnəyi (TÜRKAZDER) tərəfindən təşkil olunan konfransda diplomatlar, şəhər ictimaiyyətinin tanınmış nümayəndələri, QHT və KİV təmsilçiləri iştirak ediblər. Əvvəlcə Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgiyə baxış olub.
Konfransın məqsədi barədə ümumi məlumat verən TÜRKAZDER-in sədri Ənvər Türkoğlu çıxışında vurğulayıb ki, Xocalı soyqırımı dəhşətləri heç zaman unudulmayacaq. Çıxışlarda Xocalı soyqırımı XX əsrdə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi növbəti insanlıq faciəsi kimi dəyərləndirilib. Sabiq deputat Sinan Oğan bildirib ki, insani hisslərə ehtiram bəsləyən heç kəs Xocalı soyqırımının tanıdılması prosesindən kənarda qalmamalı, bu istiqamətdə əlindən gələni əsirgəməməli, erməni cinayətlərini ifşa etməkdən çəkinməməlidir.

Azər
banner

Oxşar Xəbərlər