Bədii kitabları necə oxumalı?
Başlığın sonuna qoyduğum sual işarəsi
üzərində bir az dayanmaq istərdim. Əgər bu sualı öz şəraitimə, zövqümə,
rahatlıq anlayışıma görə cavablandırsam, cavab yalnız özüm üçün əhəmiyyətli olacaq.
Sizin üçün bütövlükdə bu yazının bir əhəmiyyəti qalmayacaq. Mütaliə elə
məsələdir ki, burada ən yaxşı məsləhət oxucuya kiməsə qulaq asmaması, fərdi
bədii zövqünü formalaşması, ürəyinin səsini dinləməsi ilə bağlıdır. Bu şərtlərə
əməl etməklə razılaşırsınızsa, o zaman bəzi fikir və tövsiyələrimi paylaşmaqda
bir təhlükə görmürəm. Çünki yuxarıdakı şərtlərə əməl edənlərə verilən
tövsiyələr onsuz da oxucunun sahib olduğu ən vacib keyfiyyəti – azad düşüncəni
korlamayacaq. Hərçənd ədəbiyyat, şeir, mütaliə elə şeylərdir ki, onlara min illərdir
ki, qadağa, qayda, şərt işləmir. Voterlo müharibəsinin tarixi yüz ildir ki,
məlumdur. Amma "Hamlet”in "Kral Lir”dən daha mükəmməl bir dram olduğu ilə bağlı
yekdil bir fikir varmı?! Bu suala kimsə birmənalı cavab verə bilmir.
Hamı bu
məsələdə azaddır, oxuyur və şəxsi qənaətini formalaşdırır. Dörd başlı əjdaha
cildində gələn məmurlar, rejimlər, qurumlar belə kitabxanamıza, beynimizə girib
nə oxuyacağımıza, necə oxuyacağımıza qərar verə bilməz. Əgər onlara belə bir
müdaxilə imkanı versək, nəinki özümüzün, eləcə də, yaşadığımız cəmiyyətin,
kitabsevər sığınacaqlarının, intellektual-mədəni mərkəzlər olan kitabxanaların,
elm məbədlərinin bütün o füsunkar ruhunu, nəfəsini yox edərik. Başqa hansı
sahədə olursa olsun, qaydalara, qadağalara əməl etmək, boyun əymək olar, amma
burada yox.
Bu dediyim, bəlkə, çox klişe
səslənəcək, amma müstəqilliyin dadını duymaq üçün belə bəzən hərəkət arenamızda
bir çox şeyi idarə etməli, məhdudlaşdırmalıyıq. Əlimizdəki gücü
bacarıqsızcasına və cahilcəsinə sağa-sola sovurmamalıyıq. Bir gülə həyat vermək
üçün böyük bir binanın bünövrəsini su altında qoymaq olmaz. Gücə və həvəsə
nəzarət etməli, mütləq və mütləq seçimlərimizi əqli iradəyə əsaslandırmalıyıq. Bəlkə də,
kitabxana mühitinə təzə-təzə qədəm qoyanların ən böyük çətinliyi burada
yaşanır. "Bəs, buradakılar nədir?” problemi fərdə ilk baxışdan həllolunmaz kimi
görünür. "Buradakılar” oxucunun gözünə üst-üstə yığılmış bir keşməkeş kimi
görünür. Şeirlər, romanlar, tarixi kitablar, sənədlər, memuarlar,
bioqrafiyalar, araşdırmalar, məktublar, hesabatlar, lüğətlər – hər irqdən, hər
cinsdən, hər yaşdan, hər dildən müəlliflərin yazdığı qalaq-qalaq kitablar
gözünüzə dəymək üçün rəflərdə bir-birlərini itələyib, sıxışdırırlar.
Kitabxana divarlarından kənardakı
dünyada isə çox bəsit şeylər yaşanır – eşşəklər anqırır, qadınlar hardasa cəm
olub qeybət edirlər. Bəs, bütün bunların içində olmamağı seçənlər haradan
başlamalıdır? Hər tərəfdən onu ağuşuna alan bu xaosu necə idarə etməlidir?
Mütaliənin dərinlik və zənginlik bəxş edən həzzindən necə dad almalıdır?Kitablar öz aralarında çoxsaylı
kateqoriyalara bölündüyündən (roman, bioqrafiya, şeir, memuar və s.) onları
seçmək, hansının bizə nə vəd etdiyini müəyyənləşdirməklə işə başlamaq ən sağlam
yoldur. Həm də "bunu belə edin” demək də çox asandır. Təəssüf ki, az insan
kitablardan onların mütaliəsinin vəd etdiyi şeyləri gözləyir. Çox vaxt oxumağa
qarışıq, səs-küylü bir zehinlə girişirik. Əlimizə aldığımız kitab haqqında qəti
qənaətlərimiz olur – romandan duyğu seli, şeirdən yalan danışmasını, bioqrafiyadan
ancaq həqiqətləri, tarixi kitabların bildiklərimizi əks etdirməsini gözləyirik.
Oxumağa başlamazdan əvvəl birinci işiniz bu gözləntilərdən qurtulmaq olsun.
İnkişafameyilli bir başlanğıc üçün bu, şərtdir.
Müəllifə əmr verməyin, onun yerində durub,
onun gözündən baxmağa çalışın. Onun tərəf-müqabili, baş qəhrəmanı, kitabın
həmmüəllifi kimi davranın. Əgər hekayəyə başlar-başlamaz tənqidi bir şey
axtarsanız, könülsüz davranıb, özünüzü arxa planda tutsanız, elə ilk mərhələdə
bir kitabın vəd etdiklərini duymaq həzzindən özünüzü məhrum edəcəksiniz.
Zehninizi mümkün olduğu qədər açıq tutun, cümlələrin axışını, hekayənin keçidlərini
izləyin, mütaliədən lazımı zövqü almaq üçün mətnə bir ədib kimi ciddiyyətlə
yanaşın. Bölmələr arasında fasilə verin, beyninizə yeni transfer olmuş
duyğuları dəmə qoyun, yeni arenanı tanıyın. Qısa zamanda yazarın sizə daha
dəqiq duyğular aşıladığını, düşündüyünüzdən daha çox şey verdiyini
görəcəksiniz.
Romanın bölmələr şəklində olması eynilə
bir bina kimi biçimli, xüsusi gedişlər, təhlükəsizlik tədbirləri görülməklə
inşa edilmiş nümunənin meydana çıxarılması cəhdidir. Sadəcə sözlər beton laylar
kimi quru, konkret və sərt deyil, ona görə də romanı anlamaq bir binaya
baxmaqdan daha çətindir. Bəlkə də, müəllifin nə dediyini başa düşməyin ən yaxşı
yolu oxumaq yox, elə yazmaqdır. Bəlkə də, söz seçməyin, duyğunun təsvirinin nə
qədər çətin mərhələ olduğunu özünüz sınaqdan keçirməlisiniz. Belə ki, sizdə
səbəbsiz dərin iz qoymuş bir anı xatırlayın – küçənin tinində söhbət edən iki
insanla qəfil toqquşmağınızı xatırlayın. O an bir budaq yelləndi, hansısa evdə
işıq yanıb-söndü, nəsə gülməli bir mövzu idi – bəli, bu tamamilə bir səhnədir,
bütün bunlar o, bir anın içində hifz olunur.
Siz bir yazar kimi bu anı sözlərlə
yenidən biçimləndirməyə çalışsanız, təsvirin elə öz daxilində bir-birilə
kəllələşən minlərlə xırda ana parçalandığını görəcəksiniz. Bunlardan bəziləri
görüntü zonasından çıxarılmalı, digərləri ön plana çəkilməlidir – bu zaman
kəsimi ərzində isə ehtimal ki, qeyri-peşəkar yazar kimi duyğu üzərindəki
hakimiyyətinizi itirəcəksiniz. Onda dörd bir yana dağılmış və nə yazıldığı
anlaşılmayan səhifələrinizdən başınızı qaldırıb, Defo, Osten, Hardi kimi
nəhənglərin kitablarının ilk səhifəsinə göz gəzdirin. Bəli, bir yazarın
əməyinin haqqını indi daha yaxşı dəyərləndirəcəksiniz. Bu romanları oxuyarkən,
sadəcə bir insanın, müəllifin qarşısında təzim etmir, tamamilə başqa bir dünyada
yaşayırıq. Robinson Kruzo ilə ayaqyalın daş yollarda çətinliklə yeriyirik –
hadisələr sürətlə bir-birini əvəzləyir. Buradakı açıq səma, macəra Defonun
qələminin bütün dadını təmin edərkən, Ceyn Ostenin yaradıcılığında bunların heç
bir mənası yoxdur. Onun dünyasında qonaq otağı, özü ilə, aynalarla danışan
insanlar, obrazların ikili tərəfləri ön plandadır. Hardinin yaradıcılığı ilə
tanış olarkən, sanki öz dünyamızın ətrafında dövrə vururuq, onun tanımadığımız
tərəflərini görürük.
Dörd bir yanımız həndir-hamar şoran
torpaqlarla doludur, amma başımız üstündə ulduzlar səmanın sinəsində yer
tapmır. Məhz bu ziddiyyətli müşahidələr zamanı zehnin heç kəşf eləmədiyimiz
tərəfləri – ətrafında adamlar varkən ruhuna sahib çıxan, mühitin görmək
istədiyi üzü yox, yalnız qaldığı zamanlarda meydanda at oynadan üzü – meydana
çıxır. Belə zamanlarda insanın beyni də, ruhu da insanlarla yox, təbiətlə, özü
ilə, tale ilə baş-başa qalır. Bu dünyalar bir-birindən nə qədər fərqli də olsa,
hər biri öz-özlüyündə zaman-zaman azadlığa çıxmaq ehtiyacı duyur. Dahilər bu
dünyaların özünəməxsus qaydalarını diqqətlə mənimsəyir, çiyinlərinə nə qədər
ağır məsuliyyət götürmüş olsalar da, adi yazarlar kimi eyni hekayəyə iki fərqli
dünyanın həqiqətini qatıb, beynimizi qarışdırmırlar. Ona görə, yeni başlayanlar
3-4 kitab boyu eyni yazarı izləməsi məsləhətdir. Çünki Ceyn Ostendən Hardiyə,
Pikokdan Trollopa, Skotdan Mereditə keçmək köklərindən sərt formada qoparılmaq,
beyninizi, duyğularınızı sağa-sola sovurmaqdır. Həm də ki roman oxumaq,
janrından qaynaqlanan səbəblərdən, onsuz da çətindir. Romanın klassik sayılan
ustalarının sizə nələr bəxş etdiklərini anlamaq, bunlardan bütövlüklə
yararlanmaq istəyirsinizsə, əlinizdəki nümunəyə dərin həssaslıqla yanaşmaqla
kifayətlənməyib, qüsursuz bir təxəyyülə də sahib olmalısınız.
Özümüzə bu sualı ünvanlamalıyıq: Bir
kitab yazıçının həyatından, düşüncə tərzindən, duyğularından nə qədər asılıdır?
Oxucu yazarın oyatdığı simpatiya və antipatiya duyğularına istinad edərək onu
hara kimi tənqid edə bilər? Eninə-boluna tənqid etmək üçün sözlər də, yazarın
sətirlər arasında gizlənən xarakteri də olduqca uyğundur. Amma oxucu özü
suallar axınından nə qədər alnıaçıq çıxa bilir? Bioqrafiya və ya eşq macərası
oxuduqca suallar leysan kimi təpəmizdən tökülür. Amma bu suallara yenə oxucu
özü cavab tapmalıdır. Çünki fərdi ədəbi zövq formalaşdırmaq kimi şəxsi məsələdə
başqalarının seçimləri ilə istiqamətlənməkdən daha bərbad bir şey yoxdur.
Bioqrafiya, memuar tipli kitabları
tamamilə başqa bir məqsədlə də oxuya bilərik – yəni, hədəfimiz sadəcə
ədəbiyyatın bütün janrlarına işıq tutmaq, ya da məşhurların həyatlarına
qarışmaq olmaz. Sadəcə yaradıcı gücünüzü yeniləmək və təxəyyülünüzü işə salmaq
üçün də oxuyun. Bir dəqiqə, kitabxananın sağında açıq pəncərə var, deyəsən!
Qiraətə bir neçə dəqiqə ara verib ətrafı izləyin. Öz bixəbərliyi, sizin
oxuduqlarınızla əlaqəsizliyi, daimi hərəkət halı ilə çöldə baş verənlərin sizi
necə canlandırdığını görəcəksiniz. Buna icazə verin. Yuxarıda sadaladığım bəsit
hadisələr sizə hansı dünyanın insanı olduğunuzu xatırladacaq. Unutmayın ki, bu
kitabxanadakı kitabların hamısında çöldə sizə bəsit görünən qeybətcil
qadınların, sərxoş kişilərin bir anı mütləq əks olunub. Hər ədəbi nümunənin
yaranış mərhələsində müəllifin bir zibilliyi, itib yox olmuş, unudulmuş
hadisələrdən, yaddaşlardan silinmiş həyatlardan ibarət bir qeyd dəftəri formalaşır.
Amma tövsiyə edərdim ki, yazarların qeyd dəftərinə çox da girişməyin, çünki
qarşılaşdıqlarınız sizi həm təəccübləndircək, həm də bədii əsərin özündən daha
yüksək sürətlə ağuşuna çəkəcək. Bəlkə də, sadəcə bir məktub oxuyarsınız, amma
həmin məktub sizdə əsərlə bağlı elə bir baxış formalaşdırar ki, əsəri oxumaqdan
imtina edərsiniz. Bununla da tələsik qərar verər, ehtimal ki, zəngin bir
nümunənin səmərələrindən məhrum qalarsınız. Ya da cəmi bir neçə cümlə oxuyar və
bir kitabı həyatınızın bələdçisi elan edərsiniz. Bəzən isə nəhəng bir hekayə
sizə o qədər həzin, o qədər dərin, o qədər doğma duyğular bağışlayar, elə təsir
edər ki, müəllifi soruşsalar, ağlınıza klassiklər gələr. Bu hekayədə təsvir
olunan heç nəyin xüsusi bir əhəmiyyəti, yoxdur, amma çöldəki sıradan həyat kimi
içinə çəkir adamı. Ona görə bütün dahilər zaman-zaman "çör-çöp” yuvalarına geri
qayıdır, nəsə axtarırlar. Yarı həqiqəti tamamlamaq üçün xəyallar qurmaqdan qısa
zamanda usanacaqsınız. Çünki bu müəlliflərdə peşəkar bir ədibdəki idarəetmə, həqiqəti
yox edə bilmə istedadı yoxdur. Onlar öz həyat hekayələrini yazmaqdan
acizdirlər. Onların dilindən təqdim olunan həqiqətlər isə əsla insanı qarışıq
duyğu selinə məruz qoyan roman qədər güclü ola bilməz. Odur ki, əsl ədəbiyyatın
dadını almaq üçün tezliklə bu yarımçıq təsvirlər, müşahidəçi təhkiyəsi ilə
ünsiyyəti kəsmək istəyirik. Daha üstün nümunələrə vaxt sərf etməyə çalışırıq.
Roman və
hekayənin dərinliklərinə daldıqca oxucu özü də peşəkarlaşır. Getdikcə romandakı
hərəkətlilik onun nəzərində sürətini azaldır. Oxucunun yazmaq iddiaları yaranan
kimi mütləq şeirlə tanış olmalıdır. Duyğunun bu ən çətin ifadə forması ona hələ
ədəbiyyata girişmək üçün nə qədər tez olduğunu başa salacaq. Onun romandan
ciddi fərqi var. Birinci fərqi odur ki, şeirə ara verib həyatın axarını seyr
edə bilmirsiniz. Şeirdəki sürətlilik, axıcılıq buna imkan vermir. Duyğu hücumu
səngimir. Şeir oxuyursunuzsa, ondan başqa bir şeyə yönələ bilmirsiniz. Sanki
bütün vücudunuz bir küncə sıxışdırılıb, bir nöqtəyə zillənib, ani emosional şok
keçirmiş kimi olursunuz. Onun təsir dalğaları zamanla yayılır, açılır,
beynimizdə əks-səda doğurur. Şeir insan ruhunda olduqca böyük və həssas bir
arenaya hökm edir.
İkinci fərq isə odur ki, şeiri müqayisə
etmədikcə öyrənə bilməzsiniz. Oxucu seçim etmək, zövq formalaşdırmaq üçün nəsr
kimi hər cür mətni oxumalı olur. Şeirdə belə bir hal yoxdur. Şeirin əvvəlkindən zəif olanını
oxumaq olmur. Oxuduğu şeirdə duyğu boşluğu görən oxucu onu dərhal yarımçıq
qoyur. Ona görə də, min bir əziyyətlə yazılan misralardan ibarət səhifələrin
ölümsüzlüyünü, həmişəyaşarlılığını təmin etmək romanla müqayisədə dəfələrlə
çətindir.
Şeiri müqayisə edə bilən oxucu artıq
yazarı da, mətni də tənqid edə biləcək qədər yol qət edib. Amma oxucunu
tənqidçidən fərqləndirən keyfiyyəti qoruyun – siz rəyçisiniz, hakim yox.
Getdikcə özünüz də görəcəksiniz ki, zamanınızı və enerjinizi israf edən
kitabları elə bir baxışdan seçirsiniz. Oxuduğunuz hər kitabı janrının ən
yaxşısı ilə müqayisə edirsiniz, hər yeni janrın ən yaxşı nümunələrini araşdırırsınız.Bir kitaba layiq olduğu dəyəri verərək
oxumaq üstün səviyyədə təxəyyül, intellekt və müqayisə bacarığı tələb edirsə,
ədəbiyyatın nə qədər dərin, qarışıq, kəşfi nə qədər çətin bir sahə olduğunu
özünüz düşünün. Oxucudan yazara çevrilmək olduqca çətindir. Çünki nə yazsan,
oxuduqlarından zəifmiş kimi görünür. Odur ki, əsl oxucu mənim nəzərimdə nəhəng
bir yazar qədər əvəzolunmaz sərvətdir. Onların oxucu olaraq qalması isə daha
qüsursuz yazar nəslinin yetişməsinə yol açır. Oxucunun ədəbi tənqidə girişib,
tənqidçilərin işinə ortaq çıxmaması isə bir başqa alicənablıqdır. Ədəbi
tənqidin də, yeni yaranan əsərlərin də havasını daimi oxucular təyin edir.
İnsanın sırf öz mənəvi zövqü üçün
axtardığı həzlər var. Mütaliə bunların başında durur. Hərdən belə bir səhnə gəlir
gözümün önünə: "Məhşər günü biz kitablarımızı qucağımıza yığıb, Tanrının
hüzurunda sıraya düzüləcəyik. O isə bizi işarə edib, Müqəddəslərə deyəcək: "Bu
qullarımızın mükafata ehtiyacı yoxdur. Onlara burada nəsə öyrətmək lazım deyil.
Onlar kitaba könül vermişlərdir”.
Virciniya Vulf
İngilis dilindən tərcümə edən: Elcan
SALMANQIZI