Bayram repertuarı
Bayram gəlir, özü də Novruz bayramı. Bayram günlərində
məktəblilər də tətilə çıxır. Valideynləri isə bir sual maraqlandırır: "Uşaqları
tətil günlərində hara aparaq?”. Hələ bayrama bir neçə gün qalmışdan, sosial şəbəkələrdəki
valideyn qruplarında valideynlər, xüsusən də analar bir-birlərini sual atəşinə
tuturlar. "Bu bayram uşaqları hara aparacaqsınız?”, "getdiyiniz məkanda
uşağınız əylənə bildimi?”, "qiymətlər necə idi?” kimi sualların ardı-arası kəsilmir.
O valideynləri və bu sualları nəzərə alaraq, sizi şəhərimizin bəzi mədəniyyət
müəssisələrinin bayram proqramı ilə tanış edirik.
"Sehrli
Novruz”
Heydər Əliyev Sarayının bayram günləri üçün
hazırladığı proqrama nəzər yetirdik. Sarayın mətbuat xidmətindən verilən məlumata
görə, tətil günlərində uşaqları maraqlı, musiqili, interaktiv və əyləncəli
proqramlar ilə sevindirəcəklər. Belə ki, martın 22-də Novruz bayramı münasibətilə
Sarayın səhnəsində "Sehrli Novruz” adlı
şənlik keçiriləcək. Hər il olduğu kimi, Novruzun sevilən personajları Kosa və
Keçəl şənliyin əsas simaları olacaqlar. Sevimli qəhrəmanlar uşaqlara Novruz
bayramı, baharın gəlişi, Novruz çərşənbələri və digər adət-ənənələr haqda məlumat
verəcək, müxtəlif oyunlar keçirəcəklər. Bundan əlavə, uşaqlar Keçəl və Kosanın
məzəli deyişmələrindən ibarət səhnəcikləri, rəqs kollektivlərinin ifasında
milli və müasir rəqsləri, musiqili qonaqların çıxışını izləyə biləcəklər.
13:00-da başlayacaq konsertin biletlərinin qiyməti 6-25 manat arasında dəyişir.
Heydər Əliyev Sarayında nəinki
azyaşlı uşaqlar, eyni zamanda orta və yaşlı nəslin nümayəndələri üçün də bayram
proqramı hazırlanıb. Belə ki, martın 24-də "Muğam dünyamız” adlı Novruz konserti
keçiriləcək. Muğam gecəsində Beynəlxalq və Respublika Muğam müsabiqələrinin
qalibləri və laureatları Ayşən Mehdiyeva, Sərxan Bünyadzadə, Könül Məmmədli,
Ariz Hüseynov, Nisbət Sədrayeva, Babək Quliyev, Sədəf Budaqova, Elgiz Əliyev,
Almaxanım Əhmədli, Məhəbbət Səfərov, Qızılgül Babayeva, Mustafa Mustafayev,
Gülzar Fərəcova, Ağaşükür Nəsirov və başqaları iştirak edəcəklər. Muğamsevərlərə
muğam və təsniflərimiz təqdim olunacaq.
Saat 19:00-da başlayacaq konsertin
biletlərinin qiyməti 10-40 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının
kassalarından, www.iticket.az saytından onlayn,
ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki
kassalardan əldə etmək mümkündür.
"Sehrli
sandıq”
Akademik Milli Dram Teatrı Novruz bayramı günlərində
azyaşlılar üçün "Sehrli sandıq” şənliyini təqdim edəcək. Teatrın mətbuat xidmətindən
verilən məlumata görə, Könül Məmmədovanın "Sehrli sandıq” əsəri əsasında təqdim
olunacaq eyniadlı şənliyin rejissoru Anar Sadıqov, rəssamı əməkdar mədəniyyət
işçisi İlham Əsgəroğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin
quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır. Şənlikdə
aktyor Rüstəm Rüstəmov (Dədə Qorqud), əməkdar artist Mehriban Xanlarova (Buta),
aktrisa Ayşən Əsədova (Sürməli qız), əməkdar artist Sevinc Əliyeva (Tirməli
qız), aktyorlar Rada Nəsibova (Hörməli qız), Şahin Tağızadə (Ağıllı oğlan), Ləman
Fərmanlı (İgid oğlan), Əminə Cəfərova (Dürüst oğlan), Vüsal Məmmədov (Kosa),
Elçin Hacıyev (Keçəl) iştirak edir. Şənlik 20, 21, 22, 23 mart tarixlərini əhatə
edəcək və saat 11:00, 13:00, 15:00-da təqdim olunacaq.
Sirkin "Talisman”ı
Valideynlər hər bayramda Bakı Dövlət Sirkinin
afişasını səbirsizliklə gözləyir. Uşaqlığımızdan bu yana sirkin qarşısında
izdiham yaşandığının şahidi olmuşuq. Təkcə tətil günlərində deyil, ilin bütün fəsillərində
Bakı Dövlət Sirkinin öz tamaşaçıları olub. Sirkin mətbuat xidmətinin rəhbəriMahir Hümbətov yepyeni, elə bahar əhvallı "Talisman”
adlı proqramla tamaşaçılara bayram ovqatı bəxş etdiklərini dedi: "Maraqlı, rəngarəng
nömrələrlə zəngin 2 saatlıq sirk proqramı ilə yaz günlərində tamaşaçılarımızın
görüşünə gələcəyik. Biz bayram proqramına artıq martın 15-dən başlamışıq.
Martın 30-a kimi davam edəcəyik. "Talisman” adlı proqramda iştirak edən qrupu
Moskvadan dəvət etmişik. Bu proqramda sirkin müxtəlif janrlarından nömrələr
var. Belə ki, çox maraqlı unikal hava nömrələri, əhliləşdirilmiş heyvanlarla
şou, dünyada yeganə attraksionlardan olan ağ pələng attraksionu və sair buraya
daxildir. Əhliləşdirilmiş meymunlar, itlərlə maraqlı şoumuz, jonqlyor,
kulonlarımız tamaşaçılarını gözləyir”.
M.Hümbətov təkcə uşaqların yox, böyüklərin də sirkə
hər zaman böyük marağı olduğunu qeyd edir. O, 4 gündür ki, yeni proqramı
tamaşaçılara təqdim etdiklərini və ilkin təəssüratların yaxşı olduğunu
vurğuladı: "Bayram günlərində gün ərzində 12:00, 15:00, 19:00-da olmaq şərti ilə
biletlərin qiyməti dəyişməyib. Sırasına görə 10 manatdan 20 manata kimidir.
Artıq sirkin kassalarında bilet satışı başlayıb. Bilet satışı əvvəlcədən həyata
keçirilir, buna görə öncədən müraciət etmək lazımdır. Sirk mədəniyyətin elə bir
sahəsidir ki, xüsusi bir spesifikası var. Sirkdə insanların televiziyadan, şəkillərdən
gördüyü heyvanlar canlı şəkildə səhnədə artist kimi çıxış edirlər. Peşəkar
artistlərin tryuklarını normal insanlar edə bilmir, bu da insanlarda maraq
yaradır. Burada maraq, əyləncə, gülüş var. Həm də uşaqlarla gələn valideynlər də
bu iki saat ərzində yaxşı istirahət edirlər. Sirkə hər zaman maraq olub və
olacaq”.
Repertuar tamaşaları
Yenicə Akademik statusu alan Akademik Musiqili
Teatrı da Novruz bayramına xüsusi hazırlaşıb. Teatr Novruz bayramı günlərində 5
tamaşa ilə teatrsevərlərin görüşünə gələcək. Qurumun mətbuat xidmətindən
"Kaspi”yə bildirilib ki, teatr mart ayının 22-də "Amerikalı kürəkən”
(R.Mirişli, M.Haqverdiyev), 23-də Ü.Hacıbəylinin "O olmasın, bu
olsun", 24-də isə "Arşın mal alan” əsərlərini nümayiş etdirəcək. Tamaşalar
axşam saat 19:00-da başlayacaq. Balaca teatr həvəskarları martın 23-də saat
12:00-da ana dilimizdə "Meşə çaqqalsız olmaz” (Ə.Səmədli), 24-də saat
12:00-da rus dilində "Bir dayan, canavar” (R.Ağayeva, A.Xayt, A.Kurlyanski)
musiqili nağıl-tamaşalarına baxa biləcəklər.
Qeyd edək ki, teatrsevərlər 6 manatdan başlayan
biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən,
eləcə də iticket.az saytından əldə edə bilərlər.
Ən maraqlı
tamaşalar təqdim olunacaq
Abdulla Şaiq adına Dövlət Kukla Teatrı tətil günlərində
uşaqların ən çox axın edəcəyi məkanlardan biri olacaq. Belə ki, Kukla Teatrı hər
il bayram ərəfəsində tamaşaçı qıtlığı yaşamayan və maraqlı tamaşaları ilə öz
ampluasını qoruyub saxlayan mədəniyyət ocaqlarımızdandır. Teatrın mətbuat xidmətinin
rəhbəri Həmidə Rüstəmova Novruz bayramı günlərində teatrın repertuarında olan ən
maraqlı tamaşalarla çıxış edəcəklərini və uşaqları yerli və xarici nağıl qəhrəmanlarının
timsalında təbrik edəcəklərini dedi. Bildirdi ki, Novruz tətili günlərində
martın 19-dan 26-na qədər 3 seans olmaqla teatrın qapıları azyaşlı
tamaşaçıların üzünə açıqdır: "Biletlərin qiyməti 3 manatdır. Bizim biletlərimiz
digər satış nöqtələrində yoxdur. Yalnız teatrın kassasına müraciət edə bilərlər.
Biletlər martın əvvəlindən satışdadır. Tamaşaçılara məsləhət görərdik ki,
kassaya müraciət etməmişdən əvvəl telefonla əlaqə saxlasınlar. Çünki bəzən olur
ki, biletlərin hamısı satılıb qurtarır”.
Bahar təravəti...
Bakı Uşaq Teatrı 16-19 mart tarixlərində saat
10:00, 12:00, 14:00, 16:00 və 17:30-da Nizami Kino Mərkəzində uşaqlara Novruz bayramı
yaşadacaq. Bayram günlərində uşaqlar üçün "Bahar müsabiqəsi” adlı tamaşa
nümayiş olunacaq. Tamaşada Şahzadə elan edir ki, Novruz şənliyi keçiriləcək. Amma
məlum olur ki, Kosa, Keçəl var, Bahar qızı isə yoxdur. Müsabiqə elan olunur.
Müxtəlif nağıl qəhrəmanları müsabiqədə iştirak edir. Sonda Bahar qızı Göyçək
Fatma seçilir.
"Tıq-tıq
xanım”
Sumqayıtda yaşayan valideynlər isə bayram günlərində
elə öz şəhərlərində uşaqlara bayram sevinci bəxş edə biləcəklər. Belə ki,
Sumqayıt Dövlət Dram Teatrı Novruz bayramı günlərində kiçikyaşlı tamaşaçıları sevindirmək üçün
xüsusi proqram hazırlayıb. Teatr Abdulla Şaiqin "Tıq-tıq xanım” nağıl-tamaşası
ilə tamaşaçılarının görüşünə gələcək. Novruz elementləri ilə fərqli çalarda
hazırlanan, bayram tətili günlərində tamaşaçıların xoş istirahətini təmin etmək
məqsədilə repertuara əlavə olunan nağıl-tamaşada
gənc və istedadlı aktyorlar yer alır. Səhnə əsərində obrazları Şəhla Məmmədova,
Ceyhun Məhərrəmov, Etibar Əmirov, Şəmistan Süleymanlı, Mətləb Səfərli və Rövşən Əsgərov
canlandırır.
Məlumat üçün bildirək ki, bayram tamaşaları 20 və
25 martda 3 seans, 21, 22, 23 mart tarixlərində isə 4
seans seans olmaqla, saat 11:00, 13:00, 15:00, 17:00-da oynanılacaq.
Xəyalə Rəis