AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bankları real sektora cəlb etməyin yolları

Bankları real sektora cəlb etməyin yolları

İqtisadiyyat
14 Yanvar 2020, 18:00 2258
İqtisadçıların fikrincə, ilk növbədə biznes kreditləri ilə bağlı faiz şərtləri yumşaldılmalıdır

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə çıxışı zamanı dövlət başçısı bank sektoru ilə bağlı məsələlərə toxunub.
Bundan sonra çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov ötən il Mərkəzi Bankın mandatının bir qədər genişləndirildiyini vurğulayıb: "Bütövlükdə maliyyə sektorunda müsbət meyillər var, baxmayaraq ki, bir sıra həssaslıqlar qalıbdır. Biz kreditləşmənin artdığını görürük, ötən il kreditlər 16 faiz artmışdır, o cümlədən bütövlükdə biznes kreditləri. Yəni təsərrüfat subyektlərinə verilən kreditlər 11 faiz artmışdır. İstehlak kreditləri, əhaliyə verilən kreditlər isə təxminən 20 faizdən bir qədər çox artmışdır və bütövlükdə bizim, təbii ki, cari ildə görəcəyimiz əsas işlərdən biri iqtisadiyyatın, xüsusilə də kiçik müəssisələrin mikrokreditləşmə vasitəsilə aşağı, uzunmüddətli kreditlərə əlçatanlığının artırılmasıdır. Cari il yanvar ayının 10-da Mərkəzi Bank, Banklar Assosiasiyası və bütövlükdə biznes ictimaiyyəti ilə geniş görüş keçirildi. Bütövlükdə maliyyə sektoru ilə iş adamları arasında biznes sahəsində əlaqələrin formaları, burada olan mövcud problemlər müzakirə olundu, iş adamları bir sıra mühüm məsələlər qaldırdılar. Bu məsələlər sistemləşdirilir, Mərkəzi Bankın səlahiyyətində olan məsələlər tərəfimizdən həll olunacaq. Digər məsələlər isə müvafiq qurumlar, o cümlədən Nazirlər Kabinetinin müzakirəsinə təqdim ediləcək”.
Daha sonra Prezident İlham Əliyev məsələyə münasibət bildirərək söylədi ki, banklara 2 milyard manat resurs verilib və yenə də kreditləşmədə istehlak kreditləri üstünlük təşkil edir: "Bu da çox təhlükəli tendensiya ola bilər. Ona görə, biz elə etməliyik ki, bank sektoru daha çox, real sektoru dəstəkləsin. Ona görə, biznes kreditlərinin verilməsində, baxın, hansı mexanizm olmalıdır ki, banklar da bunda maraqlı olsunlar. Həm də ki, Mərkəzi Bank da buna nəzarət etsin. Yoxsa biz bunu başlı-başına buraxa bilmərik. Əlbəttə, bəzi banklar üçün istehlak kreditləri daha asandır, daha əlverişlidir. Ancaq ölkə iqtisadiyyatı üçün biznes kreditləri üstünlük təşkil edir. Ona görə, İqtisadiyyat Nazirliyi ilə birlikdə bu məsələləri müzakirə edin. İndi İqtisadiyyat Nazirliyinin, Sahibkarlara Kömək Fondunun xətti ilə təqribən 170 milyon manat güzəştli kreditlər nəzərdə tutulur. Uçot dərəcəsi düşdükdə, artıq özəl banklar tərəfindən verilən kreditlərin də faiz dərəcəsi güzəştli kreditlərin səviyyəsinə yaxınlaşacaq. Ona görə, burada uzlaşma olmalıdır. Bank sektoru böyük bir alətdir, yəni iqtisadiyyatın real sektoruna dəstək verməlidir. Bank sektorundan heç bir sürpriz olmamalıdır. Bu il onların fəaliyyətinə, kreditlərin verilməsinə çox güclü nəzarət olmalıdır. O cümlədən, şübhəli kreditlərin verilməsi ilə bağlı mexanizm olmalıdır ki, biz artıq hadisə baş verəndən sonra yox, bəri başdan bunun qarşısını ala bilək. Bank sektorunun məsuliyyəti də artıbdır, çünki biz bütün əmanətlərin sığortalanmasını davam etdirmişik. Bu da dünya miqyasında nadir hadisələrdən biridir. Biz bunu bir neçə il bundan əvvəl ona görə etdik ki, etimadı artıraq. Hazırda bank sektoruna etimad, hesab edirəm ki, yüksək səviyyədədir. Manatın məzənnəsi 3 ildən çoxdur ki, sabitdir, iqtisadiyyat möhkəmlənir, tədiyə balansının saldosu 6 milyard dollardır. Yəni heç bir təhlükə yoxdur. Ona görə, əmanətlərin dövlət tərəfindən tam sığortalanması çox böyük addımdır və bu, bank sektorunun məsuliyyətini artırır. Nəzarət elə olmalıdır ki, sürpriz olmasın və Mərkəzi Banka verilmiş yeni səlahiyyətlər, hesab edirəm ki, bu məsələnin həllinə köməklik göstərə bilər”.
Dövlət başçısının qeyd etdiyi kimi, kreditlər real sektora yönəldilməlidir və biznes kreditlərinin həcmi artmalıdır. Bəs görəsən biznes kreditlərinin artması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Azər Badamov bildirdi ki, cənab Prezident müşavirədə biznes kreditlərin artırılması istiqamətində Mərkəzi Bankın rəhbərliyinə öz tapşırıqlarını verdi: "Dövlət başçısı bu istiqamətdə daha da həvəsləndirici addımların atılması üçün hökumətlə ümumi məsələlərin müzakirə edilməsi və yeni bir mərhələyə keçilməsi üçün tapşırıqlarını diqqətə çatdırdı. Təbii ki, bizdə istehlak kreditləri yenə də çoxalmaq üzrədir və bu gələcəkdə problemlər yarada bilər. Düşünürəm ki, bu şəraitdə banklar real sektorda öz fəaliyyətlərini genişləndirməlidirlər və biznes kreditlərinin verilməsi prosesində yaxından iştirak etməlidirlər”.
A.Badamov qeyd etdi ki, biznes kreditlərinin verilməsi üçün həm bankların mənfəətliliyi nəzərə alınmalıdır, həm də veriləcək kreditlərin faiz dərəcələri aşağı olmalıdır: "Bu da biznes strukturlarını daha da maraqlandırmalıdır. Düşünürəm ki, faiz dərəcələrinin aşağı salınması, biznes strukturlarının diqqətini artırmaqla yanaşı, həm də real sektorun inkişafında bankların rolunu artıracaq”.
İqtisadçı Ramin Rəhimov bildirdi ki, ilk növbədə biznes kreditləri ilə bağlı faiz şərtləri yumşaldılmalıdır: "Biz bilirik ki, hazırda bankların təklif etdiyi faiz şərtləri biznes kreditləri üçün əlverişli deyil. Yəni bu zaman sahibkarlar daha çox yüklənirlər. İkincisi isə girovla bağlı olan məsələləridir ki, banklar indiki halda daha çox girov tələb edirlər və əsasən də girovun mahiyyəti əmlakdan ibarət olur. Amma beynəlxalq təcrübədə dövriyyə malları, eyni zamanda qiymətli kağızlar və sair girov kimi çıxış edə bilir. İndiki hal isə sahibkarlara əlverişsiz şərait yaradır. Hazırda ölkə bazarında faizlər 15 faizdən yuxarıdır. Bura biznes kreditləri də daxildir. Güzəştli kreditləri çıxsaq, yəni Sahibkarlığa Kömək Milli Fondu, Kənd Təsərrüfatı Agentliyi vasitəsilə verilən kreditləri çıxsaq, yerdə qalan özəl sektorla bağlı olan kreditləşmələrdə faiz dərəcələri yüksəkdir”.
R.Rəhimov vurğuladı ki, Mərkəzi Bankın ata biləcəyi birbaşa addım yoxdur: "Çünki bilirik ki, Mərkəzi Bank bankların faiz siyasətinə birbaşa müdaxilə edə bilmir. Yəni Mərkəzi Bankın  funksionallığından biri də kredit maksimumudur ki, bu da humanitar alət hesab olunur. Bu, beynəlxalq təcrübədə tətbiq olunsa da, Azərbaycanda tətbiq olunmur. Kredit maksimumu anlayışı cəlb olunmuş öhdəliklərin hansısa bir hissəsinin limitləşdirilmiş formada kreditə yönəldilməsi və yaxud da, kreditlər üzrə maksimum faiz dərəcəsinin müəyyənləşdirilməsi deməkdir. Məhz bizdə belə birbaşa alət olmadığı üçün Mərkəzi Bank müdaxilə edə bilmir. Yalnız Mərkəzi Bank uçot dərəcəsinin aşağı salınmasına çalışmaqla faiz dərəcələrinə təsir etməyi düşünür, amma bununla da alınmır. Çünki bankların fəaliyyəti uçot dərəcəsinə həssas deyil və onlar əsasən cəlb olunmuş depozitlər və şəxsi kapitallar hesabına fəaliyyət göstərir. Ona görə də, Mərkəzi Bank uçot dərəcəsini nə qədər aşağı salmağa çalışsa belə, bu, kreditlərin faiz dərəcələrinə hər hansı təsir göstərməyəcək. Mərkəzi Bank bundan sonrakı addım olaraq, banklarla görüşlər təşkil edərək, bir növ gəlirlərlə risklilik arasındakı mütənasibliyi müəyyənləşdirməyə çalışacaq. Yəni bankları yüksək gəlirlilikdən yayındırmaqla, nisbətən keyfiyyətli müştərilərə aşağı faizlə kreditlərin verilməsinə sövq edə bilər. Bir sözlə, tövsiyə verə bilər ki, bu məsələ birbaşa Prezidentin nəzarətində olduğuna görə, Mərkəzi Bank bu addımı atacaq və mütəmadi olaraq bank rəhbərləri ilə görüşlər keçirəcək, faiz dərəcələri aşağı düşəcək. Banklar da istəməzlər ki, potensial müştərilərdən məhrum olsunlar. O cümlədən ölkə iqtisadiyyatının stimullaşdırılmasında həlledici mövqe bankların üzərində durursa, onlar bu məsuliyyətdən yayınmazlar”.

BƏXTİYAR