• cümə, 29 Mart, 19:41
  • Baku Bakı 14°C

Balasanyan Paşinyanı açıq formada hədələdi

11.10.19 17:09 1185
Balasanyan Paşinyanı açıq formada hədələdi
Ermənistan baş naziri Nikol Paşinyanla "Qarabağ klanı”nın lideri Robert Koçaryan arasında mübarizə bu həftə yeni inkişaf dövrünə qədəm qoyub. Onlarla erməni siyasi və ictimai lider, intellektual, idman və mədəniyyət xadimləri eks-prezidentin müdafiəsinə qalxıblar. Onlar həbsdə olan Koçaryanın azad edilməsi ilə bağlı etdikləri müraciətdə eks-prezidenti siyasi məhbus adlandırıblar. Bildiriblər ki, hakimiyyət öz məqsədlərinə çatmaq üçün heç nə ilə məhdudlaşmayacaq, istənilən yolverilməz metodlara, o cümlədən repressiyalara əl atacaq. Yeri gəlmişkən, həbsdə olan eks-prezident artıq əməliyyat da keçirib. Onun vəkilləri bildiriblər ki, Koçaryanın əməliyyatı ağır olmayıb və özünü yaxşı hiss edir. Buna baxmayaraq, bu hadisə tərəfdarları arasında ciddi rezonans doğurub. Koçaryan özü də vəkilləri vasitəsilə bəyanat verib və bildirib ki, mübarizəni sona kimi davam etdirmək niyyətindədir. Ermənistanda müxtəlif dairələri təmsil edən qruplaşmalar arasında mübarizə o qədər kəskinləşib ki, "Qarabağ klanı” nümayəndələrindən biri Vitali Balasanyan Nikol Paşinyanı fiziki cəhətdən məhv etməklə hədələyib. Yeri gəlmişkən, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bununla bağlı sərt bəyanat səsləndirib. O bildirib ki, V.Balasanyanın bəyanatlarında cinayət tərkibinin olmasını hüquq-mühafizə orqanları müəyyən etməlidir. O, Balasanyanın son müsahibəsinin hüquq-mühafizə orqanlarına göndərildiyini bildirib. Qriqoryan Balasanyanın bu açıqlamasının Ermənistanla Qarabağ arasındakı münasibətlərə təsir etməyəcəyini deyib. Qeyd edək ki, Balasanyan müsahibəsində Paşinyanı tənqid edərək, onun hakimiyyətdən uzaqlaşdırılmalı olduğunu bildirmişdi.
Rusiyalı ekspert və politoloqları hesab edirlər ki, Koçaryan və tərəfdarlarına qarşı hücumlar Yerevan və Moskva arasında münasibətlərə ciddi təsir göstərəcək. Müasir ideologiya üzrə Milli inkişaf İnstitutunun direktor müavini İqor Şatrov hesab edir ki, erməni rəhbərliyinin əlində rəhbər tutduğu metodlar hakimiyyətini möhkəmləndirməyə, şəxsi haqq-hesab çürütməyə xidmət edir. "Şəxsi qisas. Təəssüf ki, belə hal tək Ermənistanda baş vermir. O ki qaldı Paşinyana qarşı çıxan güc strukturlarına – onla sadəcə vəziyyəti öz xeyirlərinə dəyişmək istəyirlər, bu prosesdə öz mənfəətlərini güdürlər”, - deyə ekspert "Moskva-Bakı” portalına müsahibəsində bəyan edib. "Tam mümkündür ki, güc strukturları sadəcə, öz karyeralarını qururlar, paqonlarında daha bir ulduz qazanırlar, Koçaryana qarşı çıxmaqla həm də Paşinyanı perspektivdə asılı vəziyyətə salırlar. Onlar baş nazirin sanksiyası ilə Koçaryana qarşı cinayət işinə start veriblər. Lakin indi durumu absurd vəziyyətə gətiriblər. Cəmiyyət və xarici liderlər qarşısında cavab verməli şəxs isə Paşinyan olacaq. Beləliklə, güc strukturları baş nazirin siyasi naşılığından istifadə edərək onu əllərində oyuncağa çevirəcəklər. Nəticədə baş nazir öz tabeliyində olan şəxslərdən asılı vəziyyətə düşəcək”, - deyə Şatrov bəyan edib. O, əlavə edir ki, Moskvada Koçaryanın taleyi ilə ciddi maraqlanırlar. Lakin hələ ki, sakit formada - hesab edirlər ki, bu, Ermənistanın daxili işidir. Şatrov xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin Yerevana səfəri zamanı nümayişkaranə şəkildə köhnə dostu adlandırdığı Koçaryanın xanımı ilə görüşüb. "Koçaryanın həbsi - səhv bir qərardır və geci-tezi Paşinyan bu səhvi etiraf edəcək. Onu bu qərarı qəbul etməyə vadar edənlər isə cəzalanacaq”, - deyə Şatrov əlavə edib. "Bütövlükdə Ermənistanda vəziyyət mürəkkəb olaraq qalır. Ötən il küçə metodları ilə hakimiyyət dəyişdi və çoxluq ümid edirdi ki, dərhal ciddi dəyişikliklər baş verəcək. Lakin bu, baş vermədi”, - deyə fikrini tamamlayıb.
Şərqşünas Dmitri Verxorurov da erməni ziyalılarının ölkədə siyasi repressiyaların başladığı və Koçaryandan qisas alınması ilə bağlı müraciəti ilə razıdır. Onun sözlərinə görə, Ermənistanda hakimiyyət uğrunda mübarizə güclənib. "Koçaryan və tərəfdarlarına qarşı hücumlar siyasi repressiyaların başlanması ilə bağlıdır. Əlavə edir ki, bu gün yeni hakimiyyət də anlayır ki, Rusiyanın dəstəyi olmadan yaşaya bilməz. Bunu sübut edən ötən gün Paşinyanın Rusiya Dəmir Yolları rəhbərliyi ilə görüşünü göstərmək olar. Görüşdən dərhal sonra Paşinyanın müavinlərindən biri bildirdi ki, Ermənistanın Rusiya ilə dəmir yolunun iradə olunması barədə sazişinin pozulması gündəmdə deyil. Əksinə, tərəflər investisiyadan danışırlar. Halbuki, bir müddət əvvəl ermənilər bu sazişə yenidən baxılmasından dəm vururdular. Ekspert də bildirir ki, "artıq məsələni bitmiş hesab etmək olar. Onun qənaətincə, ermənilər başa düşdülər ki, Rusiya Dəmir Yollarına hücum onlara baha başa gələ bilər. "Bu səbəbdən də geri çəkildilər. Paşinyanla görüş isə artıq barışıq proseduru anlamına gəlir. Rusiya Ermənistanın əsas tərəfdaşıdır və onsuz Ermənistan sadəcə iqtisadi cəhətdən boğula bilər”, - deyə D.Verxorurov fikrini tamamlayıb.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər