• çərşənbə axşamı, 19 mart, 10:44
  • Baku Bakı 8°C

“Bakıya zəng edərdim” cavabından çıxan nəticə

23.01.20 19:20 12256
“Bakıya zəng edərdim” cavabından çıxan nəticə
Ekspertlərin fikrincə, ölkə Prezidentinin Davosda verdiyi cavab, Azərbaycan dövlətinin həyata keçirdiyi strategiyanı əks etdirir
Bir neçə gün öncə Davos Dünya İqtisadi Forumu keçirilib və Azərbaycan Prezidenti İlham Əliyev bu forumda iştirak edib. Dövlət başçısı forum çərçivəsində keçirilən "Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında qatılıb və Azərbaycanın mövqeyini bir daha bəyan edib. O bildirib ki, Azərbaycan müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər şeydən uca tutulduğu siyasət yürütdüyünü əyani şəkildə təsdiq edir: "Bizim qonşu ölkələrlə münasibətlərimiz dostluq, qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə əsaslanır. Bununla yanaşı, Azərbaycan üçün onun milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir”.
Azərbaycan Prezidenti vurğulayıb ki, müstəqillik illərində əldə olunmuş bütün nailiyyətlər Azərbaycan xalqının müstəqillik amalına sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatlar həyata keçirilməsinə görə əldə olunmuşdur: "Bu baxımdan Azərbaycanın əldə etdiyi nailiyyətlər Davos Dünya İqtisadi Forumunun illik hesabatlarında yüksək qiymətləndirilmişdir”.
Panel iclasında moderatorun "Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə?” sualına cavab olaraq, Prezident İlham Əliyevin "Bakıya” cavabı xüsusi diqqət çəkən məqamlardan biri oldu.
Məsələ ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, bu hadisənin özü göstərir ki, Azərbaycan dövlətinin xarici siyasəti milli maraqlara söykənən müstəqil siyasətdir və bu siyasətin əsasını da Heydər Əliyev qoyub: "Azərbaycan Prezidenti cənab İlham Əliyev də həmin siyasəti çox sürətlə dəyişən dünyamızın geosiyasi reallıqlarına adekvat olaraq davam etdirir. Ona innovativlik, kreativlik gətirib, ona bir hücum taktikası, çeviklik əlavə edib və bunun da sayəsində Azərbaycanın beynəlxalq aləmdə çox böyük nüfuzu var. Azərbaycan ilk növbədə müxtəlif güc mərkəzlərinə bərabər məsafədə dayanmağı bacarır. Bu, cənab Prezidentin çox böyük, diplomatik məharətidir. Müxtəlif güc mərkəzləri ilə bərabər məsafələrdə dayanıb onlarla qarşılıqlı faydalı əməkdaşlıq, bərabər hüquqa söykənən münasibətlər qurmaq önəmli məsələdir. Bilirsiniz ki, Azərbaycanın paytaxtında məhz ölkə prezidentinin keçirdiyi bu siyasətin sayəsində 5 dəfə ABŞ-ın ali hərbi rəhbərləri ilə Rusiyanın ali hərbi rəhbərliyi, NATO-nun ali hərbi rəhbərliyi ilə Rusiyanın ali hərbi rəhbərliyi görüşlər keçirib. Dünyanı narahat edən ən mürəkkəb məsələlər məhz Azərbaycanın paytaxtı Bakıda müzakirə edilib. Niyə məhz Bakı? Ona görə ki, Azərbaycan Prezidenti müstəqil siyasət həyata keçirir”.
E.Nəsirov qeyd etdi ki, ilk növbədə Vaşinqtonda, Brüsseldə çox gözəl bilirlər ki, Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətləri Amerika və NATO-nun əleyhinə yönəlməyib: "Eyni zamanda, Moskvada da çox gözəl bilirlər ki, Azərbaycanın ABŞ-la əməkdaşlıq münasibətləri, NATO ilə inkişaf edən əlaqələr heç halda Rusiyanın əleyhinə yönəlməyib. Bunu dövlətimizin başçısı bacarır və bu siyasəti uğurla həyata keçirir. Azərbaycan Prezidenti məhz bu məntiqdən çıxış edərək söyləyib ki, o zəngi nə Moskvaya, nə də Pekinə edərdi. Yəni biz hər iki tərəflə tərəfdaşıq və bizim bir tərəflə münasibətimizin inkişafı digər tərəfi hədəfə almayıb. Biz Rusiya ilə də əlaqələrin inkişafına maraqlıyıq, bunu edirik. Azərbaycan Çin ilə də tərəfdaşlıq məsələlərinin inkişafına maraqlıdır və bunu edir. Yeri gəlmişkən, Çinin rəhbəri öz çıxışlarında Azərbaycan Prezidentinin bu ölkəyə səfəri zamanı söyləmişdi ki, İlham Əliyev Çin xalqının dostudur. Bu gün də iki dövlət arasında münasibət yüksək səviyyədədir. Eyni zamanda, Azərbaycan-Rusiya münasibətləri inkişaf edən münasibətlərdir, strateji tərəfdaşlıq münasibətləridir. Ancaq heç bir halda Azərbaycan-Çin dostluğu Rusiya əleyhinə deyil, Azərbaycan-Rusiya dostluğu Çin əleyhinə deyil. Bunu həm Pekində, həm də Moskvada çox gözəl bilirlər. O məntiqlə də cənab Prezident deyib ki, bəli, mən Bakıya zəng edərdim. Yəni milli maraqlar, dövlətçilik maraqları, Azərbaycan xalqının milli maraq və mənafeyi müstəqil siyasət bizim üçün hər şeydən önəmlidir”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, Prezident "Bakıya zəng vuraram” deməklə, Azərbaycanın milli maraqlarına uyğun olaraq münasibətlərin saxlandığını diqqətə çatdırıb: "Azərbaycanın daimi dostları və daimi düşmənləri yoxdur. Burada Azərbaycanın milli maraqları öz əksini tapıb. Kimsə Azərbaycan maraqlarına xidmət edirsə, kimsə Azərbaycanın düşmənçilik mövqeyindən çıxış etmirsə, hər kəslə əməkdaşlığa hazırıq. "İrad tutmuruq, kimsə ilə qarşı-qarşıya gəlmirik, sadəcə olaraq balanslaşdırılmış və özündə Azərbaycanın maraqlarını ehtiva edən bir formatda hər kəslə bir yerdə olmağa hazırıq” deməkdir bu cavab. Əslində, o sadə cavabın çox ciddi şəkildə diplomatik mənası var. Hesab edirəm ki, bu çox normal və tutarlı, qarşı tərəfin də, moderatorun da, dövlətlərin də anlayışla qarşılayacağı bir cavabdır”.
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirdi ki, dövlət başçısının cavabı Azərbaycan dövlətinin həyata keçirdiyi strategiyanı əks etdirir: "Azərbaycan müstəqil, müasir, demokratik dövlət quruculuğu yolundadır. Ölkəmiz heç kəsdən asılı olmayaraq, eyni zamanda hamı ilə əməkdaşlığa hazırdır. Bakının, Azərbaycanın maraqları bizim üçün hər şeydən üstündür və dövlətimizin inkişaf strategiyası əməkdaşlıq və tərəfdaşlıqla yanaşı, müstəqilliyimizi qoruyub inkişaf etdirməklə, müasir demokratik dövlət quraraq xalqın rifahına, marağına uyğun addım atmaqdan ibarətdir”.
A.Mollazadə qeyd edib ki, bütün dövlətlərlə tərəfdaşlıq üçün çox ciddi platforma var: "Bir neçə sahədə əməkdaşlığı həyata keçiririk. Bu əməkdaşlığı genişləndirməyə hazırıq. Amerika Birləşmiş Ştatları, Avropa Birliyi, qonşu ölkələri və sair. Çünki ancaq tərəfdaşlıqla nəyə isə nail olmaq olar. Bilirsiniz ki, tarixən bizim bölgə böyük imperiyaların savaş meydanına çevrilib və bundan da hamı əzab çəkib. Bu gün isə öz müstəqilliyini bərpa etmiş Azərbaycan məhz tərəfdaşlıq, əməkdaşlıq sayəsində güclənərək hamının müsbət maraqlarını cəlb edir. Azərbaycanın cazibəsi məhz tərəfdaşlıq və ortaq strateji vasitəsi ilə həyata keçirilə bilər. Biz hansısa böyük qardaşa ehtiyac görmürük. Daha heç kəs bizə böyük qardaş olmayacaq. Biz qardaşlığa hazırıq, əməkdaşlığa hazırıq, ancaq kiminsə hökmranlığını qəbul etməyəcəyik”.
Alpər İSMAYIL
banner

Oxşar Xəbərlər