AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakıda caz vaxtıdır

Bakıda caz vaxtıdır

Mədəniyyət
02 Noyabr 2013, 08:57 1262
“Payız Azərbaycanın paytaxtı Bakıda caz vaxtıdır”. Bu sözlər Beynəlxalq Bakı Caz Festivalı haqqında Avropanın nüfuzlu telekanalı "Euronews"un saytında yer alıb. Artıq paytaxtımızda 11-ci dəfə baş tutan caz festivalı bir çox maraqlı ifalarla yadda qalıb. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçirilən növbəti festivalın açılışı məşhur amerikalı saksafonçu Coşua Redman tərəfindən həyata keçirilib. Onun kvarteti, həmçinin "Qremmi" mükafatına layiq görülmüş saksofonçu Kenni Qarret də konsert iştirakçılarına unudulmaz anlar bəxş edib. Caz festivalının açılışına qatılan məşhur fransız aktyoru Jerar Depardye isə “Azərbaycan mənim sevdiyim bir ölkədir. Burada mənim çox sayda dostlarım, həmçinin musiqiçi dostlarım var və bu səbəbdən Beynəlxalq Bakı Caz Festivalı çox önəmlidir”-deyə bildirib.
Bakı Caz Festivalını ölkənin caz istedadını kəşf etmək üçün əla fürsət adlandıran iştirakçılar festivalın təşkilatı işlərindən də məmnun qaldıqlarını söyləyiblər. Noyabrın 2-də başa çatacaq musiqi bayramında həmçinin Azərbaycanın tanınmış caz musiqiçiləri Salman Qəmbərov, Mircavad Cəfərov, Elbəy Məmmədzadə və digərləri iştirak edirlər.
Tanınmış caz bəstəkarı və ifaçısı Salman Qəmbərov festival haqqında təəssüratlarını “Kaspi”yə bölüşüb.

- Caz festivalı ilə bağlı təəssüratlarım çox gözəldir. Budəfəki festivalda tanınmış musiqiçilər iştirak edir. Onlar cem seyşinlər və kütləvi konsertlər təqdim edirlər. Deyə bilmərəm ki, hansısa proqram xoşuma gəlmədi. Hər kəs burada öz zövqünə görə nəsə tapa bilir. Mənə belə gəlir ki, belə də olmalıdır. Müxtəlif zövqlər, müxtəlif ifalar və müxtəlif proqramlar var. Festivalın ilk günündə səhnəyə tanınmış kaliforniyalı saksofonçu Joshua Redman-ın kvarteti çıxdı. Kvartetə Aaron Goldberg (piano), Reuben Rogers (kontrabas), Gregory Hutchinson (zərb alətləri) daxil idi. Kvartet yeni caz kompozisiyalarını və Joshua Redman-ın bu ansambl üçün yazdığı klassik caz bəstələrini, eləcə də onun 2013-cü ildə buraxılmış «Walking Shadows» adlı balladasayağı lirik musiqi albomundan seçilmiş əsərləri ifa etdi.
Qrupun təqdim etdiyi caz kompozisiyaları tamaşaçılar alqışlarla qarşıladılar. Ümumiyyətlə, Amerika caz ustalarının ifaları çox maraqla qarşılanır. Onlar hamısı dünya şöhrətli caz ifaçılarıdır və cazsevərlər onları yaxşı tanıyır. Budəfəki festivalın formatı da tanınmış ulduzların iştirakına görə fərqlidir.

- İnsanların konsertlərə marağı necə, artıbmı? Anşlaqdan danışmaq olarmı?
- Caz ifaçıları üçün ən sevindirici hal odur ki, artıq bu festival ənənəyə çevrilib. Demək olar ki, bütün salonlar doludur. İstər Heydər Əliyev Sarayı, istər Beynəlxalq Muğam Mərkəzi olsun, cazsevərlər həvəslə gəlirlər. Konsertlər əsasən bu iki zalda keçirilir. Caz mərkəzində də cem steyşinlər təşkil olunur.

- Bəs həmin ulduzların festival barədə təəssüratları necədir?
- Açığı, bu suala cavab vermək mənim üçün çətindir. Onları elə qoruyurlar ki, bizimlə əlaqədə ola bilmirlər. Əsas odur ki, festival cazsevərlərə məşhur caz ifaçılarını canlı dinləmək imkanı yaradır. .

- Deyə bilərsinizmi, festivallar ölkəmizdə cazın inkişafına nə qədər kömək edir?
- Caz festivallar həmişə bu inkişafa xidmət edir. Xüsusən bu, gənc ifaçılara stimul verir. Onlar ilboyu nəsə fikirləşir, yazırlar ki, caz festivalı başlayanda imkan daxilində onları da festivala dəvət etsinlər. Bu, onlar üçün öz proqramlarına təqdim etməyə böyük imkan yaradır. Həmçinin festival onlara tanınmaq üçün meydan verir. Bu il festivalda çoxlu gənc musiqiçilər iştirak edir. Onlar bu festival çərçivəsində Caz Mərkəzində konsert verdilər.

- Hazırda bizdə caza meyl edən ifaçılar çoxdurmu?
- Əslində, belə ifaçılar var. Onlar axtarışlar edir, dünya caz musiqisində baş verən proseslərlə maraqlanırlar. Amma məni bir az narahat edən onların təhsilləri ilə bağlı məsələdir. Gərək musiqi savadı güclü olsun. Onlar bir az emosiyaya daha çox üstünlük verirlər. Ancaq emosiyadan başqa onlara bilik də lazımdır.

- Bəs bizdə cazla bağlı təhsil sahəsi yoxdurmu?
- Bəlkə də bir az formal şəkildə var. Əgər mükəmməl təhsil sahəsi olsa onların bilikləri ilə musiqi qabiliyyətləri bir-birini tamamlayar və daha yaxşı nəticə əldə etmək olar. Onda daha çox uğurlardan danışa bilərik.

- Hər halda bizim caz ifaçılarını xaricdə nə qədər tanıyırlar?
- Dünyanın bir çox ölkələrində cazla bağlı imperesario və menecment institutları var. Bizdə isə bu cür təşkilatlar yoxdur. Ona görə də biz özümüz şəxsi əlaqələr yaradırıq. Kimin tanışları varsa onların vasitəsilə festivallara düşə bilirlər. Biz nüfuzlu müsabiqələrdə, festivallarda, konsertlərdə iştirak edirik. Bizə dəvətnamələr göndərirlər. Hər halda biz bunu qazanmışıq. .Ancaq bu sahədə Amerikaya çatmaq çox çətindir. Çünki onların infrastrukturu çox böyükdür.

- Tanınmış caz ifaçısı Əzizə Mustafazadə nə üçün festivalda iştirak etmədi? Ümumiyyətlə, dəvət olunmuşdumu?
- Əzizə xanım iki dəfə festivalda iştirak edib. Sadəcə, onun gərək yeni layihələri olsun ki, onu dəvət etsinlər. Yəqin ki, hələ təzə layihəsi yoxdur. Əgər olsaydı, dəvət olunardı.

Təranə Məhərrəmova