AZE | RUS | ENG |

Bakıda böyük idman yarışı

Bakıda böyük idman yarışı
Azərbaycan iyunun 13-15-də keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına yüksək səviyyədə hazırlaşıb


“Son illər ərzində Azərbaycanda gimnastika gerçəkdən də, fantastik templə inkişaf edir. Bu baxımdan heyətində yerli idmançıların durmadan artdığı yığma komandamıza baxmaq yetər. Bununla yanaşı, biz tədricən nüfuzlu yarışlarda dünyanın aparıcı komandalarının rəqibinə çevrilirik. Azərbaycan beynəlxalq gimnastika ailəsinə nisbətən yaxınlarda daxil olub, lakin artıq yüksək nəticələr əldə etməyə başlayır”. Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənovun səsləndirdiyi bu fikirlər ölkədə gimnastikanın yüksək templə inkişaf etdiyini bir daha təsdiqləyir.

Belə ki, iyunun 13-15-də Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına yüksək səviyyədə hazırlıq, ölkənin üçüncü dəfə belə bir nüfuzlu yarışa ev sahibliyi etməsi, gimnastika sahəsində qazandığımız uğurlar Azərbaycanda bu idman növünün misilsiz inkişafına dəlalət edir.

Tarixə nəzər

Azərbaycanda gimnastika formalaşıb inkişaf etməyə başladığı dövrdən bu idman növünə xüsusi maraq hiss olunub. Azərbaycan qimnastları müxtəlif illərdə müxtəlif şəhərlərdə keçirilən beynəlxalq yarışlarda iştirak edərək çoxlu sayda mükafatlar qazanıblar. Azərbaycanda gimnastikanın keçmiş ənənəsini geri qaytarmaq, adıçəkilən idman növünün inkişafını təmin etmək məqsədi ilə 2002-ci ilin oktyabırında ölkənin birinci xanımı Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasına prezident seçilib. Məhz Mehriban xanım Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən federasiyanın məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində bu gün Azərbaycan gimnastikası özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə gimnastikasının inkişafı istiqamətində fəal iş aparan federasiya idmançıların müxtəlif beynalxalq turnirlərdə iştiraklarını da təmin etməyə çalışıb. Hazırda tərkibində idmanın 7 növünü - bədii gimnastika, kişi və qadın idman gimnastikası, akrobatika gimnastikası, tamblinq, batut və aerobikanı birləşdirən Azərbaycan Gimnastika Federasiyasının (AGF) son illər əldə etdiyi böyük uğurlar dünyanın idman ictimaiyyəti tərəfindən maraqla izlənilir.

Bütün bu nailiyyətlər heç şübhəsiz, Mehriban Əliyevanın AGF-ə rəhbərliyi sayəsində mümkün olub. 2003-cü ildə Bakıda bədii gimnastika üzrə ilk dünya kuboku keçirilib. Bakı 2005-ci ildə bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edib. 2007-2009-cu illərdə isə ölkəmizdə iki dəfə Avropa çempionatı keçirilib. Bu uğurların nəticəsi olaraq Azərbaycan gimnastları da son illərdə böyük irəliləyişlərə nail olublar. Belə ki, Dinarə Gimatova 2003-cü ildə Afina Olimpiya Oyunlarına ilk milli lisenziyanı qazanıb. Aliyə Qarayeva isə 2007-ci ildə bədii gimnastika üzrə Avropa çempionu tituluna sahib çıxıb. Dünya çempionatında isə qızlarımız komanda hesabında üçüncülük əldə ediblər. Azərbaycan gimnastları növbəti illərdə ölkəmizi Olimpiya Oyunlarında layiqincə təmsil ediblər.

Heç şübhəsiz, bu sahədəki uğurlara Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın bu idman prosesində şəxsi iştirakı və təşəbbüsləri ilə nail olunub. Belə ki, birinci xanımın təşəbbüskarlığı və iradəsi, böyük şəxsi zəhməti, komandaya qayğıkeş münasibəti və ölkədə bu idman növünün inkişafı prosesinə səmərəli rəhbərliyi uğurun təminatı olub.

Bu gün AGF üçün turnirlərdə nəticələr önəmli olsa da, əsas məqsəd Azərbaycanda bu gözəl idman növünün kütləviliyidir. Belə ki, federasiyanın prezidenti Mehriban Əliyevanın dediyi kimi, ölkənin şəhər və rayonlarında gimnastikaya diqqət uzunmüddətli strategiyanın bir hissəsidir. Gimnastika seksiyaları təkcə Bakıda deyil, həm də regionlarda formalaşıb. Bu idman növünün kütləviliyində artıq mühüm tərəqqiyə nail olunub.

3-cü dəfə ev sahibliyi

Budur, Bakı gimnastika üzrə növbəti Avropa çempianatına yenidən ev sahibliyi edir. Belə ki, paytaxta gələn gimnastlar parlaq çıxışları ilə azarkeşləri sevindirəcəklər. “Bakı üçüncü dəfədir ki, gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edir. Ümidvaram ki, bədii gimnastika üzrə 30-cu Avropa çempionatı da ötən çempionatlar kimi çox gözəl təşkil olunacaq. Bu il bədii gimnastika üzrə Avropa çempionatı ötən illərdə keçirilən çempionatlardan fərqli olaraq gözəl, yeni möhtəşəm arenada təşkil edilir. Arena aprel ayında ölkə başçısı tərəfindən açılıb. Arenada hər cür şərait yaradılıb. Bu arena yeni, gözəl qurğudur. Ona görə də ümidvaram ki, çempionat yüksək səviyyədə keçiriləcək” - deyə AGF-in vitse-prezidenti A.Həsənov çempionata həsr olunan mətbuat konfransında bildirib.

AGF-nin vitse-prezidenti qeyd edib ki, yarışların nümayəndə heyətləri Milli Gimnastika Arenasının yaxınlığındakı idmançılar kəndində yerləşdiriləcəklər: “Yarışlar zamanı arena iki yerə bölünəcək. Birinci hissədə bir xalça, o birisində isə məşqlər üçün 11 xalça quraşdırılacaq. Avropa çempionatında qrup komandalar I Avropa Oyunlarına lisenziya uğrunda mübarizə aparacaqlar”. Vitse-prezident bildirib ki, bədii gimnastika üzrə hazırkı Avropa çempionatı son vaxtların ən iri idman hadisəsi olacaq. Belə ki, yarışlarda iştirak etmək üçün 33 ölkə ərizə verib. “Rəqabət sərt olacaq və 258 gimnast 9 dəst medal uğrunda mübarizə aparacaq”.

A.Həsənov azarkeşləri yarışlarda idmançılarımıza dəstək olmağa çağırıb: “Azarkeşlərə demək istəyirəm ki, Avropanın ən güclü gimnastları Avropanın gözəl məkanında - Milli Gimnastika Arenasında öz məharətlərini göstərəcəklər. Yarış cümə, şənbə və bazar günləri keçiriləcək. Bizim gimnastlarımızın azarkeş dəstəyinə böyük ehtiyacı var. Bütün azarkeşlərimizi bu yarışda idmançılarımıza dəstək olmağa çağırıram. Bu, çox maraqlı mənzərə olacaq”.

Qeyd edək ki, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarında gimnastikanın 6 növü üzrə yarışlar keçiriləcək. Ona görə də, A.Həsənovun sözləri ilə desək, Avropa çempionatı bizim üçün böyük bir təcrübə olacaq. Bundan əlavə, 2019-cu ildə bədii gimnastika üzrə 2020-ci il Olimpiadasına lisenziya xarakterli dünya çempionatının Bakıda keçirilməsi planlaşdırılır.

Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8811
GEL 1 1 Gürcüstan larisi 0.5753
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1227
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.595
TRY 1 1 Türkiyə lirəsi 0.2982