• çərşənbə, 24 Aprel, 05:45
  • Baku Bakı 14°C

"Bakcell" Xəzəri qorumağa çağırır - Aksiya

23.09.19 19:40 725
"Bakcell" Xəzəri qorumağa çağırır - Aksiya
Bütün dünyanı narahat edən və həllini gözləyən qlobal problemlərdən biri də ekologiyanın hazırkı vəziyyətidir. Belə ki, son vaxtlar ekoloji tarazlığın pozulması insanların həyatını ciddi şəkildə təhlükə altında qoyur. Ona görə də ayrı-ayrı ölkələr bu problemin həlli istiqamətində bir sıra addımlar atırlar. Bu addımlardan biri də 21 sentyabrın Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edilməsidir.
Artıq 33 ildir ki, dünyanın bir çox ölkəsində keçirilən bu gün Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada artıq 9 ildir iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir. Tədbirin təşkilatçıları ənənəvi olaraq "Coca-Cola”, "Bakcell", "PAŞA Bank” şirkətləri və "ASAN Könüllülük Məktəbi”nin "Yaşıl ASAN” proqramıdır. Aksiyanın partnyorları sırasında isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ABŞ-ın Azərbaycandakı səfirliyi, ADA universiteti, "AzEkol”, "Carlsberg Azerbaijan”, "Nargis” jurnalı, "ASAN Radio”, "Xəzər TV”, AFFA və Azərbaycan Velosiped İdmanı Federasiyası yer alıblar.
Könüllülü hərəkatında Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev də iştirak edirdi. Nazir aksiyaya bu qədər gəncin qoşulmasının olduqca müsbət hal olduğunu qeyd etdi: "Biz çox şadıq ki, bu qədər insan bu gün bizimlədir. Bu, uzun illərdir ki, keçirilən və böyük vüsət almış könüllülük hərəkatıdır. Təkcə Xəzəryanı ərazilərdə deyil, dünyanın bir çox ölkələrində bu təmizləmə işi görülür. Ölkəmizin də artıq neçə ildir ki, belə bir aksiyaya qoşulması ekologiyamızın təmizliyi baxımından çox əhəmiyyətlidir. Mən burdan bütün ekoloji aksiyalarımızda aktiv iştirak edənlərə təşəkkürümü bildirirəm”.
Daha sonra ASAN Xidmətin sədri Ülvi Mehdiyev çıxışında bildirdi ki, hazırda 500-dən çox könüllü bu hərəkatda iştirak edir: "Bu çox əhəmiyyətli aksiyadır. Ümumiyyətlə, ölkəmiz bir çox beynəlxalq günlərin keçirilməsində aktiv iştirak edir. Həmin günlərdən biri də ekoloji sağlamlığa həsr olunan 21 sentyabr Beynəlxalq Sahilyanı Təmizlik Günüdür. Hazırda burada bizim qurumdan 500-dən çox könüllü var. Hər birimiz böyük həvəslə bu ərazilərin təmizlənməsində iştirak edirik. Düşünürük ki, yay ərzində çirkləndirilən yerlərin təmizlənmə vaxtıdır”.
AksiyadaAvropa İttifaqının nümayəndə heyətinin rəhbəri Kestutis Yankauskas könüllülük hərəkatına qoşulmuşdu. O, hər kəsi salamlayaraq könüllülük aksiyasında bu qədər çox insanın iştirak etməsinə sevindiyini bildirdi: "Biz Avropa İttifaqı olaraq düşünürük ki, gələcəyimiz təmiz və yaşıl olmalıdır. Çox xoşbəxtik ki, bu gün bu aksiyanın keçirilməsində Azərbaycan çox aktiv iştirak edir”.
K.Yankauskas əlinə bir plastik torba götürüb onun ekologiyamız üçün nə qədər zərərli olduğunu söylədi: "Biz hansısa marketə gedəndə alış-veriş zamanı bu plastik torbalardan istifadə edirik və bu, sadəcə bir neçə dəqiqə çəkir. Onunla işimiz bitdikdən sonra tullayırıq. Onun çürüməsi üçün isə yüz ildən artıq vaxt lazım olur. Bu kimi tullantıları dənizə atdıqdan sonra isə balıqların yemi olur. Daha sonra isə həmin balıqları da biz yeyirik. Beləcə, sağlamlığımız üçün təhlükələr yaranır. Sizcə, biz və bizim övladlarımız buna layiqdirlər? Bu gün bura yığışmağımızın əsas səbəbi bu təhlükə ilə mübarizə aparmaqdır. Onu da qeyd edim ki, hər il bu aksiyaya daha çox adam qoşulur və bu, bizi çox sevindirir”.


Tədbirin ənənəvi təşkilatçılarından olan "Bakcell” şirkətinin PR və korporativ kommunikasiya direktoru Süheylə Cəfərova ilə də həmsöhbət olduq. S.Cəfərova qeyd edir ki, əvvəllər bu aksiyaya bu qədər adam, tərəfdaş cəlb etmək elə də asan deyildi, amma bu gün 1000-dən artıq iştirakçı var: "Son iki ildə artıq biz başqa şirkətlərdən bu hərəkata qoşulmaq üçün xahişlər alırıq. Bu, çox gözəl addımdır. Nə yaxşı ki, şirkətlərimiz, qurumlarımız bu tipli aksiyalarda yaxından iştirak etməkdə maraqlıdırlar. Həmçinin bizim üçün çox sevindirici haldır ki, bu ənənənin əsasını qoyan şirkətlərdən biriyik. Bu aksiya bizim gələcəyimizin sağlamlığı baxımından çox böyük önəm daşıyır. Şirkət olaraq bu təşəbbüsü dəstəkləməyə və hər il daha da genişləndirməyə hazırıq. Könüllülük hərəkatına 30-a yaxın əməkdaşımız qoşulub. Hətta ailələri gələn əməkdaşlarımız da var. Qeyd edim ki, həm korporativ təşkilat olaraq qoşulanların, həm də könüllülərin, gənclərin, ailələrin sayı artıb. Əslində bu, birlikdə vaxt keçirmək üçün, sosiallaşmaq üçün gözəl addımdır. Yəni burada məqsəd təkcə təmizləmək deyil, həm də sosiallaşmaq, təmiz havada gəzmək, daha çox insan tanımaq və ətraf mühit problemlərinin birlikdə həllinə çalışmaqdır. Əvvəllər 400-500 gəncdən, könüllüdən danışırdıq, indi bu aksiyaya gördüyünüz kimi, minə yaxın iştirakçı qoşulub. Bu, digər tərəfdən, insanların ətraf mühitə münasibətini dəyişmək üçün bir təbliğat kampaniyasıdır”.

"Coca-Cola” şirkətinin region üzrə İctimaiyyətlə əlaqələr meneceri Elşad Fərzəliyev aksiyanın məqsədi haqqında danışdı və bu il bu hərəkata qoşulan tərəfdaşların sayında artım olduğunu vurğuladı: "Aksiyanın məqsədi ilk növbədə sahilyanı əraziləri tullantılardan təmizləməkdir. İkincisi isə, vətəndaşlar arasında ekoloji məsuliyyət hissini aşılamaqdır ki, insanlar təbiətimizə daha diqqətli, qayğı ilə yanaşsınlar. Xəzər dənizi hamımızın milli sərvətidir, onu çirkləndirməsinlər. Bu dəfə aksiyamıza ölkəmizdə qonaq olan əcnəbilər də, diplomatlar da qoşulub. İldən-ilə iştirakçıların sayı artır. İlk dövrlərdə 20-30 nəfərlə başladığımız bu aksiyada artıq 1000-ə yaxın adam iştirak edir. Ümid edirik ki, bu addımla daha geniş kütlə arasında ekoloji məsuliyyət hissi artacaq”.

Daha sonra aksiyada iştirak edən könüllülərlə həmsöhbət olduq. Əksəriyyəti gənclərdən ibarət olan könüllülər bu aksiyaya sevə-sevə qoşulduqlarını və bu sahədə daha geniş maarifləndirmə işi aparılması gərəkdiyini bildirdilər. Həmçinin bu işdə sosial medianın da böyük rolunun olduğunu qeyd edən könüllülər deyir ki, bu istiqamətdə maarifləndirmə işi aparmaq üçün sosial çarxların çəkilməsinə və bunun sosial şəbəkələrdə yayılmasına böyük ehtiyac var. Çünki gənclərin böyük əksəriyyəti sosial şəbəkələr vasitəsilə bilgi əldə edir.

Əllərinə təmizlik üçün əlcək geyinən yeniyetmə və gənclər sellofan torbalarla dənizin sahilinə doğru gəlirdilər. Nigar Əliyeva ilk dəfə deyil ki, bu tip aksiyalara qoşulduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, təhsil aldığı təhsil müəssisəsi sosial aksiyalarda fəal iştirak edir: "Xəzərin sahilinin məişət tullantılarından təmizlənməsi ilə bağlı aksiya keçiriləcəyi barədə bizim sinfə məlumat veriləndə, biz dərhal qərar verdik ki, şənbə günü olsa da, aksiyaya qatılaq. Dəniz bizim milli sərvətimizdir. Dənizdən hamımız istifadə edirik. Təmiz saxlamaq da hər birimizin borcudur”.
Elə bu an söhbətə qoşulan Nərminə Əliyeva şagirdlərin bu cür aksiyalarda iştirakının vacibliyini vurğulayır: "Uşaqlar kiçik yaşlarından belə təmizlik aksiyalarında iştirakla ilk növbədə öz yaşadıqları ərazini təmiz saxlamağın vacib olduğunu öyrənirlər. Onlarda bu, vərdiş halını aldığından, gələcəkdə nümunəvi vətəndaş kimi yetişmələrinə zəmin yaradır. Bu aksiyalarda mütəmadi iştirak edən uşaqlar həm də gələcəkdə ekologiyanın mühafizəçiləridir. Mən inanmıram ki, bu təmizlik aksiyasına qoşulan uşaq özü kənarda haranısa zibilləsin. Çünki artıq o, atılan məişət tullantılarını toplamaqla bu işin əziyyətini dərk edir, ekologiyanı qorumağın vacib olduğunu anlayır".

Qeyd edək ki, aksiya #Xəzəriqoruyaq şüarı altında Buzovna çimərliyində keçirilib. Hər il çimərlik mövsümünün sonunda gənclərin, şirkət əməkdaşlarının, onların ailə üzvlərinin iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ edir. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik ləvazimatları ilə təmin olunublar.






Günel Azadə
banner

Oxşar Xəbərlər