• şənbə, 27 Aprel, 08:03
  • Baku Bakı 12°C

AZƏRBAYCANLI RƏSSAMIN ƏSƏRİ MƏŞHUR “ATATÜRK EVİ”Nİ BƏZƏYİR...

16.06.15 11:13 3341
AZƏRBAYCANLI  RƏSSAMIN  ƏSƏRİ  MƏŞHUR “ATATÜRK  EVİ”Nİ  BƏZƏYİR...
Ötən ay Azərbaycanın gənc rəssamı Günay Mehdizadənin yaradıcılıq bioqrafiyasında önəmli hadisə baş vermişdir. Ankarada fəaliyyət göstərən “Atatürk evi” muzeyindən alınan xəbərə görə G.Mehdizadənin fırçası ilə ərsəyə gəlmiş “Atatürkün portreti” əsəri Türkiyənin bu nüfuzlu tarix-mədəniyyət ocağının daima ekspozisiyasında nümayiş üçün qəbul olunmuşdur.
Qardaş Türkiyə torpağında onun millətinin çox əziz tutduğu və böyük ehtiram göstərdiyi çoxsaylı məkanların ulu Atatürkün adı ilə bağlı olması heç bir sübuta ehtiyacı olmayan həqiqətdir. Bu günün özündə Türkiyə ərazisində ölkənin ilk prezidenti Atatürkün adı bağlı 40-dan çox muzeyin olması da bu böyük şəxsiyyətə olan ölçüyəgəlməz el məhəbbətinin göstəricisidir. Ümumxalq sevgisi ilə əhatələnmiş bu muzeylərin ən tanınmışı isə ölkənin paytaxtındakı “Atatürk evi”dir, desək, həqiqəti söyləmiş olarıq.
Adından da göründüyü kimi bu muzey Atatürkün dünyaya göz açdığı evdə yerləşir. İndiki halda bu ifadəni oxuyan və Atatürkün bioqrafiyasını yaxşı bilən, amma bu muzeyin yaranma tarixindən xəbərsiz olan hər kəs bizə görkəmli dövlət xadiminin Ankarada yox, Saloniki şəhərində doğulduğunu söyləyib etiraz edə də bilərdi. Özü də bu halda onlara etiraz etmək də çətin olardı. Çünki, bu əslində elə belədir. Amma “Atatürk evi”nin bilavasitə Ankarada yerləşməsinin öz səbəbləri var...
Tarixi həqiqət budur ki, Mustafa Kamal Atatürk 1881-ci ildə Saloniki şəhərində anadan olub. Vaxtilə Osmanlı imperiyasının ərazisində olan bu şəhər I Dünya savaşından sonra Yunanıstanın tərkibində qalıb. Təbii ki, bunun qarşılığında Atatürkün doğulduğu ev də “itirilib”. Amma öz müstəqilliyini əldə edən və onu ildən-ilə möhkəmləndirən Türkiyə dövləti və xalqı təbii olaraq ilk prezidentinin doğma ocağının xiffətini çəkib. Və nəhayət, uzun müddətdən sonra – Atatürkün anadan olmasının 100 illiyinin qeyd edilməsi ərəfəsində Türkiyə hökuməti onun Salonikidəki evinin Ankarada bərpa olunması-dəqiq surətinin tikilməsi barəsində qərar qəbul edib. Türkiyənin baş naziri Bülənd Ulusu da yeni “Atatürk evi”nin təməlqoyma mərasimində iştirak edib. Bir müddətdən sonra yeni ünvanda Salonikidəki üçmərtəbəli evin oxşarı yaradılıb. 1981-ci ilin noyabr ayının 10-da bu ev-muzeyin ekspozisiyası öz qapılarını tamaşaçıların üzünə açıb. Üç mərtəbədə yerləşən ekspozisiyada Mustafa Kamal Atatürkün həyat və fəaliyyəti ilə tanış olmaq mümkündür. Otaqlardakı müxtəlif əşyalar, maddi-mədəniyyət nümunələri və fotoşəkillər görkəmli dövlət xadiminin müxtəlif illərini və anlarını xatırlamağa əsas verir, desək, yanılmarıq. Bu yerdə deyək ki, muzeyin salonlarında uzaq-yaxın keçmişi əyaniləşdirən fotoşəkillər nə qədər çox olsa da, Atatürkün bilavasitə özü ilə bağlı rəsm əsərləri yox dərəcəsindədir. Ekspozisiyada yer alan iki kiçik ölçülü qrafik əsərdə də onun valideynləri təsvir olunmuşlar. Bu mənada Azərbaycan rəssamı Günay Mehdizadənin muzeyin ekspozisiyasında asılmış “Atatürkün portreti” rəngkarlıq əsəri bu ənənəvi ekspozisiyada yeni və ilk bədii nümunədir.
Kətan üzərində yağlı boya ilə 2014-cü ildə çəkilmiş bu portret 80x60 sm ölçüsündədir. Kompozisiyanı Atatürkün obrazı və onun adı ilə bağlı müxtəlif tikililərin təsvirləri təşkil edir. Görkəmli dövlət xadiminin rəngli həll olunmuş portreti ağ-qara cizgilərlə çəkilmiş memarlıq abidələrinin fonunda cəlbedici və təsirli baxılır. Əsərdə realizm ənənələrinin geniş bədii ümumiləşdirmələrlə qovşağı çox təsirli və duyğulandırıcıdır...
Təbii ki, bütün baş verənlər təkcə gənc rəssamın yox, bütünlükdə Azərbaycan təsviri sənətinin böyük uğuru sayıla bilər. Yeri gəlmişkən deyək ki, bu müstəqil yaradıcılığı cəmisi on ili əhatə edən Günay Mehdizadənin yeganə uğuru deyil. Qənaətimizcə bu yerdə onun kifayət qədər rəngarəng olan bədii irsinə nəzər salsaq, onda onun müasir rəssamlığımız üçün kifayət qədər yeni və özünəməxsus olan yaradıcılıq axtarışlarına şahidlik edər, dəst-xəttini səciyyələndirən bədii-estetik məziyyətləri duya bilərik.
Öncə deyək ki, Günay xanım üçün janr məhdudiyyəti yoxdur və o, məlum janrların hər birində özünü duyulası dərəcədə sərbəst hiss edir. Onun ənənəviləşən mövzulara müraciətinin yeni və təravətli görünməsinin kökündə də müəllifin fərqli münasibəti dayanır. Bu yerdə deyək ki, 2004-cü ildən başlayaraq tanınmış fırça ustası, təcrübəli pedaqoq Əsgər Əsgərovdan təsviri sənətin sirlərinə bələd olmağa başlayan Günay Mehdizadə çox tez bir zamanda özünün özünəməxsus bədii-texniki xüsusiyyətlərini nümayiş etdirməyə başlamışdır. Etiraf edək ki, gənc yaşlarında milli qaynaqlara tapınan bu cür fərdi bədii münasibəti sərgiləmək hər yaradıcıya müyəssər olmur. Onun milli dəyərlərimizdə hifz olunan dəyərlərin çox zəngin tutumlu, bədii çalar baxımından çoxqatlı olmasına əminliyinin nəticəsidir ki, o, bizi orta əsrlərdən başlayaraq ovsunlamaqda davam edən miniatür üslublu əsərlərin tapındıgı bədii-estetik və fəlsəfi-ruhani dəyərlərə bu qədər yeni və müasir biçim verməyə nail olmuşdur.
Bu yerdə əlavə edək ki, əgər o, miniatür üslubuna tapınan axtarışlarında əvvəlcə formaların daha bütövlüyünə, rənglərin dekorativ-lakonik biçiminə meylli idisə, sonrakı dövr əsərlərində bu bədii keyfiyyətləri forma-biçimin “paralanmış” hissələrinin məcmusunun yaratdıgı bədii-estetik tutumla nail olurdu. Onun “Ailə”, “Nənə”, “Qonşular”, “Məhsul bayramı”, “Mahnı”, “Nar nagılı”, “Küpələr”, “Novruz”, “Rəqs”, “Mis qablar” və “Gənclik” lövhələrində qeyd etdiyimiz birinci mərhələnin bədii-estetik dəyərlərini görmək mümkündür. Müxtəlif ovqatlı bu əsərlərə rəgmən demək olar ki, rəssamın yıgcam detallardan təşkil olunmuş kompozisiyalarında biz onu milli adət-ənənələrimizin, zəngin etnoqrafiyamızın və geyim mədəniyyətimizin bilicisi kimi görürük. Etiraf edək ki, gənc rəssamın rənglərin ovqat yaradıcılıgına yönəli harmoniyasının ugurlu nəticəyə səbəb olmasındandır ki, adlarını çəkdiyimiz əsərlər kifayət qədər təravətli baxılırlar.
Günay Mehdizadənin az sonra yaratdıgı əsərlərdə isə biz müxtəlif görüntülərin bədii təqdimatında onun əvvəlki işlərində müşahidə etdiyimiz geniş Günay ümumiləşdirmələri məqsədli şəkildə paralanmaga yönəltməklə, onların çox təsirli və ifadəli məcmusuna nail olmuşdur. Həmin əsərlərin özündə mənzərə və natürmort janrını əhatə etməsi də diqqətçəkəndir. Elə əsərlərin adlarından da (“Qırmızı agaclar”, “Meyvələrlə natürmort”, ”Güllər”, “Güldanla natürmort”, “Nar və ag kuzələr”, “Qədim qablar” və s.) bunu görmək mümkündür. Əslində bu “paralanmada” həm də şəbəkə-qurama kimi milli maddi-mədəniyyət nümunələri ilə anım yaradacaq bədii məqamlar duyulan oldugundan onlar duygulandırıcı qəbul olunurlar...
Bu gün Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Günay Mehdizadə milli rəssamlıq məkanında yaradıcılığı maraqla izlənən gənc yaradıcılardan sayılır. Onun müxtəlif miqyaslı sərgilərdə göstərilən əsərlərinə böyük tamaşaçı marağı da bunu təsdiqləyir.
2013-cü ildə gənc Azərbaycan rəssamlarının Milanda (İtaliya) keçirilən sərgisində uğurlu iştirakı və 2014-cü ildə Koniyada (Türkiyə) təşkil olunan beynəlxalq simpoziuma dəvət olunması da onun yaradıcılığına olan beynəlxalq marağın ifadəsidir...
Ziyadxan Əliyev
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru

banner

Oxşar Xəbərlər