Azərbaycan və Rıqor Borodulin
Belarus ədəbiyyatı ilə Azərbaycanın milli ədəbiyyatı arasında möhkəm
və davamlı əlaqələr var. Hələ 1930-cu illərdə Azərbaycan yazıçıları Belarusun
xalq nəğməkarlarını – Kupala və Kolasın yaradıcılığını təbliğ edirdilər. 1935-ci ildə "İnqilab və Mədəniyyət"
jurnalında Yanka Kupala barədə məlumat dərc olunmuşdu. 1939-cu ildə isə Kupala
Nizaminin 800 illik yubiley tədbirlərinin təşkil edilməsi üzrə yaradılmış
Komissiyanın tərkibinə daxil edilmişdi.
Bizim xalqımızın nəğməkar şairinin "Oğlan və təyyarəçi" adlı
kitabı 1940-cı ildə Bakıda nəşr edildi. Bundan başqa, müxtəlif illərdə Bakıda
Edi Oqnesvetin, Petrusya Brovkinin, Yelena Vasilyeviçin, Pavel Kovalyovun,
Kastusya Kireyenkonun, Yakub Kolasın və digər Belarus müəlliflərinin kitabları
nəşr edilib. Bilirəm ki, müxtəlif illərdə
Bakıya Belarus ədəbi prosesinin bugünkü fəal nümayəndələri - şair və tərcüməçi
Tatyana Sivets, şair, tərcüməçi və ədəbiyyatşünas Yuliya Aleyçenko səfər ediblər. Tatyana Sivets Azərbaycana həsr etdiyi
"Bakı" adlı poema yazıb. Lakin bu gün mən Belarusun tanınmış şairi və
tərcüməçisi Rıqor Borodulinin Azərbaycanla əlaqələri barədə danışmaq istəyirəm.
Rıqor Borodulini Azərbaycanda bir o qədər də tərcümə etməyiblər. Onun cəmi bir
neçə şeiri "Ədəbiyyat və incəsənət" qəzetində (1975) və
"Ulduz" (1977) jurnallarında dərc olunub. Bu şeirləri Azərbaycan
dilinə İ.İsmayılzadə və A.Abdulla çevirib. Amma dəqiq məlumdur ki, 1967 və
1981-ci illərdə Rıqor Borodulin Azərbaycanda olub, Bakını özü üçün "kəşf"
edib. Belarusun klassik şairi Azərbaycan haqqında neçə-neçə şeir yazıb, azərbaycanlı
dostlarına şeirlər ithaf edib. 7
sentyabr 1967-ci ildə R. Borodulin qeyd dəftərçəsində yazır: "Bakı. Səhərdir...
Bazarda kişilərdir. Qarpızların qırmızı dillərini dadmaq üçün adama göstərirlər..."
Daha sonra oxuyuruq: "Tikinti daşının misli yoxdu. Minsk üçün də bu daşdan
olsaydı..." O, 1967-ci ildə Azərbaycanın xalq şairləri Məmməd Arazla
(1933-2004), Fikrət Qocayla görüşüb tanış olur və qayıdandan sonra Fikrət
Qocaya "Etiraf poeması: Azərbaycana məktub" adlı bir poema həsr edir.
Bu poema 1973-cü ildə onun "Rum" şeirlər kitabında çıxıb. Görünür,
Rıqor Borodulin Bakıda hərbi hissədə təxminən üç həftəlik toplanış təcrübəsində
imiş. Bu barədə Bakı HHQ Dairəsinin qəzetində yazılıb.
Onun 1981-ci il Bakı səfəri
isə daha dolğun və zəngin olub. Rıqor İvanoviç Azərbaycan paytaxtına 1981-ci
ilin mayın 31-də gəlib. Gündəliklərinin birində yazır: "Şəhəri gəzirəm.
Bakının havasından neft qoxusu gəlir. Şəhəri həm tanıyıram, həm də tanıya
bilmirəm. Çayxanalar ağacların kölgəsində...". Bakıya Rıqor İvanoviçlə
birlikdə televiziya briqadası da gəlib. Tərkibdə Belarusun Dövlət Mükafatı
laureatı, Belteleradionun baş teleoperatoru, kinooperator Vladimir Pranko da
vardı. Şairin gündəliyindən oxuyuruq: "...Yolda Vilayət Rüstəmzadəyə rast
gəldik (Belarus barədə poema yazmışdı, qardaşı həlak olmuşdu, izini
tapmışdılar), Maşerov qəbul eləmişdi... O, verilişdə iştirak etməyə razılıq
verdi. Cümə axşamı poemanın axırının sətri tərcüməsi hazır olacaq..." Belarusun klassik şairi öz gündəliklərində
və bloknotlarında çoxlu Azərbaycan sözləri və onların adlarını yazıb. Söz
ustasının diqqətini bir çox melodiyalı Azərbaycan sözü çəkib - torpaq, vətən, nağıl, layla... sözləri.
Belarus şairi onların mənasını köhnə lüğətlərdən tapıb. Rıqor Borodulin Bakıda
yazıçı Sabir Əhmədovla, şair, yazıçı və publisist Məmməd İsmayılla da tanış
olur.
Televiziya filminin çəkilişlərinə
hazırlıq mərhələsində o, Sovet İttifaqı Qəhrəmanı Aslan Vəzirovla da
(1910-1988) görüşür. Böyük Vətən müharibəsində Aslan Vəzirov Belarusu
alman-faşist işğalçılarından azad edib. 1944-cü ilin mayında o, 1-ci Qvardiya
mühəndis-istehkamçı briqadasının komandiri təyin olunur. Pronya və Basya
çayları ətrafında almanların müdafiə mövqelərinin yarılmasında iştirak edib.
Mogilyov rayonunda Dnepr çayını döyüşə-döyüşə keçib. Onun briqadası məşhur
"Mogilyov briqadası" kimi tarixə düşüb. Bu döyüşlərdə briqadasına
bacarıqla rəhbərlik etdiyinə və göstərdiyi şücaətə görə o, ikinci dəfə Qırmızı
Ulduz Ordeni ilə təltif edilir. Halbuki Vəzirov buna qədər iki dəfə kontuziya
almışdı, lakin döyüş meydanını tərk etməmişdi.
1944-cü ilin iyul ayının
ikinci yarısında 1-ci Briqadanı Novoqrudka rayonuna köçürürlər. Burada briqada
50-ci ordunun tərkibində döyüşməli olur. Belostok uğrunda döyüş əməliyyatlarında
briqada ordunun bir hissəsinin Neman çayından keçməsinin təhlükəsizliyini təmin
edir. Osovets qalasına hücuma görə Vəzirov üçüncü ordenlə - Qırmızı Bayraq ordeniylə
təltif edilir. Və çox keçmir ki, o, daha bir Qırmızı Bayraq ordeni alır. Artıq
Berlin uğrunda döyüşlər gedərkən Azərbaycan xalqının qəhrəman oğlu Sovet
İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
...Şübhəsiz, Rıqor
Borodulinin Azərbaycan və azərbaycanlılarla o zamankı may-iyun görüşləri onun
yaradıcılığına da çoxlu yeniliklər gətirmişdi, bu uzaq ölkənin Belarusda
tanınması və dərk edilməsi istiqamətində mühüm rol oynamışdı. Xəzər gilavarı
Belarusun xalq şairinin poeziyasına əbədi həkk olundu. Buna bir damcı belə şübhə
yoxdur. Ona görə tam əminliklə deyirəm ki, Rıqor İvanoviç hələ sağlığında
Minskdə yaşayan azərbaycanlı rəssam Kamil Kamalın emalatxanasına çox böyük həvəslə, açıq qəlblə gedirdi. Və o, bu qrafika və təsviri
sənət ustasının yaradıcılığı barədə də ürək genişliyi ilə gözəl sətirlər
yazmışdı. Azərbaycanlı Kamil Kamal isə artıq qırx ildir ki, Belarusda, Minsk şəhərində
yaşayır; Rıqor Borodulinin portretini yaradıb. İndi bizim klassik şairimiz həyatda
yoxdur, amma rəssam onun çin poeziyasından etdiyi tərcümələr kitabına gözəl tərtibat
verib. Biz Kamil Kamalla birlikdə şairin ölümündən sonra çıxan bu kitabının
illüstrasiyalarına baxanda, rəssam dedi:
– Yaxşı olar ki, Rıqor
Borodulinin tərcüməsində Azərbaycan şairlərinin şeirlərini də toplayaq, onun Azərbaycan
və azərbaycanlılara həsr etdiyi poetik toplusunu nəşr edək... mən böyük məmnuniyyətlə
bu topluya da illüstrasiyalar hazırlayaram... Borodulinin şeirləri, Səməd
Vurğunun və Fikrət Sadığın Belarus dilindəki şeirlərini... və onun "On üç
şam" poemasını... topluya daxil edək...
Çox yaxşı. İnanıram ki, belə
bir Ədəbiyyat Layihəmiz, bu iki həqiqi yaradıcı şəxsiyyətin dostluq layihəsi
baş tutacaq və həyata keçiriləcək; və bizim milli mədəniyyətlərimiz arasındakı
daha bir dostluq körpüsü meydana gələcək.
Mənbə: "Sozvuçie" Beynəlxalq Ədəbiyyat və Publisistika
Portalı,
7 may, 2018-ci il
Ales Karlyukeviç,
Belarus Respublikasının İnformasiya naziri
Tərcümə etdi: Kamran Nəzirli