AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan Prezidenti: Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir

Azərbaycan Prezidenti: Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir

Siyasət
25 İyun 2020, 21:12 1601
Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışından sonra hərbçilərlə görüşü zamanı nitqində deyib.
Dövlət başçısı bildirib:
"Bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır. Bunu Azərbaycan xalqı bilir, görür. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da bunu qeyd edir. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Çünki mənim prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir.
Əlbəttə ki, bütün digər məsələlər də öz həllini tapmalıdır və tapır. Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Ancaq biz müharibə şəraitində yaşayırıq və eyni zamanda, görürük ki, bu gün dünyada, beynəlxalq müstəvidə güc amili ön plana çıxır. Beynəlxalq hüquq normaları kobudcasına pozulur, onlara əməl edilmir. Əfsuslar olsun ki, bu gün beynəlxalq münasibətlərdə "kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Biz bunu görürük, müşahidə edirik və buna uyğun öz addımlarımızı atmalıyıq. Çünki biz real vəziyyətlə hesablaşmalıyıq. Beynəlxalq hüququn normalarının pozulması hər bir ölkəni öz hərbi potensialının gücləndirilməsinə vadar etməlidir və biz buna artıq çoxdan başlamışıq. Məhz bunun nəticəsində bu gün Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir. Eyni zamanda, mənim göstərişimlə son illərdə ordumuzun silah-sursat, texnika ilə təchizatı da təşkil edilir. Bu məqsədlər üçün milyardlarla dollar vəsait xərclənib. Bu gün texniki təchizat baxımından Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bizim zirehli texnikamız ən yüksək standartlara cavab verir. Bizim hava hücumuna qarşı müdafiə sistemimiz müasirləşib və bu hərbi hissənin vəzifəsi məhz bundan ibarətdir. Biz bir neçə ölkədən hava hücumuna qarşı ən müasir qurğular əldə etmişik. Onların Azərbaycanda - bizim coğrafiyada bir-birinə inteqrasiya edilməsi də asan məsələ deyil. Çünki bizim hava hücumuna qarşı müdafiə sistemlərimiz, - bu, sirr deyil, bu məlumat artıq açıqlanıb, - həm Rusiya istehsalıdır, Belarus istehsalıdır, İsrail istehsalıdır, eyni zamanda, sovet vaxtından qalan qurğulardır və onlar da modernləşdirilib. Onları bir-birinə elə inteqrasiya etmək, elə yerləşdirmək lazımdır ki, bizim bütün strateji obyektlərimiz havadan qorunsun. Əlbəttə ki, böyük peşəkarlıq və vəsait tələb edir. Bizim vəsaitimiz olmasaydı, bunları haradan alacaqdıq. Bir ölkə varmı ki, bizə pulsuz, müftə nəsə verib. Belə bir ölkə yoxdur, heç vaxt da olmayıb, o cümlədən hərbi sahədə. Nəyi əldə etmişiksə, öz hesabımıza əldə etmişik. Əgər biz güclü iqtisadiyyat qurmasaydıq, əgər biz nəhəng neft-qaz layihələri icra etməsəydik, bu vəsaiti haradan alacaqdıq. Bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir".