Azərbaycan-İsrail əlaqələri ikitərəfli xarakter daşıyır
İsrailin baş naziri Benyamin
Netanyahunun Azərbaycana səfəri tarixi hadisə olmaqla yanaşı, ölkələrimiz
arasında hərtərəfli münasibətlərin daha da inkişafına təkan verəcək. Bunu şərtləndirən
amillərdən biri də israilli baş nazir Bakıda olarkən imzalanan sənədlərdir. Belə
ki, Azərbaycan prezidenti İlham Əliyevlə İsrailin baş naziri B.Netanyahunun təkbətək
görüşü başa çatdıqdan dərhal sonra Azərbaycan-İsrail arasında standartlaşdırma,
uyğunluğun qiymətləndirilməsi və metrologiya, kənd təsərrüfatı sahələrində əməkdaşlıq,
gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və
vergidən yayınmanın qarşısının alınması, hökumətlərarası birgə komissiyasının
yaradılması haqqında sazişlər imzalanıb. Mətbuata bəyanatla çıxış edən
B.Netanyahu İsrail-Azərbaycan əlaqələrinin birgə yaşayışın bariz nümunəsi
olduğunu vurğulayıb. Qeyd edib ki, iki ölkə arasında sıx əlaqələr təkcə silah
ticarəti anlamına gəlməməlidir, bu, həmçininqarşılıqlıhörmət deməkdir.
B.Netanyahu, həmçinin iki ölkə arasında enerji sektoru, kənd təsərrüfatı, təhsil
vəinformasiya texnologiyaları sahəsində əməkdaşlığın genişlənməsinin də
vacibliyini vurğulayıb.
Təbii ki, İsrail baş nazirinin Azərbaycanda
olması, ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində
atılan addımlar hər iki tərəfdə məmnunluq doğurur. Ancaq İsrail-Azərbaycan
münasibətlərinin inkişafına, rəsmi şəxslərin qarşılıqlı səfərlərinə
qısqanclıqla yanaşan, hətta bu münasibətləri öz ölkəsinə qarşı təhlükə mənbəyi
kimi görənlər də yox deyil. Çox təəssüf ki, bir sıra hallarda bu narahatlıq Azərbaycanın
ünvanına arzuolunmaz, heç bir əsası olmayan "tənqidlərlə” də müşayiət olunub.
Halbuki, Azərbaycan
İsraillə münasibətlərin inkişaf etdirməyə çalışan yeganə müsəlman dövləti
deyil. Fələstinlə eyni ortaq coğrafiyanı, tarixi, mədəniyyəti, dili bölüşən
İordaniya ilə də İsrailin münasibətləri həmişə yüksək səviyyədə olub. Bu ölkə əhalisinin
çoxunu keçmiş fələstinlilər təşkil etməsi də ikitərəfli əlaqələrə mənfi təsir
göstərə bilməyib. Bununla bərabər, İsrailin özündə çoxsaylı ərəbdilli icma
yaşayır, onların əksəriyyəti İsrail cəmiyyətinə inteqrasiya edib, hətta orduda,
parlamentdə təmsil olunurlar. Eyni zamanda Türkiyə, Misir kimi islam dünyasının
aparıcı söz sahibi sayılan dövlətlərin də uzun illər İsraillə sıx əlaqələri
olub, bu gün də həmin ölkələrin İsraillə əlaqələri kifayət qədər sıxdır. Elə
İsrail rəsmilərinin səfər etdiyi yeganə müsəlman ölkəsi də yalnız Azərbaycan
deyil. Artıq hər kəsə məlum olduğu kimi İsrail baş nazir Azərbaycandan sonra
Qazaxıstana gedib.
Bütün bu faktlardan sonra bir daha vurğulamaq yerinə
düşər ki, Azərbaycan-İsrail əlaqələri ikitərəfli xarakter daşıyır və heç bir dövlətlə
münasibətlərə xələl gətirmir. Ölkəmiz eyni zamanda Azərbaycan-İsrail dialoquna
Fələstin məsələsini qaldırmaq üçün bir platforma, imkan kimi də baxır. Əfsuslar
olsun ki, Azərbaycanın belə prinsipiallığı fonunda bizi ittiham etməyə
çalışanlar Dağlıq Qarabağ münaqişəsinin həllində heç də müsəlman həmrəyliyi
mövqeyindən çıxış etmir, ədalətli və düzgün mövqe tutmurlar. Misal üçün, İranın
bütün sabiq prezident və vitse-prezidentləri müsəlman Azərbaycanın 20 faiz ərazisini
işğal etmiş, azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasəti həyata
keçirmiş Ermənistana dəfələrlə səfərlər ediblər. Eyni zamanda, İran dövlətinin
rəsmi nümayəndələri Ermənistanın prezident, baş nazir və digər rəsmi şəxslərini
dəfələrlə öz ölkələrində yüksək səviyyədə qarşılayıblar. Rəsmi Tehran hər zaman
bunu İranın milli maraqları çərçivəsində olduğunu əsaslandırmağa çalışıb. Hətta
İranla Ermənistan arasında viza rejimi qaldırılıb və hazırda İran prezidenti Həsən
Ruhaninin İrəvana səfərinə də hazırlıqlar gedir. Maraqlı burasıdır ki, bu zaman
nəinki müsəlman həmrəyliyi, Azərbaycan ərazisində
1 milyondan çox müsəlmanın doğma yurd-yuvasından didərgin salınması nəzərə
alınmır.
Göründüyü
kimi, Yaxın Şərqdəki hadisələr zamanı müsəlman həmrəyliyi zərurətini qabardan,
İsrail-Azərbaycan münasibətlərinə də bu kontekstdən yanaşan, bu münasibətləri
özünə qarşı təhlükə mənbəyi kimi görən qüvvələr nədənsə öz qonşuluğundakı Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı nə müsəlman həmrəyliyi, nə də şiə təəssübkeşliyi
nümayiş etdirmir. Azərbaycan vətəndaşları, o cümlədən siyasi şərhçilər də bu
davranışı ədalətli saymırlar.
Politoloq Fikrət Sadıxov İsrail-Azərbaycan münasibətlərinin
bundan sonra da yüksək xətlə inkişaf edəcəyini diqqətə çatdıraraq deyib ki, bir
sıra mühüm məsələlərlə bağlı hər iki ölkənin mövqeyi üst-üstə düşür. Politoloq
İsrailin güclü, eyni zamanda dünyada, o cümlədən Avropa ölkələrində və ABŞ-da
güclü lobbiyə malik dövlət olduğunu söyləyib. O, "Kaspi"yə açıqlamasında qeyd edib ki, İsrail kimi güclü
ölkənin Azərbaycana dəstəyi mühüm əhəmiyyət daşıyır: "Qarşılıqlı olaraq İsrail
də Azərbaycanla münasibətlərin inkişafına maraq göstərir, ölkəmizin regiondakı
rolunu müsbət qiymətləndirir. Təbii olaraq həm bu münasibətlər, həm də
Netanyahunun Azərbaycana səfəri bəzi dairələri qıcıqlandırmaya bilməzdi. Lakin
bu o demək deyil ki, Azərbaycan İsraillə münasibətləri qurub-qurmaması üçün
hansısa dövlətdən təlimat almalıdır. Azərbaycan müstəqil dövlətdir və müstəqil
siyasət həyata keçirir. Bu siyasət çərçivəsində də dünya dövlətləri ilə
qarşılıqlı maraqlara söykənən münasibətlər qurur. Lakin bu münasibətlər, o cümlədən
İsrail-Azərbaycan əlaqələri hər hansı bir dövlətə qarşı yönəlmir. Bu amili
bütün dünya dövlətləri bilməlidir. Azərbaycan İsraillə yaxınlığından istifadə
edərək qonşu dövlətlərə qarşı hər hansı alyansda yer almaqda heç zaman maraqlı
olmayıb. Bizi bunda qınayan dövlət isə işğalçı Ermənistanla yaxın münasibətlər
qurmaqla, onu bütün kommunikasiya vasitələri, ərzaq və sairlə təmin etməklə,
dolayısı ilə rəsmi İrəvana dəstək verir, Azərbaycan ərazilərinin işğalda
qalmasının uzanmasına, Dağlıq Qarabağ probleminin həllinin yubanmasına səbəb
olur”.
Politoloq
Qabil Hüseynli də hesab edir ki, İsrail-Azərbaycan münasibətləri
fərqli sivilizasiyaların dinc, yanaşı yaşamasına çox yaxşı nümunə ola bilər.
Onun sözlərinə görə, Azərbaycan İsraillə daha yüksək səviyyəli münasibətlərə
malikdir. Politoloq qəzetimizə açıqlamasında deyib ki, bu, Azərbaycanın dövlət və strateji maraqlarına
tamamilə uyğundur: "Bu münasibətlər yaxın perspektivdə daha da inkişaf etdiriləcəkdir.
İsrail-Azərbaycan münasibətləri sivilizasiyalararası toqquşmanın, qarşıdurmanın
əhəmiyyətsizliyini, bunun bəşəriyyətə yalnız ziyanının toxunduğunu sübut edən
çox unikal, multikultural modeldir. Bu münasibətlər hər iki dövlətin iqtisadi
maraqlarına da uyğundur. Azərbaycan siyasi rəhbərliyi çox düzgün xarici siyasi
kurs yürüdərək, dünyada güclü lobbiyə malik olan İsraillə münasibətlərini daim
inkişaf etdirir. Bununla yanaşı, Azərbaycanla İsrail arasında tarixən səmimi
münasibətlər olub. Demokratik cümhuriyyət qurulanda ilk səhiyyə nazirimizin yəhudi
əsilli şəxs olması, sovetlər dövründə olduğu kimi indinin özündə də yəhudilərin
Azərbaycanda dinc, firavan yaşaması, İsraildə azərbaycanlı yəhudilərin olması
buna əyani sübutdur. Lakin bütün bu münasibətlər yalnız qarşılıqlı maraqlara
söykənir və heç bir dövlətə qarşı yönəlməyib. Azərbaycan suveren dövlətdir və
xarici siyasətini də suveren şəkildə, öz milli-dövlətçilik, iqtisadi-siyasi
maraqlarına uyğun olaraq qurur, dövlətlərarası münasibətləri formalaşdırır. Bu
münasibətlərdən kimlərinsə narahatlıq keçirməsi yalnız fanatizm nümunəsidir”.
Rufik
İSMAYILOV