• çərşənbə, 17 Aprel, 03:08
  • Baku Bakı 14°C

Azərbaycan dövləti pandemiya ilə ciddi mübarizə aparır

06.04.20 17:31 1327
Azərbaycan dövləti pandemiya ilə ciddi mübarizə aparır
Lakin bəzi insanlar hələ də bu bəlanın təhlükəsini anlamır, məsuliyyətsizlik edirlər
Prezident İlham Əliyev martın 19-da koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Pandemiyanın mənfi fəsadlarını minimuma endirmək üçün Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılıb və təsirləri qiymətləndirmək məqsədilə dörd İşçi Qrup yaradılıb. Qısa müddət ərzində ölkədə makroiqtisadi sabitliyi qorumaq və məşğulluğu təmin etmək üçün ölkənin sosial-iqtisadi və maliyyə vəziyyəti təhlil edilib, lazımi əlavə tədbirlərin görülməsi, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı ilə bağlı təkliflər hazırlanıb. Bu təklifləri əhatə edən dövlət proqramlarının əsas istiqamətləri açıqlanıb. Bəlli olub ki, dövlət dəstəyi məqsədilə 10 proqram hazırlanıb.
Proqramlar 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bu fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib.Aprelin 4-də isə Baş nazir Əli Əsədov "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Prezidentinin imzaladığı Sərəncamın 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nı təsdiq edib.


Vətəndaşların sağlamlığı üçün bütün mümkün tədbirlər
Məlumat üçün onu da əlavə edək ki, Dövlət dəstək proqramlarının ümumi həcmi 2,5 milyard manat təşkil edir. Bu, Azərbaycanın ÜDM-nin 3 faizi deməkdir. Pandemiya ilə mübarizədə nə MDB məkanında, nə regionda iqtisadiyyatın həcminə görə bu böyüklükdə dəstək paketi hələ ki, yoxdur. Regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitin ÜDM-ə nisbətinə görə Azərbaycan liderdir. Azərbaycanda pandemiyanın kritik olmadığını nəzərə alaraq 2,5 milyard manatlıq yardım paketi beynəlxalq maliyyə qurumları tərəfindən də xeyli qənaətbəxş hesab olunur. Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov mövzu ilə bağlı bildirib ki, hazırda bütün dünya dövlətləri koronavirus (COVID-19) pandemiyası ilə müharibə vəziyyətindədir və bu bəlaya qarşı mübarizə aparır. Onun sözlərinə görə, belə bir mürəkkəb dövrdə Azərbaycan bu amansız və qəddar xəstəliklə təmkinlə mübarizə aparır, vətəndaşlarının sağlamlığı üçün bütün mümkün tədbirləri həyata keçirir.

Ən müasir tibbi laboratoriyalardan istifadə

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti koronavirus infeksiyasının fəsadlarından qorunmaq üçün vaxtında preventiv addımlar atıb, profilaktik və sistemli tədbirlər həyata keçirilməyə başlanıb: "Xəstəliyə yoluxmanın qarşısını almaq məqsədilə sərhədlər bağlanıb, bütün təhsil müəssisələrində tədris dayandırılıb. Vəziyyəti bir mərkəzdən idarə etmək üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Dövlətimiz tərəfindən bütün qüvvələr səfərbər edilib ki, xalqımız bu bəladan az zərər və itki ilə çıxa bilsin. Prezident İlham Əliyevin birbaşa köməyi ilə ölkəyə ilk mərhələdə 10, sonra isə 4 laboratoriya gətirilib. Hazırda Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunub. İnsanlar arasında virusa yoluxma hallarının sayının azaldılması üçün dövlət tərəfindən ciddi qaydalar tətbiq edilir və tədbirlər həyata keçirilir. Təəssüflə deməliyəm ki, görülən tədbirlərə baxmayaraq, ölkəmizdə koronavirus infeksiyasına yoluxma halları artır. Yoluxmanın sayının məhz indi artması bir sıra səbəblərlə izah olunur. Belə ki, ilkin dövrdə infeksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı. Əgər ilk dövrdə ölkədə gündə cəmi 200-300 insan testdən keçirilirdisə, indi müayinələrin sayı 3 min civarındadır. İndiyədək ölkədə 35 mindən artıq insan koronavirus testindən keçirilib. İmkanların genişlənməsi yoluxma hallarını müəyyənləşdirmək üçün şərait yaradıb. İndi Azərbaycanda yeni, ən müasir tibbi laboratoriyalardan istifadə olunur”.


Bir-birimizə və dövlətimizə dəstək göstərmək

Koronavirusun inkubasiya dövrünün uzun olduğunu diqqətə çatdıran deputat söyləyib ki, virusa yoluxma halları əsasən xaricdən gələn və karantində yerləşdirilən insanlar arasında müşahidə olunur: "Təəssüf ki, hazırda ölkə daxilində də insanların bir-birini yoluxdurması halları qeydə alınır. Çünki tibb bu pandemiyanın qarşısını almaqda gücsüz qalıb. Dünya nəzər saldıqda görürük ki, Avropada, xüsusən İtaliya və İspaniyada yoluxma və ölüm halları artan xətt üzrə inkişaf edəndə, qitənin bir çox ölkəsində nisbi sakitlik hökm sürürdü. İndi isə koronavirus Avropanın bir çox ölkəsində tüğyan edir. Avropa ilə müqayisədə, ABŞ-da yayılma və ölüm halları daha gec başladı, indi isə bu ölkə az qala koronavirus pandemiyasının əsarəti altındadır. Bu da onu göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır. Hər bir ölkə və region üçün bu hal spesifiklik təşkil edir. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə öz çıxışlarında, müraciətlərində vətəndaşları belə çətin məqamda diqqətli və məsuliyyətli olmağa çağırıblar. Lakin bəzi insanlar hələ də bu bəlanın təhlükəsini anlamırlar, məsuliyyətsizlik edirlər, küçələrə çıxaraq həm özləri, həm də digərləri üçün təhlükə yaradırlar. İnsanların sağlamlığı cəmiyyətimiz, ölkəmiz və dövlətimiz üçün daha çox əhəmiyyətlidir. Hər bir Azərbaycan vətəndaşının borcu belə ağır gündə məsuliyyətli olmaq, ehtiyac olmadığı təqdirdə evdən çıxmamaq, bu çətin vəziyyətdə bir-birimizə və dövlətimizə dəstək göstərməkdir”.


Sosial sabitliyin qorunması
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində indiyə qədər ölkəmizdə atılan addımlardan söhbət açarkən diqqəti Baş Nazir Əli Əsədovun Sərəncamı ilə təsdiqlənən Tədbirlər Planına yönəldib. Qeyd edib ki, Bu Tədbirlər Planı həm məşğul əhalinin, yəni, muzdla işləyənlərin, eyni zamanda, çalışmayan vətəndaşların sosial təminatını, onlara birbaşa yardımın edilməsini nəzərdə tutur. Millət vəkili bildirib ki, Tədbirlər Planında iş yerlərinin, eləcə də sosial sabitliyin qorunması istiqamətində vəsaitlərin ayrılması nəzərdə tutulub: "Birinci istiqamət pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsidir. Məqsəd iş yerlərinin sayının azaldılmaması və həmin sektorlarda, yəni, orta və iri sahibkarlıq subyektlərində çalışan vətəndaşların indiki halda işləməsələr və məzuniyyətdə olsalar belə, əməkhaqlarını ala bilmələridir. Bu, orta və iri sahibkarlıq subyektlərində çalışan vətəndaşları əhatə edəcək. Əgər hansısa bir vətəndaşın kiçik, orta və iri sahibkarlıq subyektində muzdlu işçi kimi əməkhaqqı müqaviləsi varsa, dövlət ona dəstək göstərəcək. Hazırda muzdla çalışanların sayı 300 min nəfərdir. Büdcədən bu istiqamətdə 215 milyon manat vəsait ayrılacaq. Bu, o deməkdir ki, muzdla çalışan hər bir vətəndaşa orta hesabla 716 manat vəsait ödəniləcək. Təbii ki, əməkhaqqı həcmindən asılı olaraq məbləğ dəyişə bilər”.


VÖEN-lə işləyən hər bir vətəndaş üçün 267 manat

V.Bayramov vurğulayıb ki, mikro və fərdi sahibkar kimi VÖEN-lə işləyən vətəndaşlarımıza da birbaşa yardımın verilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, bu məqsədlə büdcədən 80 milyon manat vəsait ayrılacaq: "VÖEN-lə işləyən hər bir vətəndaş üçün 267 manat vəsaitin ayrılması nəzərdə tutulur. Burada yenə də məbləğ VÖEN-lə və mikro sahibkar kimi fəaliyyət göstərən vətəndaşların əvvəlki dövrdə gəlirlərindən asılı olaraq dəyişə bilər. Əsas meyar ondan ibarətdir ki, mikro və fərdi sahibkar 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş olsun. VÖEN-lə çalışanlar 2019-cu ildə məcburi öhdəliklərini yerinə yetiribsə, vergi ödəyibsə və hesabatlar veribsə, həmin vətəndaşlar bu imkanlardan yararlana biləcək. Eyni zamanda, aprel ayından vergi güzəştlərinin tətbiqi nəzərdə tutulub. Mikro sahibkarlar üçün sadələşmiş vergi üzrə müddətə güzəşt veriləcək. Bu, o deməkdir ki, VÖEN-lə işləyən sahibkarın illik dövriyyəsi 200 min manatdan çox deyilsə, o zaman sadələşmiş vergi subyektidir. Həmçinin əmlak və torpaq vergisindən müddətli azadolmalar tətbiq ediləcək. Vergi ödəyiciləri üçün mənfəət və ya gəlir vergisindən də güzəşt tətbiq olunacaq. Mikro sahibkarlıq subyektləri üzrə hesabatların verilməsi və verginin ödənilməsi müddəti uzadılıb. Burada xüsusən də pandemiyanın daha çox mənfi təsir göstərdiyi sahələr üzrə vergilərin ödənilməsi müddəti artırılıb. Ölkəyə ərzaq və tibbi ehtiyaclar üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli şəkildə azad edilməsi nəzərdə tutulub. Eyni zamanda, icarə haqqından tutulan vergilər üzrə güzəşt tətbiq olunacaq. Bu, icarə vergisinə güzəştin tətbiq edilməsi anlamına gəlir. Ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanması müəyyən müddətə təxirə salınacaq”.


İşsiz vətəndaşlara yaşayış minimumu həcmində birdəfəlik ödəniş

İpoteka və Kredit Zəmanət Fondunun formalaşdırıldığını deyən ekspert bildirib ki, daha çox sahibkarlıq subyektlərinə dövlət zəmanəti ilə kreditlərin verilməsi və eləcə də kredit faizlərinin subsidiyalaşdırılması nəzərdə tutulur: "Subsidiyalaşdırma nəticə etibarilə faizin əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənilməsi deməkdir. Bu istiqamətdə 20 milyon manat vəsait ayrılacaq. Güzəştli ipoteka kreditlərinin həcmində artımlar olacaq, bu məqsədlə 90 milyon manat vəsait ayrılacaq. Vətəndaşlar güzəştli ipoteka kreditlərindən yararlanaraq mənzil problemlərini həll edəcəklər. İkinci istiqamət işləməyən vətəndaşlarla bağlıdır. Müvəqqəti məşğulluğun təmin edilməsi üçün koronavirusun mövcud olduğu dövrlərdə iki ay müddətinə 50 min haqqı ödənilən ictimai iş yerinin yaradılması nəzərdə tutulur. Bu məqsədlə büdcədən 30 milyon manat vəsait ayrılıb. Dövlət məşğulluq xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 200 min şəxsə yaşayış minimumu həcmində, yəni, 190 manat birdəfəlik ödənişin verilməsi nəzərdə tutulur. Bunun üçün dövlət tərəfindən 70 milyon manat ayrılacaq. İşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi və proaktiv təyinat mexanizminin yaradılması üçün 20 milyon manat vəsait ayrılacaq. Xüsusi karantin dövründə bütün ailələrə ünvanlı sosial yardımın verilməsinin rejim bitənədək davam etdirilməsi və ünvanlı dövlət sosial yardımının təyinatının sadələşdirilməsi nəzərdə tutulur. Bu, 62 min insanı əhatə edəcək. Eyni zamanda, sosial baxımdan həssas qrupa aid ailələrin üzvü olan tələbələrin təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Bu istiqamətdə 40 milyon manat ayrılacaq. Aprel-may aylarında elektrik enerjisi ilə bağlı limitlər tətbiq olunacaq. Bu məqsədlə dövlət büdcəsindən 10 milyon manat vəsait ayrılacaq”.

Alpər TURAN
banner

Oxşar Xəbərlər