• çərşənbə, 24 Aprel, 05:15
  • Baku Bakı 14°C

Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında - Fotolar

30.09.19 18:19 3643
Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında - Fotolar
Azərbaycan son illər müxtəlif beynəlxalq təşkilatların reytinq cədvəllərində durmadan irəliləyir. Əlbəttə ki, bu, təsadüfi deyil və bütün sahələr üzrə aparılan islahatlar artıq öz nəticələrini büruzə verməkdədir. Dünya Bankının bu günlərdə açıqladığı "Doing Business 2020” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasına daxil edilib. Hesabata əsasən, Azərbaycan dörd sahə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı asanlaşdırıb. Bu sahələr əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların hüquqlarının qorunması və müqavilələrin icrasının təmin edilməsidir.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov bildirdi ki, Azərbaycanın artan iqtisadi gücü, potensialı, bu potensiala uyğun olaraq atdığı addımlar, həyata keçirdiyi islahatlar ölkəmizin təkcə Cənubi Qafqaz regionunda deyil, eləcə də beynəlxalq aləmdə mövqeyini hər gün möhkəmləndirir: "Hər ötən il ölkəmizin aktivinə yazdığı uğurlar, nailiyyətlər deyilənləri əyani şəkildə təsdiqləyir. Birmənalı olaraq qeyd edə bilərik ki, Azərbaycanın əldə etdiyi uğur və nailiyyətləri şərtləndirən başlıca amil həyata keçirilən düzgün və məqsədyönlü siyasətdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət günümüzdə ulu öndərin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən yeni bir mərhələyə qədəm qoyub. Bu mərhələdə də əsas diqqət ölkənin iqtisadi qüdrətinin gücləndirilməsi və əhalinin sosial rifah halının yaxşılaşdırılmasıdır.

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu islahatların nəticəsində ölkəmiz bütün sahələrdə sürətli inkişafa istiqamətlənib. Bunun nəticəsində ölkəmiz dünya ölkələri arasında xüsusi mövqeyə malik oldu və "Doing Business 2019” hesabatında 32 pillə irəliləyərək ən islahatçı ölkələr sırasında 57-ci pillədən 25-ci yerə yüksəldi. Ölkəmizin iqtisadi inkişafının sürətlənməsi nəticəsində iqtisadiyyatın şaxələnməsinə şərait yarandı. Bu da əhalinin sosial vəziyyətinin ildən-ilə yaxşılaşmasına təkan verdi. Eləcə də ölkə ərazisində infrastruktur layihələri uğurla həyata keçirilir. 2004-cü ildən başlayan "Regionların sosial-iqtisadi inkişafı” Dövlət proqramlarının icrası nəticəsində ölkəmiz regionun qüdrətli, inkişaf etmiş ölkəsinə çevrilib. Heç şübhəsiz ki, buna görə də ölkəmiz Dünya Bankının nüfuzlu "Doing Business 2020" hesabatında 190 ölkə arasında ən islahatçı 20 ölkə sırasına daxil edilib”.

Millət vəkili vurğuladı ki, Azərbaycanda həyata keçirilən islahatların əsasını düzgün və məqsədyönlü idarəçiliyin mövcudluğu təşkil edir: "Ulu öndər Heydər Əliyev elə bir idarəçilik akademiyası yaratmışdı ki, burada təhsil alan, dinləmələrdə iştirak edən hər bir Azərbaycan vətəndaşı ölkə başçısının rəhbərliyi altında ölkəmizin inkişafı naminə bir məqsədə xidmət göstərir. Neft kapitalı insan kapitalına istiqamətləndirildi. Möhtərəm Prezidentimizin həyata keçirdiyi düzgün və məqsədyönlü siyasət nəticəsində qonşu dövlətlərlə və ümumilikdə dünya dövlətləri ilə dostluq, əməkdaşlıq əlaqələri yarandı. Bunun nəticəsində ölkəmizin nüfuzu artmaqda davam edir".

E.Səlimov hesab edir ki, 2019-cu il tarixdə sosial islahatlar ili kimi qalacaq: "Bu il əhalinin sosial rifahını yaxşılaşdırmaq üçün Prezidentimiz tərəfindən bir neçə sərəncam imzalanıb, minimum əmək haqqı 250 manata, minimum pensiya 200 manata, büdcədən maliyyələşən təşkilatlarda əmək haqları 50 faizə qədər artırılıb. Ölkəmiz beynəlxalq layihələrin həyata keçirilməsinə təşəbbüskar olmaqla onlara investisiya yatırır. Buradan gələn əlavə vəsait isə insanların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına yönəldilir: "Ölkəmizin iqtisadi inkişafının sürət tempi islahatların davamlı olacağına əsas verir. Qeyri-neft sektorunun inkişafı ilə məhsul ixracına başlanılıb. Azərbaycanın "Asan Xidmət" brendi dünyanı düşündürdü, bir sıra ölkələr təcrübə məqsədilə ölkəmizə gələrək bu xidməti öyrənib öz ölkələrində tətbiq etməyə çalışırlar. Azərbaycanın sürətli iqtisadi inkişafı bizə onu deməyə imkan verir ki, Azərbaycan növbəti illərdə "Doing Business” hesabatında birincilər sırasında yer alacaq”.


Millət vəkili Azər Badamov bildirdi ki, Azərbaycan uzun illərdir öz müstəqil və düşünülmüş siyasəti ilə başladığı yolda əzmlə addımlayır: "Düzdür, bu yolda Azərbaycana müəyyən daxili və xarici qüvvələr mane olmağa, onu yolundan döndərməyə çalışırlar. Lakin ortada olan qətiyyətli siyasi iradə bütün maneələri aradan qaldırır, dəf edir. Bununla yanaşı, Azərbaycan yeni uğurlara, nailiyyətlərə də imza atır. Bütün sahələrdə qazanılan uğurlar isə öz növbəsində Azərbaycanın beynəlxalq aləmdə, dünyanın nüfuzlu təşkilatlarında mövqelərini möhkəmləndirir. Hər il müxtəlif beynəlxalq təşkilatların hesabatlarında ölkəmizin ön sıraları bölüşdürməsi deyilənlərin əyani sübutudur. Bu günlərdə "Doing Business 2020" hesabatında Azərbaycanın ən islahatçı 20 ölkə sırasına daxil edilməsi də məhz ölkədə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir”.


A.Badamov qeyd etdi ki, Dünya Bankının açıqladığı "Doing Business” hesabatı ölkənin beynəlxalq imicinin formalaşması baxımından əhəmiyyətli hesabatdır: "Bu hesabatda ölkələrin tutduğu mövqeni həmin ölkədə biznesin inkişafına dövlətin münasibəti kimi qeyd etmək olar. Ölkələr çalışır ki, daha çox xarici investisiya cəlb etsin və iqtisadiyyatlarının inkişafına yeni impuls verilsin. Xarici investorlar da bir ölkəyə investisiya yatırmaq istəyəndə beynəlxalq hesabatların göstəricilərinə diqqət yetirir, bir sözlə, yüz ölçüb bir biçirlər. Azərbaycan o ölkələrdəndir ki, böyük islahatlar aparılır, iqtisadiyyatı şaxələndirilir, biznesin inkişafına münbit şərait yaradılır və xarici investorlar cəlb edilir. Ümumiyyətlə, 2015-ci ildən həyata keçirilməyə başlanılan iqtisadi islahatlar ölkəmizi dünyada 190 ölkə arasında ən islahatçı 20 ölkədən biri edib. "Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkədən biri kimi dəyərləndirilməyimiz ölkədə biznesin inkişafının asanlaşmasına yaradılmış şəraitlə bağlıdır. Son hesabatda əsas 4 indikatorda irəliləmə qeydə alınıb. Bu sahələr əmlakın qeydiyyata alınması, kreditlərin alınması, minoritar investorların hüquqlarının qorunması, müqavilələrin icrasının təmin edilməsidir. Düşünürəm ki, cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan sosial-iqtisadi siyasət gələcək illərdə beynəlxalq hesabatlarda ölkəmizin mövqelərini daha da möhkəmləndirəcək”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər