• çərşənbə axşamı, 19 mart, 14:51
  • Baku Bakı 8°C

Azər Turan işıqları

15.07.19 14:21 37280
Azər Turan işıqları
Böyük hadisələri böyük insanlar yaradır və böyük insanlar böyük hadisələrdə doğulur. Zamanın axınına qarışıb tarix dənizini yaradan hadisələr, sözün əsl mənasında, böyük olan insanların əməllərindən törəyir. Bugünkü cəmiyyət, bugünkü sivilizasiya saysız-hesabsız, adı bəlli olan və olmayan insanların əməllərinin nəticəsidir. Əməl tarixi hərəkətə gətirən çarxdır, əməl dünya adlı bir məbədin divarına qoyulmuş bir çınqıl parçasıdır, əməl yaradılmışların ən gözəli insanın zatıdır. Bəlkə də hər bir insan həyatı boyu, heç olmasa, bircə əməli olmaq üçün doğulur…
Azər Turan Bakıya bir az gec, eynən mənim kimi 1990-cı illərin ortalarından sonra gəldi. Amma bu gəliş uçan ulduz kimi sürətli və möhtəşəm alındı. Buna qədər Neftçalada yaşayan və ədəbi dairələrdə özünəməxsus esseistikası ilə tanınan Azər, Bakıda əsərlərinin ruhuna elmi mükəmməllik və ən əsası çox qədimlərdən gələn bir türklük havası qataraq, imzalar içində öz möhürünü vura bildi. Bundan əlavə onun qəzetçilik fəaliyyəti də çox uğurlu alındı. "Yeni Azərbaycan” qəzetində onun məsul redaktor olduğu Ədəbiyyat əlavəsi müstəqillik dövrünün ədəbiyyat tarixində ən böyük hadisələrdən biri oldu. Yeni dövr Azərbaycan ədəbiyyatının bugünkü bütün ciddi imzaları ədəbiyyata həmin qəzetin mətbəxindən daxil olub. Mən bunu tam mübaliğəsiz deyirəm. O bu gün də öz əqli və fəaliyyəti ilə "Ədəbiyyat qəzeti”ni ölkədə gedən ədəbi proseslərin mərkəzi orqanına çevirə bildi. Fəqət qəzetçilikdən öncə o böyük zəka sahibi və dəyərli qələm adamıdır. Bu gün Azər Turan üçün Türk kimliyi ilə yanaşı ədəbiyyatda modernizm dalğası da əsas mövzulardandır. Azər Məhəmməd Hadi ilə yanaşı Şarl Bodler, Anna Axmatova ilə yanaşı Cənab Şəhabəddin, Munkla yanaşı Mircavad, Vaqif Mustafazadə ilə yanaşı Jak Prevert, Rəsul Rza, Mikayıl Rəfili, Orxan Vəli... barədə yazır...
Azər Turanın "İrfan çobanı”, "Cavidnamə”, "Əli bəy Hüseynzadə”, "Şəhid türkoloq Xalid Səid Xocayev”, "Darülmöminin”, "Fəryadın metafizikası”... kimi kitablarını oxuyandan sonra istər-istəməz böyük əməllər və işıqlı şeylər barədə düşünməyə məcbursan. Təkcə ona görə yox ki, Azər işıqlı bir insandır. Onun yazdıqları, onun mövzuları – budur adama işıq aşılayan. Alp Ər Tonqa, Hüseyn Cavid, Əli bəy Hüseynzadə, Ənvər Paşa, Nihal Atsız, Xalid Səid Xocayev, Bəkir Çobanzadə, Yusif Akçura, Əhməd Ağaolu, Fuad Köprülü, Zəki Vəlidi Toğan, Mehmet Akif Ərsoy – Azər Turan kimdən yazır-yazsın, onun üçün bircə qayə var – göy üzünün yumulmayan gözünə şax baxmaq. Məncə, bu, insan üçün ən böyük nemətdir. İnsan açıq alınla göy üzünün gözünə şax baxa bilirsə, demək o, nə özü qarşısında, nə də Tanrı qarşısında gözükölgəlidir.
Azər Turanın qayəsi şərəfli sələflərimizin bizə miras qoyduğu işıqlı əməlləri xələflərimizə gözəl bir şəkildə ötürmək istəyidir. Çünki insanlıq işıq həsrətlisidir. İnsanlıq həmişə işığa doğru gedib. İşıq gələn yerə barmaq tıxayanlar ani bir ekzotik fakt kimi maraqlı olur. Bütün bunlar tarixdə min dəfə olub və tarix ondan ibrət almaq üçündür. Keçmiş insan cəmiyyətinin istinad nöqtəsidir, bu istinad nöqtəsinə dayanmadan gələcəyə gedilməz.
Azər Turanın əsərləri bu istinad nöqtəsini möhkəmləndirməyə xidmət edən bir vasitədir, şanlı keçmişə işıq salmağa, gələcəyə yol açmağa edilən cəhddir.
Bu, öylə bir keçmişdir ki, orada böyük və təlatümlü hadisələr baş verib, bu hadisələrdə böyük insanlar doğulub.
Belə böyük insanlardan olan Mahmud Kaşqarinin bənzərsiz, 1000 il öncə yazılmış "Divan ül Lüğət it Türk” əsərində Azərbaycanla bağlı yerlərin üzə çıxarılıb oxuculara çatdırılmaq hünəri də məhz Azərə məxsusdur. Bu kitabı Azərbaycan dilinə tərcümə də ediblər, barəsində dissertasiyalar da yazılıb, amma Azər bu mətnlərə bir çoxlarından fərqli olaraq könlün gözü ilə baxır. "Alp Ər Tonqa” əsərində "Divani Lüğət it Türk”dən verilən bir mətni burada təkrar bölüşmək, məncə, faydalı olardı: "Qaz. Əfrasiyabın qazının adı. Qəzvin şəhərini bu qurmuşdur. Əsli Qaz Oynıdur. Çünki Əfrasiyabın qızı orada oturur, orada oynayırmış. Türklərin bir qismi, türk ölkəsi sərhəddini Qəzvindən sayarlar. Qum şəhəri də sərhəd sayılır, çünki Qum kəlməsi türkcədir. Əfrasiyabın qızı burada ov edirmiş. Bir qismi də türk sərhəddinin Mərv-əş-şahicandan başladığını söylərlər. Çünki, Qazın atası olan Alp Ər Tonqa Əfrasiyab deməkdir”.
Bu yazıda Azər Turanın öz mülahizəsi də çox maraq doğurandır: "Bakıdakı Qız qalası da Əfrasiyabın qızı ilə əlaqəli bir qaladır. Qız qalası ilə bağlı uydurulmuş iyrənc rəvayəti bir kənara qoyub əfsanədəki vacib bir detala diqqət yetirməliyik. Heç şübhəsiz, əsl mahiyyəti təhrif edilmiş həmin əfsanədə Qiz Qalasını Bakı xanı (Uyğur versiyasına görə Alp Ər Tonqa Buku xandır) öz qızı üçün tikdiribmiş. Qız Qalası Əfrasiyabın-Alp Ər Tonqanın qızı olan Qaz üçün Azərbaycan ərazisində tikdirdiyi qalalardan biridir. Daha doğrusu, həm Saka (Turan) hökmdarının qızının qalası, həm də Alp Ər Tonqanın qızı olan Qazın qalasıdır. Bu mənada, Qız qalasının tikintisini sasanilərə, yaxud Zərdüşt inancına bağlayanların nə üçün məhz həmin dönəmdə yaşamış Alp Ər Tonqanı-Əfrasiyabı, Əfrasiyabın (Oğuz) qızı Qazı unutduqlarını anlamaq olmur.”
Öz doğma qızına vurulan atanın tikdirdiyi qala barədə əfsanələr yaradan sasani düşüncəli qafaların sərsəmləmələrindən fərqli olaraq, Azər Turan ortaya işıqlı və "Divani Lüğət it Türk” kimi mötəbər mənbəyə söykənən böyük bir ideya qoyur. Ağıllı qafalar belə ideyalardan faydalanmalıdır, çünki biz şanlı keçmişi olan, şanlı dövlətlər qurmuş böyük insanların övladlarıyıq və böyük işlər görmək üçün doğulmuşuq. Budur bizim məfkurə, budur bizim dirəndiyimiz dirəniş nöqtəsi. Millətin tarixi uzun bir zəncirdir, oradan bircə halqa çıxarsan, hər şey alt-üst olmağa başlayacaq. Azər bu halqaları bərkitməklə məşğul olanlardandır. Çünki o, məfkurənin nə olduğunu bilir o, Qızıl Almanın, Altun İşığın nə olduğunu bilir, o, Əbədi elin – Turanın nə olduğunu bilir. O anlayır ki, Turan türk düşüncəsinin Buddasıdır – Alp Ər Tonqa da, Mete də, Çingiz xan da, Ənvər Paşa da, Hüseyn Cavid də, Atatürk də və neçə-neçə düşüncə sahibi də orada təcəlla tapır. Biz hamımız eyni yerdən gəlmişik, biz hamımız eyni yerə dönəcəyik. Bizim bir Qızıl Almamız var – Yer planeti, bizim bir dönəcəyimiz yer var – Ulular Uçmağı. Hüseyn Cavid də, Əli bəy Hüseynzadə də, Nihal Adsız da, Azər Turan da, Elxan Zal da müxtəlif adlar altında təcəlla tapan bir bütövdür, bir-birini minillər boyu tanıyan canlardı. Azər Turanın türkləri planetar səviyyədə düşünən insanlardı, dünyada tarazlığı qorumaq üçün doğulmuşlardı. Əbədiyyət sakinləridir. O, həqiqəti "fəhmin gücüylə” görməyə çalışır. Onun Hüseyn Cavid haqqında bir fikri çox maraqlıdır: "Cavid əfəndinin əcdadı Naxçıvanın Şahtaxtı kəndində yaşayanlar deyildi. Cavid daha qədim əcdadın, göylər aləmi ilə qohumluğunu etnik soyadında qoruyub saxlamış göytürk nəslinin varisi idi, hatifdən gəldikləri kimi hatifdən dürlü xəbərlər vermək də bu insanların genetik xüsusiyyətidi. İnsan olmuşdular – Tanrıçı insanlar, daş üzərinə yazılar yazmışdılar, keçmiş və sabahı bildirmişdilər, göyə söykənib dövlət qurmuşdular, türk yaranıb şaman olmuşdular, müsəlman doğulub sufi oldular, nə var ki, Göylər aləmi ilə rabitə qırılmasın”.
"Göyə söykənib dövlət qurmaq” - budur bəşəriyyətin ən böyük arzusu, budur dövlət adlı düşüncənin təməl daşı. Miladın XX yüzilinin sonlarında meydana gəlmiş Azərbaycan dövlətini yalnız bu düşüncə yaşada bilər. Biz bu gün nələrisə saxlaya bilmişiksə, Cavidlərin, Əlibəylərin hesabına saxlamışıq. İçində Turan – Ədəbi El duyğusu olmayan insan bütöv Azərbaycanı dərk edə bilərmi?
Qlobal düşüncə tərzi həmişə cəmiyyətin lokomotivi rolunu oynayıb. Böyüklüyün yolu idrak sərhədlərinin genişliyindən başlayır. Qlobal düşüncə Amerika cəmiyyətini dünyanın lider cəmiyyətinə çevirdi. Amerika cəmiyyəti dünyada liderlik düşüncəsini saxlamaq üçün vətəndaşlarına kosmik düşüncə tərzi aşılayır və KİV neçə illərdir var gücüylə bu yöndə çalışır.
Hüseyn Cavidin yarımçıq qalmış "Azər” poemasının son fəsli, yanılmıramsa, "Üsyan” adlanır. Böyük şair burada təzə təşəkkül tapan Azərbaycan insanını köhnəliyə üsyan etməyə səsləyir. Keçmişə yox, məhz köhnəliyə.
Bəlkə də Tanrı hökmüylə Hüseyn Cavid İrkutska, qədim türk yurduna sürgün edildi. Böyük Turan aşiqini anan yüz minlərlə insan istər-istəməz İrkutsk barədə düşünəndə Turanı andı. Qızıl Alma istəyi baş qaldırdı və bu almanı yeyən analar Azər Turanlar doğdu. Onilliklər keçəndən sonra Azər Turan "Azər” poemasının sonuncu fəsli oldu. Hələlik. Çünki dövrə qapanmayıb və heç vaxt qapanmayacaq.
Elxan Zal Qaraxanlı







banner

Oxşar Xəbərlər