• çərşənbə axşamı, 19 mart, 06:30
  • Baku Bakı 8°C

Axtarışlar məqsədli olanda

23.07.19 15:00 44381
Axtarışlar məqsədli olanda
Çağdaş təsviri sənətimizin aparıcı sahələrindən sayılan rəngkarlıqda çalışan, arzu və duyğularını boyalarla ifadə etməyə üstünlük verən gənclərimizin müstəqillik dövrü yaradıcılığına ötəri nəzərlə belə burada bədii prosesin elə də rəvan getmədiyinə şahidlik etmək mümkündür. Əgər orta əsrlərdə saray kitabxanasında, az qala dünyadan təcrid olunmuş kimi fəaliyyət göstərən miniatürçülər ölçüyəgəlməz bədii dəyərini bu gün də qoruyub saxlayan əsərlər yarada bilmişdilərsə, bu gün ən uzaq-əlçatmaz məkanı və informasiyanı ovcunun içinə "daşımaq” gücündə olan gənc rəssamlarımız ərsəyə gətirdikləri "sərgi məqsədli” işlərlə ciddi axtarışlardan hələ də uzaq olduqlarını sərgiləməkdədirlər.
Düzdür, axtarışlar yaradıcını dərhal uğurlu nəticələrə gətirib çıxarmır. Bu yolda büdrəmələrin, səhvlərin mövcudluğu da labüddür. Qənaətimizcə, bu özünüifadə cəhdləri nə qədər məqsədlidirsə, onun gec-tez müsbət nəticə verəcəyinə ümid etmək olar. Təbii ki, bəzən məşhur olan və yaxud da tanınmayan Avropa rəssamlarından iqtibaslar gətirmək, məlum əsərlərə nəzirələr çəkməklə hər hansı yaradıcının öz "mən”ini tapması mümkünsüzdür. Bu yolu tutanlar yalnız öz-özlərini aldatmış olurlar. Bu yerdə Məmməd İsmayılın "Kimi aldadırsan, a zalım oğlu?” sualı yerinə düşsə də, deməliyik ki, bu gün müasir Azərbaycan təsviri sənəti hələ də ötən əsrin altmışıncı-yetmişinci illərində-ideologiyadan asılı bir şəraitdə qazandıqları ilə öyünürsə, deməli, arzulanan müstəqillik də indiki ideoloji asılılıqdan uzaq olanların yaradıcılığına heç bir müsbət təsir göstərə bilməyib. Bu iradımız təkcə gənclərə aid deyil...
Qənaətimizcə, əvvəlcədən həyatının "yuxusuz gecələr” mərhələsinə qədəm qoyduğunu dərindən dərk edən hər kəs, sənətdə haradan gəlib, hara gedəcəyini özü üçün müəyyənləşdirməlidir. Başqa sözlə desək, axtarışlar məqsədli olanda sonda yaradıcı rəssam adının daşıyıcısına çevrilmək mümkündür, əks halda, onun "şəkil çəkən” olacağı qaçılmazdır. Bu yazının başlanğıcının bir qədər uzun olması da "Dərdli deyingən olar” deyimi ilə bağlıdır. Yaradıcılığı barəsində söz açmaq istədiyimiz Aygün Əsgərovanın müxtəlif janrlı və mövzulu əsərləri göstərir ki, onun axtarışları məqsədli və məntiqlidir...
Bakıda orta və ali ixtisas təhsil alan Aygün Əsgərovanın görkəmli fırça ustası Mikayıl Abdullayevdən öyrəndiyi sənətkarlıq dərsləri onu düzgün yaradıcılıq yoluna yönəltdiyi görünəndir. Rəssamın 25 illik fəaliyyəti nəticəsində toplanan bədii irsinə nəzər yetirdikdə, onun diqqətini başlıca olaraq qadınlar cəlb etdiyini söyləməliyik. Amma müxtəlif pozalarda, bir-birindən fərqli psixoloji durumlarda görüntüyə gətirilən bu qadınların ümumi bədii tutumunda ilğım əlamətləri duyulmaqdadır. İkonoqrafik dəqiqlikdən obrazlı görkəmə qədər uzanan dəyişiklə əldə olunan bu bədiilikdə tamaşaçı üçün əsas və yardımçı məna-məzmun daşıyıcısı duyulandır. Əslində, reallıqdan götürülmüş mövzu və onların yükünü daşıyan insanların, rəssam təxəyyülü sayəsində, ilk baxışda cəlbedici, bütünlükdə isə düşündürücü tutumunda rəng estetikasının zənginliyini ifadə etmək potensialını görmək mümkündür. Bunu ilk növbədə onun süjetli tablolarında müşahidə etmək mümkündür. Rəssamın "Musiqi”, "Günəş və ay”, "Analıq”, "İblis və məlakə”, "Çəkisizlik”, "Dənizin göz yaşları”, "Oxunmamış məktub”, "Zaman”, "Ruhlanma”, "Məlakə və zaman”, "Qara və qırmızı”, "Labirintlər” və s. lövhələri bu qəbildəndir. Bu əsərlərdə yaxı və rəng improvizələri ilə reallığı az qala irreallığa çevirməyə bacaran Aygün Əsgərova, kompozisiyanın dominant nöqtəsindən kənarlara doğru öləziyən boya keçidlərində "yuxu” təəssüratı yaratmaqla, bütünlükdə, təqdim olunan süjetin ilğım təəssüratı yaratmasını şərtləndirmişdir. Odur ki, insan yaşantıları bu azayrıntılı kompozisiyalarda cəlbedici olduğu qədər də, düşündürücüdür...
Rəssamın çoxsaylı qadın obrazları, əslində, onun bir qədər ənənəviləşmiş görünən portret janrına özünəməxsus münasibətini əks etdirir. "Mavi paltarlı qız”, "Çöhrə”, "ovqat”, "Zəriflik”, "Hikkə”, "Baxış”, "Qız bülbüllə” və digər portetlərində bütün diqqəti, qəhrəmanlarıın çöhrəsinə, onların daxili aləminə "güzgü” tutan baxışlarının konkretləşdirilməsinə yönəldən müəllif, bu dəqiqləşdirmədə varlığın mahiyyətini qabardan obrazlı tutumun əldə olunmasını şərtləndirmişdir...
Onun cəmisi bir-neçə portreti konkret ad daşıyıcısıdır. Bunlar İsa peyğəmbər, Milli Qəhrəman Salatın Əsgərova və rəssamın özüdür. Peyğəmbərin nura bələnmiş çöhrəsində insanlarda inam yarada biləcək ilahi-mənəvi güc hiss olunandırsa, canını torpaqlarımızın bütövlüyü uğrunda qurban verən jurnalistin milli bayrağımızla təsvirində isə düşmən üzərində qələbəyə inam qabarıq hiss olunur. Avtoportretinin "bəyaz ovqat”ında isə rəssamın gələcəyə böyük ümidlə baxdığı duyulmaqdadır...
Rəssamın digər janrlarda çəkdiyi əsərlərdə də onların ənənəviləşən bədii tutumunu genişləndirmək istəyi duyulmaqdadır. Bu mənada onun mənzərə və natürmortlarının duyulası dərəcədə ovqatyaradıcı olduğunu deməliyik. Xarici ölkələrə səfərlərindən sonra yaratdığı "Venesiya”, "Köln”, "Paris”, "Monteneqro” və s. əsərlərində məşhur məkanlar görüntüyə gətirilsə də, onlar müəllifin özünəməxsus bədii şərhi nəticəsində kifayət qədər fərqli bədii tutum almışlar. Kətan boyu gerçəkləşən "yaxı oyunları” sayəsində rəssam üçün heyrətdoğurucu görünən motivlər tamaşaçılar üçün də cəlbedici məkana-estetik qaynağa çevrilmişlər. Onun Azərbaycan təbiətinə həsr olunmuş "Payız”, "Gecə”, "Bahar” və "Səhər” lövhələrində də müxtəlif motivlərdə hifz olunan gözəllik qaynaqlarına obrazlı görkəm verildiyi duyulmaqdadır...
Aygün Əsgərovanın çoxsaylı natürmortlarının estetikasına göz qoyduqda, bu janra yönəli söylənilən "cansız əşya və ölü natura” kimi dəyərləndirmənin bir o qədər də ədalətli olmadığını söyləməyə məcburuq. Onun "Narlar”, "Yaşıl natürmort”, ”Qızılgüllər”, "Yasəmən”, "Lalələr”, "Limonla natürmort”, "Əriklərlə natürmort” və digər çoxsaylı natürmortlarında Avropalılardan gəlmə dəyərləndirmədən uzaqlaşma duyulmaqdadır. Kompozisiyaya daxil etdiyi hər bir əşyanın daşıdığı dəyəri, onun insan həyatında tutduğu yerlə vəhdətdə verən müəllif, bununla da ilk baxışda "cansız” görünənlərin hələ də funksonallığını qorumaqda olduqlarına bədii görkəm verə bilmişdir...
Əsas yaradıcılığı müstəqillik illərində baş tutan rəssamın bu dövrdəki fəallığı duyulan olmuşdur. Bakıda iki dəfə (1999 və 2011) fərdi sərgisini təşkil edən Aygün Əsgərova, davamlı olaraq respublika və beynəlxalq sərgilərin iştirakçısı olmuşdur. Ötən bu müddətdə dəfələrlə əsərləri müxtəlif mükafat və diplomlarla təltif olunmuşdur. 2002-ci ildə isə Gənclər, İdman və Turizm Nazirliyinin təsis etdiyi "İlin ən yaxşı rəssamı” nominasiyasında "Gənclər mükafatı”na layiq görülmüşdür.
Təhsilsonrası müstəqil yaradıcılıqla yanaşı pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Əvvəlcə rəssamlıq kollecində çalışan Aygün Əsgərova, 2018-ci ildən bir vaxtlar məzunu olduğu Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında gənc rəssamlara sənətin sirlərini tədris etməkdədir...
banner

Oxşar Xəbərlər