• cümə, 29 Mart, 09:53
  • Baku Bakı 5°C

Avtobus sürücüləri konkret qrafiklə işləyəcək

16.04.16 11:18 3436
Avtobus sürücüləri konkret qrafiklə işləyəcək
Azərbaycanda “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkə daxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar” təsdiq edilib. Nazirlər Kabinetinin məlumatına görə, bu qaydalar ölkə daxili avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri sürücülərinin iş və istirahət rejimini, bununla bağlı avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən hüquqi şəxslərin və fərdi sahibkarların, sürücülərin hüquqlarını, vəzifələrini, həmçinin Azərbaycan Respublikasının ərazisində rəqəmsal taxoqrafla təchiz olunmuş sərnişin və yük daşımalarını həyata keçirən xarici və yerli daşıyıcılara məxsus olan avtonəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejiminə riayət etmələrinə nəzarətin həyata keçirilməsinin əsaslarını müəyyən edir.
Qaydalara əsasən, sürücülərin iş və istirahət vaxtı, o cümlədən növbəli iş rejimində iş və istirahət vaxtı iş (növbəlilik) cədvəlləri əsasında müəyyən edilir. Bütün sürücülər üçün iş (növbəlilik) cədvəlləri işəgötürən tərəfindən hər bir iş günü (iş növbəsi) əks olunmaqla və iş vaxtının gündəlik və ya cəmlənmiş uçotu aparılmaqla hər ay tərtib edilir və onların tətbiqinə ən azı bir ay qalmış sürücülərin nəzərinə çatdırılır. Gündəlik iş vaxtına uyğun olan həftəlik iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Qeyd edək ki, yeni qaydalara əsasən, iki istirahət günü olan beşgünlük iş həftəsində gündəlik iş vaxtının (növbəsinin) müddəti 8 saatdan, bir istirahət günü olan altıgünlük iş həftəsində isə gündəlik iş vaxtının (növbəsinin) müddəti 7 saatdan çox olmamalıdır.
Məlumdur ki, əksəriyyətimiz gündəlik ictimai nəqliyyat vasitələrindən istifadə edirik. Bir çox sürücülər avtobusu elə idarə edir ki, bəzən gedəcəyimiz ünvana sağ-salamat çata biləcəyimizə şübhə edirik. Uzun zamandır yollarda baş verən nəqliyyat qəzalarının səbəblərinin dərinliyinə vardıqda, onların orta hesabla eyni olduğunu görə bilərik. 18-20 saat sükan arxasında olan sürücünün yorğunluğu, məsuliyyətsizliyi, yollarda avtobusların bir-biri ilə yarışa çıxması qəzaları yaradan əsas səbəblərdəndir. Sürücülər günlük planı doldurmaq məqsədilə interval müddətini keçir, insanların həyatını təhlükə altına atırlar. Ona görə də bu sahədə anarxiya var desəm, yəqin ki, yanılmaram. Görəsən, Nazirlər Kabinetinin təsdiq etdiyi bu qaydalar problemi aradan qaldıra biləcəkmi? Mövzu ilə bağlı ekspertlərin rəyini aldıq.
Mühüm olan, qaydaların tətbiqinə nəzarətdir

Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli qəzetimizə verdiyi açıqlamada bildirdi ki, burada mühüm olan məsələ təsdiq edilmiş qaydalara riayət və nəzarət etməkdir: “Nəqliyyat sahəsi elə bir sahədir ki, bəlkə də qaydaların tətbiqi ilə bağlı ən çox düzəlişlər məhz bu sahədə edilir. Lakin təəssüflə qeyd etmək istərdim ki, hələlik ictimai nəqliyyatda biz ciddi irəliləyişə nail ola bilməmişik. Hesab edirəm ki, problemin əsasında ciddi nəzarətin olmaması dayanır. Bu günə kimi müxtəlif qaydalar tətbiq olunsa da, ictimai nəqliyyatla bağlı xidməti həyata keçirən şirkətlər tətbiq olunan qayda və qanunlara nəzarət funksiyasını həyata keçirmirlər. Bundan başqa, həmin şirkətlər bu qaydalara birmənalı yanaşmırlar. Məsələnin mahiyyəti ondan ibarətdir ki, biz ilk növbədə ictimai nəqliyyatda professional sürücülərin işə qəbulunu tətbiq və təmin etməliyik. İkinci bir tərəfdən isə, bəzi xidmət sahələri var ki, onlar üçün vaxtaşırı istirahət saatları mütləq ayrılmalıdır. Amma bəzən bizdə elə olur ki, sürücü 18-20 saat sükan arxasında olur. Bu da Əmək Müqaviləsinin şərtlərinin pozulması deməkdir. Həmçinin qeyri-professional sürücülərin işə götürülməsi faktı geniş yayılıb. Hər dəfə avtobus qəzalarından sonra məlum olur ki, ya sürücünün sürücülük vəsiqəsi yoxdur, yaxud həmin sürücü artıq aylardır fasiləsiz sükan arxasındadır. Bu kimi hallar paytaxtda və regionlarda ictimai nəqliyyatda tez-tez qəzaların yaranmasına səbəb olur. Yeni qaydalar imkan verəcək ki, nəzarət gücləndirilsin və qanunlara ciddi şəkildə əməl olunsun”.
Vergidən yayınmaq naminə həyatımızı təhlükə altında qoyurlar

İ.Hüseynlinin sözlərinə görə, bəzən şirkətlər dövlət qarşısında daşıdıqları öhdəliklərdən də yayınırlar. Yəqin ki, qaydaların tətbiqindən sonra bu kimi halların qarşısı qismən də olsa alınacaq: “Adətən şirkətlər bir xətt üzrə lazım olduğundan daha az sürücü işə qəbul edirlər. Məsələn, bir xətt üzrə əgər 100 nəfər sürücü götürməlidirsə, 50 nəfər işə götürürlər. Çünki bu zaman 50 yox, 100 nəfərə əməkhaqqı verilməli, Dövlət Sosial Müdafiə Fonduna, Vergilər Nazirliyinə müvafiq ödəmələr olunmalıdır və s. Nəticə etibarilə bu fakt xətlərdə sürücü çatışmazlığının yaranmasına səbəb olur. Ümid edirəm ki, bu kimi halların qarşısı yaxın zamanda alınacaq”.
Ekspert bu məsələdə ictimai nəzarət funksiyasının vacibliyini və bununla bağlı beynəlxalq təcrübənin önəmini də bizimlə bölüşdü: “Dünyanın bir çox inkişaf etmiş ölkələrində nəqliyyat vasitəsində sürücünün törətdiyi ən kiçik qayda pozuntusu ilə bağlı da vətəndaşlar özləri aidiyyatı orqanlara məlumat verirlər. Bizdə isə fərqli məqamlar var. Bizlər vətəndaş olaraq çox vaxt ictimai nəzarət funksiyasının daşıyıcıları olduğumuzu unuduruq. Yaxud da müxtəlif stereotiplər var ki, biz bunları aşa bilmirik. Bizdə ictimai nəzarəti daha çox satqınlıq, kiminsə çörəyinə bais olmaq kimi qəbul edirlər. Əslində isə bu fikir tamamilə yanlışdır. Əgər biz neqativ halı müşahidə ediriksə və bunu vaxtında müvafiq struktura çatdırmırıqsa, indi törədilən qanunsuzluqlar gələcəkdə hansısa bir insanın həyatı bahasına başa gələ bilər. Biz bütün problemli məsələlərdə günahı yalnız hakimiyyət orqanları, yaxud da icra strukturlarının üzərinə ata bilmərik. Vətəndaş bilməlidir ki, əgər onun olduğu nəqliyyat vasitəsində sürücü sərxoşdursa, tez-tez qanun pozuntusuna yol verirsə, buna biganə yanaşmamaq, müvafiq ünvanlara şikayət etmək lazımdır”.
Hər kəs qaydalara ciddi şəkildə əməl etməlidir

Xarici təcrübədən ən yaxşı nümunə olaraq ABŞ-ı misal çəkən ekspert orada sürücülərin hər birinin istisnasız olaraq attestasiyadan keçdiyini, onların bilik və bacarıqlarının mütəxəssislər tərəfindən yoxlanıldığını vurğuladı: “Beynəlxalq təcrübədə sürücülərə bir gündən bir istirahət hüququ verilir. Bu istirahət isə normal əmək stajı kimi götürülür. Yəni istirahət günü də iş günü kimi qəbul olunur və əməkhaqqına təsir etmir. Sürücülər xüsusi geyimlər geyinir. Bundan başqa, marşrut xətlərində müvafiq interval müddətinə saniyəsinə kimi əməl edirlər. Əslində bu çox önəmli bir faktdır. Biz dəfələrlə bir avtobus sürücüsünün paralel xətdə sərnişini tez götürmək üçün hətta qaydaları pozmasını və yarışa çıxmasını müşahidə edirik. Bu halların qarşısını almaq üçün interval müddətinə xüsusi nəzarət tətbiq olunmalıdır. Bəzən nağd ödəniş zamanı vətəndaş və sürücü arasında problemlər yaşanır. Bu isə gecikməyə səbəb olur. Sürücü həmin vaxt itkisini bağlamaq üçün nəzərdə tutulan sürət həddini aşır. Təcrübə keçdiyim ölkələrin əksəriyyətində vətəndaşlar gediş haqqını plastik kart vasitəsilə ödəyir. Əgər biz bu qaydaları və münasibətləri həm vətəndaşlar, həm də nəqliyyat şirkətləri olaraq tam mənimsəyə və formalaşdıra bilsək, bütün problemllərin həlini tapa biləcəyinə əminəm. Qaydalar insanlar üçündür. Hər kəs bu qaydalara əməl etməli, öz hüquq və vəzifələrini bilməlidir”.
Taxoqraf bir işi iki dəfə görmək deməkdir

“BakuBus” MMC-nin mətbuat katibi Nuridə Allahyarova öz iş rejimləri haqqında məlumat verərək bildirdi ki, bu avtobuslarda rəqəmsal taxoqrafa ehtiyac yoxdur. Mətbuat katibinin sözlərinə görə, avtobuslarda quraşdırılan sistem bu funksiyanı yerinə yetirir: “BakuBus” sürücülərinin iş rejimi standartı Əmək Məcəlləsinə müvafiq olaraq səkkiz saatdan artıq deyil. Həmçinin sürücülərin istirahət günlərinə nəzərdə tutulduğu formada tam riayət olunur. Bizim neoplan avtobuslarımız var ki, onlar gecədən səhərə qədər fəaliyyət göstərirlər. Ona görə səhərə kimi işləyən xətlərdə növbəli rejimlə bir neçə sürücü dəyişir. Şəhərin mərkəzində fəaliyyət göstərən avtobuslarımızda gün ərzində maksimum 3 sürücü dəyişir. “BakuBus”da olan sistem rəqəmsal taxoqrafın bütün funksiyalarını icra edə bilir. Avadanlıq haqqında məlumat, sürücünün sürücülük kartın daxil etməsi və çıxarması, bütün sürücülük fəaliyyətinə nəzarət edilməsi, sürət haqqında məlumat, avadanlıq tərəfindən aşkar edilə bilən hadisə, xəta, zamanın tənzimlənməsi, nəzarət funksiyası - bütün bunların hamısı taxoqrafın funksiyasına daxildir. Bizim avtobuslarda quraşdırılmış sistem bütün bu funksiyaları yerinə yetirmək imkanına malikdir. Yenidən rəqəmsal taxoqrafın sistemə quraşdırılması eyni işi iki dəfə görmək demək olardı. Hesab edirəm ki, bizim avtobuslarda buna ehtiyac yoxdur”.
Şəbnəm MEHDİZADƏ
banner

Oxşar Xəbərlər