AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Avropa Şurası öz nüfuzunu itirmiş və getdikcə hörmətdən düşən bir təşkilata çevrilməkdədir

Avropa Şurası öz nüfuzunu itirmiş və getdikcə hörmətdən düşən bir təşkilata çevrilməkdədir

Siyasət
07 İyun 2020, 11:22 247
Qarabağın işğal olunmuş ərazilərinə nəzarət edən qondarma xunta rejiminin keçirdiyi qeyri-qanuni "seçki” şousu və xuntabaşı seçməsi dünyanın heç bir dövləti tərəfindən tanınmadı, ATƏT Parlament Assambleyası, Minsk qrupunun həmdədrləri-Rusiya, ABŞ və Fransa belə "seçkilər"i və onların nəticələrini tanımadıqlarını dəfələrlə bəyan etdilər.
Bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi nüfuzlu təşkilatlar bu "seçki” oyunbazlığını pisləyən bəyanatla çıxış ediblər:
"Təkcə öz mövqeyini bildirməyən Avrpa Şurası Parlament Assambleyası (AŞ PA) olmuşdur. Əslində, bu mövzuda AŞ PA-nın susması onun ikiüzlü mövqeyinin bir göstəricisi kimi qiymətləndirilə bilər.
Bu günlərdə Tərtər rayonuna səfər edən cənab Prezident İlham Əliyev orada Olimpiya İdman Kompleksinin açılışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə geniş, əhatəli çıxış edərək torpaqlarımızın işğalı ilə heç zaman barışmayacaq xalqımızın mövqeiyini bir daha dünyaya bəyan etdi, AŞ PA-nın ikili standartlar siyasətini tutarlı faktlarla ifşa etdi. Cənab Prezident Avropa Şurasının anti-Azərbaycan mövqeyini, azərbaycanofobiya adlandırmış, Azərbaycanın sürətli inkişafını gözü götürməyən bu təşkilatın qərarlarının bizim üçün əhəmiyyətsiz bir kağız parçası olduğunu söyləmişdir”.
Deputat vurğulayıb ki, Avropa Şurası öz nüfuzunu itirmiş və getdikcə hörmətdən düşən bir təşkilata çevrilməkdədir:
"Bunun əsas səbəbi AŞ PA-nın siyasi sifarişlə işləməsi, işğalçı Ermənistana təəssübkeşliyini hüquq və ədalətdən üstün tutması, beynəlxalq əlaqələri və nüfuzu getdikcə güclənən Azərbaycana qarşı ardıcıl təzyiq yolu tutmaqla işğalçıya tərəfkeşlik etmək cəhdləridir.
Nədənsə, haqq-ədalət carcısı olan AŞ PA ABŞ-ın Minneapolis şəhərində polisin boğub öldürdüyü qaradərili insanın "nəfəs ala bilmirəm" iniltisini eşitmir, Avropanın göbəyində itlərə yedirdilən, at dırnağı altında tapdanan nümayişçiləri görmür, Azərbaycanda mikroskopla haqqı pozulan müxalifətçi, siyasi dustaq axtarır, milli kimliyi, etnik və cinsi mənsubiyyəti bilinməyən insanlara qucaq açaraq onlardan ölkəmizə qarşı "beşinci kolon" yetişdirərək "səxavətlə" istifadə edir. Azərbaycanda hər kəsə bəllidir ki, AŞ PA nın xəmiri xaç suyu ilə yoğrulub və bu təşkilatın ağ şalvarında qara erməni yamağı getdikcə daha aydın görünməkdədir”.
M.Quliyev vurğulayıb ki, Azərbaycanın güclü lideri var, güclü xalqı var, güclü ordusu var: "Bizim nə AŞ PA-nın dəstəyinə ehtiyacımız var, nə də onun qərəzli mövqeyindən qorxumuz. Bizim istədiyimiz ədalətli münasibətdir.
Biz öz torpaqlarımızı işğaldan azad edəcəyik, o torpaqlarda həqiqi, demokratik seçkilər keçirəcəyik və AŞ PA-ya da, onun kimi, ermənipərəst qüvvələrə də dərs verəcəyik, ədalət və insanlıq dərsi!”.