Avropa Ədəbiyyat Festivalına gedəcəyimi hələ altı
ay öncə şair, tərcüməçi Səlim Babullaoğlu müjdələmişdi, demişdi ki, Bədii
Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə gələn dəvətə sənin adını vermişəm. Məlumat
üçün deyim ki, bu festivala ölkəmizdən S.Babullaoğlu və Qismət də qatılıblar.
Dünyanın olduqca maraqlı, əhatəli şeir tədbirlərindən sayılan Avropa Şairləri
Baharı zəngin gündəliyi ilə seçilən bir festivaldır. Hər il Moldova
Respublikasının paytaxtı Kişinyov şəhərində baş tutan festival artıq doqquzuncu
dəfədir ki, poeziyasevərləri sevindirir.
7-9 may tarixlərində keçirilən festivala yeddi
ölkədən şairlər qatılmışdılar: Endi Fierens (Belçika), Linda Mariya Baros və
Yekta (Fransa) Kristian V.Şenk (Almaniya), Luba Feldşer (İsrail), Yevgeni
Stepanov (Rusiya) Maqda Karnesi, Eugen Suciu, Daniel Corbu, Stere Bucavola,
Valeriu Stancu, Mircea Dan Duta, Gerorgi Terziu (Rumuniya).
İlk gün
Kişinyov məni "qaş-qabaqlı qarşıladı” – havanın
"üzü gülmür”dü. Azərbaycana, indiyə qədər hər iki ölkə arasındakı əlaqələrə və
qonaq bir şair kimi mənə olan isti, doğma münasibət soyuğu unutdurdu. O
günlərərzində qətiyyən hərarətli, mehriban həmkarlar arasında "üşümədim”.
Klassiklər
parkı
Tədbirin ilk günü həmkarlarımızla birgə "Klassiklər
parkı”nda dahilərin, görkəmli insanların abidəsini ziyarət etdik, gül qoyduq və
o dar macalda hər kəs vaxt tapıb bir-biri ilə tanış oldu. Hər kəs məni görərkən
"Azərbaycan, Azərbaycan” deyə çağırırdı, adımı bilməyənlərin məni bu cür
səsləyişi doğrusu, xoşuma gəlirdi. Sanki, adım bir anlığa elə Azərbaycan idi.
Əslində, ölkəsini xaricidə qürurla, sevərək təmsil edən hər kəs elə Azərbaycan,
yaxud elə onun bir parçası deyilmi? Açılış mərasimi
Həmin gün Moldova Milli İncəsənət
Muzeyində festivalın açılış mərasimi keçirildi. Tədbirdən öncə bizi bu möhtəşəm
muzeyin eksponatları ilə tanış etdilər. Çox zəngin fondu olan, qeyri-adi
əsərlərin qorunduğu bu mədəniyyət ocağında xristianlığa aid rəsm əsərləri,
qədim qablar, məişət əşyaları, heykəllər, zinət əşyaları və sair qorunur.
Festivalın açılışı çox maraqlı oldu. Tədbiri Arkadi Suçevianu açıq elan edib
festivalın dəyərindən danışdı. Sonra başqa ziyalılar nitq söylədilər, poeziya
barədə maraqlı müzakirələr oldu. Daha sonra əcnəbi şairlər səhnəyə dəvət olundular
və hər çıxışçı özünü təqdim edib festival barədə və poeziyadan danışdı.
Azərbaycan
Moldova
Növbə mən çatanda isəAzərbaycan
poeziyası barədə çıxış etdim. Çalışdığım "Kaspi” qəzetinin Ədəbiyyat əlavəsinin
və Artkaspi.az mədəniyyət və ədəbiyyatı saytının zamana-zaman Moldova
ədəbiyyatı ilə bağlı təhlil, araşdırma məqalələri, eləcə də Moldova ədiblərinin
şeir və hekayələrini dilimizə çevirərək yayımlamasını da qeyd etdim.
Həmçinin Azərbaycan-Moldova ədəbi
əlaqələrindən söz açaraq ötən il Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin
xüsusi nəşri olan "Dünya ədəbiyyatı” jurnalının bir sayının bütünlüklə
Moldova ədəbiyyatına həsr etməsi, eləcə də həmin Mərkəzin məşhur şairlər Arkadi
Suçevianunun "Qağayı ilə göndərilən məktub”, Leo Butnauronun
"Çətir götürməyi unutmayın” adlı şeir kitablarını, eləcə də İqor
Vonitskinin "Mənə ölməyi öyrət” romanını nəşr etməsi, bununla yanaşı, Moldovada
"Atama məktub” adlı Azərbaycan nasirlərinin hekayələrindən ibarət
toplunun, eləcə də Əjdər Ol, Elçin Hüseynbəyli və sair müəlliflərin əsərlərinin
Moldovada işıq üzü görməsi hər iki ölkənin ədəbi-mədəni həyatında baş verən
dəyərli və praktik əhəmiyyətli ədəbiyyat hadisələr kimi xatırladım. Daha sonra
ötən il 1-3 may tarixlərində Bakıda "Moldova Ədəbiyyat Günləri”nin, 1-5 noyabr
tarixlərində isə Kişinyovda "Azərbaycan Ədəbiyyatı Günləri”nin
keçirilməsini, bu tipli tədbirlərin hər iki ölkənin ədəbi-mədəni həyatına
müsbət təsirlərini yada saldım.
Qeyd edim
ki, Azərbaycan-Moldova ədəbi-mədəni əlaqələrin indiki həddə və dinamikada
inkişafında Moldova Azərbaycanlıların
Konqresinin sədri Vüqar Novruzovun xüsusi rolu var. Vüqar müəllimin çoxşaxəli
fəaliyyəti hər iki ölkənin, eləcə də Azərbaycan-Moldova mədəni-ədəbi
əlaqələrinin yüksəlişinə xidmət etmişdir. Bu münasibətlərin yüksək nəticəsinin
bəhrəsi kimi Moldovada ölkəmizə və ədəbiyyatımız olan həssas münasibəti o
günlər içərisində şəxsən duydum. Ölkəmizdə isə Azərbaycan–Moldova ədəbi
əlaqələrinin inkişafında, Bədii Tərcümə və Ədəbi Əlaqələrin
Mərkəzinin, xüsusən isə şair, tərcüməçi və adı çəkilən mərkəzin sədri Səlim
Babullaoğlunun müstəsna zəhməti var... Qeyd edim ki, "Avropa Şairləri
Festivalı”nın əsas təmsilçilərindən biri də Moldova
Azərbaycanlıların Konqresidir.
Açılış mərasiminin sonunda festivalın rumın dilində
nəşr edilən almanaxını iştirakçılara payladılar. Həmin almanaxda mənim
"Təntənəli məyusluq”, "Şairlər”, "Sevmədiyin qadınla”,
"Sənsizlik” adlı şeirlərim də yer almışdı. Şeirləri rumın dilinə mütərcim
Genedia Postalaki tərcümə edib.
II gün
Festivalın ikinci günü şairlər müxtəlif mədəniyyət ocaqlarında
görüşlərdə iştirak etmək üçün qruplara bölündülər. Mənim təmsil olunduğum
qrupda Çexiyada yaşayan şair Mircea Dan Duta və Rumın-moldovan şairiNikolay
Spataruvar idi.
Yeri gəlmişkən qeyd edim ki,Nikolay çox gözəl şair və tərcüməçidir, eyni
zamanda Azərbaycan ədəbiyyatının Moldovada yorulmaz təbliğatçısıdır... Biz
Moldova Müstəqil Beynəlxalq Universitetinin ingilis dili fakültəsinin
tələbələri ilə görüşdük. Görüş olduqca səmimi zəmində keçdi. Şeirlərimizi
oxuduq, poeziya barədə danışdıq, kitab imzaladıq, daha sonra isə tələbələrin suallarını
cavablandırdıq. Universitetin abı-havası, müəllim və tələbə heyətinin
ədəbiyyata marağı olduqca diqqətəlayiq idi.
O gün möhtəşəm bir səfər isə
"Mileştii Mici” şərab anbarına oldu. Yerin altında qurulmuş bu nəhəng "şərab
səltənəti”, doğrudan da, heyrətamiz idi.
Həmin gün axşam isə Moldova
Yazıçılar Birliyinin binasında Şeir axşamı keçirildi. Burada hər şair bir neçə
kəlmə poeziya haqqında danışandan sonra şeirlərini oxuyurdular. Həmin tədbirdə
"Sevmədiyin qadınla” adlı şeirimi oxudum, şeirin rumın dilinə tərcüməsi isə
monitorda "əks etdirilirdi”. Şeir, söz adına hörmət gətirən bir gecə idi.
Tədbirdən sonra isə şairlər bir-birinə yaxınlaşıb oxunan şeirlər haqqında fikir
mübadiləsi aparırdılar. III
gün
Həmin gün hər kəsdə sanki bir vida
əhvalı, "gəldik, indi də gedirik” narahatlığı var idi. Şairlər ötən günlərin
zəngin tədbirlərindən xoş yorğunluq duyurdular, hamı əvvəlki gündən daha artıq
istiqanlı, mehriban idi. Həmin günün yeganə tədbiri 16:00-da baş tutacaqdı.
Gəzmək, şəhər ilə daha yaxından tanış olma üçün əla fürsətimiz var idi. Kişinyovun
əsas küçələr Stefan Çelmare və Puşkin küçələridir.
9
may
Sonuncu günümüz 9 maya - Qələbə
gününə təsadüf edirdi. Həmin günü Kişinyovda olduqca təntənəli və maraqlı
keçirirlər. Şəhər bayram üçün tam səfərbər idi: Hər yanda musiqilər
səsləndirilir, mahnılar oxunur, yürüş keçirilir, orkestrlərin mükəmməl ifaları
insanları feyzyab edir, parklarda rəsm çəkmək üçün uşaqlara xüsusi lövhələr
qoyulub, tədbirlər baş tutur, izdiham əllərində bayraq irəliləyir... İfasını
çox sevdiyim "A century of live” mahnısının mahir ifaçısı, 2008-ci ildə
ölkəsini "Evrovision” mahnı müsabiqəsində uğurla təmsil edən Geta Burlacunu
gördüm. Yaxınlaşdım, onunla bir xeyli söhbət etdim, indiyə qədər Azərbaycanda
olmadığına görə çox heyfsiləndi...
Son
Festivalın yekun tədbiri 16:00-da
Moldova Yazıçılar Birliyində keçirildi. Yenə də tədbirdə iştirak edən şairlər
şeirlərini oxudular, onlara münasibət bildirildi. İki saat və olduqca səmimi
atmosferdə keçirilən görüş eyni ovqatla da başa çatdı...
Nəticə
Bu cür ədəbiyyat festivalları həm
ölkəmizin ədəbi-mədəni əlaqələrinin güclənməsi, həm Azərbaycanın "imzasının
imzalar içərisində var olması” baxımından çox gözəldir. Ölkəmiz, vətənimiz nə
qədər daha çox tanınsa, mədəniyyətimiz, ədəbiyyatımız, tariximiz nə qədər daha
artıq təmsil olunsa, bu, ancaq millət olaraq bizim xeyrimizədir. Dövlətimizin siyasi xətti də daha çox, daha
geniş, daha ciddi müstəvilərdə təbliğimizə yönəlib. Ədəbiyyatımızın da bu
xüsusda qatqısı, xidməti olduqca müstəsna və dəyərlidir...