AZE | RUS | ENG |

Avrasiyanın “ədəbi ürəyi” Bakıda döyündü

Avrasiyanın “ədəbi ürəyi” Bakıda döyündü
“Qlobal yaddaşitirmə tendensiyası önündə kitaba, ədəbiyyata qayıdış, bilik mücadiləsi yaddaşa sarılmaq deməkdir”

Avrasiya materikinin ədəbiyyat üzrə IV "LiFFt” festivallar festivalının Bakıda keçirilməsinin ədəbiyyatımızın nüfuzunun artırılmasında böyük rol oynayacağı istisna edilmir. Həmçinin məqsədi Avrasiya ölkələrində yazıçıların və oxucuların yaradıcılıq və dostluq əlaqələrini möhkəmləndirmək, vahid Avrasiya ədəbi məkanı yaratmaq olan festival çərçivəsində keçirilən ədəbiyyat forumları, dəyirmi masalar, kitab sərgiləri, ustad dərsləri gənc yazarların peşəkar kimi formalaşmasında da əhəmiyyətli rol oynayacaq.
 
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının himayəsi altında, UNİCEF-in dəstəyi ilə keçirilən festivalın Azərbaycan tərəfdən həmtəşkilatçısı Heydər Əliyev Fondu, tərəfdaşı Azərbaycan Mədəniyyət Nazirliyi, ayrıca Mədəniyyət Nazirliyinin "Söz” layihəsi və Bakı Kitab Mərkəzi idi.
Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ili dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə «Nəsimi ili» elan etməsi şərəfinə, 4-cü Bakı festivalının da İmadəddin Nəsiminin adı ilə bağlanması isə festivalın əhəmiyyətini daha da artırır.
Ədəbiyyatçılarımız "LiFFt” festivalı il bağlı təəssüratlarını "Müzakirə”də bölüşdülər.
 
Ədəbiyyatçılarımızı dünyaya tanıdaq
 
Yazıçı-dramaturq Natiq Rəsulzadə Avrasiya ədəbi festivalının böyük əhəmiyyəti olduğunu deyir: «50-dən çox ölkədən ədəbiyyat adamları Bakıya gəlmişdi. Onların arasında mənim çoxlu tanışlarım, dostlarım vardı. Onlarla ünsiyyətdə olduq, bir çox məsələləri müzakirə etdik. Məqsəd Azərbaycan ədəbiyyatçılarının, mümkün qədər Avropaya çıxmalarına, beynəlxalq aləmdə tanınmalarına çalışmaqdır”. Yazıçının fikrincə, belə bir nüfuzlu festivalın Bakıda keçirilməsi müsbət addımdır. Çünki bu festival artıq bütün dünyada tanınır: "Yaxşı olar ki, ədəbiyyatla bağlı olan digər festivalları, yarmarkaları da Azərbaycana dəvət edək. Qoy dünya görsün ki, Azərbaycan mədəniyyəti, ədəbiyyatı, multikultralizminin dərin kökləri var. Bu il "Nəsimi İli”dir. Biz bütün dünyaya bildirdik ki, bizim belə şairimiz var”. N.Rəsulzadə hesab edir ki, ümumiyyətlə, Nizami, Füzuli, Nəsimi kimi şairlərimizi dünyaya tanıtmaq lazımdır: "Başqa xalqlar öz şairlərini dünyaya tanıdırlar. Məsələn, Şekspri, Höteni, Petrarkanı bütün dünya tanıyır. Bizim şairlərimizi isə daha çox Şərq ölkələri tanıyır. Bizim  şairlərimiz həm fars, həm də Azərbaycan dilində yazıblar. Onları bütün dünyaya tanıtmaq lazımdır. Onlar filosof şairlərdir. Bu baxımdan da, bu cür festivalların əhəmiyyəti çox böyükdür. Belə tədbirləri mümkün qədər çox keçirmək lazımdır».
 
Ədəbiyyat şəhəri
 
"İstənilən festivalın, o cümlədən dəvətlilərinin siyahısı kifayət qədər böyük və nüfuzlu olan 4-cü Avrasiya ədəbi festivallar festivalının paytaxtımızda keçirilməsi ölkəmizin ədəbi mühiti üçün çox ciddi hadisədir” deyən şair-tərcüməçi Səlim Babullaoğlunun fikrincə, Bakı ölkəmizin və dünyanın müxtəlif ədiblərini görüşdürən, onlara fikir mübadiləsi aparmaq imkanı verən ədəbiyyat şəhərinin olduğunun göstəricisidir: "Həmçinin bu cür tədbirlər bizim yerli yazarların dünya yazıçıları ilə ünsiyyəti, fikir mübadiləsi aparması, tanış olması və gələcəkdə maraqlı layihələrə qoşulmaq imkanını artırır. Hər iki mənada bu festival təqdirəlayiqdir. Təbii ki, həm Heydər Əliyev Fondu, həm festivalın digər təşkilatçıları böyük zəhmət çəkiblər. Ümid edirəm ki, bu cür tədbirlər Bakıda və respublikamızın şəhərlərində tez-tez keçiriləcək”.
 
Üz-üzə müzakirələrə ehtiyac
 
Yazar Günel Eyvazlı "LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalını ədəbiyyat hadisəsi olaraq olduqca diqqətəlayiq layihə adlandırır. Belə ki, eyni anda dünyanın dörd bir yanından yazıçıların festivala qatılması, dünya şöhrətli, nəhəng yazıçıların ölkəmizə təşrif buyurması, minə yaxın iştirakçının müsabiqəyə əsərləri ilə qatılması, artıq festivalın nüfuzundan xəbər verir, hansı masştabda olmasını göstərir: "Şadam ki, mərhələni keçən 30 qələm adamı arasında mən də varam.  Oktyabrın 1-də uzun siyahıya adı düşmüş müəlliflərə sertifikatlar təqdim olundu. Mənim üçün ən əsas nüans münsiflərin əcnəbi qələm adamları olması idi. Yəni bunu bildikdən sonra əminliklə yazılarımı müsabiqəyə təqdim etdim və adım uzun siyahıya düşdü”. Yazarın bildirdiyinə görə, festival çərçivəsində müxtəlif ədəbi mövzuda dinləmələr, ustad dərsləri, mühazirələr keçirilib: "Bir neçə mühazirədə mən də iştirak etdim. Təşkilatçılığa söz ola bilməz. Məsələyə olduqca həssaslıqla yanaşıblar. Buna görə, yalnız və yalnız təşəkkür etmək qalır bizlərə”. Müxtəlif dinləmələrdə iştirak etdiyini deyən G.Eyvazlı hesab edir ki, qələm adamları bir-biri ilə üz-üzə əyləşdikdə, dinləmələr müzakirə, diskussiya şəklində keçirilsə daha əhəmiyyətli, faydalı olardı: "Biz yalnız eşidən tərəf olduq, sual vermək, fikir mübadiləsi aparmaq imkanımız olmadı. Yəni iclas bitdikdən sonra yazıçılara həm yaxınlaşmaq, həm də dəhliz boyunca fikir mübadiləsi aparmaq qeyri-etikdir. Həm də izdiham əlindən bu fürsəti tapa bilmirsən.
Digər tərəf isə təşrif buyuran müəlliflərin auditoriyanın səviyyəsini nəzərə almaması idi. Yəni onlar söyləyən mühazirələrdən daha artığını bizim yerli müəlliflər söyləyə bilərdi. Şəxsən mən daha qlobal, düşünmə obyekti olan ədəbi məqamlara rahatlıqla toxuna bilərdim. Nə yazıq ki, bəzi əcnəbi qələm adamları sadəcə "nağıl” danışdılar. Ümid edirəm ki, gələcəkdə təşkilatçılar bu məsələyə önəm verər. Hər halda istənilən ədəbiyyat hadisəsi, sözün həqiqi mənasında hadisədir. Texno dünyanın qlobal yaddaşitirmə tendensiyası önündə kitaba, ədəbiyyata qayıdış, bilik mücadiləsi yaddaşa sarılmaq deməkdir. Bunu yalnız alqışlamaq olar”.
 
"SÖZ yaşayır!”
 
Gənc yazar Ülviyyə Heydərova "LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının Bakıda keçirilməsini mühüm hadisə adlandırır. "Təsəvvür edin, Avrasiyanın ədəbi mühitinin ürəyi üç gün doğma Bakımızda döyündü. Müxtəlif ölkələrdən gələn söz adamları üç gün də olsa, tək ədəbi mühitimizlə deyil, eyni zamanda qədim mədəniyyətimizlə, tariximizlə tanış oldular. Bundan gözəl nə ola bilər ki? Mən əminliklə söyləyə bilərəm ki, ölkəmiz, ədəbiyyat festivalı ilə bağlı Bakıya dəvət olunan ədiblərin xatirələrində dərin iz buraxacaq, bəlkə də Bakı onların növbəti əsərlərinin yaranmasına stimul olacaq”. Yazar hesab edir ki, ümumiyyətlə, bu cür ədəbi festivallar tək insanları bir-birinə yaxınlaşdırmır, həm də ədəbi əlaqələrin yaranmasına səbəb olur: ”Ona görə də, festivalın təşkilatçılarına, xüsusən də Heydər Əliyev Fonduna dərin təşəkkürümü bildirirəm. Qeyd edim ki, Festivalın Bakıda keçirilməsi ilə bağlı ədiblər arasında müsabiqə də elan olunmuşdu. Müsabiqənin şərtlərini oxudum, rus dilinə tərcümə olunmuş əsərlərimi təqdim etdim. Festivalda müsabiqəyə düşən 30 yazıçının içində olmağım, düzü, məni sevindirdi. Festivalın açılış günündə mən də daxil olmaqla 30 laureata sertifikatlar təqdim edildi. Düzü, yazanda heç vaxt "bu əsər mənə nə verəcək, yaxud hansı mükafatları qazandıracaq” kimi sualları özümə vermirəm. Mən, sadəcə yazı prosesindən son dərəcə zövq alan insanam. Amma istəyərəm ki, yazılarımı, xüsusən də monopyeslərimi müxtəlif dillərə tərcümə etdirim, öz dünyamı dünyaya tanış edim... Müsabiqələr bu baxımdan, ədibin sözünün çatdırılmasına yardımçı olur. Ümid edirəm ki, Azərbaycandan seçilən 30 laureatın yazısı da müxtəlif dillərə tərcümə olunacaq. Festivala qatılan hər bir iştirakçını ürəkdən təbrik edirəm! Əsas yazmaqdır, SÖZ yaşayır!”
 
Ədəbiyyatın inkişafı üçün
 
Şair Ümüd Nəccari deyir ki, bu cür festivalların ədəbiyyatımızın tanınmasında böyük əhəmiyyəti var: "Dünyanın hər yerindən nüfuzlu insanlar festivala qatıldı. Bu, ədəbiyyatımızın dünyada tanınmasına kömək edir. Varis Yolçuyev bu festivalı Azərbaycana gətirməklə Azərbaycanın adını dünyada tanıtdı. Avrasiya ədəbiyyatının nüfuzlu nümayəndələrinin iştirakı Azərbaycan ədəbiyyatının inkişafına da töhfə vermiş olacaq. Hesab edirəm ki, keçiriləcək ədəbiyyat forumları, dəyirmi masalar, kitab sərgiləri, ustad dərsləri gənc yazarların peşəkar kimi formalaşmasında da əhəmiyyətli rol oynayacaq”. Ü.Nəccari hesab edir ki, ədəbiyyat adına  tədbirlər – festivallar, kitab bayramları və s. keçirilməsi yalnız ədəbiyyatın inkişafına xidmət edə bilər.
 
Təranə Məhərrəmova
 
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8751
GEL 1 1 Gürcüstan larisi 0.5731
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1685
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1732
CHF 1 1 İsveçrə frankı 1.704
KWD 1 1 Küveyt dinarı 5.5979
TRY 1 1 Türkiyə lirəsi 0.287