Romançının
işi, əlbəttə ki, əgər o yamsılamaqla məşğul deyilsə, indiki və ya keçmiş bir
zamana aid gerçəklərə olan münasibətini və ideyalarını ifadə etməkdən ötrü ona
həyatdan tanış olan müxtəlif hadisələrin, obrazların kombinasiyasından
ibarətdir. "Anna Karenina” kimi realistik bir
romandan hər şeydən öncə dürüstlük tələb olunur. Ona görə də onun yazılmasında həm iri, həm də
xırda faktlar material kimi istifadə olunmuşdu. Bu faktların hardan götürülməsi
barədə düşüncələr nəinki müəllifin həyat və yaradıcılığını öyrənmək üçün
maraqlıdır, bu həm də romanla çağdaş olan məişəti, həyatı da bilməkdən ötrü
lazımdır.
Ədəbiyyatda "Anna Karenina”da
müxtəlif həyat həqiqətləri faktlarının olmasıyla bağlı qeydlər var.
Tolstoy yaradıcılıq prosesi
barəsində danışmağı sevməsə də, müəyyən şeylər haqqında bir-iki kəlmə danışıb.
Volkonskiyə yazdığı məktubda (3 may 1864-cü il) sualına cavab olaraq "Hərb və
sülh” əsərindəki Andrey Bolkonski obrazı haqqında yazmışdı: "Andrey Bolkonski
şəxsiyyətlər haqqında və memuarlar yazan adam yox, hər bir romançının obrazı
həyatdan bir adam deyil. Əgər işim portretlər yazmaqdan ibarət olsaydı, mən çap
olunmaqdan utanardım”.
N.N.Straxova
olan məktubunda (26 aprel 1876-cı il) Tolstoy yazırdı: "Əgər mən demək
istədiklərimi romanda ("Anna Karenina”) sözlə yazsaydım, onda gərək əvvəldən
yazmağa başladığım romanı ortalığa çıxarardım. Və əgər tənqidçilər indi
felyetonu da başa düşə, dərk edə bilirlərsə, deməli, mən demək istədiklərimi də
başa düşərlər. Və mən ancaq onları təbrik və əmin edə bilərəm ki, qu’ils savent
plus long que moi (məndən çox bilirlər)... Hər şeydə, demək olar ki, hər şeydə
məni özümü ifadə etmək üçün birləşən fikirlərimi cəmləmək tələbatı idarə edib.
Lakin sözlə ifadə olunan hər bir fikir öz mənasını itirir, toxunduğu hörgüdən
ayrı götürüləndə dəyəri dəhşətli dərəcədə aşağı düşür.
Hörgünün özü
isə (məncə) fikirlərdən yox, nədənsə başqa bir şeydən hörülüb və onun əsasını,
özəyini birbaşa sözlərlə ifadə etmək olmaz. Ancaq obrazları, hadisələri,
vəziyyəti sözlərlə təsvir etmək olar.
Q.A.Rusanov
(Tolstoyun yaxın dostu, 1845-1907) 1883-cü ilin avqustunda Lev Nikolayeviçlə
Yasnaya Polyanadakı söhbətini xatırlayır. O soruşdu: "– Nataşa Rostova həqiqətən
də, həyatda olan bir insandanmı götürülüb? – Bəli. Müəyyən qədər naturadan
götürülüb. – Bəs knyaz Andrey? – Onusa heç kimdən götürməmişəm. Mənim
obrazlarımın bir qismi naturadan, götürülüb, bir qismisə yox. Birincilər o
birilərdən daha üstündürlər. Naturadan "köçürülmə” onlara təsvirlərdə rəng
parlaqlığı versə də, bu təsvirlər birtərəfli olmaqdan çıxa bilmirlər”.
Rusanovun yazısındakı Tolstoyun bu sözlərinin nə qədər dəqiq olduğu məlum
deyil. Amma Lev Nikolayeviçin naturadan da "köçürdüyü” obrazların olduğunu
etiraf etdiyi aydın olur. O, çox vaxt obrazlarına özünə tanış adamlardan adlar
götürüb verirdi. "Anna Karenina”da
Oblonski – Obolenski, Levin – Lev, Vronski – Vorontsov, Şerbatskilər –
Şerbatovlar və s. misal çəkmək olar.
Qaralama və öz variantlarında bəzən qəhrəmanlarını elə həyatdakı
adlarıyla qeyd edirdi. Lakin bu o demək deyil ki, Tolstoy onların portretini
yazırdı. Belə deyək də, Tolstoy onların ancaq skeletini götürürdü. Onların
qanı, canı bir adamdan yox, hətta bir-birinə uyğun olan, oxşar olan bir neçə
adamdan yığılırdı. Ona görə də Tolstoyun əsərlərindəki əsas obrazların portret
yox, ümumi bir (sanki toplanmış) obraz olduğunu əminliklə demək olar.
"Anna Karanina” necə yarandı?
S.A.Tolstaya (Tolstoyun həyat yoldaşı)
gündəliyində yazır: "Seryoja məndən kitab istəyirdi. Onu yaşlı xalası üçün
oxumaq fikrinə düşmüşdü. Mən ona Puşkinin "Belkinin povestləri”ni verdim. Amma
baxdıq ki, xalanı yuxu aparıb. Və mən kitabı aşağı düşüb kitabxanaya aparmağa
tənbəllik etdiyimdən pəncərənin qırağına qoydum. Ertəsi günü səhər qəhvə içən
zaman Lev Nikolayeviç həmin bu kitabı götürdü və yenidən heyrətlə oxumağa
başladı”.
Bu, 1873-cü
il 19 martında olmuşdu. Mənim on yaşım vardı. Uşaqlıq xatirələri daha çox
yaddaşda qalır. Mən o günü yaxşı xatırlayıram və tez-tez yada salıram. Yuxarıda
qonaq otağında yox, xalanın otağında kitabı oxuyandan sonra mən getmədim və
Puşkinin kitabını vərəqləməyə başladım. "Qonaqlar bağ evinə yığışırdılar”
parçası mənə darıxdırıcı gəldi və ardının olmadığını görə qanım qaraldı. Mən
kitabı bu parça olan hissədə açıq stolun üstünə qoydum. Atam otağa daxil oldu.
Kitabı götürüb baxdı və dedi: "Belə yazmaq lazımdı!” Bu sözlər xüsusilə ona
görə yadımda qalıb ki, həmin vaxtda o parçanın niyə bəyəndiyini anlaya
bilməmişdim.
Lev Nikolayeviç
həmin zamanlarda ailə həyatını ideallaşdırırdı və kişinin qadına xəyanətini
böyük əxlaqsızlıq olduğunu hesab edirdi. Romanında da elə bunu göstərmək
istəyirdi. Həminki dövrdə o, çoxlu ingilis ailə romanlarını oxuyurdu. Arada
onlara gülərək deyirdi: "Bu romanlar kişinin qadının round her waist (belinə) sarılaraq evlənməsi, malikanəyə və
baronluğa sahib olması ilə bitir”.
Hamıya
məlumdur ki, Annanın intiharı Tolstoyun Yasnaya Polyanadakı qonşusu
A.N.Bibikovun evində çalışan Anna Stepanovna Piriqovanın 6 yanvar 1871-ci
ildəki intiharından doğmuşdu. (Bəzi
mənbələrdə onu soyadını Zıkova yazırlar, amma qəbrinin üstündə belə "Piroqova”
yazılıb.)
S.A.Tolstaya
bu hadisə haqqında bacısı T.A.Kuzminskayaya (rus yazıçısı, memuarist –
1846-1925) yazırdı: "Bizdə çox faciəvi bir hadisə baş verib. Bibikovgildəki
Anna Stepanovnanı xatırlayırsan? Bax həmin Anna Stepanovna Bibikova bütün mürəbbiyələri qısqanırdı.
Sonuncu dəfə Anna Stepanovnanı elə pis qısqanmışdı ki, Aleksandr Nikolayeviçin
ona acığı tutmuşdu. Buna görə Annayla
dalaşmışdı. Və Anna birdəfəlik Tulaya çıxıb getmişdi. Üç gün ortalıqda
görünməyəndən sonra o, saat altı radələrində Yasenkaya (sonradan Şyokina
stansiyası) əlində balaca bağlama ilə gəlib. Burada o, yamçıya Bibikova yazdığı
məktubu və bu məktubu ona çatdırmaq üçün də 1 rubl pul verir. Bibikov məktubu
qəbul etməmişdi, yamçı stansiyaya geri qayıdanda öyrənib ki, Anna Stepanovna
özünü vaqonların altında atıb və qatar onu əzib-keçib. O da dünyasını dəyişib”.
Bu faciənin epiloqu A.N.Bibikovun Anna Stepanovanın qısqandığı
mürəbbiyəylə evliliyi oldu. S.A.Tolstaya
gündəliyində Anna Stepanovananı bu cür təsvir edir: üzü və xarakteri rus tipi
olan, qarayanız, boz gözlü, hündür, dolu, xoşagəlimli olsa da, gözəl olmayan
bir qadın.
Tolstoy təkcə
Piroqovanın intihar faktından istifadə etmişdi. Nə xarakteri, nə zahiri, nə
ictimai mövqeyi Anna Karenininaya oxşaydı. Piroqova kiçik burjua aləmindən idi,
yaxşı evdarlığı vardı, az savadlı və imkansızı idi. O, Bibikovun evində təsərrüfat işçisi kimi qalırdı.
T.A.Kuzminskaya xatirələrində yazırdı: "Anna Kareninanın
xaraktercə yox, zahirən tipi A.S.Puşkinin qızı Mariya Alkeksandrovna Qartunqdan
götürülmüşdü. Bunu Lev Nikolayeviç özü də etiraf edirdi”. Tolstoy onunla
1868-ci ildə general Tulubyevin evində qonaqlıqda görüşüb. O. Anna Karenina
kimi balda qara paltarda olubmuş. "Onun xəfif yerişi, qıvraq, düz və gözəl
qaməti vardı. Məni onunla tanış etdilər. Onda Lev Nikolayeviç hələ stolun
ətrafında oturmuşdu. Onun qızı necə diqqətlə nəzərdən keçirdiyini görürdüm. – O kimdir? – məndən soruşdu. – Madam
Qartunqdur, şair Puşkinin qızı. – Həəə, – uzatdı, – indi başa düşdüm.
Boynundakı ərəb qıvrımlarına bir bax. Nəsildən gəlir”. M.A.Qartunqun krujevalı
qara paltarda olduğunu, Lev Nikolayeviçin onun boynundakı qıvırcıqlara diqqət
etdiyini mən həm də anamdan eşitmişdim. Ola bilər ki, Tolstoy Annanın zahirini
təsvir edəndə başqa qadınları da xatırlayırmış, məsələn, bir zamanlar ona qarşı
müəyyən hisslər yaşadığı Aleksandra Alekseyevna Obolebskayanı və ya onun bacısı
Mariya Alekseyevnanı xatırlayıbmış. Tolstoyun prototiplərinə aid fikirlərin
romanın qaralama və müxtəlif variantlarına baxaraq obrazların yazı prosesində
həm daxilən, həm də zahirən nə qədər dəyişildiklərini əyani şəkildə görəndən
sonra nə qədər təxmini olduğunu anlaya bilərik.
Romanın inkişafı boyu Anna obrazı mənəviyyatca yüksəlir, Karenin və
Vronski obrazları isə əksinə, alçalırlar.
Romanın
Annaya aid olan süjeti ola bilər ki, əvvəllər Sergey Mixayloviç Suxotində (ordu
poruçikı, Yasnaya Polyananın ilk komendantı – 1887–1926) ərdə olmuş və onu 1868-ci ildə tərk edərək
S.A.Ladıjenskiylə ailə qurmuş Mariya
Alekseyevna Dyakovanın tarixçəsindən də gəlib. Təbii ki, Tolstoya bu cür başqa
sevgi tarixçələri də məlum idi. Məsələn, P.A.Valuyevdə ərdə olub qraf
Stroqanova aşiq olan knyaz P.A.Vyazemskinin qızı. O, 1849-cu ildə vəfat edib.
Deyirdilər ki, guya zəhərlənib. Bir başqa misal da çəkmək olar. 1872-ci ilin
yayında ailəlikcə atamın yenicə aldığı Samaradakı malikanəmizə yollandıq.
Nijnıdan Samaraya gedəndə gəmidə
Y.A.Qolitsina və onunla vətəndaş nikahında olan N.S.Kiselyovla tanış
olduq. Yadımdadır ki, anam Kiselyovla ərini atan Qolitsinanın açıq-aşkar bir
yerdə yaşamağının cəmiyyətdə rüsvayçı bir iş kimi qarşılandığını deyirdi. Bunu ona ərinin pis olduğuna görə bağışlayırdılar.
Amma əri pis olub neyləmişdi, onu bilmirəm. Kiselyov həmin vaxtda vərəm idi.
Qolitsina onu kumısa aparırdı. Onun ağır öskürək səslərini və yerişini
xatırlayıram. Sonralar öldüyünü də eşitdik. Onun ölümüylə bağlı "Anna
Karenina”da Nikolay Levinin ölüm təsvirlərində istifadə olunan bir detalı
danışırdılar. Ölümündən əvvəl Kiselyov sakitcə uzanıb tərpənmirmiş və hamı elə
bilib ki, o artıq dünyasını dəyişib. Ordakılardan biri deyib: "O artıq ölüb”.
Və o bircə dodaqlarının tərpənişi ilə "Hələ yox” deyib. Romanda (5-ci hissə, XX
fəsil) keşiş can üstündə olan Nikolay Levin üçün deyir: "O artıq ölüb”.
"...birdən onun yapışmış bığları tərpəndi, sakitlikdə sinəsinin dərinliyindən
bu sözlər eşidildi: – Hələ yox... Az qalıb”.
Karenin soyadı hardan gəlib?
Lev Nikolayeviç
1870-ci ildən yunan dilini öyrənməyə başladı və tezliklə də onu elə gözəl
mənimsədi ki, artıq Homeri orijinaldan oxuyurdu. 1876 ya da 1877-ci ildə mən
onun köməkliyiylə "Odissey”dən iki parça oxudum. Bir dəfə mənə demişdi:
"Karenon – Homerdə başdır. Karenin soyadı bu sözdən yaranıb”. Bəlkə də, o,
Annanın həyat yoldaşına Karenin soyadını həmin obrazın hislərlə, ürəklə yox,
başla düşündüyü üçün vermişdi.
Bəzi
tənqidçilər Karenin prototipinin S.M.Suxotin olduğunu təxmin edirlər. Onlar
ortaq cəhəti bircə buydu ki, Suxotinin də arvadı onu atıb Ladıjenskiyə ərə
getmişdi. Suxotin bir o qədər yadımda deyil, onun Kareninə nə qədər oxşadığını
deyə bilmərəm. Amma mənə elə gəlir ki, o adi, tipik bir məmur olmayıb. O, çox varlı bir mülkədar idi və Peterburqda
nazirlikdə deyil, Moskvada saray
kontorunda xidmət edirdi. Belə bir ehtimal var ki, Karenində P.A.Valuyevin də
müəyyən əlamətləri var. Valuyev yaxşı təhsil görmüş, liberal və bununla yanaşı,
həm də quru formal bir adam idi. Nazir olanda Valuyev də Karenin kimi
əcnəbilərlə bağlı işlərlə məşğul idi. Onun zamanında başqırd torpaqlarının
oğurluq satışı ortaya çıxmışdı, bu da onun istefaya getməsinin səbəblərindən
biri olmuşdu. Bu işlə Tolstoyun uşaqlıq
dostu, Dövlət Mülki nazirliyində xidmət edən arvadının əmisi Vladimir
Aleksnadroviç İslavin də məşğul idi. İslavinlə də Kareninin ortaq cəhətlərini
tapmaq olar. İslavin ömrü boyu xidmət etmiş və axırda gizli müşavir çininə
qədər yüksəlmişdi. Karenində Tolstoyun qohumu – şöhrətpərəst məhkəmə işçisi A.M.Kuzminskinin də müəyyən cəhətləri görünür.
Karenin həm
də Tolstoyun tanışı, mülkədar və məmur, Dövlət Sovetinin üzvü olana qədər xidmət göstərmiş baron Vladimir Mixayloviç Menqdenə (1826 –
1910) də müəyyən qədər bənzəyirmiş. Onu tanıyanların dediyinə görə, fəal və
nəzakətli, işə can yandıran, amma həm də
kobud, laqeyd və daşürəkli bir adam idi. Deyirdilər ki, ağır xasiyyətinin və
ciddiliyinin nəticəsində uşaqları da bədbəxt, uğursuz olublar. Mənim yadımda
bircə onun bəstəboy, görkəmsiz, xoşagəlməz bir adam olduğu qalıb. Onun həyat
yoldaşı Yelizaveta İvanovna isə (1822 – 1902) gözəl qadın idi. Tolstoy
gündəliyində onun haqqında yazırdı: "O, çox gözəldi, münasibətimizdən də
məmnunam. Bacımla ünsiyyətdən belə zövq ala bilmirəm. Bəlkə, bu, sevginin bir
addımlığında dayandığına görə belədir”. Kareninləri təsvir edəndə o,
Menqdenovları da təsəvvürünə gətirə bilərdi.
Kareninin
prototipinin K.P.Pobedostsevin (yazıçı, tərcüməçi, kilsə tarixçisi – 1827-1907)
olduğu fikri həqiqətə az yaxındır.
Obolonskinin
özü də ümumiləşdirilmiş tipdir. Adətən, onun Vasili Stepanoviç Perfilevdən (Rus
dövlət xadimi, Moskva qubernatoru – 1826-1890)
götürüldüyünü zənn edirlər. O, "amerikanlı” ləqəbi ilə məşhur olan, Lev
Nikolayeviçin əmisi Fyodor Tolstoyun qızı Praskovya Fyodorvnayla evli,
Tolstoyun da dostu idi. 70-ci illərdə Pefilyev Moskva mülki vitse-qubernatoru,
1878-ci ildən isə qubernator olub. Onun Obolonskiylə ünsiyyəti vardı. Əyləncə
və komforta meylli, xeyirxah, müəyyən qədər liberal, yaxşı tərbiyə almış,
düzgün və namuslu bir adam idi. Amma bu xüsusiyyətlər ali zadəgan dairələrinə
aid, yaxşı həyata öyrəşmiş insanlardan çoxunda vardı. Stiv Obolonskidə knyaz
Obolinskilərin bəzi nümayəndələrinin xüsusiyyətlərini də görmək olar:
A.A.Dyakovanın əri Andrey Vasileviç, liberal əyan Dmitri Aleksandroviç, onun
qardaşı – uğursuz işlərin ucbatından müflis olan Dmitri Dmitryeviç, Leonid Dmitriyeviç və b.
Leonid
Dmitriyeviç Obolenskinin (1844 – 1888) zahiri görünüşü Stepan Arkadyeviçə oxşayırdı. Onun
əməlli-başlı hündür boyu, ağ saqqalı, enli çiyinləri vardı. Xeyirxahlığı, vaxtı
xoş keçirmək həvəsi də Obolonskini
xatırladır. Bu həm də onunla öz təsdiqini tapır ki, romanın bəzi qaralama
varianlarında Obolonskini adı Leonid Dmitriyeviç kimi qeyd olunub. Obolonskinin
xüsusiyyətlərində Dmitri Dmitriyeviçin əlamətlərini görmək düşüncəsi həqiqətə
az yaxındır. Bildiyimə görə, Dmitri Dmitriyeviç qadınlara qarşı maraq
göstərmirdi, xeyirxah ailə başçısı, uğursuz iş adamı və Stiva Obolonski kimi
kefcil biri idi.
Steva
Obolonskinin arvadı Darya Aleksandrovna (Dolli) Tolstoyun tanıdığı bir çox
çoxuşaqlı analara bənzəyirdi. Onda həmçinin 1872-ci ilə qədər artıq beş uşaq
anası olan S.A.Tolstoyun da müəyyən cizgiləri vardı. D.A.Obolenskinin arvadı
Dolli də vardı. Amma onda daha çox knyaginiya Myaqkayanı daha çox görmək
olardı, nəyinki Dolli Obolonskini.
Vronski –
varlı kübar ailəsindən olan tipik ordu zabitidir. Orduda xidmət zabitlərdə müəyyən bir izlər buraxırdı.
Vronski üçün məşhur simanın individual xüsusiyyətlərindən də – onun enerjili
olması, dürüstlüyü, yoldaşlarına və qadınlara qarşı münasibətinin də
götürülüb-götürülmədiyin bilmirəm. Tolstoy yazanda Krımdan tanıdığı ordu zabitlərini və ya
Peterburqda olduğu zaman gördüklərini də yadına sala bilərdi. Levinin
energetik, güclü və eybəcər bədən quruluşlu olması, onun paradoksları,
avtoritetlərə qarşı çıxmaq istəyi, səmimiyyəti, bələdiyyə və məhkəməyə qarşı
mənfi münasibəti, kəndlilərlə rəfdarı, elmdə məyusluğu, dinə münasibəti və bir
sıra başqa şeyləri ola bilər ki, elə Tolsoyun özünə məxsusdur. Bu, sanki 70-ci
illərdəki Lev Nikolayeviçin pis fotoqrafik portretidir. Amma elə foto kimi də
təsvir olunmuş insanın ancaq bir anını tuta bilir. Levində də Tolstoyun
həyatının ancaq bir mərhələsi təsvir olunub. Bu fotoda Tolstoyu Levindən ayıran
ən başlıca amil yoxdur: Tolstoyun yaradıcılığı. Bunun yerinə Levin kənd
təsərrüfatı işçilərindən diletant məqalə yazır. Onda Tolstoyun "Anna
Karenina”nı yazana qədərki kənd
təsərrüfatına marağı öz əksini tapıb.
Koznışevdə
B.N.Çiçerinin (filosof, tarixçi, publisist – 1828-1904) xüsusiyyətləri var.
Ortaq cəhətləri geniş erudisiya, liberal
baxışlar, özünəinam və düzgün insan olmaqlarıdır. Lev Nikolayeviç bir ara
Çiçerinlə çox yaxın idi. Amma bir müddət sonra onun Hegelçi olmağına və elmi
görüşlərinə mənfi münasibət bəsləyərək ondan məyus oldu. Çiçerinin dövlət
haqlarıyla bağlı apardığı elmi tədqiqatlar Koznışevin kitabı kimi geniş kütlə
qarşısında uğur əldə etmədi.
Nikolay Levin
obrazını romandakı başqa obrazlardan daha çox portret adlandırmaq olar. Tolstoy
bu obrazı yaradanda onun həyatını, xarakterini və zahiri görünüşünü də qardaşı
Dmitri Nikolayeviçdən götürmüşdü. Bu haqda geniş bir qədər irəlidə romanın
ayrı-ayrı epizodları ilə gerçəklik arasında müqayisə aparanda danışacağıq.
Şerbatskilər
ailəsi qışını Moskvada keçirən, qızlarını "göstərişə” çıxaran, mülkədar
ailələri tipiydi. Fabrik müdiri, knyaz Sergey Aleksandroviç Şerbatovun da
ailəsi belələrindən idi. Bir ara Tolstoy
onun qızı Praskovya Sergeyevnayla görüşürdü. O da sonradan tanınmış arxeoloq S.A.Uvarova ərə getdi. Və
bir müddət Moskva şəhər başçısı olmuş knyaz Aleksandr Alekseyeviç Şerbatovanın
da ailəsi eynən belə ailə idi. Buna oxşar başqa ailələri də – Tribetskilər,
Lvovlar, Olsufyevlər, Suxotinlər, Perfilyevlər, Qorçakovlar və s. xatırlayıram.
Şerbatski ailəsinin təsvirində Bers ailəsinin də müəyyən xüsusiyyətləri var.
Romanın bir variantında Şerbatskilərin kasıb ailə olduqları yazılıb. Bers
ailəsi də kasıb idi. Bers ailəsinin həm də üç qızı vardı. Lakin Bers ailəsi
Moskva ali zadəgan cəmiyyətinə aid deyildi.
Kitidə gənc
Sofya Andreyevnanın, onun anasında isə Sofya Andreyevnanın anası Lyubov
Aleksandrovnanın əlamətlərini görmək olar.
Ayrı-ayrı
epizodların yaranması ilə bağlı fikirlərdən və romanın ikinci dərəcəli
obrazlarının prototiplərindən danışaq.
Birinci hissə
V fəsil
Levin də
Tolstoy kimi zemstvoya (inqilabdan qabaq: tərkibinin çox hissəsi zadəganlardan
ibarət olan seçkili yerli idarə) qarşı çox pis münasibətdədir. Məsələ
burasındadır ki, zemsto bütün quberniya və qəza silklərinə torpaq və başqa
vergilər qoymaq haqqına sahib idi. Bu
cür vəziyyətdən sonra zemstvo upravalarına sədr və üzvlüyə, dünyəvi hakim və
başqa vəzifələrə adətən, çox da varlı olmayan mülkədarlar seçilirdi. Onlar çox
vaxt pis işləyən və çox yüksək maaş alanlar olurdu. Levinin "zemstvo
xidməti qəza coterie (dairə) üçün pul toplamaq vasitəsidir" sözü
xüsusən, Krapivensk qəzasını bəzi
mülkədarlara, keçmiş təhkimçilik tərəfdarlarına şamil olunurdu. Tolstoyun barışdırıcı
münsif (Çar Rusiyasında 1861-cı il kəndli islahatından sonra kəndlilərlə
mülkədarlar arasında törəyən torpaq mübahisələrini qaydaya salmaq üçün
yaradılan vəzifə) olduğu vaxtlarda onlar Tolstoya qarşı düşmənçilik mövqeyində idilər. Bunun da
səbəbi bu idi ki, Tolstoy mülkədarlar və kəndilər arasında torpaq bölgüsü
zamanı onların xeyrinə deyil, işini qərəzsiz, tam ədalətli şəkildə aparırdı.
V Fəsil.
Levinin
Karazin qəzasında "üç min desyatini (1,092 hektara-bərabər yer ölçüsü) var”.
70-ci illərin əvvəllərində Tolstoyun da böyük dədə-baba malikanələri – Yasnaya
Polyanada 750 desyatin yaxın, 1200 desyatin yaxın Nikolsk-Vyazemsk kəndi ətrafında 1200 desyatinə yaxın və
Samara quberniyasında 1871-ci ildə aldığı böyük bir (2500 desyatin) malikanəsi
vardı. Daha sonra o, Samara quberniyasında daha 4000 desyatin ərazi almışdı.
VI Fəsil
Levin özü
barəsində belə düşünürdü ki, o, "kübar təbəqənin fikrincə, inəklərin artımı,
cüllütlərin vurulması və tikinti işi ilə məşğul olan, yəni, əlindən heç nə
gəlməyən, bir şey bacarmayan, cəmiyyətin düşüncəsində heç nəyə yaramayan
adamların etdiyini edən bir adamdır". Əvəllki zamanlarda yüksək zadəgan
dairələrində xidmətdə olmayan zadəganlara qarşı müəyyən etinasızlıqla, laqeydliklə
yanaşırdılar. Bir yaşlı mülkədarın mənə
dediyi sözləri xatırlayıram: "Özünə hörmət qoyan zadəgan çalışmalıdır ki,
əlli yaşına kimi ya həqiqi mülki müşavir vəzifəsində olsun, ya da ki istefada
olan polkovnik və ya general olsun".
X Fəsil
Obolonski
"ona yapışan tatarlara əmrlər verirdi” Həmin dövrlərdə Moskva restoranlarındakı
ofisiantlar əksərən Qasim və Kazan tatarları olurdu.
X Fəsil
Obolonski
deyir: "Siz Levinlər kobudsuz”. Lev
Nikolayeviç 1865-ci ilin oktyabrnda
A.A.Tolstoya məktubunda yazırdı: "Sizdə biz Tolstoylara xas olan
kobudluq var. Fyodor İvanoviç də (amerikalı Tolstoy) əbəs yerə bədənə şəkil
döydürməmişdi”.
XIV Fəsil
Tolstoy da
Levin kimi spiritizmə (dini-fəlsəfi doktrina) qarşı münasibəti mənfi idi. Və
danışıqlarında Levinin gətirdiyi sübutları, əsasları gətirirdi. Sonralar "Maarifin meyvəsi”ndə spiritləri lağa qoyur.
XXII Fəsil
Romanda təsvir olunan bal o zamanlarda eyniylə
bir çox evlərdə keçirilən ballar kimi keçirdi. Rəqslərin ardıcıllığı belə idi:
bal yüngül bir valsla başlayırdı. Ardınca dörd kadril rəqsi, sonra da mazurka
səslənirdi. Mazurkadan sonra fasilə olurdu; mazurkanı rəqs edən cütlüklər bir
yerdə nahar edirdilər. Sonuncu rəqs isə kotilon olurdu. Kotilon müxtəlif fiqurlar – məsələn,
grand-rond (böyük xorovod), vals, mazurka, qalop, qrassfater kimi rəqslərdən –
chaîne (zəncir) və s. ibarət kadrildir.
Xanımlar daha çox mazurkaya üstünlük verirdilər: bəylər ən çox bəyəndikləri
xanımları dəvət edirdilər.
Yeqoruşka
Korsunkinin simasında Tolstoy
S.A.Rimski-Korsokov və əmisi qızı A.s.Qriboyedovanın oğlu Nikolay Sergeyeviç
Rimski-Korsokovu (1829—1875) təsvir etmişdi. O, varlı, yaraşıqlı, eleqant, iti
ağıllı və şən oğlan idi. Peterburq və Moskvanın ilk aslanlarından biri, kübar
təbəqənin sevimlisi, bütün bal və şən məclislərin ürəyi idi. O, Moskva
Universitetini bitirmiş, zadəganların seçilmiş nümayəndəsi işləmiş, Krım
kampaniyası zamanı hərbi xidmətə qəbul olunmuş və Sevastopolun müdafiəsində
iştirak etmişdir. Tolstoy onu da, həyat yoldaşını da yaxşı tanıyırdı. Varvara
Dmitriyevna Moskvanın ilk gözəllərindən
biri sayılır.
XXIV fəsil
Nikolay
Levinin prototipi, qeyd etdiyimiz kimi, Lev Nikolayeviçin qardaşı Dmitridir.
Nikolay Levin kimi o da gəncliyində kilsə qanunlarına ciddi riayət edərək,
bütün əyləncə və şənliklərdən, xüsusən də, qadınlardan uzaq qaçmış, rahib kimi yaşamışdır. Onu hamı ələ salır, Nuh
adlandırırdılar. Qəfil o öz yolundan çıxır, ən pis adamlara qoşularaq ən avara
həyat yaşamağa başlayır. Bundan başqa, o, əsəb gərginliyi vaxtı oğlanı döyür,
hansısa vicdansıza veksel verir. Sonralar onun əsasında qardaşları Lev və
Sergey pul ödəməli olurlar. Bundan
başqa, fahişəxanadan pulla aldığı Maşayla yaşayır, həddindən artıq alkoqollu
içkilər qəbul edirdi. Nikolay Levinlə Dmitri Tolstoy arasında bircə fərq vardı:
Nikolay Levin müxtəlif sosialist ideyaları irəli sürür və sosialist Kritskiylə
kooperativ başlanğıc əsasında çilingər arteli təsis etmək fikrinə düşür. Bunu
1856-cı ildə dünyasını dəyişən Dmitri Nikolayeviç edə bilməzdi. O, ancaq
mülkədarlar və kəndlilər arasında münasibətləri yaxşılığa doğru dəyişilmək
haqqında bəzi şeyləri düşünürdü. Bu haqda onun qeydi (əlyazması) var.
I, XXVI və XXVII fəsil
Levin
malikanəsində kabineti, maral buynuzları, atasının divanı, pudluq gimnastik
daşları, Laska adlı iti, Pava adlı inəyi və s. – bütün bunlar Tolstoyun Yasnaya
Polyanadakı subay həyatını xatırladır. Tolstoyla yaşlı qohumu və tərbiyəçisi
Tatyana Aleksandrovna Yerqolskaya yaşayırdı. Son versiya kimi çap olunmuş
romanın mətn qaralamalarında Levinlə bir yerdə analığın yaşaması haqda qeydlər
var. Yasnaya Polyanada Aqafya Mixaylovna da yaşayırdı. O, Tolstoyun nənəsi
Pelaqeya Nikolayevnanın keçmiş
qulluqçusu idi. Lakin Aqafya Mixaylovanın Levinin həyatında oynadığı rolu o,
Tolstoyun həyatında oynamamışdı. Keçmiş zadəgan təbəqənin orijinal nümayəndəsi
Aqafya Miyalovna haqqında T.A.Kuzminskaya, T.L.Tolstaya ("Yasnaya Polyananın
dostları və qonaqları”) və İ.L.Tolstoy xatirələrində yazırdı. "Levin anasını
güclə xatırlayırdı. Anasının xatirəsi onun üçün müqəddəs bir xatirə idi...”
Tolstoy da anasını xatırlamırdı və onu belə ideallaşdırırdı.
XXVIII Fəsil.
"Hər kəsin qəlbində öz skeletons (skelet) var”, – Anna deyirdi. Bu ifadə ingilis
romanlarından götürülüb. Skeletons in the closet (anbarda skeletlər) ifadəsi
başqalarından gizlənən ailələrin, insanların utanc sirləri deməkdir.
XXIX Fəsil
Anna qatarda gedərkən silkələnmədən, istidən
soyuğa keçən temperaturdan narahat olur. Dəmir yollarında sonradan yaradılan
rahatlıq 70-ci illərdə hələ yox idi: par istixanası, elektrik işıqlandırılması
və s. yox idi. Birinci klassda gecələr açılan kreslolar var idi.
XXXII Fəsil
Qrafiniya Lidiya İvanovna bəzi
xüsusiyyətləriylə qrafiniya Antonina Dmitriyevna Bludovanı (1812-1891)
xatırladır. O, I Nikolayın dövründə daxili işlər naziri, II Alkeksandrın
dövründə Dövlət şurasının sədri olmuş D.N.Bludovun qızı idi. O, slavyanpərəstliyə yaxın idi, dini xarakter
daşıyan xeyriyyəçilik ilə məşğul olurdu. Gündəliyindən məlum olduğu kimi,
Tolstoy Bludovgildə 1856-1857-ci illərə olub.
XXXIV Fəsil
Zabit
Buzulukovun (o zamanlar bu, çox pis bir hərəkət hesab olunurdu) baldan götürdüyü
meyvə və konfetləri doldurduğu yeni kaskasıyla bağlı epizod hansısa zabitin
başına gələn bir hadisədir. Bu haqda lətifə də eşitmişdim.