Aqrar sektorun inkişafında daha bir mərhələ

Aqrar sektorun inkişafında daha bir mərhələ

İqtisadiyyat
28 İyun 2019, 18:45 828
Bu günlərdə Prezident İlham Əliyev aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında Fərman imzalayıb. Belə ki, fərmana əsasən "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” təsdiq edilir. Fərmanla təsdiq edilən qaydaya əsasən bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 (iki yüz) manat müəyyən edilir.
Bununla da Kənd Təsərrüfatı Nazirliyinə tapşırılır ki, "Subsidiya” informasiya sisteminin yaradılmasını və bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq subsidiyaların 2020-ci il yanvarın 1-dən etibarən verilməsini təmin etsin. Qeyd edək ki, Fərmanın 1-ci və 2-ci hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
Bu fərman aqrar sahənin inkişafına hansı tövsiyələri verəcək?
İqtisadçı alim Vüqar Bayramov  deyir ki, subsidiyaların verilməsi ilə bağlı imzalanan fərman aqrar sektorun inkişafı baxımından yeni bir mərhələ kimi qiymətləndirilməlidir: "Sənəd, subsidiya mexanizmlərinin təkmilləşdirməklə yanaşı, fermerlərin subsidiyalara əlçatanlılığının təmin edilməsinə də xidmət edir. Sənədə əsasən subsidiya informasiya sistemi formalaşdırılacaq. Əvvəlki qaydalarda fermerlər il ərzində  yerli və mərkəzi icra hakimiyyət orqanlarına müraciət edirdi ki, bu da uzun proses idi. Yeni mexanizm birmənalı şəkildə imkan verəcək ki, fermerlər elektron qaydada subsidiyaların alınması ilə bağlı müraciət etsinlər. Müraciətlərə baxışlar elektron qaydada həyata keçiriləcək ki, bu da qısa müddət ərzində onların işini həllinə qovuşduracaq. Subsidiyaların verilməsi ilə bağlı agentlik tərəfindən qərar qəbul edildikdən sonra növbəti ildə fermerin müraciətində dəyişiklik olarsa, onun yenidən müraciət etməsinə ehtiyac olmayacaq. Çünki məlumatlar elektronlaşacaq. Digər vacib məqamlardan biri aqrar sektorda istehsalın  regionlar və məhsullar üzrə təşviqinə nail olunmaqdan ibarətdir. Fərmana əsasən əkin və məhsul əmsalları müəyyənləşdirilərək tətbiq ediləcək və baza qiymətinə vurularaq əkinçilik və eləcə də məhsul istehsalına əsasən subsidiyanın məbləği müəyyən ediləcək. Bu zaman məhsul istehsalı əsas faktor kimi rol oynayacaq. Burada əsas məqsəd hər hansı məhsul istehsalı üzrə ixtisaslaşan regionlarda həmin məhsulun  istehsalı ilə məşğul olan fermerlərə daha çox subsidiya verməkdir. Beləliklə, regionlarda ənənəvi və ixtisaslaşmış məhsul istehsalına imkan yaranacaq və eyni zamanda, məhsul istehsalının daxili bazara və ixrac imkanlarına uyğun olaraq təşviq edilməsinə imkan verəcək”.
İqtisadçı deyir ki, əvvəllər bəzi məhsullar üzrə daha çox məhsul istehsal olunurdu ki, onun satılmasında problemlər yaranırdı. Belə halda, adətən, qiymətlər kəskin şəkildə aşağı düşürdü ki, bu da fermerlərin gəlirliyinə mənfi təsir göstərirdi: "Az istehsal olunan məhsulların isə qiyməti yüksək olurdu. Yeni qaydalar bu disbalansın aradan qaldırılmasına imkan yaradacaq. Həmçinin, monitorinq mexanizmləri subsidiyaların verilməsində şəffaflığın artırılmasına xidmət edəcək. Yeni mexanizmdə məlumatlar uzlaşdırılacaq və prosesdə şəffaflığı təmin edəcək. Fərman həm də fermerlərin kooperasiyalar formasında fəaliyyətini də təşviq edəcək. Məsələn, 50 hektardan artıq torpağa sahib olan fermer 10 faiz daha artıq subsidiya alacaq. Həmçinin, sənəd, fermerlərin aqrar məqsədlə aldığı kreditin ödənilməsinə imkan yaradır. Əgər fermerin aqrar krediti varsa, razılaşmaya əsasən subsidiyanın kreditin ödənilməsinə yönəldilməsi mümkündür. Fərmanda subsidiya mexanizmi aydın şəkildə müəyyən olunduğu üçün fermer, alacağı subsidiya məbləğini özü əvvəldən hesablaya biləcək”.
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli qeyd etdi ki, subsidiya mexanizminin kənd təsərrüfatının inkişaf məqsədlərinə çevik şəkildə uyğunlaşdırılması məqsədilə Aqrar Subsidiya Şurası yaradılacaq. 7 nəfərlik Şura Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Fermerlər Assosiasiyasının nümayəndələrindən təşkil olunacaq: "Şuraya Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri rəhbərlik edəcək.  Fermerlərə subsidiyaların verilməsini, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini isə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirəcək. 2020-ci il yanvarın 1-dən etibarən subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə veriləcək. Qeyd edim ki, bu sistemdə qeydiyyatdan keçməyən fermerlər subsidiya ala bilməyəcək. Hesab edirəm ki, yeni qaydalar fermerlərin subsidiyalara əlçatanlığını daha da yaxşılaşdıracaq, zaman itkisinin qarşısını alacaq. Fermerlər mobil telefonlar, planşetlər və masaüstü kompüterlər vasitəsilə EKTİS-də yaratdığı şəxsi kabinetə daxil olaraq, heç bir idarəyə getmədən subsidiya almaq üçün müraciət etmək imkanı əldə edir. Həmçinin, qeydiyyatdan keçən fermerlərdən, subsidiya ala bilmələri üçün əlavə sənəd tələb olunmayacaq. Hazırda ölkədə fermerlərin EKTİS-də qeydiyyatı prosesi davam edir. İndiyədək 300 mindən çox fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil edib. Bu ilin sonunadək fermerlərin qeydiyyat prosesinin tam yekunlaşdırılacağını düşünürəm. Gələn ildən isə subsidiyalar fərqli mexanizmlə hesablanmış olacaq. Əkin subsidiyası, fermerlərə bitkilərin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək üçün bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır. Məhsul subsidiyası isə tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə əkin subsidiyasına əlavə olaraq verilən subsidiyadır. Fermerlər əkin subsidiyasının bir hissəsini birbaşa nağdlaşdıra bilər, yerdə qalan vəsaiti isə nağdlaşdırmadan, sadəcə gübrə, pestisid və toxum alışı üçün EKTİS-də qeydiyyatdan keçən tədarükçülərdən aldığı zaman hesabdan-hesaba köçürəcək. Gələcəkdə məhsul subsidiyasının, məhsuldarlığa uyğun olaraq artırılması nəzərdə tutulur. Yeni qayda bitkiçilik sahəsində fermerlərə dövlət vəsaiti hesabına yanacaq və motor yağlarına, buğda və çəltik əkininə, təkrar əkinlərə görə və mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştli qiymətə alınması ilə bağlı birbaşa və dolayı subsidiyaların birləşdirilərək əkin subsidiyası formasında verilməsini nəzərdə tutur. Əkin subsidiyası, fermerlərin, əkin sahələrinin becərilməsində istifadə etdikləri mineral gübrə, biohumus, sertifikatlı toxum və ting, pestisid alınmasına sərf etdikləri xərclərin bir hissəsini kompensasiya edəcək. Bitkiçilik sahəsinin subsidiyalaşdırılmasında baza məbləği 200 manat müəyyən edilib. Bu baza məbləğinə fərqli əmsallar tətbiq olunacaq. Fərqli əmsallar bitkiçilik məhsullarının əkiləcəyi yerlər üzrə konkret məbləğin  müəyyənləşdirilməsi üçün istifadə olunacaq. Baza məbləğində fərqli əmsalların tətbiqi, tələbata uyğun bitkilərin düzgün ərazilərdə becərilməsi və bu istiqamətdə fermerlərin fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyır. Fərmanda fermerlərə toxum subsidiyasının verilməsi nəzərdə tutulub. Bu yenilik toxum istehsalı ilə məşğul olanların əlavə dəstəklənməsinə xidmət edir. Yeni qaydalara əsasən, toxum subsidiyaları yalnız sertifikatlı və keyfiyyətli toxumların alışı üçün veriləcək. Fermerlər ona ayrılan subsidiyanı məhz keyfiyyətli toxum istehsal edən tədarükçüdən aldığı təqdirdə vəsaiti xərcləyə biləcək. Fərmana əsasən, 50 hektardan yuxarı sahəsi olan kooperativlərə verilən əkin subsidiyasının miqdarı 10 faiz artıq olacaq.  Heyvandarlıq sahəsində subsidiyalar əvvəlki qaydada tətbiq olunacaq. Sadəcə, fermerlər EKTİS-də qeydiyyatda olmalı və subsidiya almaq üçün sistem vasitəsilə müraciət etməlidirlər”.  
 
Şəbnəm Mehdizadə