Anamın əlləri

Anamın əlləri

21 Yanvar 2020, 13:30 3076
Anamın çox gözəl əlləri var idi. Neçə illər əzablı-əziyyətli işlərdə işləsə də anamın əlləri öz gözəlliyini itirməmişdi. Anam o əlləri ilə mənə, xüsusən də qardaşıma dünya vermişdi. Qardaşımla ən çox davamız kimin birinci anamızın əllərindən öpməyinin mübahisəsi sonrası yaranardı. Qardaşım məndən kiçik olduğundan, ona güzəşt edərdim. Və ilk olaraq anamın əllərindən o öpərdi.
 
Mənim altı, qardaşımın dörd yaşı vardı. Atam qonşumuz Muxtarın arvadı Səbinəyə qoşulub qaçandan sonra anam bizə tək baxmağa məcbur oldu. Buna, məncə, məcburiyyət yox, fədakarlıq və ya sevgi də demək olar, amma nənəmgil buna məcburiyyət adı vermişdilər. Muxtar isə bu hadisədən sonra içkiyə qurşandı. Heç iki ay keçməmiş özünü həyətlərindəki tut ağacından asmışdı. Maraqlısı bu idi ki, elə həmin tut ağacının meyvəsindən çəkdiyi araqdan içib ruhunu xoş etdikdən sonra, cismini də bu tut ağacına təslim etmək qərarına gəlmişdi.
 
Anam bizə baxmaq üçün iki yerdə işləyirdi. Səhərlər daş karxanasında, gecələr isə çörək zavodunda. O yaşda biz anamızın nə üçün belə əzaba qatlaşdığını anlamırdıq. Elə düşünürdü ki, atam harasa səfərə çıxıb və indicə qapını açıb içəri girəcək. Anam da atamın yaxın günlərdə gələcəyini deyərdi bizə. Qəribəsi o idi ki, nənəmgil atama lənət oxusalar da, anam heç zaman atamın pisinə danışmazdı.
 
Səkkiz yaşım olanda mən də artıq işləməyə başladım. Gah ayaqqabı boyayar, gah siqaret və su satar, gah da avtoyumada işləyərdim. Bir sözlə, çörəyim haradan çıxsa ora qaçardım. Mən işləməyə başlayanda qardaşımın artıq məktəbə getmək yaşı idi. oxumağa çox həvəsli olduğundan anam onu yaxınlıqdakı məktəbə yazdırdı. Mənim də oxumaqla aram yaxşı idi. Ancaq adımın hərfləri sayda hərif tanıyıram. Və adımı rahatlıqla yaza bilirəm. "noy-ruz, hə, noyruz” tamam unutmuşdum, axı, adlar böyük hərflə yazılır. Fərqi yoxdur kiçik insan olsun, ya böyük insan olsun. Məsələn, Rafiq müəllimin oğlu, Noyruz üç restoran, bir otel sahibidir, amma hər ikimiz adı Noyruzdur. Və hər ikisi böyük hərflə yazılır. Əlqərəz, anam qardaşımın oxuyub böyük adam olmağını istəyirdi. Qardaşım da buna çox həvəsli idi. Mən işləyəndən sonra artıq anam iki yerdə yox, bir yerdə işləməyə başlamışdı. Ali təhsili olmasa da, oxuyub-yazmağı, hesab-kitabı çox yaxşı bilirdi. Odur ki, qardaşımla anam məşğul olurdu.
 
Bir neçə ildən sonra qardaşımla mən tamam fərqli adamlar olmuşduq. Sanki dünən idi məktəbə getməyi, amma bir həftədən sonra son zəngi idi. Belimdəki fəqərə əyriliyi nəticəsində həyata yarasız olduğum kimi, hərbi xidmətə də yarasız oldum. On dörd yaşımdan artıq ciyərlərimi tütünə məskən etmişdim. Qardaşımla məni yan-yana qoysaydılar çətin ki, bizim bir ata və bir anadan olduğumuzu bilə bilərdilər. Qardaşım yaraşıqlı, səliqə, boy-buxunlu biridir.   Bir gün qardaşıma sinif yoldaşları ilə son zənglərini qeyd etmək üçün bir miqdar pul lazım idi. Anamdansa istəməyə üzü gəlmirdi. Son zəngə isə bir gün qalmışdı. O gecə qardaşıma istədiyi pulu tapıb gətirdim. İki gündən sonra isə oğurluğa görə mən artıq həbsdə idim.
 
Həbsxanada olduğum müddətdə qardaşımın universitetə qəbul olduğunu eşitdim. Bu məni çox sevindirdi. Ürəyimdən onu vəkil kimi görmək keçdi. Bilmirəm niyə bunu istədim? Bəlkə də, həbsdən qurtulmaq üçün ən çox ehtiyacım olan şeyin vəkil olmağı idi, ona görə.
Çıxmağıma üç ay qalmış anamı təhqir etdiyinə görə həbsxana yoldaşım olan Elnuru boğub öldürdüyüm üçün on beş aylıq işim, on beş ilə çevrildi. Anam da daxil olmaqla heç kimin yanıma gəlməyini istəmirdim. Qardaşımdansa yeni xəbərlər alırdım. O hüququ yox iqtisadiyyatı seçmişdi. Bu məni bir az üzdü. Çünki vəkil olsaydı, bəlkə də, daha tez çıxardım burdan. Sonra bir xəbər də eşitdim ki, oxumaq üçün xaricə gedib. Bu məni çox sevindirdi.
İçəridə keçirdiyim hər gün azı bir ilə dəyərdi.
 
Bəxtim onda gətirdi ki, məni psixi problemlərimə görə yerimi dəyişərək şəhərin başqa bir həbsxanasına göndərdilər.
Üç ilimi də burada keçirdikdən sonra məni məhkumların işləmək şəraiti olan qonşu vilayətdəki düşərgəyə göndərdilər. Bura gələndə doqquz ilim qalırdı. Burada bənnalığı, dülgərliyi öyrəndim. İşimiz ağır olsa da, saat hesabı məvacibimiz bir ədəd siqaret ala biləcəyimiz qədər idi. gün ərzində iyirmi saat və bir qutu üçüncü-dördüncü sort siqaret.
 
Üç ilim qalmış adımı əfv edilmişlərin siyahısında görəndə nə edəcəyimi bilmirdim. Çünki artıq yeddi il idi ki, nə anamdan, nə də qardaşımdan bir xəbər almamışdım.
Anam çox qocalmışdı. Yanağındakı xalı olmasaydı, onu heç tanımayacaqdım. Saçları ağarmış, beli bükülmüş, dişləri tökülmüş, yaddaşı itmişdi. Elə hey mənim adımı çəkib məni lənətləyir, qardaşımın adını çəkib ona tərif yağdırırdı. Mənə ən çox pis təsir edən isə üç il onun keçirdiyi qəzanın nəticəsi idi. Qonşuların sözlərinə görə, üç ildən çoxdur ki, qardaşımdan bir xəbər yoxdur. Mənim də həbsdə olmağım anamın dərdinin üstünə dərd gətirmişdi.
İki il olardı ki, xəstə anama mən baxırdım. Düzü mənim kim olduğumu bilmirdi, amma ona qulluq etdiyimi anlayırdı. Dilində isə iki cümlə vardı. Mənə lənət, qardaşıma tərif. Bu məni daha əvvəlki kimi narahat etmirdi. Artıq öyəşmişdim.
 
Bir gün işdən evə tez gəlmişdim. Qapıda bir məktub var idi. Məktubu götürüb içəri keçdim. Anamın altını dəyişib, yeməyini verdikdən sonra, aynabəndin qabağında dayanıb bir siqaret yandırdım. Cibimdəki məktubu çıxardım. Markasından o saat bilinirdi ki, bu məktub xaricdən gəlib. Oxuyub-yazmağı bacarmadığımdan, qonşumuz Zəhra xalanın nəvəsini çağırdım ki, bu məktubu oxusun. O da bu məktubun xaricdən gəldiyini təsdiqlədi. Və məktubu ucadan oxumağa başladı:
"Əziz Anama.
Ana, bilirəm ki, son illər səni axtarmadığıma görə məndən incimisən. Amma oğlunun başı burada çox böyük işlərə qarışıb. Ana, istədiyin kimi, böyük adam oldum. Burada evlənmişəm. İki nəvən var. Yaxınlarda gələcəm vətənə. Qardaşımdan nə xəbər? Bitib cəzası, yoxsa hələ var? Hamınız üçün darıxıram. Xüsusən sənin əllərinlə hazırladığın yeməklər üçün. Öpürəm əllərindən. Ümidvaram bu məktubdan sonra ürəyin bir az yumşalar. Hesabına keçirdiyim pullar olduğu kimi qalıb. Xahiş edirəm bu incikliyi qoy bir qırağa, get hesabındakı pulları çıxar. Nəyə ehtiyacın varsa al.
Bir qonşulardan xahiş elə bura qeyd etdiyim nömrə ilə əlaqə saxlasınlar səninlə danışım” oğlun Əkbər.
 
Mən hər sözü diqqətlə dinlədim. Və qonşudan məktubu bir də oxumasını istədim.
iki gün sonra özümdə cəsarət tapıb qeyd olunan nömrəyə yığdım. Çox qəribə hisslər keçirirdim. İki dəfə çağırdıqdan sonra dəstəyin o tərəfindən tanış səs eşitdim:
– Alo, Bəli???
– Aaa alooo...
– Bəli, buyurun?
–  Əkbər?
– Bəli, kimdir ki?
– Mənəm, Nicat, qardaşın
– Nicat?  Necəsən, qardaş, buraxıblar səni?
– Yaxşıyam. Hə buraxıblar. ki ildən çoxdur buraxıblar
– Çox şükür, qardaş. Anam necədir? Məndən inciyib, deyəsən? Amma eybi yox, yayda artıq vətəndəyəm, birdəfəlik qayıdıram.
– Hə? Lap yaxşı. Anamız da yaxşıdır.
– Sükr, qardaş, anamın o gözəl əllərindən öp.
– Anamın əlləri daha yoxdur.
– Nə? Qardaş, alo?
– ............
– Alo, alooo?
 
İlkin Abdullayev