• cümə, 19 Aprel, 13:11
  • Baku Bakı 25°C

Amerikalı təhlilçinin təklifi Gürcüstanı ikiyə böldü

08.11.19 16:34 1147
Amerikalı təhlilçinin təklifi Gürcüstanı ikiyə böldü
ABŞ-ın Gürcüstanda hərbi bazasının olması mümkündür?

Gürcüstanın NATO-ya üzv olacağı barədə illər uzunudur ki, vədlər verən Qərb, daha dəqiq ifadə etsək, Birləşmiş Ştatlar tərəfindən indi də maraqlı bir təşəbbüs ortaya atılıb. ABŞ-ın nüfuzlu portallarından hesab edilən "New Eastern Europe” portalında müəllif Beka Çedia Gürcüstanda ABŞ hərbi bazasının yerləşdirilməsinin mümkünlüyündən bəhs edib. O, "The Heritage Foundation”dan amerikalı təhlilçi Luk Koffinin "Tvitter”də bu haqda şəxsi fikrini yazmaqla Gürcüstan ictimaiyyətini və siyasi elitasını həyəcanlandırıb. Koffi təklif edib ki, ABŞ-ın Suriyadan çıxarılan hərbi kontingenti Gürcüstanın kiçik Axalkalaki şəhərinə yerləşdirilsin və İŞİD təhlükəsi yaranarsa, bu bazadan istifadə olunsun. Axalkalaki Gürcüstanın cənubunda - Türkiyə və Ermənistanla sərhəd yaxınlığında yerləşir. Əhalisi 44 min nəfərdir. Ermənistanın Gümrü şəhəri ona yaxındır və həmin şəhərdə Rusiyanın Cənubi Qafqazdakı yeganə hərbi bazası yerləşir. Müəllif yazır ki, Axalkalakidə belə bir bazanın effektiv işləməsi üçün uyğun infrastruktur yoxdur. Məsələn, hərbi personalın transferindən ötrü quru zolağı yoxdur. Sovet vaxtı burada 7-8 min hərbi personalı olan baza, Sovet İttifaqının dağılmasından sonra isə Rusiyanın 62 saylı hərbi bazası yerləşib. Rusiya ordusu 2007-ci ildə Axalkalakidən çıxandan sonra boş binalar ya özəlləşdirilib, ya da yerli əhali tərəfindən tutulub. Şəhərdə Rusiyaya rəğbətlə yanaşan etnik ermənilər də yaşayır.
Təhlilçilər Gürcüstanda Amerika hərbi bazasının nəzəri olaraq yerləşdirilməsindən danışanda, əsasən paytaxt Tbilisi yaxınlığındakı Vazianini misal çəkirdilər. Hazırda Vaziani bazasında ABŞ və NATO birgə təlim də keçir. Buranın öz hava zolağı var və infrastrukturu da ABŞ ordusunun mümkün yerləşdirilməsinə uyğundur. Müəllif qeyd edir ki, belə bir təşəbbüsün qeyri-praktikliyinə baxmayaraq, gürcü cəmiyyəti amerikalı təhlilçinin təklifindən həyəcanlanıb. Ölkənin siyasi elitası iki düşərgəyə bölünüb: qərbpərəst müxalifət ABŞ hərbi bazasını alqışlayardı. Rusiyapərəst siyasi cəbhənin də mövqeyi aydındır. Gürcüstan hakimiyyəti isə Koffinin ideyasına könülsüz yanaşıb. Hakim partiyanın liderləri mediaya deyib ki, təşəbbüs ABŞ hökumətindən gəlmir, təhlilçinin fikridir və onu müzakirə etməyə dəyməz."Aydındır ki, Gürcüstan hakimiyyəti belə bir spekulyasiya ilə Rusiyanı qıcıqlandırmaq istəmir”,– məqalədə deyilir. Müəllif yazır ki, Gürcüstanda Amerika bazası ideyasını gürcüstanlılar dəstəkləyirlər. Çoxları inanır ki, NATO-ya qoşulmaq real olmadığı bir dönəmdə, Birləşmiş Ştatlar bu ölkəni Rusiyadan qoruya biləcək yeganə müttəfiqdir."Hətta 1980-ci illərin sonunda milli azadlıq hərəkatının liderləri SSRİ-yə qarşı mübarizə aparanda Gürcüstanda Amerika hərbi bazası yerləşdirməyə çağırırdılar, onda bu ideya fantaziya kimi görünürdü”,– müəllif vurğulayır.
Yeri gəlmişkən, "The Heritage Foundation” artıq qısa zaman fərqi ilə ikinci dəfədir ki, analoji ciddi və Gürcüstanın maraqlarına toxunan və birmənalı qarşılanmayan bəyanatlarla çıxış edir. Onun reallaşması isə Cənubi Qafqazda geosiyasi qüvvələr bölgüsünə ciddi təsir edə bilər. Bir tərəfdən tək Gürcüstan üçün, digər tərəfdən bütövlükdə region üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
Xatırladaq ki, bundan əvvəl "The Heritage Foundation”nun ekspertləri Gürcüstanın NATO-ya, Alyansın Nizamnaməsinin 5-ci bəndi nəzərə alınmadan üzv qəbul edilməsi məsələsini qaldırmışdılar. Halbuki, qurumun nizamnaməsinə görə, ərazi bütövlüyü məsələsində problemi olan ölkə blokun üzvü ola bilməz. Bel çıxır ki, Gürcüstan Abxaziya və Cənubi Osetiya olmadan NATO üzvünə çevrilir. Tbilisidə bu ideya süngü ilə qarşılanmışdı. Lakin məsələ ondadır ki, bundan bir müddət sonra NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen yenidən bu təklifi Tbilisidə keçirilən konfransda təkrarən səsləndirib. O deyib ki, Alyansın Nizamnaməsinin beşinci bəndinin Abxaziya və Cənubi Osetiyaya şamil olunmaması müvəqqəti olacaq. Yəni Gürcüstan ərazi bütövlüyünü bərpa edən kimi, kollektiv təhlükəsizlik prinsipi bütün ərazini əhatə edəcək. Tbilisidə isə buna "sağ ol” desələr də, yenə belə bir dost məsləhətindən imtina ediblər. Hətta Rasmussenin təklif etdiyi məsələnin ictimai müzakirələri belə aparılmadı.
Beləliklə, bu məsələ soyumamış başqa bir məsələ - Suriyadan çıxan ABŞ hərbi kontingentinin Gürcüstanda yerləşdirilməsi gündəmə gəlib. Bu dəfə Koffinin təklifinə yalnız parlamentin spikeri Arçil Talakvadze reakisya göstərib. Digər siyasi elita nümayəndələri hələ ki, pauza veriblər. Spiker bildirib ki, Vaşinqtonda bir sıra çoxsaylı görüşlərdə ABŞ hərbi bazasının Axalkalakidə yerləşdirilməsi məsələsi müzakirə olunmayıb. "Bu, ekspertin fikridir və ona da gürcü ekspertləri cavab verməlidir. Bizim hakimiyyət orqanları Konqres nümayəndələri ilə daimi əlaqə rejimində qalırlar. Strateji məsələlərin müzakirəsi bu formatda baş verir, işgüzar formatlarda bu məsələ qaldırılmayıb”, - deyə spiker vurğulayıb. Əlavə edib ki, biz inanırıq ki, tərəfdaşlarımız Avropada sərhədlərin işğalla dəyişilməsinin qəbuledilməz olduğu ilə bağlı Kremlə aydın mesaj verəcək. Onun sözlərinə görə, ABŞ, NATO və Aİ ilə tərəfdaşlıq Gürcüstan üçün əvvəlki dönəmlərdən daha önəmlidir: "Dünya daha çətin və təhlükəli olur. Müttəfiqlər gərək bir-birinin yanında dayansınlar. Biz tərəfdaşlarımızın Kremlə Avropada sərhədlərin işğal yolu ilə dəyişilməsinin qəbuledilməz olması ilə bağlı aydın mesaj verəcəyinə, Rusiyanı beynəlxalq nizam çərçivəsində hərəkət etməyə inandıracaqlarına əminik. Öz növbəsində ABŞ-ın Gürcüstandakı səfirinin vəzifəsini müvəqqəti icra edən Elizabet Rud deyib ki, Gürcüstanın müdafiə institutlarının gücləndirilməsini dəstəkləyirlər. "Diqqətimizdə olan, Gürcüstanın təhlükəsizliyi və müdafiəsinin modernləşdirilməsi, NATO qüvvələri ilə əməkdaşlıq kimi məsələlərdir. Biz Gürcüstanın müdafiə institutlarının gücləndirilməsini dəstəkləyirik”, – deyə o bildirib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər