• cümə, 29 Mart, 14:26
  • Baku Bakı 14°C

Altmış ilin Çingiz Abdullayevi

03.11.19 09:30 1358
Altmış ilin Çingiz Abdullayevi
İnsanın 60 yaşında özünü necə hiss etməsi – əslində, hər kəs üçün fərqli bir duyğudur. Bunu altmış yaşına çatanların əksəriyyəti belə ifadə edir ki, insan bu yaşa qədər həyatı ilbəil anlamağa başlayırsa, bu yaşdan sonra necə deyərlər, onunla günbəgün "dostlaşır”. Elə insanlar da var ki, onlar üçün həyatı anlamaqda illər xüsusi bir rol oynamır, əksinə, belələri illəri qabaqlayırlar.
Xalq yazıçısı Çingiz Adbullayev 60 yaşındadır. O, bu yaşda da gəncdir, həm də müdrikdir. Onun bir sıra xüsusi keyfiyyətləri əsərlərində özünü büruzə verir. Özünün də dediyi kimi, o, "özünü yazır”. Yazıçı hər bir qəhrəmanını özəl xüsusiyyətləri ilə təqdim edir. Əsərlərinin dünya oxucuları tərəfindən hərarətlə oxunduğu azərbaycanlı yazıçı qəhrəmanlarının fəlsəfi, psixoloji, magik düşüncə tərzlərini yüksək məharətlə təsvir edə bilir. Burada onun istedadı ilə yanaşı, təhsilinin və dünya görüşünün də payı var. Ümumiyyətlə, yaradıcı insanın təfəkkür tərzinin formalaşmasında mühitin rolu danılmazdır. Bu mənada, yazıçının zəngin, informasiyanın bol olduğu bir ailədə doğulub böyüməsi də onun yaradıcılığına məxsusi tərzdə təsir edib. Onun həyat tərzi ilə yaradıcılığı bir-birini demək olar ki, tamamlayır. Əlbəttə, hər kəsin öz dərd-səri var. Elə ədəbiyyat da yazıçının mənəvi-psixoloji qatlarının təcəssümündən yaranır. Lakin burada bir özəllik var ki, Çingiz Abdullayevin "dolu” həyatı kimi, "dolu” yaradıcılıq üslubu var. Onun xarakterindəki qüsursuzluq əsərlərinə də hopur, obrazlarını da mükəmməlləşdirir.
Hər bir yaradıcı insan şəxsiyyət olaraq, real həyatında "mən”in müsbət və ya mənfi obrazına çevrilir. Yazıçının əsərlərinin keyfiyyətli alınması həm də onun obrazlarının xarakterlərini bütün çalarları ilə açmasından asılıdır. Çingiz Abdullayev yazı manerasında psixoloji fəndlərdən elə istifadə edir ki, oxucu özünü birbaşa hadisənin olduğu yerdə təsəvvür edə bilir. Başlanğıcda onun müraciət etdiyi janr xüsusiyyət etibarı ilə yalnız kriminal hadisələrin toplusu kimi təsəvvür yaratsa da, əsərlərindəki təsvir üslubu, obrazların bir-birinə olan qarşılıqlı münasibəti və ya onların hansısa həyat hadisəsi haqda dərin məlumatlı olmaları oxucunun marağına səbəb olur. Yazıçı əsərlərində mənəvi-əxlaqi dəyərləri daim uca tutur. Bu dəyərləri özündə əks etdirən əsərlərdən konkret misallar da gətirmək olar.
"Pəri busəsi”ndə xüsusi diqqət çəkən bir element var; ailə, ər-arvadlılıq münasibəti. "Qadın susdu. Əsasən, arvad ərinin əhval-ruhiyyəsini onun üzünün ifadəsindən başa düşür. Yaxşı qadın həyat yoldaşının əhval-ruhiyyəsini, hətta başqa otaqda olduqda belə duya bilir. Onun addımlarından, səsindən və hərəkətlərindən. Onun arvadı son kateqoriyaya aid idi. Məhz bu səbəbdən qadın onu sərt suallarla yormaq istəmədi.”
Belə misallar olduqca çoxdur. Kişinin qadına, gözəlliyə, sevgiyə münasibəti, dəyər verməsi, qadının kişiyə əmin-arxayınlıqla etibar etməsi kimi mənəvi elementlər onun dünyəvi əxlaq prinsiplərinin köhnəlmədiyini əks etdirən nikbinliyidir.
Qadın sevgisi və ümumən insan hisslərinin şüurlu, təhtəlşüur və bioloji detalları haqda az qala xüsusi "xasiyyətnamə” verən yazıçı yazır: ("Manyakın idrakı” əsərindən.)
"- Axı, qadınlar kişilərdən daha güclü sevirlər? – Dronqo israr etdi.
- Güclü deyil, - Mixail Fyodoroviç gülümsədi, - onlar dərindən, şüurla sevirlər. Kişilər isə seksual hisslərin burulğanına tabe olurlar. Onlar üçün bir dişini mayalandıraraq, digər dişiyə keçmək vacibdir. Ona görə yox ki, o pisdir. Sadəcə, təbiət onu bu cür yaradıb...”
Əsərdə elə bunun ardınca gələn fikirlərdə isə insanı manyaka "çevirən” amilləri öyrənirik. Bunu əsərin qəhrəmanının dilindən, onun psixoloqla dialoqundan oxuyuruq. Yəni oxucu burada bir tibb ekspertinin fikirləri ilə də tanış olaraq, hansısa xəstəlik haqqında yetərincə məlumat ala bilir. Çingiz Abdullayev oxucularını romanlarında təsvir etdiyi istənilən həyat hadisələri haqda özünəməxsus düşüncələri, elmi yanaşması, mürəkkəb psixoloji vəziyyətlərdən çıxış yolları ilə daim təəccübləndirir.
Yazıçının daha maraqlı xüsusiyyətlərindən biri də ümidsiz olmamasıdır. Əks halda, bir çox əsərlərinin sonluğu nikbin notlarla bitməzdi. Cəmiyyətə sanki mesaj olaraq, ən çətin əməliyyatlardan uğurla çıxan baş qəhrəman "göydən üç alma” düşəcək qədər özünü daim rahat hiss edir. Onun missiyası sanki elə cəmiyyətin problemlərini çiyinlərində daşımaqdır.
Çingiz Abdullayev daim oxucuları ilə görüşlər keçirir. Bu görüşlər tələbə-gənclərlə daha çox olur. Yazıçının gənclərə verdiyi tövsiyələr içərisində ilk növbədə valideynlərinin qədir-qiymətini bilmələri, onları sevmələri, hörmət etmələri əsas yer tutur. Yazıçı bunu gənclərə dönə-dönə tapşırır. Daha sonra həyatda öz dəst-xəttini saxlamağı tövsiyə edir. Bu, əlbəttə, özəl bir xüsusiyyətdir. Həyatda öz dəst-xətti olmaq! Burada yaşamağın mənasından tutmuş həyat qaydalarına necə riayət etməli olduğunu, necə nizamlı birisi olduğunu və nəyə xidmət edəcəyini müəyyənləşdirməli, hərəkətlərinin konturlarını cızmalı və namuslu yaşamağı öyrənməlisən. Çünki sən insansan, sən Tanrının arzu etdiyi kimi ömrünü başa vurmalısan. Məhz Tanrının arzu etdiyi kimi...
Yazıçının özü də bu cür tələblərlə yaşayır. Yaşayır və yaradır. Fəaliyyəti isə altmış ilə sığmır. Yazıçıya can sağlığı və sonsuz həyat eşqi diləyilə fikirlərimi hələlik tamamlamaq istəyirəm. İnşallah növbəti altmış illərdə görüşmək ümidi ilə;

Zeynəb Əliqızı


banner

Oxşar Xəbərlər